Ürəyimdə iz salan Salatın
Dünya
yaxşılarındır! Müdriklərin, fədakarların, munislərin, ülviyyətə
tapınanların. Həyatda gözəl
nə varsa, hamısı onlar üçündür, onlarındır.
Dünya
yaxşıların, dünyasevərlərin, qədirkeş
insanların, sülhə,
əmin-amanlığa səs
verənlərin, ona “hamımızın vətəni”
deyənlərin dünyasıdır.
Və bir də ləyaqətli, ibrətamiz həyat yaşayanların dünyasıdır
bu dünya...
İş otağımdakı kitab rəfində filologiya üzrə fəlsəfə
doktoru, yazıçı-publisist
Salatın Əhmədlinin
son illər işıq
üzü görmüş
xeyli sayda kitabları var. Hərdən
onları bir-bir götürüb vərəqləyir,
mütaliə edirəm. Çoxçeşidli mövzularda yazdığı
elmi-publisistik məqalələr,
roman və hekayələr,
səfər təəssüratları,
xatirələr, bayatılarla
ədəbi mühitdə
tanınan və sevilən Salatın xanımın əsərlərini
oxuduqca qəlbim işıqlanır, fikrimdə,
düşüncəmdə onunla bağlı təəssüratlarım yaranır.
Deyirlər, insan özü də bir dünyadır. Öz ömrü,
öz günəşi,
öz baharı, öz qışı var. Ömür var, necə gəldi, necə getdi, bilinməz. Ömür də var ki, işığı ürəklərə, diləklərə,
arzulara köçür,
gələcək nəslin
yolunun üstündə
bir mayaka dönür.
Salatın xanımın 60 illik ömrü insanlıq istedadının mücəssəməsidir. O, bu dünyaya qurmaq, yaratmaq, xeyirxah işlər görmək və qəlbini yaxşı əməllərə,
xoş arzulara yelkən eləmək üçün gəlib.
Onun həyat amalı - Allah verən ömrü şərəflə yaşamaq,
doğmalarına, qohumlarına,
dostlarına, ümumən
əhatəsində olan
bütün insanlara gücü yetincə, ömrü çatınca
qayğı göstərmək,
onlardan işığını
əsirgəməməkdir. O, həmişə xeyirxahlıq
yolunu tutmuş, yıxılana dayaq olmuş alicənab bir xanım ziyalı olaraq çoxlarının ürəyində
özünə yer tutmuş insanlardandır. Salatın xanımın gendən gələn nəcibliyi, 100 il
ömür sürmüş
Güləbatın ananın
öyüd-nəsihətindən, sinəsi altda yığılmış şeir-bayatı
xəzinəsindən bəhrələndiyi,
ləyaqətlə yaşatdığı
əmanətidir. O, əsl
vətəndaş, yüksək
mənəviyyatlı müəllim-pedaqoq,
sözün bütün
çalarlarında hərtərəfli
biliyə, dünyagörüşə
malik alimdir. Gəncliyə örnək olacaq
sağlam ruhlu bir ailənin xanımı, qayğıkeş
anasıdır.
Uzun illərdir
onunla dostluq edirəm. Bizim bu dostluğumuzu təsisçisi
olduğum “Yada düşdü” jurnalı
daha da möhkəmləndirib.
O, jurnalımızın daimi
müəlliflərindəndir. 31 Mart soyqırımı, Qarabağ dərdlərindən
olan hekayələri, səfər təəssüratları,
uşaq aləmindən,
onların dilindən topladığı məzəli
əhvalatlar jurnalın
hər sayında yazıçının gül
balalara töhfəsidir.
Çoxçeşidli, rəngarəng mövzularda
və janrlarda yazdığı əsərlərindən
də aydın olur ki, Salatın
xanım məhsuldar və zəhmətkeş yazıçıdır. Vaxtının böyük bir hissəsini həyatı öyrənməyə, müşahidələrə
və yaradıcılığa
sərf edən yazıçının əsərləri
bir çox dillərə tərcümə
olunub.
Salatın xanımla ara-sıra səfərlərdə olmuşam. Məsəl var,
deyirlər, qardaşını
tanıyırsan? Deyir yox,
yol yoldaşı olmamışam. Mən onun
ürəyinin böyüklüyünü,
səmimiyyətini ara-sıra
yol yoldaşı olduğumuz səfərlərdə
kəşf etmişəm.
Bax, bu səbəbdən
də deyirəm ki, Salatın yaxşı insan, etibarlı dost, bütün
mənalarda ürək
qızdırdığım dərddaşımdır. Salatın əsl
azərbaycanlı xanımına
xas olan ədəb-ərkana, gözəl
əxlaqa, nəcib rəftara malik bir insandır. Onun üçün həyatda
əsas olan insan faktorudur. Mümkün
olan qədər insanlara qayğı göstərmək, dərd-sərinə
şərik olub uğuruna sevinmək, onları ruhlandırmaq bu xanımın həyat tərzinə çevrilib. Odur ki, hər bir məsələdə
təmkinli, səbrli olması onunla ünsiyyətdə olan hər kəsə bir rahatlıq gətirir.
Salatın xanımla onun doğulub boya-başa çatdığı Ağstafa
rayonunun Poylu kəndində doğmalarının,
yaxınlarının dəfələrlə
qonağı olmuşam.
Elinin, obasının xeyirində,
şərində necə
cani-dildən iştirak
etdiyinin şahidi olmuşam. Doğulduğu torpağa ayaq
qoyduğu gün sanki toy-bayram olur. Kənd camaatı görüşünə
ziyarətə gələn
kimi axışır.
Hamı başına yığılır.
Deyib-gülür, yaxın-uzaq keçmişin
xatirələrinə dalırlar.
Salatın xanım bir
el qızı kimi camaatının dərd-sərinə
qalır, kimsədən
köməyini əsirgəmir.
Hər gəlişində özü
ilə gətirdiyi çeşid-çeşid kitabları,
jurnalları təhsil
aldığı kənd
məktəbində sinif-sinif
gəzib payladığını
görmüşəm.
Həmin
anlarda ürəyinin işığını, sevincini gözlərindən
duymuşam. Onu da hiss etmişəm ki, Salatın xanım bütün bunları özünün
bir ziyalı, vətəndaş borcu sanır. Bu nəcabətli
xanım el-obasına bağlı olduğu qədər də onun keçmişini təbiətini sevir və dəyərləndirir.
Dahi Sokratdan soruşurlar: “İnsanda ən çox nəyi qiymətləndirirsən? İnsaniyyəti, - deyə Sokrat cavab verir. Bəs insaniyyət deyəndə
nəyi başa düşürsən? sualına isə böyük filosof, - insana layiq olan
keyfiyyətləri, - deyə
cavab verir”.
Salatın Əhmədlini də çoxlarından f ərqləndirən
ən mühüm keyfiyyət onun xalis insana xas
olan xüsusiyyətləridir. Məhz bu
keyfiyyətlərinə görə
Salatın xanımı
həmişə dəyərləndirirəm.
Əzizim Salatın, bu şad günündə sənə cansağlığı,
mənalı və uzun ömür arzulayıram. Yaz, yarat, qələmin
hər zaman ürək dostun, yol yoldaşın olsun.
ƏN GÖZƏL ÇİÇƏKSƏN...
Salatın xanıma
Dünya yaxşıların nağıl dünyası,
Nadanın, naqisin ürəyi dardı.
Bir körpə gülüşü, ana laylası,
Min könlü isidən qönçə bahardı.
Biz hardan gəlmişik,
hara yolumuz?
Beşikdən son günə var hesabımız.
Sağımız günçıxan, qürub solumuz,
Tanrıdan yazılıb bu kitabımız.
Müdriksən, ucasan bu dağlar kimi,
Gözündən duymuşam sevgini, mehri.
Cadar torpaqlara yağan qar kimi,
Doğmasan, əzizsən, deyim bu sirri.
Safsan göy üzütək, nəslindən gəlir,
Halal övladısan bu yurdun,
elin.
Çiçəklər bu bahar fəslində
gəlir.
Ən gözəl
çiçəksən, ay mənim gülüm.
Ağzı dualısan, əli
çörəkli,
Bir kəs inciməyib dilindən sənin.
Yazdığın hər sətrin
sanki ürəkdi
Döyünür, duyuram könlündən sənin.
Salatın! Nə ülvi,
nə pak, doğmasan,
Yüz illər
yaşayır adında
sənin.
Adınla,
qəlbinlə mənə
doğmasan,
Bu yurdum ucalır
andında sənin.
Əziz bacım, sənə dəyərli uzun ömür, möhkəm cansağlığı arzulayıram. Yaz, yarat, qələmin həmişə ürək dostun, yol yoldaşın olsun!
NƏZAKƏT
525-ci qəzet.- 2016.- 15 oktyabr.- S.19