Ana yurdun pərvanəsi
Haçansa bir şair dostumun kibrit çöpləri haqqında
qəribə bir bənzətməsini oxumuşdum:
“Prometeyin əsgərləri”...
Odu, alovu sönməyə qoymayan bu “balaca
əsgərlərin” daşıdıqları
missiyanın nə qədər böyük, müqəddəs olduğunun
fərqinə varmışdım.
Bu yazını yazarkən
xatirələr işığında
o bənzətməni xatırlamağımın
özü də təsadüfi deyil. Düşünürəm ki, Azərbaycan sevgisi, Azərbaycan sevdasıyla yollara çıxmış qələm
dostlarımın hər
biri şərəfli
bir missiyanın daşıyıcılarıdır. O qələm, söz adamlarından biri də filologiya üzrə fəlsəfə
doktoru, gözəl alim, tədqiqatçı,
yazıçı-publisist Salatın
xanım Əhmədlidir.
Uzun illərdən bəri tanıdığım Salatın
xanımın yazılarındakı
yanğı, həyat
gerçəkliyi, ağrı
həmişə diqqətimi
çəkib. Vaxtın, zamanın
fövqündə dayanmağa
çalışan Salatın
xanımın müxtəlif
janrlı əsərlərinin
hamısında doğmalara,
yaralı vətənə
dəlicəsinə bir
sevgi var. Bu sevgi yerin-göyə sevgisi kimidir. Bu sevgi
anın qədrini bilən, darıxan, bağrı çatlayan, dünyanı gözəlliklərə
bürümək istəyən
bir yazıçının,
bir ananın, kövrək, incə duyğulu bir insanın sevgisidir.
Salatın xanım bir sıra hekayələrində
ildırımötürən kimi elin-obanın dərdlərini özünə
çəkən, amma
heç kəsə ötürməyən, için-için
ağlayan bir insanın daşlaşmış
heykəli var. Dərd
əkib, qəm göyərdən belə
insanlardır cəmiyyəti
ardınca çəkib
aparan...
Salatın xanımı həm də milli təəssübkeşliyinə,
böyük vətən
sevgisinə, insanlıq
uğrunda mücadiləsinə
görə yüksək
dəyərləndirirəm.
Qorxuram dünyada bir zaman gələ,
İnsanlar yaşaya, insanlıq
ölə...
Hissləri, duyğuları qüdrətli
şairimiz Bəxtiyar
Vahabzadənin bu bəşəri narahatlığı
ilə üst-üstə
düşən Salatın
Əhmədli yazıçı,
publisist, alim, tədqiqatçı və
ən nəhayət vətəndaş mövqeyi
ilə həmişə
insanlar arasındadır.
Son dərəcə səmimiliyi,
canıyananlığı, simsarlığı, xeyirxahlığı
ilə seçilən
Salatın xanımı
uşaqlar da, yaşlı nəsil də, qələm dostları da çox sevirlər. Əxlaqı,
nəcibliyi, mədəniyyəti,
mənəvi ucalığı
ilə Azərbaycan qadınını getdiyi hər yerdə ləyaqətlə təmsil
eləyən Salatın
Əhmədlidə həm
də Amazon qadınlarına
xas olan cəsurluq, döyüşkənlik,
yenilməzlik ruhu var. Nəsildən-nəcabətdən genlə, südlə, sümüklə gələn
bu ruh Salatın
xanımın bütün
yazılarından, çıxışlarından,
söhbətlərindən qırmızı xətt kimi keçir.
Qadın - ana cəmiyyətin dayağıdır, millətin
genefondunun daşıyıcılarından
biridir. Xasiyyəti, xarakteri ilə
doğulduğu torpağa
bənzəyən Salatın
xanım həm də Azərbaycan qadınının himayəçisi,
təəssübkeşi, sözçüsüdür.
Azərbaycan qadını
adına kölgə sala biləcək hər təzahürə, cəhdə
anındaca reaksiya verən Salatın xanımın hiss və həyəcanlarını dəfələrlə
müşahidə etmişəm.
Onun bir sıra sərt
yazıları, çıxışları
efir dalğalarında,
ekranlarda, teatr tamaşalarında zorən
gülüş qoparmaq
xatirinə addımbaşı
qadınları aşağılayan,
təhqir edən “arvadağız” aktyorlar üçün soyuq duş, şapalaq təsiri bağışlayıb.
Yəqin ki, yazıçı dostlarım mənimlə razılaşarlar, Salatın
xanımın dünyanın
müxtəlif ölkələrinə
etdiyi səfərlərdən
sonra qələmə
aldığı “səfər
təəssüratları” bu janrda son illərin
ən gözəl nümunələrindəndir.
Bu yazılarda öncə mövzuya yaradıcı münasibət var. Yazıçı oxucuya getdiyi ölkənin təbii coğrafiyası, etnoqrafiyası, folkloru, adət-ənənəsi, tanınmış şəxsiyyətləri, dünya ölkələri arasında tutduğu yeri haqqında zəngin məlumatlar verir. Bu məlumatlar quru statistik məlumatlar deyil, yazıçı-publisist təxəyyülündən süzülüb gələn, şirin nağıla bənzəyən, sonacan maraqla oxuduğumuz, dərin bilgilər əldə etdiyimiz hekayətlərdir. Və bu hekayətlərin hər birinin cövhərində illərin o üzündə qalmış:
... Gəzməyə qərib ölkə, Ölməyə vətən yaxşı bayatısına bir düzəliş, bir üsyan var:
Yaşamağa da, qurub-yaratmağa da, ucaltmağa da, “dörd yanını su oymuş Qaya kimi” mətin dayanan, əyilməyən , sınmayan, aydın sabahlara doğru gedən Ana Vətən Azərbaycan yaxşı...
Böyük alimlik, böyük yazıçılıq, böyük insanlıq ana dilinə sayğıdan, sevgidən başlayır. Yüzlərlə çəhlimlərin, cığırların, yolların içindən Salatın Əhmədlinin bizi anamızın laylasına aparan dağ havası, bulaq suyu qədər şirin olan ana dili yoluna çəkməsi çox şeylərdən xəbər verir.
Qırx il, əlli il qabaq bu torpaqda doğulub yaşayan, ana dilində danışmağı özünə ar bilən “adamlar” var hələ də... Bu “adamların” başında ildırım kimi çaxan Salatın xanımın ana dili haqqında yazıları, bölüşdüyü hiss və duyğuları çoxlarının ürəyindən tikan çıxarır.
Onun “Heydər Əliyev və dil siyasəti”, “Dilimiz-varlığımız” kitabları əslində ana dilimizin hüdudlarını genişləndirən, çərçivələrini darmadağın edən bir insanın- Vətəndaşın ürəyinin səsi, harayıdır.
Salatın xanım Heydər Əliyev fenomenini həm də ana dilimizin gücü, qüdrəti ilə bağlayır. Həqiqətən belədir, insan öz doğma dilinə dəyər verməsə, o dili sevməsə, ucaltmasa, özü ucalarmı? Bəşəri doğmalığa qovuşarmı?
Heydər Əliyevin yüksək natiqlik qabiliyyəti, xəlqiliyi, ana dilinə göstərdiyi diqqət və qayğı, dili öyrənmək istəməyən məmurlara sərt mesajı Salatın xanımın bu əsərinin nüvəsidir.
Bu əsərin qardaş Türkiyədə də çap olunması ikiqat əhəmiyyət daşıyır. Düşünürəm ki, türkdilli xalqların “ortaq dil” axtarışları yolunda ana dili haqqında yazılmış hər kitab əhəmiyyətli rol oynayır.
“Hər kim
yüz il unutmasa...” “Poylu
beşiyindən məktub”
kitabları dərin müşahidələrin, ağır
zəhmətin məhsuludur.
Əziz dostum, şair qardaşım, “Kimin sualı var?” kitabının redaktoru olduğum Xalq şairi Nəriman Həsənzadənin
sözlə çəkilmiş
portretinin bunca doğmalığı həm
də Salatın xanımın alim-yazıçı
zəhmətinin, ustalığının
nəticəsidir.
Bizi söz,
qələm, fikir, ruh birləşdirir. Bu birlik, bağlılıq Salatın Əhmədlinin
bütün əsərlərində
boy göstərir.
Ümumiyyətlə söz adamı olub, sözün təəssübünü çəkməyənlərə,
biganəlik uyğusuna
qapılanlara Salatın
Əhmədlinin hər
addımı üsyandı.
Salatın xanım həm elm adamı kimi, həm yazıçı-publisist
kimi, həm də Azərbaycanı sevən böyük vətəndaş kimi hörmət, sevgi, doğmalıq qazanmış
ziyalılarımızdan biridir. O, əbədiyanar
Azərbaycan adlı bir şamın pərvanəsidir. Yaradıcılığının ən çağlar
dövrünü yaşayan
Salatın Əhmədlidən
yeni-yeni əsərlər
gözləyirik.
Zülfüqar ŞAHSEVƏNLİ
525-ci qəzet.- 2016.- 15 oktyabr.- S.19