Bakı - teatrsevərlərin
görüş yeri
I yazı
XXI yüzillik dialoq
əsri hesab edilir. Mövcud olan problemlər,
qarşıya çıxan
məsələlər əsasən
dialoq vasitəylə,
daha çox masaarxası söhbətlərlə
həllini tapmalıdı.
Doğrudan da bu gün dünyada gedən proseslərə, çağdaş zamanın
aktual mövzularına
nəzər salsaq, görərik ki az qala bütün sahələrdə
dialoq həlledicidir. Dünyanın gələcəyi növbənöv konfransların,
forumların “əlindədir”.
İstər sosial, istər
iqtisadi, istər siyasi, istərsə də mədəni həyatın bir çox problemləri bu cür forumların
mövzusuna, müzakirə
obyektinə çevrilir.
Və istər-istəməz qəbul
edilən qərarlar da, yeni nailiyyətlər
də “kollektiv” əməyin, birgə müzakirələrin nəticəsi
olur. Lakin sənətşünasların, əsl sənət bilicilərinin tez-tez şübhə altına aldığı, bir qədər skeptik yanaşdığı məqamlar
da az
deyil. Axı zaman-zaman dünyanın
ayrı-ayrı nöqtələrində
yaşayan, heç bir dəfə də görüşməyən
sənətkarlar tamam
bir-birindən xəbərsiz
olsalar da şedevrlər, yüksək
sənət nümunələri
yaradıblar. Heç böyük
müzakirələrə, çağdaş
forumlara ehtiyac da olmayıb. Elədisə onda sual yaranır: konfransların, dünyanın
dörd bir yanında eyni maraqları, oxşaq zövqləri paylaşan insanların bir araya gəlməsinin faydası, məhz böyük sənətə
xeyri varmı? Zaman göstərir ki, var! Təcrübə mübadilələri, sənət
müzakirələri, yeni
qurulan əlaqələr
sənətin xeyrinədir,
əlbəttə.
Son illər ölkəmizdə
də ən müxtəlif mövzularda,
fərqli problemlərə
həsr edilmiş konfranslar keçirilir. Azərbaycanın
get-gedə artan nüfuzu, dünya arenasında müstəqil,
güclü dövlət
kimi özünü təsdiqi bir çox irimiqyaslı forumlara ev
sahibliyi etməsinə
imkan verir. Bütün sahələrlə - istər
iqtisadiyyat, istər mədəniyyət, istərsə
də idmanla bağlı olan tədbirlər, görüşlər
ölkəmizin şöhrətinin
daha da artmasına,
millətimizin zəngin
tarixə, mədəniyyətə,
musiqiyə, ədəbiyyata
malik bir xalq kimi tanınmasına
səbəb olur.
Prezident
İlham Əliyevin 18
may 2009-cu ildə imzaladığı
“Azərbaycan teatrı
2009-2019-cu illərdə” Dövlət
Proqramında müasir
dövrün teatr problemlərinə həsr
olunmuş beynəlxalq
konfransın keçirilməsi
maddəsinin ayrıca
yer tutması təsadüfi deyil. Artıq
2010-cu ildən təşkil
olunan Bakı Beynəlxalq Teatr Konfransı bu illər ərzində dünya teatrşünaslarının,
sənət adamlarının
maraq göstərdiyi,
iştirak etmək istədiyi mədəni tədbirə çevrilib.
Bugünlərdə Mədəniyyət və
Turizm Nazirliyi, Bakı Beynəlxalq Teatr Konfransının təşkilat komitəsi artıq dördüncü
dəfə keçiriləcək
foruma hazırlaşır. 6 il öncəyə gedib bu konfransın
tarixçəsinə nəzər
salanda maraqlı bir mənzərə görürük. Konfransın materiallarında,
tarixçəsində həm
də teatrımızın
son illərdə keçdiyi
yolu, nə qədər inkişaf etməsini görmək olar. İlk dəfə 2010-cu ildə keçirilən bu tədbirə Rusiyadan, Gürcüstandan,
Türkiyədən, İrandan,
Almaniyadan, İngiltərədən,
ABŞ-dan, Kanadadan, Yunanıstandan, bir sözlə dünyanın
30-a yaxın ölkəsindən
70-ə yaxın teatr mütəxəssisi qatılıb.
Konfransa toplaşan rejissorlar, aktyorlar, baletmeysterlər, prodüserlər, teatr tənqidçiləri və
digər sənət adamları fikir mübadilələri apararaq
mövcud problemləri
müzakirə ediblər.
Və ən maraqlısı odur ki, altı il öncə baş tutan bu konfrans müxtəlif
əlamətdar məqamları
ilə bu gün də sənət adamlarının
yaddaşındadı. Bəlkə də
əslində bir çox sənət əlaqələrimizin, qarşılıqlı
əməkdaşlıqların təməli qoyulduğu üçün I Bakı
Beynəlxalq Teatr Konfransı tarixi əhəmiyyət daşıyır.
“Dünya teatr
prosesi XXI əsrdə:
problemlər, perspektivlər,
alternativlər” mövzusunda
keçirilən müzakirələr
nəticəsiz qalmayıb
əlbəttə. Nəticələr haqda danışmazdan əvvəl bu cür tədbirlərin təkcə danışıqlar
yox, həm də sənətin təbliğatı baxımından
faydasını vurğulamaq
istərdim. Gələn qonaqların
iki gün ərzində Azərbaycan
teatr repertuarlarında
ən yaxşı tamaşaları seyr etməsi son dərəcə
əhəmiyyətlidir. Həmçinin qonaqların,
dünyanın nüfuzlu
teatr bilicilərinin konfrans məruzələrindən
əlavə, gənclərə
ustad dərsləri keçmələri də
xüsusi vurğulanmalıdır.
I Bakı Beynəlxalq
Teatr Konfransı Azərbaycanda ilk teatr portalının (www.teatrplus.az) təqdimatı
ilə də yadda qalıb. Dünya təcrübəsi
göstərir ki, teatr prosesini işıqlandıran dərgilər,
o cümlədən, elektron
nəşrlər sənətin
inkişafına əhəmiyyətli
təsir göstərir.
Bu baxımdan dünya teatrının müsbət örnəklərindən
faydalanaraq tərtib edilmiş “TeatrPlyus” portalı da elə o zamandan öz üzərinə müəyyən bir missiya götürdü.
Gələn qonaqların da
marağına səbəb
olan portal altı ildir ki, teatrımızın
tarixini, keçmişini
əks etdirməklə
yanaşı, çağdaş
teatr prosesləri, tamaşalar haqda da izləyicilərinə məlumat verir. Bu məqamda ölkəmizdə
keçirilən tədbirlərin,
konfransların, ələlxüsus,
haqqında söz açdığım Bakı
Beynəlxalq Teatr Konfransının bir mühüm əhəmiyyətini
də vurğulamaq istərdim. Həqiqətlərimizi, Qarabağ problemini,
xalqımızın başına
gətirilən müsibətləri
dünyaya çatdırmaq
baxımından da bu cür tədbirlər
əhəmiyyətlidir. Axı yaddaşlara nüfuz etmək üçün bundan gözəl hansı vasitə ola
bilər? Statistik məlumatlarla yanaşı,
bütün bu bizi ağrıdan məsələlərin həm
də sənət müzakirələrində, sənət
dili ilə deyilməsi, yazılması
son dərəcə vacibdir.
I Bakı Beynəlxalq Teatr Konfransının bağlanış mərasimində Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin də çıxışı bu mənada yaddaqalan olub. Uşaqlığından sənət mühitiylə bağlı olan Ədalət müəllim teatrı nağıla bənzədərək bizlər üçün bu “nağılın” qorxulu, ağrılı tərəflərindən də söz açmışdı: “Konfranslardakı çıxışlarda da qeyd edildiyi kimi, bizim məmləkətdə dünyada analoqu olmayan 4 qaçqın teatr var. Şuşa, İrəvan, Ağdam və Füzuli teatrları. İrəvan teatrı ilə bağlı bir məqamı nəzərinizə çatdırmaq istəyirəm.Təbii ki, bu bir teatr konfransıdır, siyasi tədbir deyil. Mən siyasətə varmadan kiçik bir faktı iştirakçıların nəzərinə çatdırmaq istəyirəm. Teatr sənətiylə məşğul olan peşəkarlar kimi hamınız bilirsiniz ki, teatr o məmləkətdə və o dildə yaranır ki, orada yerli əhali mütləq çoxluğu, bəzən 80-85, bəzən isə 90 faizini təşkil edir. Bu gün Azərbaycanda fəaliyyətini davam etdirən İrəvan Azərbaycan Dövlət Dram Teatrı 1878-ci ildə yaranıb. İrəvan indiki Ermənistanın paytaxtıdır. 1920-ci ilə qədər Azərbaycan torpağının tərkib hissəsi olan qədim İrəvan xanlığının mərkəzidir. Həmin İrəvan xanlığı qırmızı faşistlərin - SSRİ-nin 70 illik kommunizm kabusunun köməyi ilə İrəvan-Azərbaycan torpaqları Ermənistan dövlətinə çevrildikdən sonra yalnız 1924-cü ildə həmin torpaqda erməni dilində Ermənistanın bugünki Akademik Dram Teatrı yaradıldı. İndi bəsit sual qoyuram və məntiqi cavab istəyirəm: bu torpağın qədim sakinləri kimlər imiş - 1878-ci ildə orda Azərbaycan dilində, ana dilində teatr yaratmış azərbaycanlılar, yoxsa bolşeviklərin köməkliyi ilə yalnız 1924- cü ildə teatr yaradan ermənilər?” Nazir müavininin çıxışından gətirdiyim bu parça belə tədbirlərin real, hərtərəfli əhəmiyyətini göstərir. Əlbəttə, 2010-cu ildə keçirilən və əsasən elə başlanğıc kimi dəyərləndirilən bu konfransın sənətin, teatrın inkişafına, əlaqələrimizin genişlənməsinə nə qədər fayda verdiyini də demək vacibdir. Lakin bununla belə bu cür tədbirlər əsas problemimizin, Qarabağ dərdinin dünyaya çatdırılmasına da yardımçı olur.
2010-cu ildə ilk
toplantıdan uğur qazanan,
nüfuz əldə edən Bakı Beynəlxalq
Teatr Konfransı iki il sonra 2012-ci ildə
növbəti mərhələsinə yüksələcək,
yeni uğurlu layihələr,
işlərlə yadda qalacaqdı. Konfrans çərçivəsində
keçirilən ustad dərsləri,
göstərilən tamaşalar, aktyorlarla görüşlər ölkəmizin
mədəni həyatında əlamətdar hadisələr kimi diqqəti cəlb edəcəkdi. Həm də
artıq zamanla bu
görüşlərin, tədbirlərin teatr
səhnələrimizdə də nəticələri
görünməyə başlayacaqdı.
PƏRVİN
525-ci qəzet.- 2016.- 15 oktyabr.- S.11.