Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinə
ciddi ehtiyac duyulur...
Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında Tərcümə Mərkəzi “Azərbaycan dilinin
orfoqrafiya lüğəti” (Bakı, 2013) üzərində
aparılmış genişmiqyaslı, peşəkar
araşdırmanın nəticəsi olaraq belə bir qərara
gəlmişdir ki, o, nə elmi, nə də praktik baxımdan
müasir tələblərə cavab vermir.
Mərkəzin “Aydın yol” qəzetində lüğətin
qüsurları barədə təqdim edilən ardıcıl
(və demək olar ki, təkzibolunmaz) materiallar da göstərir
ki, Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin yaradılmasına
ehtiyac var.
Tərcümə
Mərkəzinin, haqqında söhbət gedən təklif və
ya tövsiyəsinin tamamilə haqlı olduğunu qəbul edən
mütəxəssislər belə bir məsələdə tərəddüd
qarşısında qalmışlar ki, lüğətin
mövcud qüsurlarını aradan qaldırmaqda Mərkəz
səlahiyyətlidirmi?.. Yaxud zəruri
düzəlişləri son nəşrin müəllifləri
- Azərbaycan Respublikasının Dövlət Dil
Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi
adına Dilçilik İnstitutu və “Şərq-Qərb” Nəşriyyat
Evi həyata keçirə bilməzmi?..
Fikrimizcə, Tərcümə Mərkəzinin yeni, daha
mükəmməl bir orfoqrafiya lüğəti
hazırlaması üçün həm hüququ, həm də
potensialı vardır. Və bu günə qədər
görülən işlər də buna zəmanət verir.
Mütəxəssislərə
məlumdur ki, Azərbaycan dilinin ilk orfoqrafiya lüğətini
(“İmla lüğəti” adlanırdı) istər elmi, istərsə
də siyasi- ideoloji baxımdan çox mürəkkəb bir
şəraitdə - keçən əsrin 20-ci illərində
dilçi, ədəbiyyatşünas və ictimai xadim Vəli
Xuluflu hazırlamış, həmin lüğət 1929-cu ildə
Bakıda “Azərnəşr” tərəfindən nəşr
olunmuşdur. Bundan əvvəl isə müəllifin
“Yeni türk əlifbası ilə yazı qaydaları”
kitabı (Bakı, 1925) çıxmışdı. Ancaq o da məlumdur ki, bu əsərlər, prinsip
etibarilə, bir müəllifin yox, dövrün, demək olar
ki, bütün dilçi-ziyalılarının
yaradıcılıq məhsulu idi. Həmin
dövrə qədər orfoqrafiya qaydalarını ənənə
müəyyən edirdi... 20-ci illərdə
vaxtaşırı keçirilən İmla Konfranslarında
geniş müzakirələr aparılırdı. Məsələn,
Birinci Azərbaycan İmla Konfransı professor Bəkir
Çobanzadənin “İmlada ümumi prinsiplər” məruzəsini
dinləmişdi... Bu və ya digər məsələ
barəsində isə Dövlət Elmi Şurası qərar
qəbul edirdi.
Bu gün “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə
müşahidə olunan qüsurlar, heç şübhəsiz,
yeni hadisə, yaxud son nəşri tərtib edənlərin
günahı deyil, 20-ci illərin mürəkkəb mədəni-intellektual
ovqatından gəlir.
Həmin
illərdə milli orfoqrafiya lüğətçiliyinin
qarşısında ən azı üç ciddi problem
dayanırdı:
Ərəb
əlifbasından latına keçərkən
sözləri ərəb əlifbasında olduğu kimi
yazmalı, yoxsa danışıq normasına tabe etməli?
Xalq danışıq dilində geniş işlənən,
lakin yazı dili üçün səciyyəvi olmayan
sözləri lüğətə daxil etməli, ya yox?
Qərbi Avropa mənşəli sözləri (əsasən,
terminləri) lüğətdə hansı həcmdə, eləcə
də necə (mənbə dildə olduğu kimi, yaxud xalq
danışıq dili tələffüzündə?) verməli?
Etiraf etməliyik
ki, bu suallara nə nəzəri, nə də təcrübi
olaraq prinsipial cavab vermək heç də asan olmamış,
orfoqrafiya lüğətinin hər yeni nəşrində həm
norma, həm də anomaliya faktları
öz əksini tapmışdır. Şifahi ədəbi
nitq (tələffüz) mədəniyyəti yüksəldikcə,
orfoqrafiyada fonetik prinsipin mövqeyi güclənmiş, lakin
indiyə qədər tam hakim olmamışdır. Məsələn,
bu gün də “umud” yox, “ümid”; “məllim” yox, “müəllim”;
“ədəbiyat” yox, “ədəbiyyat” yazırıq.
Tərcümə
Mərkəzinin təhlillərində ən çox maraq
doğuran məsələlərdən biri orfoqrafiya
lüğətində gen-bol yer tutan, ancaq müasir Azərbaycan
dilində işlənməyən ərəb və ya fars mənşəli sözlərə
etirazdır... Qeyd edək ki, bu məsələ “İmla
lüğəti”nin tərtibi zamanı da
ortaya çıxmışdı. Və arxaik ərəb və
ya fars sözləri lüğətə
yalnız ona görə daxil edilmişdi ki, köhnə
kitabları əski əlifbadan yeni əlifbaya çevirəndə
orfoqrafik hərc-mərclik yaranmasın... Ancaq iş elə gətirdi
ki, bu “ənənə” heç bir zərurət olmadan bu
günə qədər davam edir.
“Azərbaycan
dilinin orfoqrafiya lüğəti”nin “Ön söz”ündə
deyilir:
“Azərbaycan dilinin həcmcə çox kiçik olan
ilk orfoqrafiya lüğəti 1929-cu ildə latın
qrafikalı əlifba əsasında nəşr olunmuşdur. Lüğət tədricən
təkmilləşdirilərək 1940, 1960, 1975-ci illərdə
çap olunmuşdur... Əgər 2004-cü ildə
nəşr olunmuş orfoqrafiya lüğətində 80 minə
yaxın söz var idisə, genişləndirilmiş və
yenidən işlənmiş bu nəşrdə onların
sayı 110 mini keçmişdir. Əlavə
edilmiş sözlərin çoxu yeni yaranmış, yaxud əvvəlki
nəşrə daxil edilməsi unudulmuş sözlərdir”.
Birincisi,
“həcmcə çox kiçik” hesab olunan ilk lüğət
təxminən 20 min sözü əhatə etmişdir ki,
20-ci illər üçün bu, böyük uğur
sayıla bilər... İkincisi, 2004-cü ildə 80 minə
yaxın sözdən ibarət olan bir lüğəti on il ərzində
“yeni yaranmış, yaxud əvvəlki nəşrə daxil
edilməsi unudulmuş sözlər” hesabına nə qədər
“zənginləşdirmək” olur ki, həcmi 110 mini
keçsin?.. Və nəhayət,
üçüncüsü, lüğətin müstəqillik
illərindəki nəşrləri hazırlanarkən əvvəlki
illərdəki qədər geniş, peşəkar müzakirələr
aparılmışdırmı?..
Tərcümə
Mərkəzinin təhlillərində (və təqdimində)
orfoqrafiya lüğətinin külli miqdarda faktla təmsil
olunan qüsurları nə az, nə
çox, düz yeddi qrupa bölünür ki, biz onları
yığcamlıq xatirinə beş qrupda ümumiləşdirə
bilərik:
- müasir Azərbaycan dilində işlənməyən
ərəb, fars və digər əcnəbi sözlərin
lüğətə daxil edilməsi;
- o qədər də populyar olmayan, yalnız
mütəxəssislərin dar ünsiyyət dairəsinə
mənsub söz-terminlərə geniş yer ayrılması;
- ədəbi normativlikdən və ya kütləvi
işləklikdən məhrum dialektizmlərin, yaxud loru
sözlərin lüğətdə xeyli sayda ehtiva edilməsi;
- lüğətdə həm məna, həm də
formaca qondarma “söz yaradıcılığı”na
güclü meyil edilməsi;
- lüğətin əsassız “qrammatikləşdirilməsi”.
Birinci qüsurun “ənənə”dən gəldiyini qeyd
etdik. Əlavə
olaraq deyə bilərik ki, bizim az-çox mükəmməl
lüğətlərimiz vardır ki, orada klassik ədəbiyyatın
dilində işlənən ərəb və fars
sözləri daha əhatəli, eləcə də müfəssəl
izahlarla təqdim edilir. Hər bir sözün ərəb
qrafikası ilə yazılışı da verilir.
Doğrudur, bu cür lüğətlərin təkmilləşdirilməsinə
ehtiyac var. Hər şeydən əvvəl ona görə ki,
son illər xeyli miqdarda əsərlər ortaya
çıxarılaraq nəşr olunmuşdur ki, onların
leksikonunda ərəb, fars mənşəli
alınmalar mühüm yer tutur.
İkinci
qüsur terminologiya ilə bağlıdır... Adətən,
orfoqrafiya lüğətinə o terminlər daxil edilir ki,
onlar ümumişlək səciyyəsi daşıyır... Əgər bütün terminlər buraya daxil edilsə,
elə bir möhtəşəm kitab alınar ki, təsəvvür
etmək belə çətindir. “Azərbaycan dilinin
orfoqrafiya lüğəti”nin tərtibçiləri
“Lüğətin quruluşu” başlıqlı izahatda
“dilimizin lüğət tərkibinin ayrılmaz hissəsini təşkil
edən xüsusi terminlər”ə “minimum həcmdə” yer
ayırdıqlarını qeyd etsələr də, bu “minimum həcm”in
nədən ibarət olduğu, hansı prinsiplərə
dayandığı göstərilməmiş, “həcm”in
özü isə “minimum” həddini xeyli
aşmışdır... Və bütün
bunlar elə bir dövrdə olmuşdur ki, müasir elmlərin
əsas sahələri üzrə kifayət qədər zəngin
(və mükəmməl) terminoloji lüğətlər həm
var, həm də hazırlanır.
Yeri gəlmişkən,
bir mühüm məsələyə də toxunmaq istərdim...
Bu gün terminologiyanın beynəlmiləlləşməsi
elə bir səviyyədədir ki, bu və ya digər terminin
(məsələn: atom, kreativ, diskret, modern və s.) hər
hansı bir dilə mənsubluğu şərtidir və
ümumiyyətlə, terminlər həm real, həm də
potensial olaraq bütün dillərə aiddir.
Bir daha təkrar edirik ki, orfoqrafiya lüğətinə
yalnız ümumişlək, populyar terminlər daxil edilməlidir.
Üçüncü qüsur dialektizmlərə, loru
leksikaya geniş yer ayrılmasından irəli gəlir. Məsələn, dilimizdə
“sürüşdürmək” sözünün fonetik
dialekt-şivə qarşılığı olan
“sürçütmək” sözünün lüğətə
salınması o deməkdir ki, eyni “müvəffəqiyyət”lə
bütün dialektizmlərə qapı açmaq olar... Tərtibçilər heç onu da nəzərə
almamışlar ki, orfoqrafiya lüğətinin missiyası
düzgün yazı normalarını təsbit etməkdir.
Düzgün forma “sürüşdürmək”dirsə,
“sürçütmək”in burada nə işi var?..
“Lüğətin
quruluşu”nda göstərilir ki, buraya “məhəlli sözlərdən
(dialektizmlərdən) şifahi xalq
yaradıcılığında ən çox yayılmış,
buradan da ümumxalq dilinə keçmiş, habelə termin
kimi qəbul edilmiş və ədəbi dildə
qarşılığı olmayan sözlər: balıq, bitki,
heyvan və s. adları” da daxil edilmişdir... Fikir verin, belə
bir mənzərə alınır: dialektizm əvvəl
şifahi xalq yaradıcılığına, daha doğrusu,
onun dilinə, sonra isə ümumxalq dilinə keçir... “Ümumxalq dili”, əslində həm dialektləri,
həm də ədəbi dili özündə ehtiva edən
anlayışdır. Ona görə də
burada nə deyilmək istədiyini başa düşmək
olmur. Və ümumiyyətlə, “Azərbaycan dilinin orfoqrafiya
lüğəti”nin əvvəlində verilmiş istər
“Lüğətin quruluşu”, istərsə də “Orfoqrafiya
qaydaları” bölmələrində həm təsnifat
prinsipləri tez-tez pozulur, həm də dilçilik terminlərindən
düzgün istifadə olunmur.
Lüğətin
dördüncü qüsuru qondarma “söz yaradıcılığı”ndan
ibarətdir ki, Tərcümə Mərkəzinin əməkdaşları
bunu üç qrupa bölürlər: 1) mənası
anlaşılmayan sözlər, 2) mənası və
yazılışı qüsurlu sözlər, 3) süni
sözlər və söz birləşmələrindən
düzəldilən qurama sözlər... Əlbəttə,
bölgünü daha da genişləndirmək olar. Və təəssüf ki, lüğət bunun
üçün kifayət qədər “zəngin” material
verir.
Məsələnin
mahiyyətinə baxaq... Bu cür qondarmaların lüğətdə
təsəvvürə gəlməyəcək qədər
yer alması nədən irəli gəlir?..
Fikrimizcə, “söz” anlayışını düzgün dərk
etməməkdən!.. Maraqlıdır ki,
tərtibçilər, Azərbaycan dilində, məsələn,
“ətriyyatçılıqetmə”, yaxud “ətriyyatçıolma”
“söz”lərinin olduğunu qəbul edirlər, ancaq deyək
ki, “müəllimliketmə”, “həkimliketmə”, yaxud “müəllimolma”,
“həkimolma” “söz”lərini qəbul edib lüğətə
daxil etmirlər... Niyə?.. Ona görə
ki, ən zəruri elmi prinsiplər belə gözlənilməmiş,
tərtibçilər ya hansı kəmsavad mətndəsə
təsadüf etdikləri “söz”ləri almış, ya da
özlərindən uydurmuşlar...
Beşinci qüsur əsassız “qrammatikləşdirmə”dən ibarətdir ki, buraya leksik-qrammatik, eləcə də qrammatik şəkilçilərlə düzələn çoxsaylı söz-formalar aiddir. Nə ehtiyac var ki, “silahlandırılma, silahlandırılmaq, silahlandırma, silahlandırmaq, silahlanma, silahlanmaq... silahsızlandırılma, silahsızlandırılmaq, silahsızlandırma, silahsızlandırmaq, silahsızlaşdırılma, silahsızlaşdırılmaq, silahsızlaşdırılmış, silahsızlaşdırma, silahsızlaşdırmaq, silahsızlıq” tipində sicilləmələr orfoqrafiya lüğətinə daxil edilsin?.. Əgər mətləb sözün törəmələrinin düzgün yazılış qayda və ya formalarının təsbit edilməsindən gedirsə, daha doğru, daha elmi olmazdımı ki, lüğətə tamamilə təbii olaraq əlavə edilmiş “Orfoqrafiya qaydaları”nda müxtəlif növ şəkilçilərin orfoqrafiyası təfsilatı ilə verilsin?.. Halbuki Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş hazırkı “Orfoqrafiya qaydaları” ilə heç nəyə nail olmaq mümkün deyil...
Əlbəttə, çoxları kimi mən də o fikirdə deyiləm ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” yalnız qüsurlardan ibarətdir. Bu sahədə kifayət qədər uğurlarımız da vardır... Nə qədər paradoksal görünsə də, deməliyəm ki, ən böyük uğurlarımızdan biri də orfoqrafiya lüğətinin yeni, daha mükəmməl tərtib edilib nəşr olunmasına böyük ehtiyac duymağımızdır...
Nizami
CƏFƏROV
525-ci qəzet.- 2016.- 15 oktyabr.- S.10