Böyük yolun zəfər zəngləri
MƏDƏNİYYƏT: MİLLƏTİN XİLASKAR GÜCÜ
Hər dəfə
Azərbaycan teleməkanında açılan yeni “Mədəniyyət”
kanalı haqqında düşünəndə istər-istəməz
dahi dramaturq-filosof Hüseyn Cavidin məşhur
misralarını xatırlayıram:
Turana
qılıncdan daha kəskin,
ulu
qüvvət
Yalnız
mədəniyyət, mədəniyyət,
mədəniyyət!
Bu misralar
tarix boyu fateh qılınclarından daha böyük işlər
görən, kütlədən xalq, xalqdan millət yaradan,
ilkin etnik inanc və etiqadları, milli-mənəvi dəyərləri
sistemləşdirən, bütövlük vəhdətində
formalaşdıran, nəticə etibarı ilə tərəqqi,
inkişaf, intibah yollarına qapı açan
MƏDƏNİYYƏT haqqındadır. Bu, Orxon-Yenisey abidələri və
Dədə Qorqud dastanlarının, Qobustan və Gəmiqaya təsvirlərinin,
Dəmirqapı Dərbənd və Ərk qalalarının,
xalça və miniatür, muğam və aşıq
dünyamızın Mahmud Kaşğarı və Sultan Məhəmməd,
Nizami Gəncəvi və İmadəddin Nəsimi, Şah
İsmayıl Xətai və Məhəmməd Füzuli zirvələrinin,
Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil Məmmədquluzadə,
Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli
dühalarının, bütünlüklə Azərbaycan ədəbiyyatı
və incəsənətinin qeyri-adi sənət, mənəviyyat
enerjisini, məğlubedilməz ruhi gücünü əhatə
və ehtiva edən milli mədəniyyətimizə inam və
ehtiramın böyük həqiqətidir.
Heç
kimə sirr deyil ki, Azərbaycan Televiziyası
yarandığı vaxtdan dövrün sosial-ideoloji tələb
və təkliflərinə cavab vermək, dövlətin
müəyyən təbliğat və təşviqat
ehtiyaclarını həyata keçirməklə
yanaşı, həm də milli mədəniyyət
potensialının genişmiqyaslı öyrənilməsi və
kütləvi təqdimi ilə məşğul olmuş, necə
deyərlər, əsl mədəniyyət tribunasına
çevrilmişdir. Burada
istehsal olunan, sayı minləri keçən bədii, sənədli
və cizgi filmləri, tamaşalar, verilişlər, bir
sözlə, Azərbaycan Televiziyasının QIZIL FONDU son 60
illik milli mədəniyyət tariximizin bütöv bir hissəsidir. Bu 60 ildə, Azərbaycan
ədəbiyyat və incəsənətində,
bütövlükdə milli mədəniyyətimizdə elə
bir ciddi, sanballı hadisə olmayıb ki, Azərbaycan
Televiziyasının yaradıcı fəaliyyətindən kənarda
qalsın.
Beləliklə,
tam cəsarətlə demək olar ki, Azərbaycan
Televiziyası milli teleməkanımızda
MƏDƏNİYYƏT KANALINA ən çox haqqı olan,
onun müasir dünya standartlarına cavab verəcək keyfiyyətli
işini təşkil etmək üçün həm
maddi-texniki, həm mənəvi-intellektual baxımdan ən
güclü potensialı, professional yaradıcılıq
imkanları ilə seçilən qurumdur. (Və
“Mədəniyyət” kanalının 5 illik fəaliyyəti
bunu tam sübut etdi. - S.E.) Azərbaycan
Televiziyasının 60 illik tarixinə qısaca nəzər
salmaqla buna tam əmin, şahid ola bilərsiniz,
bir şərtlə ki, haqq-ədalət tərəzisini əyməyəsən,
obyektivliyi itirməyəsən, əsl həqiqətin, real gerçəkliyin
gözlərinin içinə düz, mərdi-mərdanə
baxa biləsən.
Bəli,
düz 60 il bundan əvvəl, yəni
1956-cı ilin 14 fevralında Bakıda mühüm, tarixi bir
hadisə baş verdi; Azərbaycan Televiziyası fəaliyyətə
başladı. Bu, Qafqazda ilk televiziya idi.
55 il sonra, həmin gün, yəni 2011-ci il
fevralın 14-də Azərbaycan Televiziyasında yeni bir
telekanal - “Mədəniyyət” televiziya kanalı fəaliyyətə
başladı. Bu
da Qafqazda ilk Mədəniyyət telekanalı idi.
Müstəqil Azərbaycan respublikasının sürətli,
genişmiqyaslı, böyük inkişafının
çoxsaylı bəhrələrindən biri olan “Mədəniyyət”
televiziya kanalı qısa bir müddətdə
özünü doğrultdu, xalqımıza, dövlətimizə
layiqincə xidmət göstərərək, ciddi
yaradıcılıq uğurları ilə
tamaşaçıları sevindirdi.
Zəngin,
qədim və qüdrətli Azərbaycan mədəniyyətini
xalqımıza və bütün dünyaya olduğu kimi təqdim
edən, eləcə də dünyanın sənət
şedevrlərini,sivilizasiya örnəklərini
ekranlarımıza gətirən “Mədəniyyət” kanalı 5 ildir ki, misilsiz
maarifçilik missiyasını həyata keçirir, həqiqi
yaradıcılıq nailiyyətləri qazanır.
lll
Müqəddəs səma kitabları soraq verir ki,
“Ən əvvəl SÖZ vardı”. Sözlə
başlayan dünyanın ruhi gücü, mənəvi,
etnogenetik yaddaş enerjisi ən çox sözdə, dildə
toplanıb. Cəsarətlə
demək olar ki, dil xalqın tarixi gücünün, etnogenetik
yaddaş enerjisinin, maddi və mənəvi mədəniyyət,
elm və sənət, qılınc və qələm zirvələrinin
əzəli və əbədi xəzinəsi, canlı
saxlancıdır. Dil xalqın bütöv
varlığının, mənəviyyatının ən mükəmməl
ensiklopediyası, ümummilli gücümüzün
sarsılmaz qalası, ruhumuzun Ərgənəkon misallı əzəli,
əbədi yurd yeri, ana vətənidir. Ona görə dahi
alman alimi Vilhelm Humboldt deyirdi ki, “Xalqın dili onun ruhu,
xalqın ruhu onun dilidir. Bundan da
güclü olan eynilik təsəvvür etmək çətindir”. Bu səbəbdən
tarix boyu hər bir xalq öz dilinin keşiyində dayanıb,
onu varlığının ən böyük həqiqəti, ən
böyük sərvəti kimi qoruyub, yad, yabançı
hücumlardan müdafiə edib.
Son illər Azərbaycan Televiziyasında Azərbaycan dili
və ədəbiyyatına məhz
xatırlatdığımız geniş miqyasda, strateji istiqamətdə
yüksək elmi və bədii-estetik səviyyəli yeni bir
münasibətin göstərilməsi haqlı razılıq
hissi doğurur. Azərbaycan teleməkanında
yeganə olan “Azərbaycan dili” elmi-kütləvi proqramının,
“Poeziya”, “Ədəbi abidələr”, eləcə də bir
sıra sayları milli dilçilik elmimizin korifeylərinə
həsr olunan “Zamanın sorağında” verilişlərinin
uğurları hamının yadındadır. Həftəlik rejimdə
təqdim olunan bu verilişlər xalqın tarixi ədəbi
gücünün, etnolinqvistik yaddaş enerjisinin
oyadılmasına, səfərbərliyinə, bu günə nəqlinə,
transformasiyasına - belə böyük milli, strateji məqsədlərə
xidmət edib. Bu, ümummilli liderimiz, dahi
dövlət və siyasət xadimi Heydər Əliyevin Azərbaycan
dili və ədəbiyyatı ilə bağlı daim
tövsiyə etdiyi bir xətt, Azərbaycançılıq
ideologiyasının, milli istiqlalçı təfəkkürün
praktik kütləviləşməsinə
yardımçı olan bir istiqamətdir.
Təfəkkür
və zövq məngənəsinə dönən köhnə
qəliblərdən, uzun illər əngələ çevrilən
“forma və məzmun” ştamplarından cəsarətlə
imtina edilməsi, yeni, novator teleestetikanın praktik tətbiqi,
ssenari - çəkiliş - montaj üçbucağında
sağlam yaradıcı mühitin
formalaşdırılması “Ədəbi-dram verilişləri”
baş redaksiyasının da uğurlarına zəmin
yaratmışdır. Milli-mənəvi dəyərlərimizə,
müstəqil dövlətimizə və dövlətçiliyimizə
sevgi və sədaqətin müasir teleestetika ilə
qovuşması - bunu Azərbaycan Televiziyasının son illərdə
qazandığı yeni imicin ən xarakterik cəhəti
adlandırmaq olar.
On il əvvəl
“Ədəbiyyat və publisistika”, “Teatr və incəsənət”
redaksiyalarının birləşməsiylə yaradılan,
necə deyərlər, əvvəlki klassik modelinə
qayıdan “Ədəbi-dram verilişləri” baş
redaksiyası öz fəaliyyətinə məhz bu yeni keyfiyyət
tələbləri ilə başlamışdı. Ədəbiyyat və
incəsənət yollarıyla dünyaya çıxmaq, ədəbi-mədəni
dünyanın səsini-sözünü Azərbaycan
televiziyasının ekranına gətirmək əsas hədəflərdən
biri oldu. Qısa bir vaxtda
Homerin “İliada” və “Odisseya”sı, 3500 yaşlı hind
dastanı “Mahabharata”, beş min illik Şumer dastanı
“Çılqamış”, 1000 yaşlı “Manas” dastanı,
Leonardo do Vinçinin, Mikelancelonun, Şekspirin sənət
dünyası, “Avesta” hikmətləri, İbn Sina, Əbu
Reyhan Biruni, Dövlətşah Səmərqəndi, Fəridəddin
Əttar, Ə.Marağayi irsi, M.Nostradamus möcüzələri,
L.Tolstoy, F.Dostoyevski, Kafka, Kamyu, S.Ekzüperi, Voynıç,
E.Hemenquey nəsri, 800 yaşlı Mövlana Cəlaləddin
Rumi zirvəsi, Yunis İmrə, Rudəki, Əlişir Nəvai,
Sədi Şirazi, Əmir Xosrov
Dəhləvi, Tofiq Fikrət, Namiq Kamal, Şəhriyar
poeziyası, Ə.Firdovsinin “Şahnamə”si, Azərbaycanın
bütöv silsilə təşkil edən tarixi ədəbi
abidələri və sadalamadığımız digər
çoxsaylı ədəbi incilər fundamental elmi təqdimatla gəldi
ekranlarımıza. Bu, redaksiyanın təkcə
bir istiqamətdəki işinin tam olmayan mənzərəsidir. Kitab mütaliəsinin kəskin
azaldığı bir vaxtda bu ədəbi və əbədi əsərləri,
dahi sənətkarları
ekranlara gətirmək müasir Azərbaycan
Televiziyasının, “Mədəniyyət” kanalının
tarixi xidmətidir, əsl yaradıcılıq uğurudur; bu,
reallığa çevrilən mədəniyyət hadisəsi,
fədakar vətəndaşlıq missiyasıdır.
Son illərdə “Ədəbi-dram verilişləri” baş redaksiyasının uğurlu, yaddaqalan filmləri, verilişləri çox olub. Dahi dövlət və siyasət xadimi, ümummilli liderimiz Heydər Əliyevə həsr olunan “Böyük ömrün dastanı” və “Böyük ömrün davamı” film-tamaşaları, milli mətbuatımızn korifeylərindən olan Nəsir İmanquliyevə həsr edilmiş “Mətbuat fədaisi”, böyük alim, yazıçı, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyi münasibətilə çəkilən “Üç zirvənin fatehi”, eləcə də “Tarixin yollarında”, “Naxçıvan: İnkişafın yeni mərhələsi”, “Şərqdə doğan günəş”, “Zərif işığın Zərifəsi”, “Ağ işığın möcüzəsi”, “Həmid Araslı həqiqəti”, “Ziyalı ömrü” (Elman Araslı), “İnam və iman yeri”, “Sirli adanın sakini”, “Hüseyn İbrahimov”, “Qədim yurdun baharı”, “Bir ömrün xatirəsi”, “Qu rəqsi”, “Zərurət”, “Anarın anları”, “Mirzə Cəlil möcüzəsi” və başqa filmləri, “Gürzə”, “Tahirənin intiqamı”, “Dələduzlar” teleseriallarını, başqa çoxsaylı teleməhsulları da yada sala bilərik.
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın aparıcısı olduğu “Poeziya” verilişinin uğurları, Azərbaycan Televiziyasının bu bənzərsiz layihəsi haqqında mətbuatımızda, müxtəlif qəzet və jurnallarda çox söz deyilib, ona layiqincə yüksək qiymət verilib.
2009-cu ilin əvvəllərindən həftəlik rejimdə təqdim olunan “Poeziya” verilişi ən qədim dövrlərdən, 1500 il əvvəlin Orxon-Yenisey abidələrindən, bəngüdaşlara yazılan ilkin ədəbi-poetik nümunələrdən başlayaraq Oğuz-Türk-Azərbaycan poeziyasının inkişaf yollarını izləyib, necə deyərlər, ədəbiyyatımızın ən uğurlu səhifələrini, ən uca zirvə məqamlarını ön plana gətirib. “Ədəbiyyat qəzeti”ndə bu verilişə həsr edilən böyük bir məqalə haqlı olaraq “Poeziya dərsləri” adlandırılmışdır. Başqa bir nüfuzlu alimimiz isə “Poeziya” verilişinin gördüyü işi bütöv bir institutun əməyi ilə müqayisə etmişdir... “Poeziya” tarix yollarında unudulanları və qəsdən unutdurulanları Azərbaycan televiziyasının ekranlarında bərpa edən, yada salan, “aşkarlığın” gizlinlərini üzə çıxaran sanballı veriliş, müasir Azərbaycan teleməkanında ciddi mədəniyyət hadisəsi kimi tarixə düşdü. Növbəti məqalədə bu haqda daha geniş danışılacaq...
lll
MƏDƏNİYYƏT, xüsusilə, onun strateji hədəflərindən biri və birincisi olan maarifçilik xətti, adətən, Azərbaycan Televiziyasının əsas yaradıcılıq istiqamətini, konseptual fəaliyyət modelini təşkil edib. Qədim Türk tarixinin, xüsusilə, Oğuz qrupu xalqlarının, o cümlədən, əsasən Azərbaycan xalqının etnogenetik YADDAŞ ENERJİSİNİ oyatmaq, bu qeyri-adi milli-mənəvi gücü yenidən çağdaş sahibinə qaytarmaq, beləliklə, zaman-zaman istiqlalçı səfərbərliyə, ruhi özünəqayıdışa, özgürlüyə doğru getmək Azərbaycan Televiziyasının başlıca konsepsiyası, strateji tendensiyası olub desək, yəqin ki, yanılmarıq. Mənim düşüncəmə görə, məhz bu strategiya 5 il əvvəl yaradılan MƏDƏNİYYƏT KANALININ da əsas konsepsiyası, ana hədəfi olmalı idi və şübhəsiz ki, belə də oldu. Çünki bu, zamanın qaçılmaz tələbi, təklifidir, qloballaşan dünyada milli ilə beynəlmiləlliyin, dünyəviliklə regionallı-ğın, tolerantlıqla özünəsahibliyin ahəngdar vəhdətinə, yaradıcı sintezinə nail olmağın çox mühüm amilidir. Bu, milli-mənəvi, etnokulturoloji, multikultural dəyərlərin bütöv sintezidir.
Teletexnologiyanın, xüsusilə, internet sahəsinin ildırımsürətli inkişafı əvvəllər çox böyük, əlçatmaz olan Yer planetini indi sanki istənilən anda hər bir güşəsinə əl çatan kiçik bir adaya çevirmişdir. İndi dini, mədəni, etik-estetik, sosial-ideoloji, hətta deyək ki, demoqrafik... missiyaları, missioner hücumları, təbliğat-təşviqat fəaliyyətini hər hansı bölgədə həyata keçirmək üçün Orta əsrlərdə olduğu kimi aylarla yol getməyə, xaç, səlib yürüşlərinə çıxmağa ehtiyac yoxdur; planetimizi hörümçək toru kimi bürüyən peyk telerabitəsi, internet şəbəkəsi həmin ÇƏTİN İŞİ xeyli asanlaşdırıb; istənilən anda hansısa xalqa, millətə, dövlətə qarşı total mənəvi təzyiq, iblisanə missioner müdaxilə mümkündür. Və bütün bunlara qarşı yalnız xalqın, millətin, dövlətin öz milli-mənəvi dəyərləri, öz MƏDƏNİYYƏT YADDAŞI İLƏ səfərbər olunmasıyla çıxmaq olar.
Minnətdarlıqla bir daha bu məqamda xatırlayıram ki, möhtərəm Prezidentimiz İlham Əliyev bir qrup şair və yazıçıyla görüşdə son əsrlərdə imperiyalar poliqonuna dönən Azərbaycanın assimilyasiya olunmamasında əsas qüvvə, taleyüklü şərt kimi ədəbiyyatımızın və dilimizin rolunu xüsusi vurğulamışdı. Bəli, Azərbaycan ədəbiyyatı, Azərbaycan dili, bütövlükdə AZƏRBAYCAN MƏDƏNİYYƏTİ məhz belə qüdrətli qüvvəyə, XİLASKAR GÜCƏ MALİKDİR. Və mən inanıram ki, 5 il əvvəl Azərbaycan Televiziyasının nəzdində yaradılan MƏDƏNİYYƏT kanalı bundan sonra da belə bir xilaskar gücdən tam səmərə ilə istifadə edəcək. İndiki halda “Mədəniyyət” kanalının belə ümummilli strateji hədəflərə yönələn dolğun, tam keyfiyyətli fəaliyyətini yeganə Azərbaycan Televiziyası bütövlüklə reallaşdıra bilərdi; artıq dediyim kimi, “Mədəniyyət” telekanalı 5 illik fəaliyyəti ilə bunu təsdiq etdi.
Çoxsaylı sanballı verilişləri, həyata keçirilən silsilə uğurlu layihələri ilə milyonlarla tamaşaçının sevimlisinə çevrilən 5 yaşlı “Mədəniyyət” telekanalı bu gün yaradıcılığının əlamətdar dövrünü, yüksək keyfiyyət mərhələsini yaşayır.
İnanırıq, qəti əminik ki, bu ilin 14 fevralında 5 yaşı tamam olan “Mədəniyyət” telekanalı qədim milli-mənəvi dəyərlərimizin, möhtəşəm ədəbi-mədəni sərvətimizin dünyaya layiqincə təqdimində, eləcə də bəşəriyyətin elm və sənət zirvələrinin xalqımıza daha dolğun şəkildə çatdırılmasında bundan sonra da mühüm rol oynayacaq, yeni-yeni uğurlar qazanacaq.
Sadıq ELCANLI
525-ci qəzet.- 2016.- 15 oktyabr.- S.9.