Dublyonka, Moskva milisi, Qasım Qasımzadə,
üç günün dostu və ... “on menya s kem-to putaet”
Əhvalatın
dəqiq tarixi yadımda deyil, elə bilirəm, ötən əsrin
80-ci illərinin əvvəlləri olar...
Qasım Qasımzadə Moskvaya ezamiyyətə
hazırlaşır, sənədlərini,
kağız-küğuzlarını çantasına
yığır, bir yandan da anam Tamara Ələkbərqızı
ona möhkəm-möhkəm tapşırır ki, Moskvadan gəlinimizə
dublyonka almağı unutmasın. Təxmini qiymətini
də deyir bilsin, alanda onu aldatmasınlar. Bakıda o zaman
dəbdə olan belə dublyonkanı ara
ticarətilə məşğul olan alverçilərdən
almaq olardı ki, bu da çox baha başa gəlirdi. Qasım
müəllim söz verir unutmaz, əlbəttə,
çalışar Moskvanın iri dükanlarını
axtarsın və tapa bilsə alıb gətirər...
Moskvaya yola düşür. Aeroportdan birbaşa
yollanır paytaxt mərkəzində yerləşən məşhur
“Moskva” mehmanxanasına. Hər zamankı səfərlərində
olduğu kimi, bu dəfə də SSRİ Yazıçılar
İttifaqında katibə işləyən Valentina
Trofimovnanın telefon zəngilə ona ayrılan otaqda yerləşir.
Mehmanxana otağında rahatlanıb istirahət edəndən
sonra axşamtərəfi enir restorana ki, bir az
yemək yesin, sonra da baxsın nə edir.
Restoranda əyləşdiyi
masaya ahıl bir kişi
yaxınlaşır, şairdən nəzakətlə icazə
istəyib stulların birində əyləşir. Ofisiant hər
ikisindən sifarişləri qəbul edib gedincə həmin kişi Qasım müəllimi söhbətə
tutur. Aralarında tanışlıq
başlayır, bir-birinin kimliyini soruşurlar. Yaşca
şairdən böyük olan kişi özünü belə
təqdim edir ki, təqaüdə çıxmış hərbçidir,
övladları hökumətdə vəzifələrdədir,
özünün də hər yerdə yaxşı əlaqələri
var və s. Həmsöhbətinin kimliyini biləndə də
ədəbiyyatdan söz salır.
Maraqlı
ədəbiyyat
söhbəti təzəcə
qızışır ki, həmin adam sözü gətirib
çıxarır Mirzə İbrahimovun
yaradıcılığına, həmsöhbətilə Azərbaycan
ədibinin əsərlərinə dair öz təhlillərini
bölüşür. Milliyyətcə rus olan
bu keçmiş hərbçinin milli ədəbiyyatımıza
aid bilgisi Qasım müəllimdə heyrət doğurur,
müsahibinə isti münasibət yaradır. Və bir-saatlıq tanışlıq çevrilir
olur əməlli-başlı dostluq ki, bu da
qarşılıqlı sağlıqlarla elə həmin
restorandaca möhkəmlənir.
Qasım müəllim ürəyiaçıqlıqla
ona ezamiyyət planlarından danışır,
xanımının dublyonka almaq tapşırığı barədə
də söz salır. Keçmiş hərbçi də,
bildirdiyinə görə, Moskvaya bəzi işlərinin
dalınca gəlibmiş. Şairə deyir: “Tı ne
bespokoysə, u menə xoroşie svəzi v QUM (Moskvanın mərkəzində,
Kremldən bir az aralı yerləşən
məşhur Dövlət Universal Mağazası - N.Q.),
kak-nibudğ sxodim tuda i kupim çto nado”. Kefləri
kök ayrılırlar və vədələşirlər ki,
Moskvada olduqları müddətcə axşamlar bir yerdə
şam etsinlər.
Ertəsi
gün axşam yenə də həmin restoran, həmin
masa... Bu dəfə həmin o
keçmiş hərbçi bir az da dərin
təəssürat buraxır Qasım müəllimdə.
Sovet ədəbiyyatının problemləri bir yana,
Azərbaycan ədəbiyyatına aid başqa nümunələrdən
də peşəkarcasına danışır. Yenə də
şirin-şirin söhbətləşirlər, sabah axşam görüşmək ümidi ilə
ayrılırlar.
Səhərisi gün görüşəndə iki
günün təzə dostu Qasım müəllimə
köynək bağışlayır. Bu jesti ilə
şairin ürəyini almasın da neyləsin? Yeyib-içəndən sonra Q.Qasımzadə təbii
ki, bu dəfə həmsöhbətini qətiyyən qoymur əlini
cibinə salsın, şam yeməyinin hesabını hər
ikisinin yerinə özü verir ofisianta.
Razılaşırlar ki, sabah günorta
mehmanxananın dəhlizində görüşüb getsinlər
QUM-a və dublyonka məsələsini yerindəcə həll
etsinlər.
Səhəri gün görüşürlər,
yollanırlar QUM-a. Çoxlu sayda girişi-çıxışı olan
bu iri “supermarket”in içində
bir az dolaşandan sonra “dostu” şairə deyir dublyonkanın
pulunu ona versin, administratorun
kabinetinə girib və məsələni oradaca həll edib gələr. Qasım müəllim dublyonkanın o zamankı rəsmi
qiyməti dəyərində 250 rublu ona uzadır. “Dostu” qarşılarındakı qapını
açıb içəri keçir, dalınca da
qapını örtür. Şair gözləyir,
gözləyir, gözləyir... Bir də baxır axı deyəsən
çox keçdi, bu adam niyə
qayıtmır görəsən. Hövləsələsi
çatmır gözləsin, yaxınlaşıb
qapını açır... Və görür ki, qapı
birbaşa küçəyə açılırmış,
yəni çıxış qapısı imiş... “Dost”unun xəyanətini anlayıb bərk pərtlik
keçirir.
Gedib başına gələnləri
Yazıçılar İttifaqında Azərbaycan ədəbiyyatı
üzrə müşavir işləyən Azər Mustafazadəyə
danışır. Sonra da Moskva milisinə, yəni polisinə
üz tutur. Müstəntiq ondan
fırıldaqçının xarici görünüş əlamətlərini
soruşur. Şairi diqqətlə dinləyən
müstəntiq sonra ona bir foto göstərir, fotonun həmin o
şəxsə aid olub-olmadığı ilə maraqlanır.
Qasım müəllim “dost”unu dərhal tanıyır. Milis əməkdaşı
təəccüblə: “Neujeli gto on, trudno veritsə, çto
moşennik takoqo vsesoöznoqo masştaba moq idti na takuö
meloçğ. Vı, uvajaemıy pisatelğ,
predstavləete, kto Vas obxitril?” - deyir.
Ardınca da şairə onun irimiqyaslı
fırıldaqlarından bir epizod danışır.
Çoxdan bəri axtarışda olan həmin şəxsin
törətdiyi cinayətlərdən biri dövlət səviyyəsində
həyata keçirdiyi bir əməliyyatla bağlı
imiş. Deməli,
bu həqiqətən istedadlı adam haradansa hökumət
telefonlarından biri ilə SSRİ-nin iri vilayətlərindən
birinin partiya komitəsilə əlaqə yaradaraq
özünü Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsinin məsul əməkdaşı qismində təqdim
edəndən sonra “dövlət səviyyəsində” vilayət
rəhbərinə tapşırıq verir ki, filan tarixdə
vilayət komitəsinin plenumunu təşkil etsin. Həmin tarixdən bir neçə gün əvvəl
də yollanır vilayətin paytaxtına, orada bəzi təsərrüfat
rəhbərlərilə görüşlər keçirib
onlara yüksək vəzifələr vəd edir. Plenumda vilayətin partiya-təsərrüfat işlərində
buraxdığı nöqsanlardan, partiyanın zəhmətkeşlərin
rifahı naminə tapşırıqlarından, yerli rəhbərliyin
yarıtmaz fəaliyyətindən alovlu bir nitq söyləyir.
Onun natiqliq qabiliyyəti öz işini
görür, çıxışını sürəkli
alqışlarla qarşılayırlar. Plenumdan
sonra da büronun iclasını keçirir. İclasda kimlərisə vəsifəsindən
çıxardaraq sövdələşdikləri şəxsləri
onların yerlərinə təyin edir. Və
əlbəttə, qısa müddətdə
yığdığı külli miqdarda rüşvətlə
dolu çemodanını götürüb yola
düşür. Onu hörmət-izzətlə
yola salırlar. Bir neçə gündən
sonra vilayət partiya komitəsinin məsul əməkdaşı
MK-nın təşkilat şöbəsi ilə əlaqə
yaradıb bildirir ki, plenumun nəticələrinə dair
yazılı hesabat hazırdır. Şöbədən
maraqlanırlar ki, nə plenum, nə hesabat?! Hal-qəziyyə
bütün ayrıntıları ilə aydın olanda dəhşətə
gəlirlər ki, bir nəfər fırıldaqçı bu
boyda Sovet hökumətini necə aldada bilibmiş...
Moskvalı müstəntiq Qasım müəllimə
anladır ki, bu fırıldaqçının tez bir zamanda ələ
keçməyi çətin olar. Hər halda bir yenilik
olarsa ona məlumat verərlər. Şair
bir neçə gün də Moskvada qalıb bu macəradan
sonra işlərini yekunlaşdıraraq Bakıya
qayıtmalı imiş. Heç iki gün
keçmir, paytaxt milisinin bir əməkdaşı mehmanxanaya
gəlib Qasım müəllimə
fırıldaqçının təsadüfən
tutulduğunu deyir və şairi şəhər milis
şöbəsinə dəvət edir. Köhnə
“dostlar”ı üzləşdirirlər. Qasım müəllim
həbs edilmiş “dost”unu görüncə deyir: “Tı je
takoy talantlivıy çelovek, zaçem tı takimi vehami
zanimaeşğsə? Ə vedğ doverilsə
tebe. Delo, koneçno, ne v denğqax. Tı prosto bessovestno ukral moe doverie k lödəm.
Vot çto mne obidno...” Müstəntiq
üzünü məhbusa tutub soruşanda ki, üzləşdiyi
adamı tanıyırmı, deyir “net”. “Vı
sçitaete, çto on vret vam v liüo?” deyə bir də
soruşur. Məhbus: “Qospodi, koneçno, on qovorit pravdu, razve
mojet takoy solidnıy çelovek vratğ? No on prosto menə s
kem-to putaet”.
Ertəsi gün təkrarən milisə
çağırılan şair ürəyiyumşaqlıqla
müstəntiqdən xahiş edir işi elə qursun ki,
“dost”unun cəzasında ağırlaşdırıcı
hallar olmasın. Müstəntiq şairin xahişini təbəssümlə
qarşılayıb ona məhbusla sonradan ikilikdə olan
söhbətini çatdırır. Məhbus
peşmanlıqla deyibmiş ki, gərək o cür
yaxşı insanla elə rəftar etməyəydi, bu qədər
işlərinin içində heç vaxt başına gəlməyib
ki, bu tezlikdə və belə xırda işə görə
həbs edilsin. Görünür, Allah ona o
cür gözəl insanı aldatdığı
üçün cəzamı da tez verib. Və xahiş
edibmiş şairlə onu üzləşdirməsinlər,
sadəcə üzrxahlığını ona
çatdırsınlar...
Qasım müəllim qayıdır Bakıya.
Onunla qucaqlaşıb görüşürük. Hal-əhval
tuturuq. Tamara xanım da öz
tapşırığının nəticəsini soruşur.
Şair xanımına gülə-gülə deyir, sən hələ
mənə yaxşı bir çay dəmlə, sizə
maraqlı bir əhvalat danışacam...
Nəriman
QASIMOĞLU
525-ci qəzet.- 2016.- 15 oktyabr.- S.16