Azərbaycan mədəniyyəti
müstəqillik yollarında
Ölkəmiz öz dövlətçilik tarixinin
çox şərəfli bir dövrünü yaşayır. 1991-ci ildə
ikinci dəfə öz müstəqilliyinə qovuşan Azərbaycanı
Heydər Əliyev hakimiyyətə qayıdışından
sonra üzləşdiyi bəlalardan xilas etdi, ölkəmizi
davamlı islahatlar yoluna çıxardı.
Artıq 25 ildir ki, Azərbaycan müstəqillik
yollarında inamla addımlayır. Söz yox ki
qazanılmış uğurlar ulu öndərin ölməz
ideyalarından güc alır. Heydər Əliyev deyirdi:
"Müstəqilliyi əldə etmək böyük nailiyyət
olduğu kimi, onu yaşatmaq və əbədi etmək ondan da
böyük nailiyyətdir, ondan da çətin bir
işdir". Bu çətin və məsuliyyətli
işi öz çiyinlərində irəliyə doğru
aparan ulu öndər dəfələrlə bildirmişdi ki,
Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir.
Bu illər ərzində qazanılmış nailiyyətlər
sırasında milli mədəniyyətin inkişafı da
diqqətdən yayınmamışdır. Hələ
sovetlər dönəmində hakimiyyətdə olduğu illərdə
ümummilli lider Heydər Əliyev milli- mənəvi dəyərlərimizin
qorunmasına, mədəni həyatımızın zənginləşməsinə
böyük qayğı ilə yanaşırdı. Bu
qayğının nəticəsində inkişaf edən Azərbaycan
mədəniyyəti sonralar müstəqillik dövründə
böyük mədəni quruculuq işləri üçün zəmin yaratdı. Ulu öndər deyirdi ki, "xalq bir çox
xüsusiyyətləri ilə tanınır, sayılır və
dünya xalqları içərisində fərqlənir.
Bu xüsusiyyətlərdən ən yüksəyi,
ən böyüyü mədəniyyətdir".
90-cı illərin əvvəllərindən Azərbaycanda
başlayan siyası böhran mədəniyyət sahəsində
islahatların keçirilməsini ləngitsə də, bu
istiqamətdə müəyyən işlər görülürdü. Mədəniyyət
Nazirliyi bu sahənin dirçəldilməsi üçün
yeni layihələr, proqramlar işləyib həyata
keçirməyə başladı. 2000-ci
ilin avqust ayında nazirliyin nəzdində mədəniyyət
siyasəti şöbəsi yaradıldı. Əsas məqsəd milli mədəniyyətin nəzəri
əsaslarının işlənib hazırlanması, beynəlxalq
təşkilatlarla fəal əməkdaşlığın
qurulması, mədəni quruculuq sahəsində xarici ölkələrin
təcrübələrinin öyrənilməsi idi.
2001-ci
ilin sonlarında Mədəniyyət Nazirliyi yaxın beş il üçün "Azərbaycan mədəniyyətinin
dövlət İnkişaf Proqramı"nı işləyib
hazırladı. 2002-ci il oktyabrın 10-da
Avropa Şurasında Azərbaycan Respublikasının mədəniyyət
siyasəti üzrə hazırladığı məruzə
böyük maraqla dinlənildi. Burada milli-mənəvi
dəyərlərimiz haqqında ilk dəfə beynəlxalq təşkilatın
tribunasından ətraflı məlumat verilirdi. Bu, Azərbaycan mədəniyyətinin dünyaya
inteqrasiyası yolunda ilk uğurlu addımı idi.
2000-ci ildə ölkəmizdə ilk dəfə olaraq Rəssamlıq
Akademiyası açıldı. Bu hadisəni yalnız
mədəni həyatımız yox, həm də
bütövlükdə xalqımız üçün
çox mühüm addımlardan biri hesab etmək olar.
Mədəniyyət siyasəti tədricən dövlətin
prioritetlərindən birinə çevrilməyə
başladı.
Avropa Şurasında edilən məruzədən
sonra Azərbaycan mədəniyyətinin digər beynəlxalq
təşkilatlarda da təmsil olunması vacib məsələ
idi. UNESCO və İSESCO ilə əlaqələrin
qurulması, sonralar bu əlaqələrin genişlənməsi
milli mədəniyyətimizin dünyaya açılan pəncərəsi
rolunu oynadı.
2003-cü ildən sonra yeni mədəniyyət siyasətinə
uyğun olaraq dövlət tərəfindən
çoxsaylı və mühüm əhəmiyyətli
işlər görülüb. Azərbaycan Prezidenti İlham
Əliyev ulu öndərin mədəniyyət sahəsində başladığı
islahatları uğurla davam etdirərək milli mədəniyyətimizin
qorunması, təbliği istiqamətində daha böyük
nailiyyətlərə imza atdı. İlk növbədə, mədəniyyət
siyasətinin həyata keçirilməsinin ən əsas vasitələrindən
biri olan hüquqi cəhətdən mükəmməl,
dünya standartlarını və milli özəllikləri nəzərə
alan qanunların hazırlanmasına ciddi
diqqət yetirilib. Bir sıra qanunlar, o cümlədən,
"Mədəniyyət haqqında", "Tarix və mədəniyyət
abidələrinin qorunması haqqında", "Turizm
haqqında", "Nəşriyyat işi haqqında",
"Muzeylər haqqında", "Arxiv fondu haqqında",
"Memarlıq fəaliyyəti haqqında" qanunlar, bir
sözlə, 2003-cü il də daxil olmaqla, 21 qanun Milli Məclisdə
qəbul edilib və ölkə Prezidenti tərəfindən təsdiqlənib.
Azərbaycan
dövləti mədəniyyət sahəsi ilə
bağlı bir sıra beynəlxalq konvensiyalara, o cümlədən,
"Silahlı münaqişələr zamanı mədəni
dəyərlərin qorunması haqqında",
"Ümumdünya mədəni və təbii irsinin
qorunması haqqında", "Arxeoloji irsin qorunması
haqqında" konvensiyalara qoşulub.
Azərbaycan UNESCO-nun nəzdindəki Ümumdünya
İrs Mərkəzi ilə də uğurlu əməkdaşlıq
etməyə başlayıb. Bunun nəticəsi
olaraq 2000-ci ildə Bakı şəhərinin tarixi mərkəzi
İçərişəhər, Şirvanşahlar saray
Kompleksi və Qız Qalası ilə birgə həmin mərkəzin
siyahısına qəbul edilib.
2006-cı ildə struktur dəyişikliyi edildikdən
sonra Mədəniyyət və Turizm Nazirliyi adlandırılan
nazirlik dövlətlərarası müqavilələrə
uyğun olaraq, Avropa, Asiya və İslam ölkələri,
ABŞ və Latın Amerikası ilə beynəlxalq mədəniyyət
proqramlarını həyata keçirir. Son vaxtlar nazirlik çoxtərəfli
əməkdaşlıq çərçivəsində BMT,
MDB, GUAM, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı,
Avropa İttifaqı, İslam Konfransı Təşkilatı,
UNESCO, Dünya Turizm Təşkilatı, TÜRKSOY, İSESCO və
digər beynəlxalq qurumlar vasitəsilə Azərbaycan mədəniyyətini
dünyada təbliğ edir, eyni zamanda, dünya mədəni sərvətlərinin
ölkəmizdə tanıdılması sahəsində əhəmiyyətli
proqramlar həyata keçirir. Bu sahədə
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın xüsusilə böyük
xidmətləri var.
Bu gün mədəniyyət siyasətinin ən
mühüm istiqamətlərindən biri millətlərarası
və dinlərarası münasibətlərin düzgün
qurulması məsələsidir. Azərbaycan
Respublikası çoxmillətli və çoxdinli bir ölkədir.
Bu ölkənin milli siyasəti müxtəlif
millət, etnik qrup və dini azlıqların birgə
yanaşı yaşaması və dözümlülük
prinsipləri əsasında müəyyənləşdirilib.
Azərbaycan Prezidentinin təşəbbüsü
ilə Bakıda keçirilən mədəniyyətlərarası
dialoq və humanitar forumlar milli mədəniyyətimizi
dünyaya sürətli inteqrasiya yoluna çıxardı.
Azərbaycan tarixən unikal çoxmillətli cəmiyyət
olduğu üçün bu multimədəniyyətli,
multietnik irsin bu gün də ölkədə qorunub
saxlanması mədəniyyət siyasətinin prioritet istiqamətlərindəndir. Təsadüfi deyil ki,
2016-cı il Azərbaycanda “Multikulturalizm
ili" elan olunub.
Azərbaycan dünya mədəniyyətinə nadir incilər
bəxş etmiş ölkələrdəndir. Bu gün həyata
keçirilən məqsədyönlü, davamlı mədəniyyət
siyasətimiz də Azərbaycanı dünya arenasına
çıxarır və ölkəmizin dünyaya mədəni
inteqrasiya prosesi uğurla davam edir.
Müstəqillik dönəmində, digər
sferalarında olduğu kimi, mədəniyyət sahəsində
də dinamik inkişafla müşayiət olunub, yaddaqalan
uğurlar əldə edilib. Təsadüfi deyil ki,
bu illər ərzində sahənin inkişafı naminə
Prezident İlham Əliyev tərəfindən 500-dən
çox fərman və sərəncam imzalanıb. Bu fərman və sərəncamlar mədəniyyət
siyasətinin hüquqi-qanunvericilik bazasını yeni sənədlərlə
zənginləşdirib və mədəniyyətimizin
inkişafına güclü stimul verib.
140 ildən
çox tarixi, böyük ənənələri olan Azərbaycan
teatrı istər qanun bazasının təkmilləşdirilməsi,
istər teatr binalarının abadlaşdırılması,
istərsə də tamaşaçı maraqlarının
qorunması baxımından irəliləyiş
gücünü itirmir, əksinə, müasirlik prinsiplərini
qoruyaraq tarixin bugünkü sınağından
üzüağ çıxmağı bacarır. Dövlətin teatra olan qayğısının nəticələrindən
danışarkən ilk növbədə qanunvericilik
bazasının gücləndirilməsi ilə bağlı
görülən işləri qeyd etməliyik. Belə
ki, 29 dekabr 2006-cı ildə "Teatr və teatr fəaliyyəti
haqqında" Qanunun qəbul edilməsi, dövlət
başçısının "Azərbaycan teatr sənətinin
inkişaf etdirilməsi haqqında" 2007-ci il 19 fevral tarixli
sərəncamına uyğun olaraq 2009-cu il 18 may tarixli sərəncamı
ilə "Azərbaycan teatrı 2009-2019-cu illərdə"
Dövlət Proqramının təsdiq edilməsi Azərbaycan
teatrının zəngin bədii irsinin və
yaradıcılıq ənənələrinin qorunmasına,
qlobal və milli dəyərlərin təbliğinə,
dünya mədəniyyətinə inteqrasiyasına, informasiya
və maliyyə resurslarından səmərəli istifadə
edilməsinə yönəlib.
Azərbaycan musiqi sənətinin inkişafı,
dünyada təbliği, musiqiçilərin
yaradıcılığının dəstəklənməsi
istiqamətində də bir sıra layihələr həyata
keçirilib.
Ötən dövr ərzində bu sahədə
keçirilən respublika və beynəlxalq əhəmiyyətli
konsertlərin, festivalların, müsabiqələrin sayı
1500-dən çox olub, Azərbaycan musiqi mədəniyyəti
üçün irimiqyaslı, nüfuzlu, rənngarəng
layihələr, tədbirlər həyata keçirilib.
Heydər Əliyev Fondunun silsilə tədbirləri, xarici
ölkələrdə Azərbaycan mədəniyyəti
günləri, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı,
Qəbələ Beynəlxalq Musiqi Festivalı, "Muğam
aləmi" Beynəlxalq Muğam Festivalı, Rostropoviç
Beynəlxalq Musiqi Festivalı, Bakı Caz Festivalı, görkəmli
mədəniyyət xadimlərinin yubileyləri ölkəmizin
getdikcə artan nüfuzu və potensialının mədəniyyət
sahəsindəki təzahürüdür. Azərbaycan
bunun sayəsində dünyanın musiqi mərkəzlərindən
birinə çevrilib.
Mədəni sferanın müstəqillik illərində
inkişafı təsviri və dekorativ sənət sahələrindən
də yan keçməyib, bu müddət ərzində Azərbaycan
təsviri sənətinin tərəqqisi, dünyada təbliği,
gənc rəssamların yaradıcılığının dəstəklənməsi
istiqamətində də bir çox məqsədyönlü
işlər görülüb. Ötən on ildə
keçirilən respublika və beynəlxalq əhəmiyyətli
sərgilərin sayı 500-ü ötüb. Bu illərdə
Azərbaycan rəssamlarının əsərləri Almaniya,
ABŞ, Rusiya, Türkiyə, İran, Fransa, İsveçrə,
İtaliya, Niderland, Sloveniya, Misir, Səudiyyə Ərəbistanı,
Cənubi Koreya, Ukrayna, Moldova, Özbəkistan, Braziliya,
Çin, Avstriya, Portuqaliya və s. kimi ölkələrin ən
nüfuzlu sərgi salonları, muzey və qalereyalarında
nümayiş etdirilib.
Dövlət
başçısının "Azərbaycanda muzey işinin
yaxşılaşdırılması haqqında" 6 mart
2007-ci il tarixli və 22 may 2009-cu il tarixli sərəncamları
ilə təsdiq edilmiş "Azərbaycanın
regionlarında fəaliyyət göstərən muzeylərin
müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və
zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər
planı"nın icrası ilə bağlı nazirlik, yerli mədəniyyət
və turizm idarə və şöbələri tərəfindən
Bakı şəhərində, eləcə də
regionlarımızda muzeylərin müasir standartlara uyğun təmiri,
onların maddi-texniki bazasının gücləndirilməsi,
muzey fondlarının komplektləşdirilməsi və
ekspozisiyaların zənginləşdirilməsi istiqamətində
bir sıra işlər görülüb. Respublikanın şəhər
və rayonlarında fəaliyyət göstərən, ulu
öndərin dühasını əks etdirən Heydər
Əliyev muzeyləri nazirliyin müvafiq əmrinə əsasən
1 fevral 2012-ci il tarixindən Heydər
Əliyev mərkəzləri adlandırılıb. Hazırda ölkəmizdə 60 Heydər Əliyev Mərkəzi
fəaliyyət göstərir. Mərkəzlərin
əksəriyyətində elektron kitabxanalar, kompüter və
iclas zalları, dil kursları, tətbiqi sənət,
aviamodelizm, rəqs və başqa dərnəklər fəaliyyət
göstərir.
26 avqust 2014-cü il tarixdə Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış mərasimi keçirilib. Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda muzeyin sərgi və fondlarında 10 mindən çox eksponat və əşya saxlanılır.
Ölkəmizdə hər sahədə davam edən islahatlar, şübhəsiz ki, mədəni irsin qorunmasına dair işlərdən də yan keçməyib. Belə islahatlardan biri də bu sahədə xüsusi Dövlət Proqramının təsdiq olunmasıdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci ildə müvafiq fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsaslanaraq 27 dekabr 2013-cü il tarixli sərəncamı ilə "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın qəbul edilməsi milli-mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olub. Dövlət Proqramının müvəffəqiyyətlə həyata keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi yanında Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2014-cü il tarixli fərmanı ilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb.
Müstəqillik illərində kino sahəsinin inkişaf etdirilməsi, bu istiqamətdə fəaliyyətin müasir tələblər səviyyəsində qurulması, ayrı-ayrı studiyaların işinin əlaqələndirilməsi və nəzarətin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Kinematoqrafiyanın istehsalat, texniki, informasiya, hüquqi və maddi bazasının möhkəmləndirilməsi, eləcə də maarifləndirmə işinin gücləndirilməsi məqsədilə Azərbaycan Prezidenti tərəfindən təsdiq edilib və kino tariximizdə ilk genişmiqyaslı sənəd olan "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın müstəsna əhəmiyyəti var. Hazırda icrası davam edən həmin proqram çərçivəsində bir sıra iri layihələr, mühüm məqsədyönlü tədbirlər həyata keçirilir.
Kino sahəsində yüksəkixtisaslı kadrların yetişdirilməsi, bu sahənin gələcək inkişafının qarantıdır. Son illər kino peşələri üzrə yüksəkixtisaslı kadrların çatışmazlığı nəzərə alınaraq, bir sıra gənclər təhsil almaq üçün nazirlik tərəfindən Rusiya, Türkiyə, Kanada və İngiltərəyə göndərilib.
Bu gün ölkəmizdə kitabxana-informasiya sahəsində aparılan islahatlar, görülən işlər nəticəsində respublika kitabxanaları istər informasiya resurslarının zənginliyi, istər binalarındakı şərait, istərsə də müasirlik baxımından dünyanın qabaqcıl ölkələri ilə müqayisə edilə bilər. Hazırda kütləvi kitabxanalar şəbəkəsinə 3000-ə yaxın kitabxana daxildir. Respublikanın kitabxana fondlarında 40 milyona qədər kitab, jurnal, qəzet və digər informasiya daşıyıcıları mühafizə olunur. Kitabxana-informasiya sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Prezidenti tərəfindən 20 aprel 2007-ci il tarixdə "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması barədə", 6 oktyabr 2008-ci il tarixdə "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə müvafiq sərəncamlar imzalanıb.
Dövlət Proqramının uğurla yerinə yetirilməsinin nəticəsi olaraq ölkəmizin aparıcı kitabxanalarının dünya miqyasına çıxışı təmin olunub, elektron kitabxanalar vasitəsilə Azərbaycan reallıqlarının, həqiqətlərinin, bugünkü iqtisadi və sosial inkişafın əsas konturlarının dünya miqyasında daha geniş təbliğinə nail olmaq, Azərbaycan haqqında təsəvvürlərin genişləndirilməsini təmin etmək məqsədilə Beynəlxalq Kitab sərgilərində iştirakımızın miqyası genişləndirilib, iki ildən bir Azərbaycanda da beynəlxalq kitab sərgilərinin keçirilməsi bir ənənə halını alıb.
Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində bir sıra layihələr gerçəkləşdirilib, dünyanın öncül kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalanıb, Avropa Milli Kitabxanaları Konfransının, Avrasiya Kitabxanalar Assambleyasının iclasları Bakıda keçirilib, Azərbaycan Prezidentinin sərəncamı ilə Milli Kitabxananın 90 illik yubileyi qeyd edilib, onun maddi-texniki bazası möhkəmləndirilərək dünya kitabxanaları səviyyəsinə çıxarılıb. Milli Kitabxananın təcrübəsində mütərəqqi yeniliklər tətbiq olunub, dünyada ilk olaraq gecə-gündüz, ilin bütün fəsillərində, fasiləsiz fəaliyyət göstərən Mədəniyyət və Turizm Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi olan "Açıq Kitabxana"-sərbəst mütaliə mərkəzi yaradılıb. İnsanların ölkəmiz haqqında hərtərəfli məlumat əldə etməsinə şərait yaratmaq məsədilə xarici ölkələrin milli kitabxanalarında "Azərbaycan guşələri" təşkil olunub, burada Milli Kitabxananın elektron resurslarından onlayn istifadəni təmin edəcək "Virtual oxu zalları"nın yaradılmasına başlanılıb.
Göründüyü kimi, müstəqillik illərində Azərbaycanda mədəniyyət siyasəti uğurla həyata keçirilib, bu gün də milli-mənəvi irsimizin qorunması, təbliği, gələcək nəsillərə çatdırılması üçün davamlı iş aparılır.
Kərim TAHİROV
Milli Kitabxananın direktoru, Əməkdar
mədəniyyət işçisi, professor
525-ci qəzet.- 2016.- 18 oktyabr.- S.7.