Bir xalqın dilindən doğulan şair

 

ULU MƏMMƏD ARAZIN DOĞMA KƏNDİ NURSUDAKI EV-MUZEYİNDƏN TƏƏSSÜRATLAR

 

 

 

 

Hər xalqın özünün mənəvi sərvətlərindən biri də yetirdiyi söz sənətkarlarıdır.

 

Dədə Qorqud kimi bir ozanı, Nizami, Füzuli, Nəsimi kimi şairləri olan bu xalqın ötən əsrdə yetirdiyi ən böyük söz ustadlarından biri də, heç şübhəsiz, Məmməd Arazdır.

 

Mən indi Məmməd Arazın Nursu kəndindəki ev-muzeyinin qarşısında dayanıb xəyala dalmışam. Öz-özümə şairin "Kəndim, balacasan, çox balacasan" misralarını pıçıldayıram. Buradan baxanda insan gözünün görə bildiyi sərhədlər daxilində balaca olan bu kəndi, balacalıqdan böyük məhəbbətlə sevən Məmməd Araz sözü böyük Azərbaycan sərhədləri boyunca məşhurlaşdırdı, tanıtdı, böyütdü.

 

Xatirələrinin birində "mənim şeirlərimin mayası anamdan başlayıb" deyən Məmməd Araz anasının danışdığı nağıllardan, dastanlardan, gəraylılardan, qoşmalardan söz açırdı. Bu məqamda əmin olursan ki, bir şairi öz doğma xalqına sevdirən əsas səbəb o xalqın ruhundan, mayasından süzülən sözlərlə fikirlərini ifadə etməkdən başlayır. Məmməd Araz da bu mənada anasından eşitdiklərini öz uşaqlıq yaddaşına yazan, yeniyetməliyindən gəncliyinə doğru gedən ömür qatarında ürəyində ovxarlayıb yaşlaşdıqca o sözlərə sığal çəkən əsl söz adamı, söz sənətkarı idi. Həm də öz xalqının dilindən doğulan və xalq şairi mərtəbəsinə qədər ucalan həqiqi söz sahibi.

 

Məhz elə bu məqama diqqət çəkən xalqımızın ümummilli lideri, sözün dəyərini bilən və söz adamlarını hər zaman qiymətləndirən ulu öndərimiz Heydər Əliyev Məmməd Araz poeziyasına vurğunluğunu bu sözlərlə ifadə edirdi: "Ana dilinin bütün incəliklərini özündə toplamış Məmməd Araz poetik irsi gəncliyin mədəni-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşması baxımından müstəsna əhəmiyyətə malikdir". Bu müstəsna əhəmiyyəti şərtləndirən şeirlərin isə Məmməd Araz poeziyasında sayı-hesabı yoxdur.

 

"Ayağa dur, Azərbaycan", "Məndən ötdü", "Azərbaycan - dünyam mənim", "Vətən desin", "Ana torpaq", "Mənim Naxçıvanım" və bu qəbildən olan onlarla şeirində Azərbaycan vətəndaşlıq poeziyasının əsasını qoyan bir şairin ürək çırpıntılarında bütöv bir xalqın təşnəli arzuları dilə gəlirdi.

 

Xəyallardan ayrılıb Nursu kəndinin üstən aşağı ecazkar mənzərəsini seyr etdikcə dodaqlarımdan Məmməd Araz misraları süzülür:

 

Bu, oğul səsidir! Götür dəftəri:

Danışmaq da yükdür, susmaq da yükdür.

Böyük dünyamızın kiçik dərdləri

Böyük dərdlərindən daha böyükdür.

Kəndim, balacasan, çox balacasan!...

 

Görəsən üzüaşağı səliqəylə sıralanan həkim ambulatoriyasını, məktəb binasını, kənd mərkəzini, xidmət mərkəzini, səliqəli asfalt yolları, lap elə şairin mənəvi dünyasına əbədi heykəl kimi tikilən ev-muzeyini gözləriylə görsəydi "kəndinin böyük dərdləri" misrasını hansı sözlərlə əvəz edəcəkdi, Məmməd Araz? Bəlkə də yenə öz misralarına yaslanacaq, ağır-ağır yerişində içini parçalayan sözləri taleyinə üz çevirmiş tutqun dili ilə dilləndirərək deyəcəkdi ki:

 

Keçək dərələrin boğanağından,

Keçək dolayların doğanağından,

Günəşin zirvədə doğan anından

Nur alıb, bu yurda səpələməsək,

Sən kimə gərəksən,

Mən kimə gərək!?

 

Muzeyin qapısını açıb içəri daxil olanda düşüncələrimdə bu fikirlər var-gəl edir: Sözü sevən, söz adamının qədrini bilən, söz əhlinə qiymət verməyi bacaran insanlar olduqca söz də yaşayacaq, söz adamının özü də.

 

Məmməd Araz sözü isə hər zaman dövlət tərəfindən layiqincə qiymətləndirilib. Hələ sağlığında ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamları ilə "İstiqlal" ordeni ilə təltif olunan, "Xalq şairi" fəxri adına layiq görülən Məmməd Araz yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalanıb. 3 il bundan öncə - 27 sentyabr 2013-cü il tarixdə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan "Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamı, həmin ilin 28 iyun tarixində imzalanan "Xalq şairi Məmməd Arazın ev-muzeyinin yaradılması haqqında" və 8 iyul tarixində imzalanan "Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları "Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edən, yüksək bədii-fəlsəfi ümumiləşdirmələrlə səciyyələnən, lakonik deyim tərzinə malik dərin ictimai məzmunlu lirikası gücünü vətən təbiətinin gözəlliklərindən, böyük tarixi keçmişimizdən və milli ədəbi fikrin tükənməz xəzinəsindən alan, vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığı"nın timsalında sözə verilən qiymət idi.

 

Muzeydə şairin ömür yoluna və yaradıcılıq fəaliyyətinə həsr olunmuş eksponatlara baxdıqca hər kitabdan bir Məmməd Araz şeirinin pıçıltısını eşidirəm, hər əşyadan Məmməd Arazın ruhunun varlığını hiss edirəm. Muzeyin divarlarından asılan tablolarda şairin ruh halına əks etdirən rənglərin mozaikasında da bir qəribəlik var. Rənglər bu tablolarda sözə çevrilmək istəyindədir. Sanki hər rəngin özündə şair yaddaşının sirli kodları gizlənib.

 

İki il bundan əvvəl-2014-cü ilin dekabr ayının 1-də şairin anım günündə ev- muzeyinin açılışına şahidlik edərkən özüm üçün bir çox məqamları yaddaşıma yazmışdım. Həmin gün şairin ömür yoldaşı Gülxanım Fətəliqızının gözlərində Məmməd Arazın həyat yoldaşı olmağın qürurunu, şairin yoxluğunu daşıyan hüznünü və Məmməd Arazı varlığına, şeirinə, sözünə verilən dəyərin qürurunu çoxu görməmiş olmazdı. Məhz elə bu qürurla da o, Məmməd Araz irsinin yaşadılmasına göstərdiyi diqqət və qayğıya görə ailə üzvləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edərək bunları səsləndirmişdi: "Muxtar respublikada şairin irsinə daim yüksək qayğı göstərilir, ədibin yubileyləri Naxçıvanda geniş qeyd olunur, kitablarının təqdimat mərasimi keçirilir. Şairin doğma kəndi olan Nursuda ev-muzeyinin istifadəyə verilməsi də Məmməd Araz yaradıcılığına verilən qiymət kimi yüksək dəyərə malikdir".

 

Bu heç də təsadüfi deyil. Naxçıvanın hər bir sakini Məmməd Araz şeirinin vurğunudur. Hər kəsin yaddaş süzgəcində mütləq Məmməd Araza aid bir şeir özünə yer tapıb. Elə buna görə naxçıvanlılar üçün Məmməd Araz söz üfüqlərində bir şair heykəli kimi ucalır.

 

1933-cü ilin 14 oktyabrında dünyaya göz açan Məmməd Arazın, hələ də həyatda olsaydı, 93 yaşını qeyd edəcəkdik. Amma cismani yoxluğunda belə biz onun mənəvi varlığını hər zaman hiss edəcəyik. Sözünün böyüklüyünə üz tutaraq kiçik arzularımızı dilə gətirəcək, sözünün işığında qaranlıq hisslərimizə işıq tutacaq, sözünün qüdrətindən düşmən qarşısında qılınc kimi istifadə edəcəyik.

 

Bu gün Məmməd Araz öz sözünün kəsəriylə təkcə Nursu kəndində dünyaya gələn balaca "Məmməd İbrahim"i deyil, həm də qarabəxtli, lal axışlı, dərd baxışlı Araz taleyini yaşadır. Bu ağır yüklü taleyin alın yazısını öz şeirləriylə yazır həm də:

 

Mən Arazda şaxələnən çinardım,

Ömrü boyu tufan əydim, su yardım.

Xətainin qılıncını suvardım,

Məmməd Araz karandaşı göyərdi.

 

Məmməd Araz karandaşından göyərən sözlərin məna yükü Azərbaycan xalqnın vətəndaşlıq duyğularının tərcümanı funksiyasını da öz mahiyyətində daşıyır və yaşadır. Təkcə elə buna görə bir şeirində dediyi "Haqqın yox, Məmməd Araz, haqqın yox yaşamağa" misralarına elə özü də cavab verir:

 

Çox tozanaq atlını təmkin atınla keçdin,

Sel boğan dərələri bir mərd qadınla keçdın.

Bütün keçilməzliyi, Vətən, adınla keçdim...

Haqqın var, Məmməd Araz,

Haqqın var yaşamağa!

 

Bu haqqı sənə doğulduğun Ana torpağa sədaqətin, vətəndaşı olduğun xalqa bağlılığın, taleyinə yazılmış şair ömrünü sözlərə ömür verməklə yaşatmağın, ən əsası isə bir millətin içində qısılıb qalan vətəndaşlıq qığılcımını "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı" misrasıyla alovlandırmağın verib.

 

"Dünya sənin, dünya mənim, dünya heç kimin", "Ana yurdum", "Nə bilim", "Araz yadıma düşüb", "Nobel mükafatı", "Şair ömrü", "Tərifdən qorxuram" və sair, və sair şeirləri, həmçinin Azərbaycan poeziyasında ana dilinə, kənd həyatına, milli-mənəvi dəyərlərə ən böyük abidə kimi səslənən "Atamın kitabı" poemasına görə bu xalq var olduqca Məmməd Araz şeiri də, Məmməd Araz sözü də, Məmməd Araz vətəndaşlığı da yaşayacaq.

 

Nursu kəndində ev-muzeyində məni ağuşuna alan bu hisslərin təsirində söz meyxoşluğuyla qapıya tərəf addımlayıram. Bir az əvvəl eksponatlar arasındakı "Şərq qapısı" qəzetinin 2 dekabr 2014-cü il tarixli nömrəsində dərc olunmuş, muzeyin açılışı mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun söylədiyi fikirləri öz-özümə təkrarlayıram: "Hansı vəzifədə işləməsindən asılı olmayaraq, Məmməd Arazın həyatı ədəbiyyatın yüksək məramına xidmətdə keçmiş, bu sahədə misilsiz nailiyyətlər qazanaraq Azərbaycan lirikasının poetik zirvəsini fəth etmiş və bu zirvədə əbədi yaşamaq haqqı qazanmışdır.

 

Məmməd Araz yaradıcılığının bir missiyası vardı. O da poetik Azərbaycan dünyasına xidmətdən, Vətən qarşısında ziyalı borcunu yerinə yetirməkdən ibarət idi. O, bu yolla gedərək Azərbaycanda vətəndaşlıq poeziyasının əsasını qoymuşdur. Məmməd Araz şeirində "Vətən" sözü qürurla səslənir. Onun yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Məmməd Arazın Azərbaycana və onun bir parçası olan Naxçıvana həsr etdiyi şeirlər Vətən mövzusunda ən yaxşı əsərlər kimi dəyərləndirilə bilər. Məmməd Araz düşünən və düşündürən şairdir. O, Azərbaycan poetik-fəlsəfi fikrinin ən yaxşı nümunələrini yaratmışdır. Şairin ötən əsrin 70-ci illərindən başlayaraq qələmə aldığı insan və dünya barədə fəlsəfi düşüncələri böyük tərbiyəvi əhəmiyyətə malikdir. Bu gün misraları zərbi-məsələ, hikmətli sözlərə çevrilən az sayda yaradıcı şəxsiyyət var ki, onlardan biri də Məmməd Arazdır".

 

Günəşin qürubda itməsiylə göy üzünü boyayan şəfəqlərini seyr edə-edə şairin ölüm xəbərini aldığım gün yazdığım bir şeirimi heç kimə, heç nəyə əhəmiyyət vermədən xüsusi avazla oxumağa başladım:

 

Ömrün boyu incitmədin heç kimi

Bu da belə bir ömürdü, yaşadın.

Dünya sənin, dünya mənim,

dünya heç kimin-

Bu da belə bir ömürdü, yaşadın.

 

Hayqırdı dalınca hər misra, sətir,

Qayıt, Məmməd Araz, bu gediş nədir?

Dalınca buludlar göz yaşı səpir,

Bu da belə bir ömürdü yaşadın.

 

Söz ilə, şeirlə dünyaya gələn,

Sən heç vaxt ölməzsən, ölümdür ölən.

Cismani ölümlə ölüm öldürən...

Bu da belə bir ömürdü, yaşadın.

 

Görüşünə gələmmədim, uzaqdın,

Burdan o dünyaya cığır uzatdın.

Özün boyda VƏTƏN DAŞI ucaltdın,

Bu da belə bir ömürdü, yaşadın...

 

Söz bağından qızıl dərdin, zər dərdin,

Sözə min bir cila vuran zərgərdin.

Vətən sənə oğul dedi, nə dərdin,

Bu da belə bir ömürdü, yaşadın...

 

 

Elxan YURDOĞLU

 

525-ci qəzet.- 2016.- 18 oktyabr.- S.6.