İlyas Əfəndiyevin romanlarında
elat-tərəkəmə həyatının təsviri
Xalq
yazıçısının "Geriyə baxma, qoca" və
"Üçatılan" romanları əsasında
Azərbaycan
ədəbiyyatında özünəməxsus yeri olan
İlyas Əfəndiyev zəngin və çoxşaxəli
bir yaradıcılıq yolu keçib.
Bədii
nəsrin müxtəlif janrlarında qələmə
aldığı çoxsaylı əsərləri hələ
sağlığında yazıçıya böyük
şöhrət gətirib.
İlk
hekayələrindən tutmuş iri həcmli əsərlərinəcən
İlyas Əfəndiyev yaradıcılığında yeni
ictimai quruluşun tərənnümü, ölkədə
baş verən ictimai-siyasi proseslər və böyük dəyişikliklər,
insanın cəmiyyətdəki yeri və
yaşadığı mənəvi-psixoloji ovqat əsas xətt
təşkil edib. Yazıçının insan həyatının
fərqli cəhətlərinə işıq salan pyesləri
uzun illər Azərbaycan teatr səhnəsində
aparıcı mövqeyə malik olmuş, bütöv bir
aktyor nəslinin yetişməsində danılmaz rol oynayib.
Yazıçının bədii
yaradıcılığında roman janrı xüsusi yer tutur
və o, ədəbiyyatımızda həm də ustad bir
romançı kimi tanınır.
İlyas
Əfəndiyevin əsərlərinin belə canlı və həyati
alınmasının başlıca səbəbi
yazıçının xalqın həyatına, tarixinə,
milli adət-ənənəsinə, dilinə dərindən bələd
olması, janrından və həcmindən asılı
olmayaraq qələmə aldığı hər bir əsər
üzərində dönə-dönə işləməsi,
ürəyinin bütün odunu bədii
yaradıcılığa verməsiylə bağlıdır.
Yazıçının əsərlərindəki
lirik-romantik dil, həyat hadisələrinin real təsviri, ədəbi
qəhrəmanların birbaşa həyatdan alınması və
bu cəhətlərin obrazların bitkinliyi ilə
çulğalaşması zəngin bir ədəbi mənzərə
yaradır. Onun hər bir əsəri xalqımızın
tarixin müxtəlif dönəmlərində
yaşadığı həyatın ziddiyyətli məqamlarına,
keçirdiyi mənəvi-psixoloji aləmə, gələcək
arzu-istəklərinə güzgü tutur.
Əsərlərindəki
mövzu rəngarəngliyi, aydın ideya, bitkin obrazlar və
xarakterlər fərqliliyi yazıçının sənət
kredosunu təşkil edir. Bədii
yaradıcılığında Azərbaycan xalqının
tarixi keçmişinə dönə-dönə müraciət
edən İlyas Əfəndiyevin romanlarında tərəkəmə-elat
həyatının təsviri xüsusi bir yer tutur. Bu da təbii
bir anlamla bağlıdır. Çünki vaxtilə
iqtisadiyyatının əsasını aqrar təsərrüfat
təşkil edən Azərbaycanın isti və Aran iqlimində
yaşayan əksər rayonlarının sakinlərinin
başlıca məşğuliyyəti heyvandarlıq
olduğundan, əhalinin öz mal-qarasını yazda
yaylağa çıxarıb, payızda qışlağa
dönməsi uzun illər boyu dəyişməz bir həyat tərzinə
çevrilib. Özü də belə bir mühitdə
böyüyən yazıçı sonralar uşaqlıqda
görüb şahidi olduğu, yaddaşına həkk
olunmuş, böyüklərdən eşitdiyi hadisələri,
əhvalatları qələmə alaraq olduqca poetik bir dillə
bədii sözün yaddaşına köçürməklə
qiymətli sənət nümunələri yaradıb. Yeri gəlmişkən,
dünya ədəbiyyatının çox böyük
korifeyləri də uşaqlıq xatirələri ilə
bağlı ədəbiyyatın qızıl fonduna
düşən nəhəng sənət əsərləri
yaratmışlar və tarixən bu xətt ədəbiyyatda
bir ənənə şəklində davam edib. Bu baxımdan
İlyas Əfəndiyevin bir növ uşaqlıq
dünyasının xatirələri kimi ərsəyə gəlmiş
"Geriyə baxma, qoca" və
"Üçatılan" romanlarında tərəkəmə-elat
həyatı olduqca qabarıq, ətraflı və real boyalarla
əks olunub.
"İlyas
Əfəndiyevin ən "avtobioqrafik əsəri"
hansıdır? - Adətən, bu suala cavab olaraq "Geriyə
baxma, qoca!" əsərinin adını çəkirlər.
Yox, onun bioqrafiyasından da çox şəxsiyyətinə,
xarakterinə, taleyinə açılan pəncərəyə
bənzəyən surətləri İlyas Əfəndiyevin
bütün əsərlərində axtarmaq lazımdır.
...
Obrazın özü kimi əsərin adı - "Geriyə
baxma, qoca" sözləri də şərti səciyyə
daşıyır. Axı İlyas Əfəndiyev həmişə
irəlini görmək üçün geriyə
baxmağın tərəfdarı olub, gələcəklə
keçmiş arasında bir körpünün üzərində
dayanaraq, həyata və insanlara buradan boylanıb baxıb;
geriyə, kökə, əcdada boylanmayanda isə nə şəxsiyyət,
nə də xalq irəlini görə bilməz - onun
bütünlükdə bədii
yaradıcılığının məntiqi ilə ifadə
olunan qanunauyğunluq bir də bu həqiqətdən ibarət
olub. Bu əsərin özündə də İlyas Əfəndiyev
həmin həqiqətə sadiq qalır və geriyə
baxa-baxa irəliyə hərəkət edir".
"Geriyə
baxma, qoca" romanı "Möhnət qocanın
nağıllarıyla başlayıb, balaca Muradın söylədikləri
ilə davam edir. Əsər elə ilk cümləsindən
oxucunu tərəkəmə-elat həyatına çəkib
aparır: "Uca dağlı, bağlı-bağatlı,
aranlı-yaylaqlı Qarabağda "Kürdoba" deyilən
bir tərəkəmə obası var idi. Adamları təmiz
azərbaycanlı olan bu tərəkəmə obasına niyə
"Kürdoba" deyirdilər, məlum deyildi.
Kürdobalılar
"Qarabağ cinsi" adlanan quyruqlu qoyunlar, hər biri iyirmi
pud yük götürən nərlər saxlayardılar, ceyran
ayaqlı Qarabağ atları minərdilər.
Qışda
qışlaqda olardılar, yazda hər tərəfi
qıpqırmızı lalə olan, min cür çiçək
dolu otu dizə çıxan, göz işlədikcə
uzanıb gedən Haramılara köçərdilər.
Qoyunlar südlü-sünbüllü otlardan yeyib
doğardılar, arvadlar pendir tutardılar, nehrə
çalxardılar, bulama suluq bişirərdilər. Yay
yaxınlaşanda, Haramıların otları saralanda fərməşlər
qovlanıb dəvələrə yüklənərdi, atlar yəhərlənərdi
və el yaylağa köçərdi. On gün-on gecə
köç yol gedərdi. "Gəyən" deyilən
düzdə igidlər cıdıra çıxardılar.
Bütün atları ötüb-keçən at mahalda ad
çıxarardı, sorağı ellərə
yayılardı".
Əsərdə
əsasən Arazboyu tərəkəmə-elat
camaatının həyatı, məişəti,
yaşadığı gündəlik qayğılar, mənəvi-psixoloji
ovqat təsvir olunsa da, romanda bu hadisələr fonunda XX əsrin
əvvəllərində Azərbaycanda baş verən
ictimai-siyasi hadisələrə əhatəli şəkildə
yer verilib.
Burada oxucu üç müxtəlif
fərqli siyasi sistemin - çarizm müstəmləkəsi,
Xalq Cümhuriyyəti dövrü və bolşevik hakimiyyəti
illərində Arazboyu camaatının, bunun timsalında da Azərbaycan
xalqının o dönəmlərdə
yaşadığı gündəlik həyat
qayğılarının, çəkdiyi
ağrı-acıların, məhrumiyyətlərin şahidi
olur.
Çarizm
zamanından danışarkən yazıçı
feodal-patriarxal adət-ənənələrinin uzun müddət
oturuşduğu Azərbaycan cəmiyyətinin Kürdoba
timsalında mini bir modelini təqdim edir. Elə bir cəmiyyət
modeli ki, bu cəmiyyətdə dövlət-hakimiyyət
qanunlarından da güclü, ondan da təsirli, sözü
keçərli bir toplum adəti formalaşıb və bu dairədən
kənara çıxmağı kimsə ağlına gətirmir,
çünki hər kim buna cəhd edirsə cəmiyyətdən
çıxdaş edilib onun cəzasını da elə toplum
özü verir.
"Hər
obada böyük ağ keçədən qurulmuş bir
ağ alaçıq, onun yan-yörəsində də qara
keçəli komalar olardı. Ağ alaçıqda
obanın sayılan varlı adamı, qara keçəli alaçıqlarda
kasıblar yaşayardı, varlı gərək kasıbdan
seçiləydi, obaya gələn yad atlı gərək biləydi
ki, "bax, bu ağ alaçıq Hacı filankəsindir".
Hacı filankəs də bütün obanın
başçısı, ağsaqqalı olardı. Obanın bir
adamına ayrı bir obadan sataşan olsaydı, demək o, oba
başçısına sataşmış olurdu. Beləydi tərəkəmələrin
qanunu...".
Oxucu
romanda tərəkəmə-elat həyatını bir
çox spektrlərdən müşahidə edir. Burada
başlıca olaraq dəyişməz tərəkəmə-elat
qanunları hökm sürür. Oba insanı gündəlik məişət
qayğılarıyla yaşayır. Onun
dolanışığı da, həyat tərzi də olduqca
sadədir. O, ailə və
toplum qarşısında müəyyən məsuliyyət
daşıyır, ayrı-ayrı oba insanı ilə gündəlik
qarşılıqlı münasibətdə olur, sabahkı
günün tədarükünü düşünür.
Romanda
diqqət müstəvisindəki əsas surətlərdən
olan Kərbəlayı İbixan əsər boyu digər hadisələrin
inkişafına da təsir göstərən və daim
xatırlanan aparıcı obrazlardan biridir. Kərbəlayı
İbixan obada sayılan, sözü keçən,
ağıllı, çörəkli, qonaq-qaralı, qapıya
gələni boş yola salmayan, köməksizə dayaq duran səxalı
bir kişidir. Elə mahal murovu da onun ad-sanını eşidib
Kərbəlayı İbixanı Arazboyu tərəkəmələrinə
vəkil təyin edir.
"Yazıçının
əvvəlki qəhrəmanları əgər daha çox əxlaqi
keyfiyyətlərin təmsilçisi, ehtiraslı təbliğatçısı
kimi çıxış edirdilərsə, onun son əsərlərindəki
obrazlar həmin xüsusiyyəti qorumaqla yanaşı, ən
yaxşı milli sifətləri də özlərində
ehtiva etməyə çalışırdılar".
Romanda
tərəkəmə kişiləri nə qədər
qorxmaz, düşmən qabağında əyilməz,
vurub-tutandırlarsa, qadınları da bir o qədər ailəcanlı,
ağıllı, tədbirli, iş biləndirlər. Onlar təkcə
kişinin qulluğunda duran, uşaq doğub böyüdən,
evin-eşiyin yükünü çəkən,
mal-heyvanın mənsilini
yığıb-yığışdıran
başıaşağı müsəlman qadını kimi təsvir
olunmurlar. Tərəkəmə qadınları da kişilər
kimi at minir, silah işlədir, yeri gələndə
düşməndən qisas alır, cəmiyyətdə
baş verən hadisələrdən ağıllı nəticələr
çıxarır, sabahın tədbirini bu gündən
tökürlər.
"Səkinə
gördü ki, xanların, bəylərin uşaqları
böyük-böyük məktəblərdə oxuyub rusun,
firəngin dilini bilirlər, paqon taxıb böyük "nəçərnik"
olurlar. Öz-özünə dedi: "Kərbəlayı
İbixan bəy olmasa da, bəylərdən əskik kişi
deyildi ki, niyə onun nəvəsi də oxuyub nəçərnik
olmasın?".
Səkinə
bunu fikirləşib, oğlu Bayramı bir dəvə
yükü sovqatla apardı, Şuşa qalasına. Qarabağ
xanzadələrindən olan Nəcəf ağa, Kərbəlayı
İbixanı yaxşı tanıyırdı. Araz
qırağındakı rəiyyətlərinə baş
çəkməyə çıxanda həmişə Kərbəlayı
İbixanın alaçığına düşərdi. Onun
üçün ceyranlar, turaclar vurulardı, erkəklər kəsilərdi.
Səkinə
dedi:
“Kərbəlayı
İbixanın nəvəsini sənə tapşırıram,
ağa! Özün bilirsən ki, biz haqq-say itirən
döyülük, iltimasımız budur ki, onu böyük rus
məktəbinə qoyasan, oxusun, zamana adam olsun".
Əsər
əsasən Qarabağın iki obasının
insanlarının kəsişən taleləri və
sonrakı zamanlarda üzləşdikləri hadisələr
üzərində qurulub. "Kürdobalılar"ın tale
yolları onları Qarabağın "Kirs" deyilən
meşələrində "Alyanlı" adlanan oba ilə
qohum olmağa aparıb çıxarır. Kərbəlayı
İbixanın törəmələri onun özü kimi
sayılıb-seçilən bir kişinin - Bağdad bəyin
ailəsi ilə qohum olur. Sonrakı hadisələr də bu
iki oba insanının gələcək taleləri üzərində
cərəyan edir.
(Ardı var)
İlham MƏMMƏDLİ
filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.0- 2016.- 19 oktyabr.-
S.4.