Bakı - teatrsevərlərin
görüş yeri -
I yazı
XXI yüzillik dialoq
əsri hesab edilir. Mövcud olan problemlər,
qarşıya çıxan
məsələlər əsasən
dialoq vasitəylə,
daha çox masaarxası söhbətlərlə
həllini tapmalıdı.
Doğrudan da bu gün dünyada gedən proseslərə, çağdaş zamanın
aktual mövzularına
nəzər salsaq, görərik ki az qala bütün sahələrdə
dialoq həlledicidir. Dünyanın gələcəyi növbənöv konfransların,
forumların “əlindədir”.
İstər sosial, istər
iqtisadi, istər siyasi, istərsə də mədəni həyatın bir çox problemləri bu cür forumların
mövzusuna, müzakirə
obyektinə çevrilir.
Və istər-istəməz qəbul
edilən qərarlar da, yeni nailiyyətlər
də “kollektiv” əməyin, birgə müzakirələrin nəticəsi
olur. Lakin sənətşünasların, əsl sənət bilicilərinin tez-tez şübhə altına aldığı, bir qədər skeptik yanaşdığı məqamlar
da az
deyil. Axı zaman-zaman dünyanın
ayrı-ayrı nöqtələrində
yaşayan, heç bir dəfə də görüşməyən
sənətkarlar tamam
bir-birindən xəbərsiz
olsalar da şedevrlər, yüksək
sənət nümunələri
yaradıblar. Heç böyük
müzakirələrə, çağdaş
forumlara ehtiyac da olmayıb. Elədisə onda sual yaranır: konfransların, dünyanın
dörd bir yanında eyni maraqları, oxşaq zövqləri paylaşan insanların bir araya gəlməsinin faydası, məhz böyük sənətə
xeyri varmı? Zaman göstərir ki, var! Təcrübə mübadilələri, sənət
müzakirələri, yeni
qurulan əlaqələr
sənətin xeyrinədir,
əlbəttə.
Son illər ölkəmizdə də ən müxtəlif mövzularda, fərqli problemlərə həsr edilmiş konfranslar keçirilir. Azərbaycanın get-gedə artan nüfuzu, dünya arenasında müstəqil, güclü dövlət kimi özünü təsdiqi bir çox irimiqyaslı forumlara ev sahibliyi etməsinə imkan verir. Bütün sahələrlə - istər iqtisadiyyat, istər mədəniyyət, istərsə də idmanla bağlı olan tədbirlər, görüşlər ölkəmizin şöhrətinin daha da artmasına, millətimizin zəngin tarixə, mədəniyyətə, musiqiyə, ədəbiyyata malik bir xalq kimi tanınmasına səbəb olur.
Prezident İlham Əliyevin 18 may 2009-cu ildə imzaladığı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramında müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi maddəsinin ayrıca yer tutması təsadüfi deyil. Artıq 2010-cu ildən təşkil olunan Bakı Beynəlxalq Teatr Konfransı bu illər ərzində dünya teatrşünaslarının, sənət adamlarının maraq göstərdiyi, iştirak etmək istədiyi mədəni tədbirə çevrilib.
Bugünlərdə Mədəniyyət və Turizm Nazirliyi, Bakı Beynəlxalq Teatr Konfransının təşkilat komitəsi artıq dördüncü dəfə keçiriləcək foruma hazırlaşır. 6 il öncəyə gedib bu konfransın tarixçəsinə nəzər salanda maraqlı bir mənzərə görürük. Konfransın materiallarında, tarixçəsində həm də teatrımızın son illərdə keçdiyi yolu, nə qədər inkişaf etməsini görmək olar. İlk dəfə 2010-cu ildə keçirilən bu tədbirə Rusiyadan, Gürcüstandan, Türkiyədən, İrandan, Almaniyadan, İngiltərədən, ABŞ-dan, Kanadadan, Yunanıstandan, bir sözlə dünyanın 30-a yaxın ölkəsindən 70-ə yaxın teatr mütəxəssisi qatılıb. Konfransa toplaşan rejissorlar, aktyorlar, baletmeysterlər, prodüserlər, teatr tənqidçiləri və digər sənət adamları fikir mübadilələri apararaq mövcud problemləri müzakirə ediblər. Və ən maraqlısı odur ki, altı il öncə baş tutan bu konfrans müxtəlif əlamətdar məqamları ilə bu gün də sənət adamlarının yaddaşındadı. Bəlkə də əslində bir çox sənət əlaqələrimizin, qarşılıqlı əməkdaşlıqların təməli qoyulduğu üçün I Bakı Beynəlxalq Teatr Konfransı tarixi əhəmiyyət daşıyır. “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər, alternativlər” mövzusunda keçirilən müzakirələr nəticəsiz qalmayıb əlbəttə. Nəticələr haqda danışmazdan əvvəl bu cür tədbirlərin təkcə danışıqlar yox, həm də sənətin təbliğatı baxımından faydasını vurğulamaq istərdim. Gələn qonaqların iki gün ərzində Azərbaycan teatr repertuarlarında ən yaxşı tamaşaları seyr etməsi son dərəcə əhəmiyyətlidir. Həmçinin qonaqların, dünyanın nüfuzlu teatr bilicilərinin konfrans məruzələrindən əlavə, gənclərə ustad dərsləri keçmələri də xüsusi vurğulanmalıdır.
I Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycanda ilk teatr portalının (www.teatrplus.az) təqdimatı ilə də yadda qalıb. Dünya təcrübəsi göstərir ki, teatr prosesini işıqlandıran dərgilər, o cümlədən, elektron nəşrlər sənətin inkişafına əhəmiyyətli təsir göstərir. Bu baxımdan dünya teatrının müsbət örnəklərindən faydalanaraq tərtib edilmiş “TeatrPlyus” portalı da elə o zamandan öz üzərinə müəyyən bir missiya götürdü. Gələn qonaqların da marağına səbəb olan portal altı ildir ki, teatrımızın tarixini, keçmişini əks etdirməklə yanaşı, çağdaş teatr prosesləri, tamaşalar haqda da izləyicilərinə məlumat verir. Bu məqamda ölkəmizdə keçirilən tədbirlərin, konfransların, ələlxüsus, haqqında söz açdığım Bakı Beynəlxalq Teatr Konfransının bir mühüm əhəmiyyətini də vurğulamaq istərdim. Həqiqətlərimizi, Qarabağ problemini, xalqımızın başına gətirilən müsibətləri dünyaya çatdırmaq baxımından da bu cür tədbirlər əhəmiyyətlidir. Axı yaddaşlara nüfuz etmək üçün bundan gözəl hansı vasitə ola bilər? Statistik məlumatlarla yanaşı, bütün bu bizi ağrıdan məsələlərin həm də sənət müzakirələrində, sənət dili ilə deyilməsi, yazılması son dərəcə vacibdir.
I Bakı Beynəlxalq Teatr Konfransının bağlanış mərasimində Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin də çıxışı bu mənada yaddaqalan olub. Uşaqlığından sənət mühitiylə bağlı olan Ədalət müəllim teatrı nağıla bənzədərək bizlər üçün bu “nağılın” qorxulu, ağrılı tərəflərindən də söz açmışdı: “Konfranslardakı çıxışlarda da qeyd edildiyi kimi, bizim məmləkətdə dünyada analoqu olmayan 4 qaçqın teatr var. Şuşa, İrəvan, Ağdam və Füzuli teatrları. İrəvan teatrı ilə bağlı bir məqamı nəzərinizə çatdırmaq istəyirəm.Təbii ki, bu bir teatr konfransıdır, siyasi tədbir deyil. Mən siyasətə varmadan kiçik bir faktı iştirakçıların nəzərinə çatdırmaq istəyirəm. Teatr sənətiylə məşğul olan peşəkarlar kimi hamınız bilirsiniz ki, teatr o məmləkətdə və o dildə yaranır ki, orada yerli əhali mütləq çoxluğu, bəzən 80-85, bəzən isə 90 faizini təşkil edir. Bu gün Azərbaycanda fəaliyyətini davam etdirən İrəvan Azərbaycan Dövlət Dram Teatrı 1878-ci ildə yaranıb. İrəvan indiki Ermənistanın paytaxtıdır. 1920-ci ilə qədər Azərbaycan torpağının tərkib hissəsi olan qədim İrəvan xanlığının mərkəzidir. Həmin İrəvan xanlığı qırmızı faşistlərin - SSRİ-nin 70 illik kommunizm kabusunun köməyi ilə İrəvan-Azərbaycan torpaqları Ermənistan dövlətinə çevrildikdən sonra yalnız 1924-cü ildə həmin torpaqda erməni dilində Ermənistanın bugünki Akademik Dram Teatrı yaradıldı. İndi bəsit sual qoyuram və məntiqi cavab istəyirəm: bu torpağın qədim sakinləri kimlər imiş - 1878-ci ildə orda Azərbaycan dilində, ana dilində teatr yaratmış azərbaycanlılar, yoxsa bolşeviklərin köməkliyi ilə yalnız 1924- cü ildə teatr yaradan ermənilər?” Nazir müavininin çıxışından gətirdiyim bu parça belə tədbirlərin real, hərtərəfli əhəmiyyətini göstərir. Əlbəttə, 2010-cu ildə keçirilən və əsasən elə başlanğıc kimi dəyərləndirilən bu konfransın sənətin, teatrın inkişafına, əlaqələrimizin genişlənməsinə nə qədər fayda verdiyini də demək vacibdir. Lakin bununla belə bu cür tədbirlər əsas problemimizin, Qarabağ dərdinin dünyaya çatdırılmasına da yardımçı olur.
2010-cu ildə ilk toplantıdan uğur qazanan, nüfuz əldə edən Bakı Beynəlxalq Teatr Konfransı iki il sonra 2012-ci ildə növbəti mərhələsinə yüksələcək, yeni uğurlu layihələr, işlərlə yadda qalacaqdı. Konfrans çərçivəsində keçirilən ustad dərsləri, göstərilən tamaşalar, aktyorlarla görüşlər ölkəmizin mədəni həyatında əlamətdar hadisələr kimi diqqəti cəlb edəcəkdi. Həm də artıq zamanla bu görüşlərin, tədbirlərin teatr səhnələrimizdə də nəticələri görünməyə başlayacaqdı.
PƏRVİN
525-ci qəzet.- 2016.- 19 oktyabr.- S.3