Müəllim ömrü yaşamaq - Tamara
Qasımova kimi
Tamara adı "Tamar" sözündən
götürülüb və "tamar" da bir ağac
adıdır.
Dilimizdə isə Tamara adı "Gözəl
qız" anlamında işlənir. Onun
da adı Tamara idi. Tamara Qasımova
ömrünün ahıl çağlarında da öz
gözəlliyini qoruyub saxlayanlardan idi.
İnsan həmişə nələrisə öyrənməlidir. Öyrədənin isə
bir adı var: Müəllim!
Bu böyük və şərəfli adı
daşıyanların başlıca vəzifəsi öz vətəni,
öz xalqı üçün ləyaqətli adamlar -
ixtisaslı fəhlədən tutmuş dövlət xadimlərinədək
vətəndaş hazırlamaqdır.
Tamara xanım müəllimə idi, barı-bəhrəsi,
meyvələri isə pedaqoji fəaliyyəti dövründə
yetişdirdiyi həyata vəsiqə verdiyi şagirdləri
idi.
Atası Əhmədağa Qasımov qədim Qubanın
ilk ziyalılarından olub. Qubadan gedib uzaq Qoridə
məhşur seminariyada təhsil almışdı. Hələ savadsızlığın tüğyan etdiyi
ötən əsrin 30-cu illərində qızı balaca
Tamaranın qəlbində elm-təhsil adlı bir
çırağı bəlkə də elə atası
Əhmədağa müəllim yandırmışdı.
Tamara Qasımova coğrafiya müəllimi idi. Dünyanın xəritəsi
önündə şagirdlərinə qitələri,
neçə-neçə böyük ölkələri tanıdan
müəllimə burasını da öyrədirdi ki,
dünyanın o irili-xırdalı ölkələri, dövlətləri
arasında Azərbaycan adlı bir ana Vətənimiz də var
və bu gün şagird partası arxasında oturan bu
oğlanlar, qızlar sabah o Vətənin qurucusudurlar. O
şagirdlərin sabah necə bir vətəndaş
olmaları isə məktəbdən, müəllimdən
asılıdır.
Ötən
yüzilliyin görkəmli pedaqoqlarından biri, Ukraynanın
Kremençuq vilayətindəki Pavlışa kənd məktəbinin
direktoru Vasili Suxomlinski "Yaxşı müəllim
kimdir?" sualına belə cavab verirdi ki, "yaxşı müəllim
hər şeydən əvvəl uşaqları sevən,
onlarla ünsiyyətdən sevinən, hər bir şagirdin
böyüyəndə xeyirxah insan olacağına inanan,
uşaqlarla dostluq etməyi bacaran, onların sevinc və kədərini
ürəyinə yaxın bilən ,
uşaq qəlbini duyan və bir zaman elə özünün də
uşaq olduğunu unutmayan insandır..."
Müdriklərdən
biri isə deyirdi: "Əgər müəllimin məhəbbəti
təkcə sənətinədirsə, o yaxşı müəllimdir.
Əgər müəllimdə sənətinə
və şagirdlərinə məhəbbət bir-birinə
qovuşursa o kamil müəllimdir".
Tamara
xanım həm yaxşı, həm də kamil müəllim
idi...
1922-ci ildə Quba şəhərində dünyaya gəlmişdi. Atası Əhmədağa
Qasımovun vəzifəsi ilə əlaqədar Qubada,
Naxçıvanda oxusa da, təhsilini Bakıdakı 174
saylı məktəbdə bitirmişdi və qızların hələm-hələm
cürət edib üz tutmadıqları Azərbaycan Sənaye
İnstitununa daxil olmuşdu. Lakin faşist
Almaniyasının o zaman ümumi vətənimiz SSRİ-yə
qəfil hücumu bu yeniyetmə qızın hər biri min bir
xatirəli tələbəlik illərini yarımçıq
qoymuşdu.
Qadınlarımızın,
qız-gəlinlərimizin tərifi, öygüsü ulu dədəmiz
Dədə Qorqud boylarından bu yana
nağıla-dastana sığmaz olub. Evlənmək istədiyi
qızın nişanələrini atasına soraq verən Beyrəyə
dünya görmüş qoca belə deyir: "Oğul! Sən
qız diləməzmişsən, özünə bir
yoldaş və həmtay dilərmişsən..."
20 yaşlı Tamara da cəbhəyə yola düşən
ərən igidlərimizə bir yoldaş, həmyay kimi
müharibənin qanlı- qadalı oduna-alovuna atıldı.
Əvvəlcə cəbhəyə atası Əhmədağa
Qasımov yola düşdü. Sonra da qızı
Tamara. Tamara xanımı cəbhəyə
Vətən sevgisi ilə yanaşı, həm də ata sevgisi
apardı."Gözləri yolda qoyub neçələrinin gəlmədiyi
qanlı-qadalı 1941-1945-in gedər-gəlməzindən zabit
Əhmədağa Qasımov da geri dönmədi.
1942-ci ildə radioteleqrafçı kimi cəbhəyə
yola düşən Tamara Qasımova isə qələbədən
sonra, 1945-ci ilin iyul ayının 23-də kapitan hərbi
rütbəsində ordudan tərxis olundu.
Cəbhədən qayıtdıqdan sonra Tamara xanım
bir müddət indiki Texniki Universitetin hərbi kafedrasında
laborant işlədi, 1950-ci ildə APDU-ya qəbul olaraq,
1954-cü ildə Coğrafiya fakültəsini bitirib təyinatla
indiki Şabran rayonuna müəllim göndərildi.
O zaman Dəvəçi
qəsəbə orta məktəbində sıravi bir müəllim
işləyən Tamara xanımın bilik və
savadını, pedoqoji ustalığını nəzərə
alaraq, RXMŞ-nin metodikabinə müdiri vəzifəsinə
irəli çəkdilər. 1967-ci ildə isə
onu bir vaxt sıravi müəllim işlədiyi məktəbə
tədris işləri üzrə direktor müavini təyin
etdilər.
Tamara Qasımova indi çox-çox uzaqda qalan orta məktəb
illərində mənim də müəlliməm olub. Təxminən yarım əsr
bundan qabaq o zaman rayon mərkəzi Dəvəçi şəhərində
yeganə orta məktəbdə, hazırda Şabran şəhər
Məmmədağa Nəzirov adına 4 saylı tam orta məktəb
adlanan tədris ocağında coğrafiya fənnindən mənə
də dərs deyib.
1970-ci ilin oktyabr ayında Tamara Qasımovanı Rayon Xalq
Maarif şöbəsinə müdir vəzifəsinə irəli
çəkdilər. 3 il bu məsul vəzifədə
çalışdıqdan sonra öz ərizəsi ilə
işdən azad olub yeni yaradılan şəhər 2 saylı
orta məktəbə direktor təyin edildi.
Tamara xanımın maarif şöbəsinə rəhbərlik
etdiyi müddətdə rayonun təhsil müəssisələri
daha bacarıqlı, işgüzar, cavan kadrlarla möhkəmləndirildi. Məktəblərdə
xeyli əlavə sinif otaqları, idman zalları, tədris
emalatxanaları, bufet və yeməkxanalar inşa edilib istifadəyə
verildi. Sözümüzə söykək,
o illərdə yeni yaradılıb istifadəyə verilən
2 saylı orta məktəb məhz RXMŞ müdiri kimi Tamara
xanımın şəxsən özünün nəzarəti
və o zamankı respublika rəhbərliyinin köməyi ilə
rayonda inşa edilən ən müasir maddi-texniki bazalı tədris
ocaqlarından ilki idi. Tamara xanımın səyi
ilə ümumilikdə rayonda məktəblərin maddi-texniki
bazası gücləndirildi, təlim-tərbiyənin keyfiyyəti
daha da yüksəldildi.
Artıq
yaş, həm də ağır cəbhə günləri
öz sözünü deyirdi və beş
il Şabran şəhər 2 saylı tədris ocağında
direktor kimi fəaliyyət göstərən Tamara
xanımın xahişi ilə ixtisası üzrə sıravi
müəllimliyə qayıdıb 1985-ci ildə təqaüdə
çıxdı. 1999-cu ildə,
ömrünün 77-ci ilində isə haqq dünyasına
qovuşdu.
Tamara xanım ictimaiyyətçi qadın idi, dəfələrlə
raykom üzvü seçilmiş, rayon sovetinin deputatı
olmuşdu. Əməyi də layiqincə qiymətləndirilmiş,
dəfələrlə dövlət mükafatlarına layiq
görülmüşdü.
Öz ailə səadətini də təyinatla gəldiyi
keçmiş Dəvəçi, indiki Şabranda tapan Tamara
xanım neftçi Ağamurad Ağayarovla ailə qurmuş,
bir qız, iki oğul anası olmuşdu.
"Dövlətdə dəvə, övladda nəvə",
deyiblər.
İllər Tamara xanımın saçlarına dən
saldı, yaşının üstünə yaş gəldi, həm
də o illər adının sonuna bir kəlmə də
qoşdu: Tamara nənə.
Nənə üçün hər bir nəvəsi əziz
olduğu üçün Tamara xanım Coşqunu daha
çox sevib əzizləyirdi. Bəlkə ona görə
ki, ilk dəfə Coşqun ona "nənə"
sözünü demişdi. Ancaq burası da var ki,
Coşqunun nəvə məhəbbətinə şübhə
ola bilməz, çünki nənəsi ilə
bağlı hər bir faktı, sənədi, şəkli
Coşqun əzizləyə-əzizləyə qoruyub
saxlayıb. Bu yazının da elə araya-ərsəyə
gəlməsinin səbəbkarı Coşqun oldu.
Tamara xanım nəvələrinə ömrün ötən
illərindən, xüsusən də, Qubada, Bakıda,
Naxçıvanda oxuduğu məktəb illərindən həvəslə
danışardı. APDU-da tələbəlik həyatını
isə kövrəkliklə xatırlayır, "ürəyinin
telləri sızıldaya- sızıldaya" ömrün
ötən illərinə dönə-dönə qayıdardı.
Bəlkə də bunun başlıca səbəbi
onun görkəmli sənətkarımız, unudulmaz Xalq
şairi Məmməd Arazla eyni fakültədə, bir qrupda
oxuması idi. Keçmiş tələbə
yoldaşının, böyük şairin şeirləri
Tamara xanımın dilinin əzbəri idi. Sevdiyi, dönə-dönə dinləməkdən
doymadığı mahnı isə Xalq artisti Niyaməddin
Musayevin ifasında Məməd Arazın sözlərinə
yazılmış "Dünya sənin, dünya mənim..."
idi.
Deyirlər
ki, torpaq sevdikcə çiçək olur, çiçək
sevdikcə meyvə... Qəlbi çiçək kimi zərif
və kövrək, həssas olan Tamara xanım 50 illik pedaqoji
fəaliyyəti dövründə qarşısında əyləşən
şagirdlərini qəlbən ana kimi sevib, müəllim kimi
elmi-bilik adlı bir ziya verib və o şagirdlər də
el-oba, Vətən, cəmiyyət üçün "meyvə"yə
- layiqli vətəndaşlara çevriliblər.
Yüzdürmü, mindirmi... onlar? Düşmən
gözünə bıçaq, Tamara müəllimənin
şagirdlərini saysan saya gəlməz...
Bu məqamda
tarixdən bir epizod olduqca ibrətamiz səslənir: Türkiyənin
məşhur Topqapı sarayındakı muzeydə Sultan
Süleymanın bir kaftanı saxlanılır. Bir
dəfə Sultan Süleyman müharibəyə gedəndə
arxasınca müəlllimi də gəlirmiş. Necə olursa, müəlliminin atının
ayağı çamıra batır, palçıq
sıçrayıb Süleymanın çiyninə
yapışır. Sultan Süleyman müəlliminin
halının dəyişdiyini görür. Yüzminlik, ikiyüzminlik qoşuna
"dayanın" deyir. Sonra da
çadırların qurulmasını və məclis
yığılmasını əmr edir. Hamı
yığılandan sonra Sultan əbasını
çıxardır ki, çamur yerə tökülməsin.
Və fateh hökmdar üzünü qoşununa tutub deyir ki, bəs
siz də bilin, qoy gələcək nəsillər də
bilsinlər: "Müəllimimin atının ayağından
çıxan çamurun nəinki çiynimdə,
başımın üstündə yeri var". Tamara xanım
da hər bir şagirdinin başı üstündə yeri olan
müəllimlərdən idi...
İnsan dünyaya gələn gündən ömür
dedikləri bir karvan yolundadır. Məsələ yolun
qısa və ya uzunluğunda deyil. Nə qədər
yaşayacağımız tanrı qismətidir. Lakin alnına yazılası ömür
payını necə yaşayacağı insanın
özündən asılıdır.
Müəllim ömrü isə təkcə onların
özlərinə məxsus olmur. Həmin ömür
el-oba üçün, sabahın milyonlarla vətəndaşı
üçün yaşanan bir tərcümeyi-hala çevrilir.
Tamara
xanımın ömrü kimi!..
Şabran
Aydın TAĞIYEV
525-ci qəzet.- 2016.- 20 oktyabr.- S.8.