Şəhid Aydın Abdullayevi anarkən

 

Sən vətənin yolunda fəda etdin özünü,

Çıxarmaz yaddan əsla, ellər səni unutmaz.

Şücaətin əbədi qalar səndən nümunə,

Gələn yeni fəsillər, illər səni unutmaz.

 

Keçər əyyam, keçər vaxt, gedər qanlı zamanlar,

Gülər üzlər, ürəklər, qalmaz bu ah-amanlar,

Salar hörmətlə yada səni növrəs cavanlar,

Əlvan həna yaxılmış əllər səni unutmaz.

 

Etsən də dünyanı tərk ömrün bahar çağında,

Sevginin gəzməsən də xoş ətirli bağında,

Rəngbərəng güllər bitər bu vətən torpağında,

"Əfsus!" - deyib sızıldar, güllər səni unutmaz.

 

Sən olmasan da, hər vaxt seyr etdiyin çəmənlər,

Tər lalələr, süsənlər, ətirli yasəmənlər,

Mahnı qoşar adına xoş səsli nəğməzənlər,

Şırıl-şırıl bulaqlar, göllər səni unutmaz.

 

Şəhid oğlum, rahat yat, behişt olsun məzarın,

Nur ilə dolsun hər gün qəbrində dörd kənarın,

Atan Əmirsoltandır ölüncə qəmküsarın,

Ağlar, tökər gözündən sellər, səni unutmaz.

 

Kamil SƏRBƏNDİ

 

 

525-ci qəzet.- 2016.- 20 oktyabr.- S.8.