İlyas Əfəndiyevin romanlarında
elat-tərəkəmə həyatının təsviri
XALQ YAZIÇISININ "GERİYƏ BAXMA,
QOCA" VƏ "ÜÇATILAN" ROMANLARI ƏSASINDA
(Əvvəli
ötən sayımızda)
"Alyanlı"
obasında hamıdan çox sayılan bir adam
vardı ki, onun adı Bağdad bəy idi.
Məlum deyildi ki, dünyanın qurtaracağında, bu
qalın meşələrin, bu sıldırımlı
dağların arasına "Bağdad" adı haradan gəlib
çıxmışdı. Bağdada kim bəylik
vermişdi? Ancaq onu da deyim ki, Bağdad bəylə
rəiyyətin fərqi ancaq onda idi ki, onun (yəni Bağdad bəyin)
içində su dəyirmanı olan "Damlıca"
adlı bir mülkü vardı. Bağdad bəy də
başqa kəndlilər kimi, patavalı çarıq geyib,
uzuntüklü qoyun dərisindən başına papaq
qoyardı, dəyirmanda şahıdı özü alardı,
Damlıca mülkündəki torpaqları özü
şumlardı, özü də qabağından yeməyən
igid bir adam idi, mahalda ən yaxşı at
onda olardı".
Tərəkəmə-elat camaatı əsasən primitiv
istehsal vasitələrinə əsaslanan qapalı aqrar təsərrüfatdan
əldə etdikləri məhsulları bazarda mübadilə
etməklə öz həyatlarını davam etdirirlər. Bu təsərrüfatın
özəyini isə heyvandarlıq məhsulları təşkil
edir. Oba əhli mal-qoyundan əldə etdikləri
yavanlığı - yağı, pendiri, ağartını,
yunu, dərini və sair məhsulları şəhərə,
bəzən də Şuşa qalasına
aparıb sataraq özlərinə lazım olan əyr-əskiyi
alıb gətirirlər.
Tərəkəmənin həyatı at belində
keçir. Oba kişiləri qoyun otarır, mal-heyvana qulluq edir,
alaçıq qurur, yazda köçü Haramıya, yayda
yaylağa, payızda arana daşıyır. Qaranlıq gecələrdə mal-heyvanı canavardan,
çaqqal-çuqqaldan, oğru basqınlarından qoruyur.
Bəzən gecəni dirigözlü
açır, gecə basqınları zamanı baş verən
hadisələr çox vaxt onun şikəst olmasına, hətta
həyatı bahasına başa gəlir. Lakin
heç kəs bu həyatdan bezib-usanmır, başqa cür
yaşamağın mümkünlüyünü də
ağlına gətirmir.
Tərəkəmə-elat camaatında ailə münasibətləri
də əsasən yazılmamış qanunlar əsasında
tənzimlənir. Ailə qurarkən qarşılıqlı məhəbbətə
üstünlük verilsə də, cavanlar daha çox
böyüklərin məsləhəti ilə, bir çox
hallarda da "hərə özünə bab"
ailənin qızı ilə evlənməyə
üstünlük verir. Lakin ailələr
arasında qarşılıqlı razılıq əldə
edilməyəndə isə qız qaçırmaq tərəkəmə
həyatında adi hadisələrdən biri kimi qəbul
edilir.
Romanda tərəkəmə-elat həyatının daha
bir frazasına çevrilmiş qaçaqçılıq hərəkatına
da geniş yer verilib. Əsərdə yazıçının
göstərdiyi kimi qaçaqlar iki qrupa bölünür.
Bunlardan bəziləri hakim sinfin
haqsızlığına dözməyərək onlara
üsyan edib qaçaq düşənlərdir. Onlar kasıb-kusuba sahib çıxan, xalqın
malına tamah salmayan, elin-elatın namusunu qoruyan Qaçaq Nəbi,
Qaçaq Xanmurad kimi xalq qəhrəmanlarıdır. Digər qrup qaçaqlar isə oğru-quldur, mənəviyyatca
pozulmuş, yol kəsən, çapovulçuluq edən,
ar-namus qanmayan düşkün insanlardır. Tərəkəmə camaatı Qaçaq Xanmurad
kimi mərd insanları özləri hökumətin təqiblərindən
qoruyur, onları ərzaqla, isti geyimlə, silah-sursatla təmin
edir, yeri gələndə öz evlərində ən əziz
adamları kimi qonaq da edirlər. Lakin yol kəsənlərə,
çapovulçulara da boyun əymir, yeri gələndə
onlarla axıracan döyüşürlər də.
"Geriyə baxma, qoca" maraqlı bir sonluqla bitir. Artıq yeni cəmiyyətin
əsas tələblərinin ön sırasında
oxumağın, yaxşı təhsil almağın
dayandığını hamı dərk edir. Tərəkəmə-elat həyatının öz
yerini oturaq həyata, çoban-çoluqluğun təhsilə,
elmə verməyə məhkum olduğu bir həyat qanunu kimi
səslənir. Elə əsərin qəhrəmanı
balaca Murad da təhsilini davam etdirmək arzusu ilə
alışıb-yanır. Oxucu isə qəhrəmanının
sabahkı uğurlarına ürəkdən inanır.
"... Biz ibtidai məktəbin beşinci sinfini bitirəndən
sonra Əvəzi atası apardı Bakıya ki, təhsilini
orada davam etdirsin. Mən də çox istəyirdim
ki, atam məni də Bakıya aparsın, mən də Əvəz
kimi orda oxuyum, bizim balaca şəhərdə kimin imkanı
vardısa, uşağını ibtidai məktəbi bitirəndən
sonra aparıb Bakıda oxumağa qoyurdu. Ancaq
atam məni aparmadı. Başa
düşdüm ki, məni Bakıda oxutmağa atamın
gücü çatmır. Ona görə
də çox məyus olub dinmədim. Əvəzdən
ayrılmağım da mənə yaman təsir elədi.
Biz söz verdik ki, bir-birimizə məktub yazaq.
... Mən şəhərimizdə iki dərəcəli
məktəbə daxil oldum".
İlyas Əfəndiyevin tərəkəmə-elat həyatının
geniş şəkildə təsvir edildiyi romanlarından biri
də "Üçatılan"dır.
"Üçatılan" romanını "Geriyə
baxma, qoca"nın davamı da hesab etmək
olar. Çünki "Geriyə baxma,
qoca"dakı əksər obrazlar "Üçatılan"da
da iştirak edirlər.
"Üçatılan"da hadisələr birinci
şəxsin dilindən, yazıçı təhkiyəsi ilə
davam edir. Yenə də hadisələrin cərəyan etdiyi əsas
məkan Kürdobadır. Romanın əsas
qəhrəmanı isə kürdobalı çoban
Ərşaddır. Əsərin
girişində yazıçı olduqca yığcam fikirlərlə
çoban Ərşadın bitkin obrazını təqdim edir.
"Hərdən kürdobalı qohumlarımıza qonaq
getsək də, biz uşaqlar Ərşadı görməmişdik,
çünki o həmişə qoyun sürüsünün
dalında olurdu. Anam deyirdi ki, Ərşad hər dəfə qoyun kəsib
soyanda isti-isti çiy quyruq yeyir, mən isə, lap ləzzətli
xörəkdə də bir tikə quyruq yeyə bilməzdim. Sonra anam danışırdı ki, "bəlgə
davası"nda heç kəs Ərşadın
qabağında dura bilməz. Sonra onu da
eşitmişdim ki, Ərşad yaman həməyir gecə
oğrusudur".
Əsərin "Üçatılan"
adlandırılması simvolik bir məna daşıyır. Ərşadın
atası Arazın o tayındandır. O tayda Rəhim
xanın bacısı oğlunu obada əlsiz-ayaqsız bir
kasıbın qızının namusuna sataşdığı
üçün öldürüb bu taya - Kürdobaya pənah
gətirir. Kürdobanın sayılıb-seçilən
kişilərindən olan Bayram bəyin qardaşı Eyvaz kişi onu himayəsi altına alaraq sonradan
bacısı Tavadı da ona ərə verir.
Üçatılan Ərşadın əmisi Qaçaq
Kərbəlayı Əsəddən yadigar qalmış
köhnə bir silahdı. Bu silah həmişə
haqsıza tərəf çevrilib. Əmisi
öldürüləndən illər sonrası
üçatılana sahib olmuş çoban Ərşad tərəkəmə-elat
mühitində böyümüş, bu mühitin
bütün yaşam qaydalarına bələd olan və bu ənənələri
özü üçün dəyişməz qanun sayan
qorxubilməz, sözündən dönməz,
heyvandarlığı özünə peşə
seçmiş bir cavandır. Həyatı
çöldə-bacada keçən, yağışlı-qarlı
havalarda qoyunun qırağında olan Ərşadı təbiət
özü kimi sərt yetişdirib. Ərşad hələ
uşaq yaşlarından ətrafdakılardan eşidib-öyrənib
ki, əmisi Qaçaq Kərbəlayı Əsəd
Qaçaq Nəbi, Qaçaq Süleyman kimi igidlikdə, səxavətdə
eldə-obada ad almış bir kişi olmuşdu. Kasıb-kusubun haqqını qoruyan Qaçaq Kərbəlayı
Əsəd bu üçatılanla çox
azğının, xalqa zülm edənin qanını
tökmüşdü. Bütün bu
tarixi yaxşı bilən Ərşad
üçatılanı göz bəbəyi kimi qoruyur, ən
çətin günlərində ondan mənəvi güc
alır, bu silahla neçə düşməninin
qanını tökür, üçatılan yanında olanda
heç nədən qorxub-çəkinmir.
"Üçatılan"
romanındakı hadisələr "Geriyə baxma,
qoca"dakı hadisələrdən bir qədər
sonrakı zaman kəsiyini - çarizmin devrilməsindən
sonrakı dönəmi - Azərbaycanda Xalq Cümhuriyyətinin
qurulması və az sonra onun süqutu,
bolşeviklərin hakimiyyət başına gəlməsi ilə
köhnə sistemin, eləcə də əski mülkiyyət
münasibətlərinin dağıldığı illəri əhatə
edir.
"İstər "Geriyə baxma, qoca", istərsə
də "Üçatılan" təsdiq edirdi ki,
İ.Əfəndiyev o dövrün kənd həyatını,
xüsusən tərəkəmə obalarının məişətini,
milli adət-ənənələrini, adamların
psixologiyasını yaxşı bilir".
Kürdobalılar böyük var-dövlət, mal-qoyun
sahibləri olsalar da, sadə həyat tərzi keçirirlər,
dəbdəbəli həyatdan uzaqdırlar, müasir evlər
tikmirlər, qara damlarda yaşayırlar. Varlı ailələrin
çoban-çoluqları, qulluqçuları olsa da, dövlətli
kişilər, eləcə də onların ailə-uşaqları
mal-heyvanı nökər-naibin umuduna buraxmır, var-dövləti
sahibsiz qoymur, elat-tərəkəmə həyatının
heç bir çətinliyindən özlərini kənar
tutmurlar.
Hadisələrin
əsas gedişi çoban Ərşadın neçə
vaxtdan bəri gözaltı etdiyi dayısı Eyvazın
qızı Sərvinazın Hacı Tanrıverdinin oğlu
Nuruya nişanlanmasını eşitdikdən sonra dəli kimi
çılğınlaşmasından, qızı ələ
keçirmək üçün hər cür hiyləyə,
kələyə əl atmasından, bu istiqamətdə
apardığı mübarizədən və bu müstəvidə
Kürdobada yaşanan digər hadisələrdən cərəyan
edir.
Çoban Ərşad igidliyinə,
qorxmazlığına baxmayaraq oğrudur, ancaq namərd deyil,
kasıb-kusubun malına toxunan deyil. O, öz məqsədinə
çatmaq üçün hər cür cinayətə əl
atmaqdan belə çəkinmir. Sərvinazın
nişanı üçün dayısıgilə gətirilən
erkəkləri gecəylə tövlənin
qapısını sındıraraq oğurlayıb aparıb
oğlan evinin ağlına salır. Ərşad
qorxmaz olduğu qədər də hiyləgərdi. O,
yaxşı bilir ki tərəkəmələrdə nişan gətirilən heyvanın sahibinin
qapısına qaytarılması bağışlanılmaz
düşmənçilik sayılır və bunun əvəzi
mütləq qaytarılır. Hər iki tərəfin
səbirli davranışı Ərşadın planını
pozduğundan, o, bu hərəkətini təkrar etməkdən
çəkinib, usanmır. Sirri faş
olanda isə bacısı Narıngüllə dayısına
açıq şəkildə xəbər göndərir ki, əgər
Sərvinazı ona verməsə özündən
küssün.
"- Səhərin
gözü açılan kimi gedib Eyvaz dayıma deyərsən:
Ərşad anamızın goruna and içib ki, əgər Sərvinazı
mənə verməyib, Hacı Tanrıverdinin oğluna versə,
dayımı da, Hacı Tanrıverdinin oğlunu da
öldürüb qaçaq olacağam!".
Eyvaz kişi dünyagörmüş, tədbirli və
olduqca bic adam olduğundan, Ərşadın da xasiyyətini
yaxşı bildiyindən ehtiyatlı davranaraq ikibaşlı
oyun oynamağa üstünlük verir. Üzdə
qızı Sərvinazı Hacı Tanrıverdinin oğlu
Nuruya versə də, dalda da Ərşada gözləməyi
tapşırır.
Ərşadın rəqibi Nuru tərəkəmə həyatında böyüsə də, açıq fikirli, təmiz qəlbli bir cavandır. Bakıda ali məktəbdə təhsil alan Nuru ölkədə baş verən ictimai-siyasi proseslərdən, xalqı gözləyən təhlükələrdən ağıllı nəticə çıxarmağı bacarır, atasını və yaxınlarını sabah onları gözləyəcək bəlalardan da xəbərdar edir. Lakin ətrafındakılar köhnə fikirli, savadsız və özlərindən müştəbeh olduqlarından onun dediklərini ciddiyə alan olmur.
"Ancaq Hacı dağdan ağır adam olsa da, içəridən sakit ola bilmirdi. Hacı istəyirdi ki, Kərbəlayı İbixanın nəsli kimi cins nəsillə qohum olsun. İndi əyyam başqadır. Bir də gördün Nuru Bakıdan bir "matışka" götürüb gəldi, ya da bir mərdimazarın qızından yapışıb Hacının sümüyünü it sümüyünə caladı...".
(Ardı var)
İlham MƏMMƏDLİ
filologiya üzrə fəlsəfə doktoru
525-ci
qəzet.- 2016.- 20 oktyabr.- S.6.