Bir səmtə dayanacaqsız bilet

 

 

Ömür birbaşa alınmış

Sərnişin biletidi.

Dayanacaqsız-filansız.

Yalanlı, yalansız

fərqi yoxdu...

İstidi, soyuqdu

fərqi yoxdu...

Harda mənzili başa vuracaq,

Harda duracaq,

Harda Allah

ümidinin ipini qıracaq.

bilmir, bilmir, bilmir...

İnsan ruhu boyda enerjidi,

ölmür, dirilmir...

Gedir, geri gəlmir,

Yəqin başqa bir işi var.

Bu enerjinin

Şəklini dəyişmək

vərdişi var.

Ruh Allahın nəfəsindəndi,

Yaradanın səsindəndi.

Ruhun dini

dili,

milliyyəti yoxdu.

Ölməzliyi var,

yolundan dönməzliyi var,

Amma bəd niyyəti yoxdu,

yaşı çoxdu,

yaddaşı yoxdu.

Yaddaşı olsa,

yolu yadında saxlardı..

Gözü olsa,

göz yaşı olsa

ağlardı.

Ya geri qayıdardı,

Ya da yarı yolda düşüb

qalardı.

Bileti bir tərəfədi,

olacağa qədər.

Təzə yola, təzə oda,

təzə ocağa qədər.

Ona görə gedir

Buluddan gələn yağış damlası kimi,

Uzaqda çaxan ildırım səsi kimi.

Ürəyinin içindəki

Sinəni döyən qaçmaq həvəsi kimi.

Kipriklərindən özünü atan

Məhəbbət qəmi, qüssəsi kimi...

Şam kimi yanıb

əriyib gilə-gilə gedirsən

Səpilə-səpilə, dağıla-dağıla

Getdiyini özün bilə-bilə gedirsən...

Bir dəfə özündən soruşmursan

hara belə gedirsən...

Sənə bu bileti kim satıb?

Səni kim atıb güllə kimi,

hansı hədəfə?

Sonra hara atılacaqsan,

gələn dəfə?

 

lll

 

Yerdə qoyub getdiyin

Məzarlar ayaq izindi,

Yer üzündə

yaxşı yaman

Tikilən, dağılan, yanan

Hər var sənin izindi.

Bütün səslənənlər sənin səsin,

bütün deyilənlər sənin sözün,

bütün görünənlər sənin üzündü.

Ən kiçik sənsən,

Ən böyük sənsən

Ən yüngül olan da sənsən

Ən ağır yük sənsən.

Allahın ayağına kimi

ucala bilərsən.

Yerin nüvəsinə kimi

alçala bilərsən.

Ucalıb kainatı gəzə bilərsən

Alçalıb yerin nüvəsindəki

Cəhənnəmdə qala bilərsən

Orda da yanıb, yaxılıb,

özünə bir yol açacaqsan.

Sən enerjisən

ordan da qaçacaqsan.

Hər tikilən saray,

hər qaralan daxma sənindi.

Dağıtma, yıxma

yandırma, yaxma sənindir.

Bütün gözəl yaranmışlar

Əcdadının əl işidi.

Keçmişin bu günə gəlişidi.

Bütün gözəlliklərdə

Allahdan bir zərrə var.

Allah haqdı,

Haqdan bir zərrə var,

Ona qıymayın.

Dünyanı Allahsız qoymayın.

Bu gün

vuran, yıxan,

yandıran, yaxan,

Tökdüyü qanlara,

öldürdüyü insanlara,

aldığı canlara

fərəhlə baxanlar

Siz qədim qəddar ruhlara nökərsiniz.

Korsunuz, karsınız,

ayılın, oyanın,

kainatda yer kürəsi adlı

yaşıl adadı yanan,

yox ola bilər bu ada.

Üçüncü dünya müharibəsinin

Qoxusu var havada...

Qorxusu var dünyada...

Oyanın, dayanın!

Dayanın! Dayanın!

Keçmişə, gələcəyə boylanın!

Bütün gözəlliklərdə

Allahın adı var.

Hər yaradanın

Allah adlı bir ustadı var.

O bileti sənə verən Allahdı.

Qəsdən göstərməyib

düşəcəyin yeri,

dayanacağın vaxtı.

Axı qiyamət sözü,

özü bir vaxtdı.

 

18.10.2016

Fikrət QOCA

 

 

525-ci qəzet.- 2016.- 20 oktyabr.- S.7.