Vahid Əzizin poeziya dünyasına daha bir
nəzər
Bəri başdan deyim ki, bu yazı Vahid Əzizin
haqqında qısaca təəssüratımı söylədiyim
kitab üçün xırdaca bir yazıdır.
Kitabın bədii-poetik dəyərləri, insan amilinin
rəngarənglikləri, fəlsəfəsi, şairin
satirası və digər keyfiyyətləri barədə
neçə-neçə tədqiqat əsəri yazmaq olar.
Gözəl şairimiz, həm də öz insani keyfiyyətləri
ilə nadir bir şəxsiyyət Vahid Əzizin hələlik
son şeir toplusu "Səninlə..." kitabında
özünə yer tapan 500-ə qədər şeirinin demək
olar ki, hər birini oxudum. Onun bundan əvvəlki kitabı
haqqında təəssüratım mətbuatda dərc olunduğundan burada
"daha bir nəzər" sözlərini işlətdim.
Şairin bu kitabı bundan əvvəlki çoxsaylı
şeir kitablarından daha zəngin, şeirlərinin mövzu
dairəsi daha genişdir. Burada nələr yoxdur?!
Şairin 70 illik həyatının yadda qalan
saysız-hesabsız xatirələri də, onun ildən-ilə,
gündən-günə zənginləşən
dünyagörüşü, həyata baxışı, ən
rəngarəng insanlarla münasibətləri, kitabın
baş qəhrəmanı olan Sevgisi - həm də bunun zirvəsi
olan Vətən sevgisi, yurd, torpaq sevgisi, bütövlükdə
insan sevgisi, məcnuni sevgi, valideyn sevgisi, xüsusilə
seçilən ana sevgisi, övlad sevgisi, baba-nəvə
sevgisi, dost sevgisi, müəllim sevgisi, təbiətin gözəlliklərinə,
onun dağlarına, ormanlarına, şəlalələrinə,
büllur bulaqlarına, güllərə-çiçəklərə,
durna qatarına, vətəninə daim bağlı olan balaca sərçələrə,
qartallara, bir sözlə Böyük Yaradanın xəlq etdiyi
hər şeyə poetik süzgəcdən keçib gələn
və təkcə öz münasibəti deyil, həm də
ictimai münasibətin ümumiləşmiş
görüntülərinin poetik təsvirini oxuyur, vərəvurd
edirik.
Şairin öndə dayanan Vətən sevgisi əbədi
sevgidir. Çünki bu sevgi Tanrının ona bəxş
etdiyi iki ərməğandan birincisidir, digəri isə ona
verilən poetik istedaddır. Şair hər
ikisinə bütün varlığı ilə
bağlıdır.
"Əbədi sevgidir bizim sevgimiz" deyən şair
bu sevgini Vətənə ilhaq eləyir.
"Görən
candan əziz heç nə yox imiş,
Söyləyən Vətəni niyə tərk edir?"
Şair
xırda bir çətinliyə dözə bilməyib vətənini
tərk edənləri satira atəşinə tutur,
"Sinəsi
kollarda, Vətən daşında,
nə
mülkü, nə gölü, nə adası -
olan sərçələri
belə nadürüstlərdən qat-qat üstün tutur:
"O da
mən gündəymiş ölənə qədər,
hara vətəndirsə
ora bağlıdır".
Vətəninə
bütün varlığı ilə bağlı şairin:
"Torpağına sərilərəm üzüm üstə"
sözləri bu sevginin əks-sədasıdır.
Şairin "Qürbət eldə" şeiri
ömrünü yad ölkədə keçirən bir
soydaşının vətən həsrətilə
alışıb yanan duyğularını, hisslərini elə
bədii obrazlarla nəzərə çatdırır ki,
oxucunu da istər-istəməz kövrəldir. Soydaşımızın
xanımı boğçasında o vaxtdan gətirdiyi Azərbaycan
bezi olduğunu yada salıb doluxsunur.
"Dövlət bayrağı" adlı şeirində
Vətən sevgisinin rəmzi olan bayraq poetik obrazları ilə
oxucunu riqqətə gətirir.
"Dünya
ev-eşiyim, göy üzü baca, ha baxdım sevgidən nə
var ki, uca" - beytini oxuyarkən istər-istəməz dahi
Nizaminin
"Eşqdir
mehrabı uca göylərin,
Eşqsiz ey dünya nədir dəyərin?"
beyti
yada düşür:
"Mən
anamın qucağında sevilməyi öyrəndim,
mən
anamın qucağında yaşamağı öyrəndim"-
deyən
şair ana məhəbbətinin hər şeyə qadir olan
ecazkar bir qüvvə olduğunu yada salır.
Sevgisindən ayrı düşən şairin "Sən
hardasan" deyib ah-nalə çəkməsi də onun məhəbbətinin
ülviyyətindən xəbər verir. Şairin bu
ayrılığı ifa edən obrazları
orijinallığı ilə oxucunu valeh etməyə bilməz.
"Əllərində
saçlarının qoxusuyla,
Ürəyində
gileyimin qorxusuyla,
Gözlərimin
ayrılıqlı yuxusuyla,
Şübhələrlə dolaşıram, sən
hardasan?"
Şairin ana-ata, övlad sevgisi də bu bəşəri
məhəbbətin orijinallığı ilə seçilir. "Anamla
yuxuda söhbət" şeiri anasını itirən,
xüsusilə vaxtsız itirən hər kəsi kövrəldir,
ana məhəbbətinin ülviyyətini duyur, ana nəvazişlərinin
hərcür dava-dərmandan üstün olduğunu, tez-tez
yuxuda gördüyü atasının ağır zəhmini
yad edir. Yəqin Vahid Əzizi də cəmiyyətimizin
bütöv şəxsiyyəti kimi yetişdirən bu nəvazişlərin
və bu zəhmin bəhrəsidir.
Yeri gəlmişkən, insanın tərbiyəsində,
formalaşmasında bu iki keyfiyyət qədər böyük
rol oynayan heç şey yoxdur. Ümumiyyətlə,
insana insan olaraq hörmət və həm də tələbkarlıq
tərbiyədə elə bir əvəzsiz prinsipdir ki, bundan məhrum
olan valideynlər də, pedaqoqlar da uşağın tərbiyəsində
böyük faciələrə səbəb olan nəticələrlə
üzləşir. Əgər valideynin
övladına olan məhəbbəti tələbkarlığı
üstələyirsə bunun sonu böyük bədbəxtliklərlə
qurtarır. Mən (elə hər kəs) həyatda
onlarca adama təsadüf etmişəm ki, övladını hədsiz
ərköyünlüklə böyütdüyündən
bu, birinci növbədə elə valideynin faciəsinə
çevrilib. Bunu mən çox yaxın
dostlarımın da timsalında görüb dönə-dönə
onların nəzərinə çatdırsam da övlad
qarşısında acizləşib sonda da elə
uğursuzluğa düçar olub ki, həm özü, həm
də övladları böyük müsibətlə üzləşiblər.
Böyük rus pedaqoqu Anton Semyonoviç Makarenkonun rəhbərlik
etdiyi uşaq koloniyasında 3600 nəfər SSRİ-nin hər
yerindən toplanıb gətirilən, bəzən
çoxsaylı ağır cinayətlər törətmiş
uşaqlar tərbiyə alırdı. Bunların
içərisindən yüzlərlə görkəmli şəxsiyyət,
elm, dövlət, ictimai xadimlər
çıxmışdır. Makarenko
böyük uğurlarının əsas səbəbi nə
olub sualına cavab verərkən "hörmət və tələbkarlıq"
sözlərini işlədir. Vahid Əziz
də məhz bunu yada salır, "Ana nəvazişi və
ata zəhmi" elə budur.
Şairin
övlad məhəbbətinə verdiyi təsvir çox
maraqla səslənir:
"Mənimlə
hesabı zamanında çək,
Ağır yük eləmə övladlarıma".
Bu sözlər övladının hər əzabını
çiyinlərinə götürməyə hazır olan
ata-ana məhəbbətinin parlaq ifadəsidir.
Vahid Əziz də bu məhəbbətin gen-bol
daşıyıcısı olmaqla atasının zəhmini də
yaddan çıxara bilməyib və onun cəmiyyətimizin
bütöv şəxsiyyəti kimi yetişməsinin də səbəbi
elə bundadır.
Vahid Əziz insan amilinin çox rəngarəng keyfiyyətlərini
poetik obraza çevirir, oxucunu düşünməyə məcbur
edir.
İnsan şəxsiyyətinə kölgə salan naqis
keyfiyyətlərə dair Ulu Peyğəmbərimizin bir hədisini
yada salmaq yerinə düşər. Ondan soruşurlar ki, ya Allahın Rəsulu,
dünyada zəhərdən acı bir şey varmı?
Peyğəmbər cavab verir ki, "yalan" zəhərdən
acıdır.Vahid Əziz deyir: "Yalan evlər yıxar,
qaç qabağından".
Yaxud "təkəbbürlük" adlanan digər bir
eybəcər sifət də Vahid Əziz
yaradıcılığında özünə yer
tapmışdır. O, daşa dəymiş sevgisinin səbəbini də təkəbbürdə
görüb deyir:
"Təkəbbür məhv etdi hər ikimizi".
İnsanı çuğlayan başqa bir keyfiyyət də
"gərəksizlikdir". Ümumiyyətlə
"gərəksizlik" qədər insanı insanlıqdan
uzaqlaşdıran bir keyfiyyət yoxdur. Əgər
sən ailə üçün, övladlar, nəvə-nəticələr
üçün, dost-tanış üçün və
bütünlükdə cəmiyyət üçün gərəksiz
bir məzluqa çevrilmisənsə artıq yaşamağa dəyməz.
Şair də elə bunu deyir:
"Vahid
Əziz, əgər görsən bir zaman,
El
içində sözün keçmir dayanma"
və
yaxud:
"Gərək
olmayanda özüm-özümə,
Demək heç kəsə gərək deyiləm".
"Təklik" adlanan anlayış da elə gərəksizliyə
sinonimdir. Təklikdən
danışarkən böyük mütəfəkkir
şairimiz Bəxtiyar Vahabzadə yada düşür:
Yarpağı
tez solar tək ağacın da,
Daldası olmasa niyə solmasın?
Meşələr
sultanı, ormanlar şahı
Aslanın özü də yalqız olmasın.
Vahid
Əziz də təkliyi dəhşətlə
xatırlayır:
"Yatsan
Vahid Əziz qapı bağlama,
Təklikdə qəfildən ölsən bilinməz”.
Başqa bir insan nisgili - "təəssüf" də
onun yaradıcılığında özünə geniş
yer tapıb.
O, keçirdiyi hər mənasız günü, saatı təəssüflə
yada salıb oxucunu mənasız macəralardan
uzaqlaşmağa sövq edir. Sevgisi yolunda
gördüyü qədirbilməzliyə də, ona olan
yalvarışlara da, bu yolda ağartdığı
saçlara da, məhv edib dərdiyi güllərə də,
arxasınca yalvardığı əllərə də,
başına tökdüyü küllərə də heyfslənir.
İnsan
varlığını çuğlayan, çuğlayıb
da sarsıdan bir duyğu da "həsrət"dir. O, bu
duyğunu elə obrazlı tapıntılarla ifadə edir ki,
oxucunu öz ağuşuna alıb
düşündürür:
"Bir
çinar mən qədər dursaydı burda,
Bəlkə
də həsrətdən bar gətirərdi: -
deyən
şairin bu obrazı da onun yaradıcı təxəyyülünün
zənginliyindən xəbər verir. Vahid
Əziz bədii obraz yaratmaqda çox zəngin bir şairdir.
Ümumiyyətlə obraz
yaradıcılığı şair üçün ən
vacib keyfiyyətdir. Əgər şair bu
istedaddan məhrumdursa onun şairliyi də elə bilirəm
ki, heçə bərabərdir.
Şairin
bəzi ibrətamiz obrazlarını misal çəkmək
yerinə düşər:
Gözlərimi
bir buludla bağladım;
Ağlamasam
göz yaşımdan göz yanar;
Danışmasam
dodağımda söz yanar;
Gözüm
düşüb Cənnətdəki almaya;
Çiçəkləri
öpdüyümü küləklər,
Gedib yara bildirməsə yaxşıdır.
Kitabda orijinal obrazlar saysız-hesabsızdır. Bədii obrazdan
danışarkən böyük lirik şairimiz Məmməd
Rahimin məşhur "Leninqrad göylərində"
poemasından dörd misranı xatırlayıram:
"Qartal
tərk eləsə öz yuvasını,
Qayalar saxlayar onun yasını.
Pələng
qayıtmasa doğma yerinə,
Meşələr göz tikər ləpirlərinə".
Yeri gəlmişkən Vahid Əziz
yaradıcılığında "qartal" quşların ən
vüqarlısı kimi özünə geniş yer tapır. Qartaldan
danışarkən mənim dünya şöhrətli
İlisu kəndimlə əlaqədar bir tarixi epizod yada
düşür və elə bilirəm ki, bu oxucu
üçün də maraqlı olar.
300 il müstəqil
dövlət statusu ilə ömür sürmüş
İlisu Sultanlığının son sultanı Danyal bəy
bir gün kəndin say-seçmə gənclərini yanına
çağırıb deyir ki, kim Laçın qayasından
(İlisuda qartala elə "laçın" deyirlər) bir
cüt qartal balası gətirsə, ona ilxılarımdan bir cüt
seçmə at bağışlayaram. Sucəddin
adlı bir gənc özünü irəli verib deyir ki, mən
gətirərəm. Laçın
qayası kəndin girəcəyində qartaldan başqa
heç bir quşun qona bilmədiyi, insan ayağı yaxın
düşməyən sıldırım bir qayadır. Ancaq onun yerləşdiyi dağın zirvəsində
meşə örtüyü vardır. Sucəddin
səhər tezdən uzun bir kəndir və səbət
götürüb həmin meşəyə qalxır. Bir
qartal yuvasını nişan alıb
gözləyir ki, qartal ov dalınca getsin. Qartal
yuvadan uçarkən o da ağaca bağladığı kəndirlə
sallanıb yuvada olan bir cüt qartal balasını səbətə
yerləşdirib yenə kəndirlə qalxır. Kürmük çayının yatağına enib səbətlə
gedərkən ovdan qayıdan qartal onu görüb
balalarını tanıyır və şığıyaraq
özünü Sucəddinə çırpır. Qartalın özü zərbənin gücündən
ölür, Sucəddinin özü də al-qan içərisində
sağ qalan qartal balaları ilə Danyal bəyin hüzuruna gəlir.
Həm də ölü qartalı gətirir.
Danyal bəy əhvalatı eşidib sarsılır və az sonra Sucəddinə deyir: "İgid, indi
get, istədiyin atları seç". Sucəddin isə: -
"Xeyir bəy, mən bunu atlar üçün etməmişəm,
Sizin arzunuzu yerinə yetirmək üçün etmişəm".
Vahid Əziz yaradıcılığı ədəbiyyatımızın
ayrılmaz janrı olan satira ilə də zəngindir. Onun satirik qələmi
cəmiyyətimizin bütün labirintlərini gəzib-dolaşır,
öz kəskinliyi ilə seçilir.
"Özümdən-özümə tövsiyələrim"
şeirini böyük Sabirə həsr edərək
Sabirsayağı şiddətlə cəmiyyətimizdəki
eybəcərlikləri satira atəşinə tutur. "On beş
nəsihət" şeirində yaltaqlar, qeyrətsizlər,
mütilər, saxtakarlar, əxlaqsızlar, biganələr,
qorxaqlar, araqarışdıranlar, maskalılar,
talançılar və başqa eybəcərliklər
qamçılanır.
"Şeyx Həzrətləri Allahşükür
Paşazadəyə səmimi bir giley" şeiri onun
çoxsaylı satirik şeirlərinin zirvəsidir.
Burada cəmiyyətdəki əyriliklər,
haqsızlıqlar kəskin satira atəşinə tuş gəlir
və şair bunların hamısına cavabdehin elə
özümüz olduğunu da etiraf edir.
Vahid
Əziz satiralarında BMT, ATƏT kimi beynəlxalq təşkilatların
bivec fəaliyyətinə də toxunur:
"O vaxtmı xəstəydik, bu günmü xəstə,
Çağladıq bir qotur ağacın üstə.
Başımız ATƏT-li yastığın üstə,
Yastığın altında ilanın başı" -
deyən şairə haqq qazandırmamaq olmaz. "İt, sənə yazığım gəlir", "Dağ kəndinin faciəsi", "Oğlumla məcburi bir söhbət", "Çağırış", "Etibar etdik" və onlarca başqa şeirlərində millətimizin ümumi dərdlərini yada salıb ah-nalə çəkir.
Bir məqamı yaddan çıxarmaq olmaz ki, Vahid Əzizin çoxsaylı satirik şeirlərinin hər birində onun qəlb çırpıntılarını görür və həm də bütün bunların onun xalqına, vətəninə olan böyük sevgisinin əks-sədasını duyuruq. O, vətənpərvər şairdir, böyük vətəndaşdır.
Vahid Əziz xalq ədəbiyyatının bayatı, dodaqdəyməz, yanıltmac kimi janrlarına müraciət edib çox orijinal nümunələrini yaratmışdır. Bir bayatı nümunəsi:
“Bu dünya çətin qala,
Yolları çətin qala,
Yaxşı yarı yazda gəz,
Payıza çətin qala".
Vahid Əzizin böyük xoşbəxtliyi ondadır ki, o, nəğməkar şairdir. Onlarla şeirlərinə böyük bəstəkarlar mahnı bəstələmiş və bunlar respublikanın böyük sənətkar xanəndələrinin repertuarında səslənmiş,dinləyicilərin sevimli mahnılarına çevrilmişdir.
Bu yazı sərhövlədə deyildiyi kimi Vahid Əziz yaradıcılığına ötəri bir nəzərdir, onun yaradıcılığından bəhrələnmək üçün bu kitabda toplanan şeirləri dönə-dönə oxumaq, onları vərəvurd edib nəticələr çıxarmaq oxucunu ancaq rövnəqləndirə bilər, çırpınıb üstündəki eybəcərlikləri atıb yaxşıları saxlayan hər kəs cəmiyyətimiz üçün yararlı bir insana çevrilər. Onun özü də "insanlıq"adlanan mənəvi sərvətin xüsusilə seçilən daşıyıcısıdır. Mən onu 50 ildən çox zaman kəsiyində tanıyıram və bircə adama da təsadüf etməmişəm ki, onun haqqında bir xoşagəlməz söz işlətsin. Kitabın redaktoru Əlövsət Ağalarovun çox dolğun son sözündə "onun fəaliyyəti barədə bircə kəlmə də neqativ fikir səsləndirən adam görməmişəm" sözlərini oxuyub çox sevindim ki, bu, ona verilən ümumi dəyərdir.
Sonda bunu da demək yerinə
düşər ki, Vahid Əzizin 70 illik ömür yolu son dərəcə
rəngarəng, daha doğrusu, bir-birindən mürəkkəb
zamanlarda, qaynar nöqtələrdə keçib və o bundan
elə bəhrələnib ki, hələ demək istədikləri,
yəqin, dediklərindən qat-qat çoxdur. Ona daha uzun
ömür arzulayaq ki, bunların hamısını deyə
bilsin.
Sadıq
MURTUZAYEV
Filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2016.- 20 oktyabr.- S.7.