İlyas Əfəndiyevin romanlarında
elat-tərəkəmə həyatının təsviri
XALQ YAZIÇISININ "GERİYƏ BAXMA, QOCA" VƏ "ÜÇATILAN" ROMANLARI ƏSASINDA
(Əvvəli
ötən sayımızda)
Kürdobanın, eləcə də elat-tərəkəmə
camaatının dəyişməz qanunlarından biri də
köhnə qan davası, öldürülən bir nəfərin
əvəzinə qarşı tərəfdən kimisə
öldürüb qan almaq idi.
Obada
yaxın bir adamı öldürülən adam
onun qanını qarşı tərəfdən almayana qədər
ona heç kəs hörmət eləmir, yaxşı
baxmırdı. Bəzən bu qan davaları
böyük faciələrə yol açır, bir neçə
nəsil davam edərək çox sayda günahsız
insanın faciəli ölümünə qədər gətirib
çıxarırdı.
Əsərdə tərəkəmə-elat həyatı,
onun müxtəlif məqamları canlı, lirik-poetik bir dillə
təsvir edilir. Oba adamlarının gündəlik
qayğıları, qarşılıqlı münasibətləri,
təsərrüfat və məişət həyatının
müxtəlif sahələri ilə bağlı
gördükləri işlər sadə, lakin ifadəli şəkildə
canlandırılır. Yazıçı
tərəkəmə-elat həyatının, məişətinin,
təbiətinin sözlə canlı tablosunu yaradır,
obanın yaşadığı qayğıları o qədər
real boyalarla təsvir edir ki, oxucu bir anlığa
özünü hadisələrin iştirakçısı
hesab edir.
"Bütün günü Haramı bol günəş
işığında parlayırdı, dizə qədər
qalxmış laləli, çiçəkli otların
arasında yayılmış saysız-hesabsız qoyun-quzu
sürüləri otlayırdı. Daha uzaqlarda at
ilxıları, çılpaq dəvələr
görünürdü. Alaçıqların,
komaların qabağında səhərdən-axşamacan əlvan
paltarlı qız-gəlinlər hərlənirdi. Kimi pendir tuturdu, kimi nehrə çalxayırdı,
kimi əl dəzgahında yundan şal toxuyurdu. Kişilərdən kimi çarıq tikirdi, kimi
motal üçün dəri aşılayırdı, kimi dəvənin
cihazını sazlayırdı. Eyvaz əmigilin
xalis Qarabağ cinsi olan kürən dayını yaylağa
köçənə qədər minməyə öyrətmək
lazım idi. Taxta kimi dümdüz otlaqda
Şamxal və onların obasından olan cavanlar dayı
dövrəyə alıb neçə dəfə kəmənd
atdılarsa da, bir şey çıxmadı. Üstünə tullanan cavanı havası göylə
gedən day sıçrayıb qəzəblə
çırpırdı yerə. Öz
obalarında, komalarının ağzında oturub
qatıq-çörək yeyən Ərşad da bu səhnəni
görürdü. Çörəyini
yeyib-qurtarandan sonra qalxıb ağır addımlarla
cavanların yanına gəldi və kəndiri Şamxaldan
alaraq fitdə nə isə çala-çala bir qədər
aralıda otlayan kürən daya yaxınlaşıb, ipi qəfil
atdı. Kəməndə düşən day nə qədər
dartındısa xilas ola bilmədi. O biri
cavanlar da yüyürüb kəmənddən
yapışdılar".
Tərəkəmə-elat həyatının ən
maraqlı, xüsusi ilə yadda qalan səhnələrindən
biri də arandan yaylağa uzanan köç yollarında
baş verən bir-birindən maraqlı hadisələr, əhvalatlar,
həyat səhnələridir. Yeni hökumətin gəlişiylə
Kürdobada həyat xeyli dəyişsə də, əvvəlki
əzəmət qalmasa da, obanın tərəkəmə-elat
vərdişi köhnə qayda ilə davam edir. "Üçatılanda" da yazıçı
köç yollarını xüsusi bir peşəkarlıqla,
rəngarəng səhnələrlə qələmə
alıb.
"...Mayın
on beşində el Haramıdan tərpəndi yaylağa,
Kürdobada əvvəlki qədər dəvə olmasa da, orta
hallı adamların hər evdə bir-ikisi vardı. Kasıbların dəvəsi olmadığından,
ata, eşşəyə, hətta, öküzə yüklənirdilər.
Qadınlar, əsasən, dəvələrdə
gedirdilər, yəni dəvəni yükləyib üzərinə
əlvan rəngli vərni, ya kilim çəkirdilər.
Təzə gəlinlərin də
yükünün yanlarına - dəvələrin sinəbəndinə
balaca güzgülər taxırdılar. Kişilər
yəhərli atlarda gedirdilər. Qoyunları
isə, çobanlar otara-otara aparırdılar. Ona
görə də, hər otuz-otuz beş
kilometrdə dincəlmək üçün köç
dayanırdı. Gecə Ay doğanda yüklənib,
ta səhərə gün çıxıb yağlanana qədər
yol gedirdilər. Köçü
açıb, qoyunu, inəkləri sağıb
südünü mayalayırdılar. Çörək
yeyirdilər. Atları-dəvələri
otarıb doyururdular. Özləri də yatıb dincəlirdilər"..
Bolşeviklərin hakimiyyət başına gəlmələri
Kürdobada həyatı birdən-birə yüz səksən
faiz kökündən dəyişir. Tərəkəmə-elat
camaatının illərlə qoruyub saxladıqları köhnə
adət-ənənələr çox keçmir ki, əriyib
sıradan çıxır. Dünənə
qədər Hacı Tanrıverdinin qoyun-quzularını otaran
çoban-çoluq, qapısında nökərçilik edən
kasıb-kusub indi hər yerdə sözü keçən
hökumət adamlarına, vəzifə sahiblərinə
çevrilirlər. Hacı kimi varlılar
isə kulaka salınıb, səsləri alınır.
"...
Elə o zaman da Hacının
yaxınlaşdığını hiss elədiyi tufan
guruldadı. Rayon işçilərindən bir
dəstə tökülüb obaya gəldi. Elan olundu ki,
hamının qoyunu, malı, dəvəsi,
atı, iş alətləri birləşdirilir, kollektiv təsərrüfat
qurulur.
Və cəmi bir neçə günün içində
Kürdobada böyük bir kolxoz yarandı. Keçmişdə yoxsul
adam olan partiya üzvü Alış oldu kolxoz sədri və
Hacının qapısında dördayaqlıdan bir at, bir inək
qaldı, yəni, Hacı Tanrıverdi də oldu
Üçtoqqa İman kimi lütün biri".
Əski tərəkəmə-elat adət-ənənələrinin
sıradan çıxmasında başlıca səbəblərdən
biri də yeni hökumətin əhalinin elliliklə
savadsızlığının aradan qaldırılması
istiqamətində atdığı addımlarla
bağlıdır. Buna görə də hökumətin ilk
işindən biri yeni məktəblər açmaq olur.
"O
biri tərəfdən də hökumət Kürdobada məktəb
binası tikməyə başlamışdı. Camaat üçün gecə savad kursları düzəltmişdilər.
Hətta, cavan gəlinlər də gecə
kurslarına gedirdilər. Əvvəl rayon
maarif şöbəsi istədi gecə kursunda arvadlarla
kişilər bir yerdə oxusunlar. Amma
Kürdobanın nəinki kişiləri, heç arvadları
da buna razı olmadılar. Dedilər, indi də
bu qalmışdı ki, gedək kişilərlə bir stolda
oturaq. Ona görə də, qadınlar
üçün ayrı, kişilər üçün də
ayrı kurs açıldı".
Yeni hökumətin gətirdiyi yeni qanunlar köhnə həyatı
tam dəyişməsə də, bir şeyin dəyişdiyi
tam həqiqətdir. Artıq Kürdobada həyat və insanlar
arasındakı münasibətlər də əvvəlki kimi
olmayacaq. Daha hacı tanrıverdilər,
eyvaz kişilər obanın ən hörmətli, sözü
keçən adamları sayılmayacaqlar. Daha
eyvaz kişilər üçtoqqa iman kimilərə
yuxarıdan aşağı baxa bilməyəcəklər.
Bu yeni qanunlar bir çoxları tərəfindən
qəbul olunmasa da, zəmanədən düzgün baş
çıxaran ayıq adamlar yaxşı anlayırlar ki,
artıq geriyə yol yoxdur. Ərşadla Veysəlin
arasındakı dialoqda da yeni həyatın reallıqları
çılpaq şəkildə əks olunur:
"Ərşad
dedi:
-Qoy cəhənnəm
olsunlar... Hamısı bir köpəkoğlu
idi.
Veysəl
dedi:
-Əlsiz-ayaqsızları
canavar kimi yeyirdilər! İndi də bizim hökumətimizə
tabe
olmaq istəmirlər.
Ərşad dedi:
-Dəvədən yıxılıblar, amma
höt-hötlərindən əl çəkmirlər".
Yeni dövrün gətirdiyi inqilabi ab-havanın ən
böyük üstünlüklərindən biri də təhsilin
insanların dünyagörüşündə
yaratdığı köklü dəyişikliklərlə
bağlıdır. Bu baxımdan Hacı Tanrıverdinin Bakıda ali təhsil alan oğlu Nurunun
davranışları "dünyanı yola salmış"
kürdobalıların heyrət və təəccüblərinə
səbəb olur. Rəqibi Ərşad tərəfindən
cıdır yarışında xəncərlə ağır
yaralanandan sonra Nurunun onu bağışlaması Kürdobada əsl
şok yaşadır.
"Bu dörd dünyagörmüş tərəkəmə
ömürlərində birinci dəfəydi ki, belə hala
rast gəlirdilər. İyirmi bir yaşında cavan oğlan
onu atdan salıb xar eləyərək, neçə yerindən
çapan adamı bağışlasın? Onun haqqında bu cür gülə-gülə
danışsın? Bu, dünyasında görünməmiş
bir iş idi! Özü də Hacı kimi varlı,
arxalı bir adamın oğlunda".
Əsərdə
qabardılan başlıca məqamlardan biri də tərəkəmə-elat
həyatına xarakter bir cəhətin, obada az
qala əsas peşələrdən birinə, bir növ həyat
qanununa çevrilmiş bir adətin - cavan kişilərin
oğurluq etməsinin hamı tərəfindən təbii
qarşılanmasıdır. Əksinə,
oğurluq etməyi bacarmayanlara fərsiz, qorxaq kimi
baxılmasıdır.
"Ərşad da çox həməyir, oğru
olduğundan Şahmarla dostluqları yaxşı tuturdu. Çətin
oğurluqlara həmişə bir yerdə getmişdilər.
Bir-birinin əliitiliyinə, qorxmazlığına
yaxşı bələd idilər. Şahmar da
yaxşı at minən, yan-yana düzülmüş
nişanı atın bərk qaçağında dalbadal vuran,
əliaçıq, qonaqcıl bir oğlan olduğundan
oğurluğunu lap gözüylə görən olsaydı
belə, hökumətə xəbər verməzdi. Kənar obaların dövlətlilərindən
oğurlayıb gətirdiyi qoyunları bütün oba
cahılları tökülüb yeyərdilər".
Tərəkəmə-elat
toplumunun illərlə formalaşmış dəyişməz
bir qanunu da düşmənlə ən bəd ayaqda da kişi kimi davranmaqdan keçir. Ərşad
da bu milli genin daşıyıcısı olaraq nə qədər
oğru-əyri işlə məşğul olsa da, sonda
"basdığın kəsmir". Sarıqaçaq
adıyla məşhur olan Hacı Tanrıverdinin oğlu Fərhadı
gülləsi qurtardığından əsir tutanda onu
tanıyandan sonra Fərhadı hökumətə təslim etməyin
obada yaxşı qarşılanmayacağını
düşünüb, azad buraxır. Ərşad
yaxşı bilir ki, Sarıqaçağı azad
buraxmağını hökumət ona bağışlamayacaq.
Belə də olur. Düşməni
azad buraxması onun özünün azadlığının
sonu olur. Lakin o, həbsə düşməyi
el qınağını, oba tənəsini götürməkdən
üstün tutur.
İlyas Əfəndiyev "Geriyə baxma, qoca" və
"Üçatılan" romanlarında fərqli xarakterlərə
və dünya baxışlarına məxsus zəngin bir
obrazlar qalereyası yaradıb. Bu əsərlərdəki
obrazlar fərdi xarakterləri ilə paralel olaraq həm də
ümumi tərəkəmə-elat toplumunun xarakter və
dünya görüşlərinin
daşıyıcılarıdır. Cəmiyyətdə
və ailədə tutduqlara yerə və statusa baxmayaraq bu
obrazlar bir çox məqamlarda tərəkəmə-elat adətlərindən
kənara çıxmağı ağıllarına da gətirmirlər.
İlyas Əfəndiyevin adı çəkilən əsərlərindəki
tərəkəmə-elat həyatının təsvirini təbii
ki, bir məqaləyə sığışdırmaq imkan
xaricindədir.
Yəqin ki, bu mövzu yaxın zamanlarda daha
geniş tədqiqatların obyekti olacaq.
İlham
MƏMMƏDLİ
filologiya üzrə
fəlsəfə doktoru
525-ci qəzet.- 2016.- 21 oktyabr.- S.4.