Paltarboğan kəndi - (hekayə)
... Məktəbin qocaman direktoru
Aydın müəllim
günün günorta
çağı, bir qolunda kəndir kələfi, bir əlində də kətil, biçilmiş taxıl zəmisinin başından keçən
torpaq yolla gəlib, nəhəng, bu kənddən küsmüş kimi görünən tək-tənha
palıd ağacına
çatdı.
Kətili qoyub oturdu. Kəndirin ucundan
tutub kələfi qarşısına atdı
və pencəyinin cibindən qara paltar sabununu çıxarıb sürtə-sürtə
kəndirin canına yeritdi. Elə səliqəli ilgək
düzəltdi ki, deyərdin, bəs bu işin məktəbini
oxuyub.
Boynuna salıb yoxladı: əla sürüşürdü.
Öz işindən məmnun halda ayağa qalxdı. Kəndirin o biri ucunu bağlamaq üçün
ağacın başına
bir neçə dəfə dolanıb ürəyinə yatan budağı axtardı.
Tapanda sevinsə də, nə illah elədi,
fırlayıb atdığı
ilgək budağı
aşa bilmədi.
Cırılmış topu təpikləyib tozanaq qaldıran beş-altı uşaq yaxınlıqdan keçəndə
əlində kəndirlə
tullanıb düşən
Aydın müəllimə
baxıb gülüşdülər. Müəllim
onları yanına çağırıb dedi
ki, əgər budağa çıxıb
kəndiri bağlasalar,
onlara top almaq üçün pul verəcək. Uşaqlar meymun cəldliyi ilə palıda dırmaşdılar.
Müəllim kətili yaxına gətirib üstünə
çıxdı, kəndirin
uzunluğunu boyuna görə hesabladı və budağa bağlatdı. Cibində nə qədər
pulu qalmışdısa,
hamısını uşaqlara
verib onları razı yola saldı. Uşaqlar kəklik kimi
uçuşub gedəndə
müəllim kətilə
çıxdı, ilgəyi
boğazına keçirdib
sürüşdürdü və boynunun ardında bərkitdi.
Şalvarını belinə dartıb
səliqəyə saldı,
kəmərini sıxdı,
pencəyini düymələdi,
qalstukunu sağa-sola çəkib yerində otuzdurdu. Əliylə saçını arxaya daraqladı, sonra barmağını diliylə isladıb qaşlarını tumarladı.
Bir neçə dəfə ciyərinə kəndin havasını çəkdi.
Əmin olanda ki dünyanı dəyişməyə hazırdı,
ayağının ucuyla
kətili arxaya itələdi...
Aradan xeyli vaxt keçmişdi, qonşu kəndin uşaqları məktəbdən
çıxıb evlərinə
qayıdanda müəllimi
görən kimi tanıdılar. Kimin planşeti, telefonu
var idisə, o saat çıxarıb çəkdi, sosial şəbəkələrdə özçəkimlərini paylaşdı
və sonra da bir-birinə göstərərək getdilər.
Çiynində səhəng aşağıdakı bulağa gedən yaşlı arvad kim idisə, müəllimi uzaqdan görən kimi tanımışdı. Yeyin gəlib ağacın altına çatanda dizlərinə döydü, kətili cəsədin ayağının altından çəkib oturdu, vaysına bildikcə vaysındı, ağı dedi, Aydın müəllimin bu əməlinə görə onun qarasına xeyli deyindi, ürəyini boşaltdı, sonra da durub, kətili də götürərək zəmanəyə qarğaya-qarğaya getdi.
Heyvanın örüşdən qayıdan vaxtı idi. Qoyunlar palıdın altına doluşdular. Bəziləri müəllimin ayaqlarını, hələ üstünü qat kəsməmiş ayaqqabılarını iyləməyə də fürsət tapdı. Çoban qoyunları qovub əliylə müəllimin üst-başını axtardı. Onun ayaqqabılarını çıxarıb öz qaloşları ilə dəyişdi. Sonra müəllimi corabından köynəyinə qədər soyundurdu. Paltarları pencəyin içinə yığıb qollarını bir-birinə düyünlədi, öz qaloşlarının hər tayını pencəyin bir cibinə dürtdü, pençək-boxçanı da çomağının ucuna keçirib çiyninə atdı. Qoyunları üzü kəndə tərəf arın-arxayın haylayaraq uzaqlaşdı.
Gün batana yaxın boş bidonlarla dolu bir eşşək arabası yolunu dəyişib ağacın altına girdi. İki kişi tullanıb yerə düşdü. Müəllimi tanımışdılar deyə, heyrətdən, təəccübdən bir-birinə yersiz suallar verirdilər. Tuman-köynəkdə qalmış Aydın müəllimə baxdıqca yanıb-yaxılırdılar. Birdən ağıllarına nəsə gəldi... Bidonları yerə boşaltdılar. Daşqanı cəsədin altına çəkdilər, biri onu dizlərindən qucaqlayıb qaldırdı, o biri ilgəyi cəsədin boynundan çıxardı. Əvvəl arabaya uzandırdılar, sonra sürüyüb yerə qoydular. Nisbətən cavan olan ağaca dırmaşıb kəndiri açdı. Yerdəki eşşəyin çürümüş və düyün-düyün olmuş noxtasını çıxardıb təzə kəndiri hörmələdi, artığını kəsdi, yerdəki bidonları yerinə yığıb onları bir-birinə bağladı ki, yırğalanıb danqıldamasın...
Uşaqlar təzə aldıqları topu təpikləyə-təpikləyə qayıdanda onların arxasına düşmüş küçük hər yerə burnunu uzadıb iyləyə-iyləyə gəlib cəsədi tapdı.
Uşaqlar onu nə qədər fitləsələr də, küçük müəllimdən əl çəkmədi, oturub başını onun qarnına qoydu və qara muncuq gözləriylə işıqları çıraqban kəndə baxdı...
İndi neçə vaxtdır, kənddə bir bədheybət it peyda olub, gecələr ulayır, ora-bura cumur, camaatın evindən hər gün bir meyit çıxır. Odur ki, pal-paltar kəndi basıb, evlərin qapılarından, pəncərələrindən daşıb yollara dağılır, hətta şalvar balaqları, köynək, pencək qolları adamların ayağına, boynuna ilan kimi dolaşır, toran qovuşanda yollardan təkbaşına keçmək olmur, paltarlar adamların üstünə yeriyir.
Təsadüfən, uzaqdan görənlər deyirlər ki, bu bəlanı kəndə gətirmiş o itin kəlləsinin yerində Aydın müəllimin başıdır. Kəndin sağ qalmış kişiləri əlisilahlı keşik çəkirlərsə də, iti tapa bilmirlər ki, güllələsinlər. Camaat əmindir ki, əgər o adambaşlı iti öldürsələr, qara bulud dağılanda günəşli səma necə açılırsa, paltarlar da elə qəfil qeyb olacaq və kənd aydınlığa, rahatlığa çıxacaq.
İndi mən də, əlitüfəngli kişilərlə birlikdə, o adambaşlı itin dalınca kəndi dolaşmağa gedirəm...
Ruh pıçıltısı
Bizdə axı, şeirin bir növü də var - ağılar. Bu şeirləri də bir növ ağı ayağına çıxın. Həm də gecikmiş etiraflarımdı bunlar. Yazmışam ki, yarınızın qədrini sağlığında biləsiz. Deməzdim mən onun qədrini bilməmişəm. Əstəğfürüllah, başımın tacı idi. Sadəcə bunu bir ömür boyu onun üzünə demədim. Milli mentalitetimizin elə məqamları var ki, onlardan üzülüşməliyik. İki kəlmə söz nə olan şeydir ki, onlardan əsirgəyirik: “Səni sevirəm”.
Bir dəstə şeirdi bunlar, bir nəfəsə yazılmışdı.
Apardım “Azərbaycan” jurnalına. Sağ olsun dostları, bu ilin aprel sayında
yer ayırdılar onlara. Amma ikisini verdilər,
qalanlarını saxladılar.
Dedilər o qədər ağır
yazılardı ki, oxucunu qəm dəryasına qərq edərlər. İndi həmin
silsilədən qalan
o “ağır” yazılardı
ki, oxucularla paylaşıram. Paylaşıram ki, məni üzüb
əldən salan ağır duyğulardan xilas olum. Yoxsa...
Nə isə.
Məzarı üstünə getdim başdaşındakı şəklinə xeyli baxdım, o da mənə. Sözlü adama oxşayırdı. Sonra qulağıma gələn bir səsin iziylə başımı qaldırıb əbədi göylərə baxdım. Səs oralardan gəlirdi. Onunkuydu. Bunları deyirdi.
Vüsal
Nuru
525-ci qəzet.- 2016.- 22 oktyabr.- S.23