Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər

 

 

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Mesopotamiya cəmiyyəti üç təbəqəyə: kübarlara, azad vətəndaşlara və qullara bölünürdü.

 

Şəhərlərin sakinləri və kəndlilər azad vətəndaşlar zümrəsini təşkil edirdi. Kübarlar isə yüksək vəzifəli dünyəvi məmurlar, kahinlər və hərbi xadimlər idi. Kənd əhalisi isə getdikcə daha da güclənən asılılığa düşürdü.

 

Üç yarım minillik ərzində Mesopotamiyada özünəməxsus və nisbətən vahid mədəniyyət formalaşdı. Bu ərazinin arxitekturası monumental tikililərlə - saraylarla, möhtəşəm məbədlərlə, hündür zikkuratlarla və güclü şəhər divarları ilə fərqlənirdi. Tikintidə əsasən çiy kərpicdən istifadə olunurdu. Sütunlara az rast gəlinirdi. Sonralar dua edilənlərin heykəlləri meydana gəldi. B.e.ə. I minilliyin başlanğıcında isə hökmdarların heykəlləri və relyeflər geniş yayılmışdı. Bu dövrdə divar rənglərinin əhəmiyyəti artır. Bunun üçün yandırılmış şirdən istifadə edilirdi, ilahə İştarın mədədində və II Navuhadonosorun Babildəki sarayında belə bəzəklər çoxdur.

 

B.e.ə. III minillikdə Şumerdə yazının icad edilməsindən sonra Böyük Mesopotamiya sivilizasiyalarının ədəbi yaradıcılıq nümunələri meydana gəldi və onlar bizim dövrə gəlib çatmışdır. Bunlar Allahlar haqqındakı mifoloji tarixlər və hökmdarların igidliklərini tərənnüm edən epik şeir nümunələri, məbəd himnləri, dualar və cadulardır.

 

Alkad dilində söz yaradıcılığının ən yaxşı nümunələri şumer ədəbiyyatının mövzuarından və janrlarından istifadə edir. Qəhrəmanların igidliyini təsvir edən epik əsərlərlə yanaşı, buraya miflər, əfsanələr və xronikalar, həmçinin hökmdarların şərəfinə həsr edilmiş himnlər, dualar, zəburlar və cadu daxildir.

 

Şumerlərin icad etdiyi piktoqrafık yazı bəşəriyyət tarixində ən qədim yazı hesab olunur və IV minilliyin ortası, III minilliyin başlanğıcı ilə tarixlənir. Ümumiyyətlə, Şumer öz sivilizasiyalarını yaratmaq üçün çoxşaxəli iş görmüşdü. Dəclə və Fərat üzərində kanallar tikildikdən sonra şumerlər səhranı inkişaf etmiş kənd təsərrüfatı olan çiçəklənən dünyaya çevirmişdilər.

 

Onların idarəetmə sistemini yaratması məbədlərdə və çar saraylarında yazının meydana gəlməsinə səbəb oldu. Bu dahiyanə icadı şumer məbəd məmurlarının xidməti saymaq olar, onlara ictimai işləri idarə etmək etibar olunmuşdu. Mühüm təsərrüfat işlərini qeydə almaq üçün çox tezliklə piktoqrafiya təkmilləşdirilmişdi. Yeni yazı gil lövhələrdə qamış çubuqları ilə nəqş edilmiş işarələrin formasına görə mixi yazısı kimi tanındı. Qədimdən qalmış lövhələrdə məbəd təsərrüfatı, icarə barədə müqavilələr, görülən işlərə nəzarət barədə sənədlər, daxil olan malların qeydə alınması barədə məlumatlar vardır. Bu lövhələr mixi yazısının inkişafına dair tarixi nəql edir.

 

Sonrakı mərhələlərdə şəkillərin üslublaşması baş verdi ki, bu da yazı prosesini sürətləndirdi. Sadələşdirilmə hesabına ayrı-ayrı simvollardan bir neçə dəfə istifadə etmək olurdu. Sonra onun daha da təkmilləşməsi baş verdi. Simvollardan əşyaları və ya bənzər anlayışları ifadə etmək üçün istifadə olunmağa başlandı. Beləliklə, simvolların bir neçə dəfə istifadə olunması hesabına işarələrin sayı üç dəfə azaldılaraq, 600-ə çatdırıldı. Misirdə isə müdriklik, hesablama və yazı allahı Tot yazını icad etdi və adamları hesablamağa və yazıya öyrətdi. Burada heroqliflər şəklindəki piktoqrafik yazıdan istifadə olunurdu. Əvvəllərdə hər bir heroqlif sözə və ya hətta bütöv anlayışa uyğun gəlirdi. Heroqlifləri papirusdan olan vərəqələr üzərində qamış çubuqlarla yazırdılar. İşarələr üfüqi qaydada sağdan sola yazılırdı.

 

Yüksək inkişaf etmiş mədəniyyətlər sivilizasiyalara çevrildilər. İlk inkişaf etmiş mədəniyyətlərin meydana gəlməsi ilə bəşəriyyətin tarixi başlanır. Əvvəllər mövcud olan əkinçilik mədəniyyətlərindən fərqli olaraq, ilk sivilizasiya mərkəzləri çayların sahillərində meydana gəldi. Nil üzərində Misir çarlığı, Dəclə və Fərat çayları üzərində Mesopotamiya çarlıqları, İnd çayı üzərində hind çarlıqları, Huanho üzərində Çin çarlıqları yarandı. Əlbəttə, mədəniyyətin səviyyəsi bir sıra əlamətlərlə bağlıdır. Bunun mərkəzləri kimi şəhərlərin, ticarət və hakimiyyətin meydana gəlməsi, sosial təbəqələrə bölünmüş cəmiyyətdə dövlətlərin yaranması, ixtisaslaşma əsasında əmək bölgüsü, kommunikasiya vasitəsi kimi yazının yaranması və istifadə olunması, din, mədəniyyət və dil vahidliyi əsasında adamların mənəvi birliyinin formalaşması daxildir.

 

Qədim sivilizasiyalardan biri olan Misirdə kult arxitekturasının inciləri sayılan piramidalar tikdirilmişdi. Qədim və Orta çarlıqlar dövründə misirlilər öz hökmdarlarını piramidalarda dəfn edirdilər. İlk dəfə firon Coser piramidada b.e.ə. 2600-cü ilə yaxın dəfn edilmişdi. Yeni çarlıq epoxasında (b.e.ə. 1551-1070-ci illər) artıq piramidalar tikilmirdi. Ən böyük piramida Gizada Xufu (və ya Xeopsun) piramidasıdır. Onun hündürlüyü 137 metrdir.

 

Piramida tikmək olduqca ağır iş idi, çünki əsasən primitiv əmək alətlərindən istifadə olunurdu, iri daş parçaları isə Nil çayı daşanda daş karxanasından su ilə tikinti yerinə gətirilirdi, sonra ağac tirlər üzərində dartılırdı. Beş tonluq bu bloklar torpaqdan tökülmüş platformalar vasitəsilə lazım olan yerə qoyulurdu. Daşlar o qədər məharətlə kəsilirdi ki, onların arasındakı boş məsafə 0,5 mm-dən çox olmurdu. Sarkafaq (yunanca “cəsədləri yeyən”) fironun meyiti ilə piramidaya gətirilirdi və xüsusi kanalla sərdabəyə çatdırılırdı. Piramidanı qullar deyil, daşqın və quraqlıq vaxtı tarla işlərindən azad olan kəndlilər tikirdi. Piramida tikintisində iş görmək dini mükəlləfiyyət hesab olunurdu. Xalq bunu Yer üzərində allahın təcəssümü olan fironun naminə icra edirdi, çünki o, öləndən sonra da ölkəyə himayə göstərə bilərdi. İlahiləşmiş fironun qeyri-məhdud hakimiyyəti həm ölkədə qaydanı, həm də kosmosla harmoniyanı təmin edirdi. Piramida kosmosun modeli idi və ciddi həndəsi formalara malik idi. Onun tikintisində “Qızıl kəsişmə”, “Sirli kvadrat” və “Müqəddəs üçbucaq” tətbiq olunurdu. Ölçülərdə sirli rəqəmlər, xüsusən üçlük və dördlük mükəmməlliliyi rəmzləndirilməklə, mühüm rol oynayırdılar.

 

Misirlilər o dünyadakı həyata inanırdılar. Fironun öz ölümündən sonra göy qübbəsi boyunca uçduğuna güman edirdilər. Ölən fironu mumiyalaşdırır, beynini və daxili orqanlarını çıxarırdılar. Quru hava cəsədin konservləşməsinə kömək edirdi. Misirlilərin təsəvvürünə görə, o dünyada da yer üzündə olduğu kimi, bir hissə çalışır, işləyir, digərləri isə hakimiyyətdən və var-dövlətdən istifadə edirlər.

 

Xeopsun piramidasının tikintisində, “tarixin atası” Herodotun yazdığına görə, yüz min adam bu işi aramsız olaraq görürdü, onlar yalnız üç aydan bir dəyişirdilər. Piramida tikintisi çox baha başa gəlirdi. Axı əmək alətlərindən başqa, tikintidə işləyənləri çörəklə, ərzaqla təmin etmək lazım idi. Xeops axırda belə bir binamusluq vəziyyətinə düşdü ki, pula çox ehtiyacı olduğundan, öz doğma qızını fahişəxanaya göndərdi və ona əmr etdi ki, bir qədər pul əldə etsin. Herodot bunları kahinlərin danışdıqları əhvalatlardan götürmüşdü.

 

Babil - qədim dövrün ən füsunkar şəhərlərindən biri olmaqla, II Nabuhodonosorun hakimiyyəti dövründə (B.e.ə. 605-562-ci illər) Ön Asiyanın ən qüdrətli dövlətinə çevrildi. Onun paytaxtı isə - qədim dünyanın ən böyük paytaxtlarından biri idi. “Tarixin atası” Herodotun şəhadətinə görə, Babil təkcə çox iri şəhər deyildi, həm də bütün şəhərlərin ən gözəli idi. Onun içərisində çar sarayının və məbədin müqəddəs sahəsi olan iki divar yerləşirdi. Orada 100 min adam yaşayırdı, onların içərisində başqa ölkələrdən çıxmış çox sayda adamlar var idi. Bibliyada bu, “Babil həngaməsi” kimi təsvir olunur.

 

II Nabuhodonosorun göstərişi ilə şəhər divarları nəinki böyüdülmüş və möhkəmləndirilmişdi, həm də bəzədilmişdi. İlahə İştara həsr olunmuş şəhərin şimal qapıları xüsusən öz dəbdəbəsi ilə seçilirdi, yüksək qüllələrdəki mavi emal çəkilmiş kaşılardan olan rəngli relyeflərdə fantastik heyvanlar təsvir edilirdi. Babilin çox sayda məbədləri və sarayları içərisində iki bina müasirlərini xüsusilə təəccübləndirirdi. Saraylardan birinin damında çiçək və ağacların əkildiyi geniş terraslar mövcud idi. Su qaldıran cihazların köməyi ilə bu bitkilər suvarılırdı. Bu, tarixə dünyanın Yeddi möcüzəsindən biri olan “asılı bağlar” (Semiralina bağları) kimi daxil olmuşdur. Digəri isə iri kvadrat piramida üslubunda pilləkənli, 7 mərtəbəli tikili (zikkurat) idi, onun hündürlüyü 91 metr idi. Bu tikilini Bibliyadakı Babil qülləsinin prototipi sayırlar. Babil gəmiləri Persiya körfəzindən Dəclə çayı ilə üzüb, Ərəbistan və Hindistan mallarını gətirirdilər. Karvan yolları Babili Aralıq dənizi sahilləri və Persiya ilə birləşdirirdi. Yunun, toxuculuq mallarının, taxılın, şərabın, qiymətli və əlvan metalların, inşaat materiallarının gur ticarəti gedirdi. Babil həm də maliyyə mərkəzi idi.

 

Bir əsrə yaxın bir müddətdə Persiya dövləti də özünün qüdrətinin zirvəsinə və mədəniyyətin inkişafında yüksək dərəcəyə nail oldu. Bu dövrdə baş şəhərlər olan Suzada və Persepolisdə saray binaları tikildi, onlar Persiyanın dünya ağalığını bədii formada əks etdirirdi. I Dara Suzanı paytaxt etmişdi, şəhər Assuriya çarı tərəfindən b.e.ə. 750-ci ildə məhv edildiyinə görə yenidən tikildi. Suza Perisya dövlətinin ticarət mərkəzinə çevrildi. Burada Kiçik Asiyanı, Mesopotamiyanı və Persiya körfəzini birləşdirən mühüm yollar kəsişirdi. I Daranın sarayı şəhərin şimal hissəsindəki terrasda yüksəlirdi. Qəbul Sarayının salonunu üç sütunlu zal əhatə edirdi. Tavanı saxlayan 20 metrlik sütunların üstünü öküz başı şəklindəki kapitellər taclandırırdı. Sarayın divarlarını örtən şirli kərpiclərdəki relyeflərin ən mühüm motivi Dara ilə Misirdə olmuş “ölməzlər” qvardiyasının döyüşçüləri idi.

 

Persepolisdə isə çarlar baharın başlanğıcında Persiyanın ən böyük dini bayramı olan Novruzu qeyd edirdilər. Bu vaxt icra edilən mərasimlərdə Persiya dövlətinin 30 ölkəsinin xalqları sədaqət nişanəsi kimi hökmdara qurban və fəxri hədiyyələr gətirirdilər. Şəhər funksiya cəhətdən müxtəlif olan iki hissəyə bölünürdü.

 

B.e.ə. V əsrdə Yunanıstanda, Olimpiyada Zevs məbədi ucalırdı. Olimpiya həm də idmanın beşiyi kimi məşhurdur. Tədricən Olimpiya oyunlarının proqramı və gediş müddəti artdıqca, Olimpiya oyunları ümumyunan əhəmiyyəti daşımağa başladı. Onun xüsusi rolu ondan ibarət idi ki, hər cür çəkişmələrin əksinə, yunanlara öz mədəni birliyini saxlamağa və inkişaf etdirməyə imkan verirdi, müxtəlif tayfalardan olan vahid xalqı formalaşdırmağa şərait yaradırdı. İlk Olimpiadanın b.e.ə. 776-cı ildə keçirildiyi güman edilir. Bu vaxtdan antik dövrdəki yunan tarixinin yazılması başlamışdır. Məhz onda yunanlar Olimpiadadan Olimpiadaya olan dördillik tsiklik dövrün necə keçməsinin qeydiyyatını aparırdılar. Olimpiadanın qalibi olmaq ellin üçün ən yüksək şərəf idi.

 

Akropol isə Afinanın iftixarı idi. Perslər tərəfindən b.e.ə. 480-ci ildə dağıdılmış Akropolu bərpa edən Perikl yeni bir ümumellin müqəddəs yeri yaratmaq fikrinə düşdü. Bu məbəd  toplusu ümumellin birliyi ideyasını ifadə etməli idi. Akropolun tikintisinə məşhur heykəltəraş Fidi başçılıq edirdi. Bir məbəd istisna olunmaqla, Akropolun tikintilərinin hamısı b.e.ə. 449-421-ci illərdə yüksəldilmişdi. İlahə Afinaya həsr edilən Parfenon dori orderində olan sütunlarla tikilməklə, mərmərdən ucaldılmışdı. Onun daxili salonuna girişi Fidinin yaratdığı ilahə Afinanın heykəli bəzəyirdi.

 

Assimmetrlilik Akropolda müxtəlif allahların məbədlərini yerləşdirməyə imkan verirdi.

 

(Ardı var)

 

Telman ORUCOV

 

 

525-ci qəzet.- 2016.- 22 oktyabr.- S.22.