“Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər
Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
I cild
(noyabr 1918 - aprel 1920)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi: Şirməmməd
Hüseynov
Transliterasiya
redaktorları: professor
Şamil Vəliyev, elmi işçi Samir
Xalidoğlu (Mirzəyev)
(Əvvəli
ötən şənbə sayımızda)
Təəssürat
Üç
günlük bir “müharibə”nin
şahidi olduq.
Müharibə
parlaman zalında vaqe olub sağ tərəfdən “İttihad”
və sol tərəfdən “İttifaq” fraksiyalarının
hökumətə qarşı hücumilə başlandı.
Hücum nagəhani idi.
Bu səbəbdən idi ki, bixəbər hökumət,
həngamənin əvvəllərindən özünü
“müharibə” vəziyyətinə sala bilmiyib, “dalbadal”
vurulan zərbələri rədu bədəl edə bilmiyordu.
Halbuki müxaliflərin bez “kəməndləri”
hökuməti dolaşdırdığı halda, neft “atəşləri”
də yandırıb, buğda “güllələri də”
yağış kibi yağırdı.
Sənaye və ticarət vəziri müavini - ki,
hücumların əvvəlki hədəf və nişanəsi
bu idi - müxaliflər qarşısında müqavimət edə
bilməyib ricətə məcbur oldu. Müxaliflər onu təqib
edib qova-qova daxiliyyə vəzarətinə
yaxınlaşdılar. Daxiliyyə vəziri öz vəzarətini
düşmən hücumları qarşısında
görüb, tez müdafiəyə qalxdı və
mümkün olduğu qədər cansiparanə bir surətdə
müharibəyə girişdi, lakin amansız Qarabəylinin
“İttihad” tərəfindən vurduğu şiddətli zərbələri
o qədər müəssir idi ki, müdafiəyə macal vermədi,
o idi ki, daxiliyyə vəzarəti darbadağın olub nə
qubernator qaldı, nə naçalnik, nə pristav, nə
qorodovoy… Meydani-müharibədə “gəştə”lərdən
püştələr əmələ gəldi.
Hökumətin mühüm səngərləri olan
daxiliyyə vəzarəti əldən gedəndən sonra sair
vəzarətlər dəxi müdafiəsiz qalıb bir-bir
müxalif hücumlarının qurbanı olurdular.
Əhval fəna oldu. Ümumhökumət təhlükə
içində idi. Ona görə hökumət bir
növ özünü düzəldənə qədər kənardan
bir kömək lazım idi ki, müxaliflərin
başını qatışdırıb hökumətə
fürsət versin.
O idi ki,
“Müsavat” firqəsi Məhəmməd Əmin Rəsulzadənin
təhti-komandasında olaraq böyük bir kömək
göndərdi ki, tez gedib hökumətin canını
qurtarsın, vəilla “böhran” qurğusu hamını əndişəyə
salmaqda idi.
Məhəmməd Əmin vaqedə böyük
qaçaqlıq göstərdi. Yetişən kimi
müxalifləri çevirmə üsulu ilə əhatə
edib, qaçıb qurtarmaq yollarını kəsdi. Ondan sonra müxalifləri bir-bir döyməgə
başladı. Əvvəlki zərbələr
sol “İttifaq”ın başına vuruldu. Bunların
sərkərdələri olan Ağa Əlizadə yoldaş
“Ya Əli!” çağırmağa məcbur oldu.
Lakin köməksiz müsəlmanları sosial-daşnak
hökuməti-zaliməsinin pəncəyi-qəddaranəsindən
xilas edən türklərdən narazılıq büruzə
verən bir şəxsə Əli kömək
durardımı?!
“İttifaq” basıldıqdan sonra növbət
“İttihad”ınkı idi. Bunların baş komandanları olan
Qarabəyli cənabları ehtiyatsız olaraq özünə
aid bir takım “qara xəbərləri” yada salmaqla
öz-özünü tutub Məhəmməd Əminin əlinə
verdi…
Müxaliflər
basıldıqlarını sezib və qaçmaq
yollarını bağlı görüb, Sədi əleyhirrəhmənin:
“Vəqte-zərurət
çu nəmanəd qoriz,
Dəst begiz əz səre şəmşire-tiz”*.
kəlamını yada salıb, hökumətdən əl çəkdilər
və “Müsavat”a qarşı “şəmşiri-tiz” çəkdilər.
Lakin müsavatçılar qorxmadılar. Çünki Məhəmməd Əminin
şücaətinə əmin idilər. Filhəqiqə
Məhəmməd Əmin Rəsulzadə bir nərəyi Ya Rəsulüllah
çəkib: “Əgər türkləri Qafqaza gətirdən
və Azərbaycanı türk qəhrəmanlarının əliylə
sosial-daşnaq “samosud”larından xilas edən, - siz deyən
kibi - yalnız “Müsavat” oldusa,
o halda müsavatçılar bununla ancaq fəxr edə
bilərlər” - deyib bir həmlədə məğlub və
məqhur etdi.
Bu tərəfdən dəxi hökumət fürsətdən
istifadə ilə özünü düzəldib və
müharib bir hala salıb, müxaliflərə qarşı əks
hücumlara başladı. İş böylə
olduqda “İttifaq” və “İttihad”ın əhvalı
hökumətin əvvəlki halından da bədtər oldu.
Doktor Qarabəyli çox “əlac”lar
axtardı ki, zərbələrdən hasil olan
yaralarını sağaltsın. Lakin əlacpəriz
olmadı. Bu cürə yaraları
sağaltmaq üçün “cərrah” lazım idi. Ağa Əlizadənin cəmaəti qəhqəhə
ilə güldürmələri də gülməkdən
başqa bir mənfəət vermədi.
Bilaxirə hökumət “Müsavat” köməgilə
qalib gəlib, “böhran” zail oldu və məmləkətimiz
böyük bəladan qurtuldu.
Doğrudan
bu nə iş idi?
İçimiz və çölümüz pusquda duran
gizli və aşkar düşmənlər ilə dolu
olduğu bir halda “İttihad” firqəsinin bu nazik zamanda
hökuməti yıxmaqdan məqsədi nə idi?
Hərçi
badabad - deyib xüsusi intiqam almaq, yoxsa məmləkətə
mənfəət yetirmək niyyətilə “bacarıqsız”
hökuməti düşürüb “bacarıqlı”sını
qoymaq?
Əgər
intiqam qəsdi imiş isə - vay olsun bizim halımıza ki,
müqəddəratımızı “hərçi badabad”a
qurban etmək məqsədli fikir sahiblərimiz varmış!...
Əgər
“bacarıqsız” və “bacarıqlı” söhbəti isə,
bu halda ki, istiqlaliyyətimiz hələ rəsmən tamam
degildir, hökumətin bacarığını - Fətəli
xan Xoyski demişkən Tağıyev fabrikasının bez
arşını ilə ölçmək olmaz, bəs nə
ilə ölçmək olar?
Zənnimcə,
tomsonların və milinlərin: Azərbaycanda ancaq Azərbaycan
hökuməti tanınacaqdır - məzmunlu sözlərinin
kimin səyi və çalışması və aqilanə və
müdəbbiranə politikası nəticəsi olduğu
keyfiyyətinin əhəmiyyəti-fövqəladəsi ilə
ölçmək gərəkdir.
Ola bilsin
ki, “İttihad” fraksiyasının “bezi düz ölçə
biləcək” kandidatları var. Fəqət bu kandidatlar,
bugünki siyasət və vəziyyətin nə qədər
nazik və rəqiqligini də layiqilə ölçə bilərlərmi?
Və hərgah bu gün Azərbaycan məmləkətinin
halı “ittihad”çıların sözlərinə görə
“cəhənnəm”dirsə, əcəba bu “cəhənnəm”i
döndərib də “cənnət” halına sala biləcək
adamları varmı ki, bunları düşürüb də
onları qoyaq?
Və bir də vaqedə “bez” oğurlayanlar, rüşvətxorlar
və sair cinayət sahibləri varsa və şikayət bunun
üstündə isə, o halda o cürə xainləri
hökumət əliylə tutdurub məhkəməyə vermək
lazımdır, daha hökuməti itələyib
yıxmağın mənası nədir?!
Üzeyir
“Azərbaycan”,
10 fevral 1919, ¹110
*Əgər
zərurət vəqti qalmayıbsa qaç,
Və əlinlə iti qılıncdan tut.
Azərbaycan Məclisi-Məbusanında 10-cu iclas. İkinci gün
(keçən nömrələrdən mabəd)
Məhəmməd Əmin Rəsulzadə - Hökumətə
verilmiş olan sorğu müzakirəsi öylə bir şəkil
aldı ki, adətən Məclisi-Məbusanda büdcə
müzakirəsi surətinə düşdü. Qaidədir
ümumi siyasət və nəzarətlərin fəaliyyətindən
büdcə təsdiqi müzakirəsi əsnasında böylə
ətraflı bəhs olunar. Fəqət sorğular
üçün məhdud bir dairə var: müəyyən
sorğu verilər, hökumət bəyanat verər. Parlaman qane olar və qərar çıxarar.
Madam ki, şimdi parlaman qaidəsi
pozulmuş, iş cığırdan
çıxmışdır, onda ümumsiyasət həqqində
mütaliətimi bəyan üçün bana da müsaidə
verərsiniz zənnindəyəm.
Əfəndilər! Burada hökumətdən bəhs edilərkən parlamandan əvvəlki halı da nəzərə almalıdır, sonrakını da. Məclisi-Məbusan dəvətindən əvvəlki hökumət dövründə olan halların sorğu-sualını sonrakı hökumətə istinad vermək müvafiq olmaz və ədalətə uymaz. Əgər parlamandan əvvəlki hökumətin siyasətindən xəlqə zərər dəymişsə və şimdi lazım görülüyorsa sabiq nazirləri təhti-məsuliyyətə alalım, mühakiməyə cəlb edəlim. Fəqət onların günahı üçün yeni kabinəyə etimad ya ədəmi-etimad məsələsi qaldırmaq heç də münasib şeylərdən degildir. Keçən natiqlər hökumət siyasətindən çox bəhs etdilər. Ona görə bu xüsusda bir qədər bəyanat verilməzsə zənnimcə məsələ birtərəfli təsvir edilmiş olar ki, o da mətlub degildir. Ağamalı oğlu parlamandan əvvəlki halı və o halın qeyri-təbii olduğunu türklərin buraya gəlmələrilə əlaqədar tutuyor. Zopadan və qatı tədbirlərdən şikayətlə Ağamalı oğlu türklərin buraya gəlmələrinin səbəbini Müsavatın siyasətində görüyor və diyor ki, türklər gəldilər və bu fəna bünövrəyi qoydular və şimdi haman hal davam ediyor və bir müddət edəcəkdir də. Digər tərəfdən Ağa Aşurov cənabları diyorlar ki, məmləkətimizdə düz adam yoxdur. Bu iki mətləb biri-birilə sıxı surətdə mərbut və hər ikisi yanlışdır. Zira bunların nitqlərinin ruhundan böylə anlaşılıyor ki, biz özümüzü idarə etməgə, müstəqil olmağa layiq degilmişik. Bən bütün vicdanımla buna protesto ediyorum. Bizim şimdi giriftar olduğumuz hal yalnız Azərbaycan degil, yalnız Ermənistan və Gürcüstan degil, hətta sabiq Rusiya ərazisində təşəkkül etmiş bütün dövlətlərdə degil, əskidən bəri müstəqil yaşayıb özünü idarə etməgə adət eləmiş olan böyük cahan dövlətləri belə aləmşümul müharibə nəticəsi olaraq təbii halını qeyb etmişdir.
Sənələrdən bəri kəndisini idarə etmək nə olduğunu bilmədigimiz, əsarətdə yaşayıb milliyyət hissindən məhrum olduğumuz halda hökuməti əlimizə alıyoruz. Ona görə biz özümüzü idarə etməgə layiq degiliz fikri yanlışdır.
Türklərin buraya gəlməsində bir günah təsəvvür olunuyor. Guya türklər buraya gəlib zopa işlətmişlər. Onları qeyri-yolsuzluqlar ilə də töhmətləndiriyorlar və bu işdə hər nədənsə natiq əfəndi “Müsavat” firqəsini əlaqədar tutur və buyuruyor ki, türkləri Azərbaycana “Müsavat” gətirmişdir. Qəribədir ki, digər tərəfdən də “Müsavat” türkləri istəmiyor - deyə bizi ittiham ediyorlar. Əvət, biz həm türkləri gətirdik, həm də gətirmədik. Bunların ikisi də doğrudur.
Müsavat türkləri çağırdı. Çünki burada Azərbaycan türklərinin həyatı təhlükədə idi. Bu məsələdə o zamankı Azərbaycan Şurayi-Millisi müttəfiq idi. Bu nöqteyi-nəzərdə sosialistlər bu gün peşiman olsalar da, o gün bizimlə bərabər idilər. Ağamalıyev də türkləri çağırmışdı. Fəqət onlar bundan təkul etsələr də biz etməyiz. Biz kəmali-cəsarətlə deyiriz: türkləri çağırdıq və bununla iftixar ediyoruz! (Alqışlar).
Çünki türklər gəlməsəydi Bakıda vüqu bulan mart hadisəsinin təsiri yalnız Bakıda qalmıyıb bütün Azərbaycanı istila edəcəkdi. Millət də ümumi bir qətlə məruz qalacaqdı (Mərkəzdən alqış). İştə bu ali məqsəd üçün türklər buraya dəvət olunmuşlardı. Və burada əgər bəziləri tərəfindən bir takım üsulsuz hərəkət vaqe olmuşsa, o kibi münfəridən icra olunan ədəbsizlikləri bizi xilasə qoşmaqdan başqa günahları olmayan fədakar türk ordusuna, Anadolu məhmədciklərinə təhmil etmək olamaz. Böylə bir nəməkbəhəramlığı millət irtikab eləməz. (Mərkəzdən alqış). Əcəba, türk əskərləri tərəfindən görülən bəzi şiddətləri görürkən rus inqilabçı ordusunun cəbhədən qayıdarkən bütün dəmiryol boyu ilə müsəlman füqərayi-kasibəsi üzərinə yapdıqları hədsiz-hesabsız və həqsiz samosudlarını unutduqmu əcəba (Mərkəzdən səslər: doğrudur! Soldan: öylə degildir!)...
Əfəndilər! Bununla bərabər “Müsavat” türklərin əleyhinə idi də. Bu da bir nöqteyi-nəzərdən doğrudur. “Müsavat” firqəsi birinci firqədir ki, Qafqasiyada türklük bayrağını yüksək qaldırıb türklük hissiyyatını oyatmışdır. (Mərkəzdən alqış). Fəqət bununla bərabər “Müsavat” hər zaman türklər ittihadını bir konfederasyon şəklində təsəvvür eləmişdir. Biz bilirdik ki, Şimal istibdadından yeni yaxasını qurtarmış Azərbaycan türkünün yüz sənədən bəri adət eləmiş xüsusi əhvalları vardır. Biz bilirdik ki, İstanbul doğrudan-doğruya Bakıyı idarə etmək istərsə xəlq bu idarəyə təhəmmül eləməz. Bakı İstanbula qarşı üsyan edər. Bunu biz hər zaman bilirdik. Onun üçün də Azərbaycanın kəndi başına idarə olunmasını istiyorduq.
Biz istəmiyorduq ki, Azərbaycanın da ağırlığı zavallı Anadolu türkləri boynuna atılsın və Azərbaycanda bulunacaq türk ordusu əfradından bəzilərinin yolsuzluqları Azərbaycan türkləri nəzərində Osmanlı türklərini ləkələndirsin. İştə bu nöqteyi-nəzərdən biz məsələyə idrakla baxaraq türklərin bizləri xilas üçün buraya gəlmələrinə tərəfdar olduğumuz kibi, bizim və onların nəfinə olaraq burayı qanunən idarə etməmələrinə dəxi tərəfdar idik. Buna görə dəxi bu iki məsələ ancaq söylədigim bu tərzdə doğrudur.
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2016.- 22 oktyabr.- S.21