Əmrahsız qalan dağlar
Ağsaqqal yazıçımız Əli
İldırımoğlunun yeni tamamladığı
romanını oxucularımıza təqdim edirik.
(Əvvəli
ötən şənbə sayımızda)
Sultan bəy
Andranikin xahişnaməsini alıb tanış
olduqdan sonra qaşlarını çatıb əlini
bığlarında gəzdirdi. Dərin fikrə
getdi. Çünki onun göndərdiyi məktubun hər
bir sətri arxasında Andranikin hiyləgərliyi hiss olunurdu və hər
kəlməsi Andranikin fitnəkarlığından xəbər
verirdi. Lakin Sultan bəy daxili düşüncəsini
büruzə vermədən Andranikin göndərdiyi
elçiyə üzünü tutaraq:
- Əlbəttə, Andranikin belə bir xoş niyyətə
düşməsini alqışlamaq olar. Bu, onun sülhpərvərliyindən,
xeyirxahlığından irəli gəlir. Ona
görə də Andranikin təklifinə heç bir
etirazım yoxdur. Nə vaxt Qarabağa
keçmək istəsə, Laçın yolu onun üzünə
açıqdır. Ancaq burada bir şərtim var:
Andranik onu qəbul etməlidir. Ordu
Laçından Qarabağa keçəndə bütün
silah-sursat arabalara, atlara, qatırlara yüklənsin və
qabaqda getsin. Onun arxasınca hərəkət
edən qoşun isə əliyalın olmalıdır.
Elçi Sultan bəyin dediklərini artırıb-əskiltmədən,
olduğu kimi Andranikə çatdırdı. Andranik Sultan bəyin
cavabından məmnun oldu və bəlkə də
ömründə indiki qədər sevinməmişdi. Andranikin qanadı olsaydı, Zəngəzur
dağlarının zirvəsində qanad çalardı.
Həm də Kürdüstanın adlı-sanlı bəyini
aldatmasından qürur duyurdu. Andranikin
silahdaşları onun dərin zəka sahibi olmasına,
uzaqgörənliyinə, hər kəsə müyəssər
olmayan hərbi
məharətinə heyran qalmışdılar.
Andranik fəxrlə
ordusunun qarşısında çıxış edərək:
- Biz
Laçın dağlarını aşıb
Şuşadakı, Xankəndindəki müsəlmanları
uşaqdan-böyüyə, hamısını süngüdən
keçirməliyik, - dedi. - Sonra Sultan bəylə
haqq-hesab çəkib, onun burnunu ovmaq asandır. Mənim həmyerlilərim bilməlidir ki, nəyin
bahasına olur-olsun, Qafqazda Böyük Ermənistan dövləti
yaratmaqdan ötrü başımızdan keçməliyik.
Ona görə də var qüvvəmizi sərf edib,
bütün müsəlmanların kökünü kəsməliyik...
Ordunun yüksək rütbəli komandirləri Andranikin
dediklərindən vəcdə gəlib, onu təntənə
ilə qollarının arasına alıb atıb-tutdular. Əsgərlər tüfənglərinin
süngüsünü başlarından yuxarı
qaldırıb, Ermənistanın
xilaskarı kimi gur səslə deyirdilər:
-
Yaşasın Andranik!!!
-
Yaşasın Andranik!!!
-
Yaşasın başımızın tacı!!!
-
Yaşasın erməni xalqının əfsanəvi qəhrəmanı!!!
Ancaq onların sevinci çox çəkmədi. Andranikin
qoşunu Zabux dərəsinə enəndə, Sultan bəyin əvvəlcə
hazırladığı silahlı dəstələrin
mühasirəsinə düşdü və son nəfərə
qədər hamısı məhv edildi. Andranik
ordunu qırğına verib, sağ qalmış bir neçə
zabiti ilə məyus halda geri dönəndə,
yaxınlıqdakı erməni kəndlərində
gözünə dəstə-dəstə arvad-uşaq
sataşdı. Onlar üzünü
göylərə tutub Andraniki söyür, qarğış
eləyirdi. Erməni qadınlarının vaynəv səsi
aydınca eşidilirdi:
- Balan
ölsün, Andranik!!!
- Evin
yıxılsın, Andranik!!!
-
Balalarımızı yetim qoydun, Andranik!!!
- Adın
batsın, Andranik!!!
Qəm dəryasına
qərq olan Andranik bu məşum ah-naləni eşitməmək
üçün yanındakı zabitlərin qulağına əyilib
pıçıltı ilə:
- Məni
elə bir yolla aparın ki, nə bu ah-nalələri
eşidim, nə də ki göz yaşı tökən o
qadınlarla rastlaşım.
Sultan bəyin bu şücaəti bütün Zəngəzura
yayılmışdı. Andranikin Sultan bəyin toruna düşməsi
erməni daşnaklarını bərk
sarsıtmışdı, onlar yasa batmışdılar.
lll
Sultan bəy
və Xosrov bəy qardaşlarını Qarabağda, Zəngəzur
mahalında yaxşı tanıyırdılar. Xosrov bəy Gəncədə gimnaziyanı bitirdikdən
sonra Odessa Ali Tibb Universitetinə daxil olmuşdu. Hündür boyu, gur saçları, qara
qaşları, çevik davranışı olan Xosrov bəy dərsdən
sonra Odessanın istirahət parklarının birində
sakit-sakit var-gəl eləyirdi. Birdən qadın
qışqırtısı eşitdi:
- Mənə
kömək edin!!! Mənə
kömək edin!!!
Xosrov bəy ayaq
saxlayıb geriyə baxdı. Üstündə
silah olan rus zabiti nazənin bir qızın qollarından
yapışıb, zorla hara isə çəkib aparmaq istəyirdi.
Qız isə qışqırıb yoldan
keçənləri köməyə
çağırırdı. Xosrov bəy bunu qüruruna
sığışdırmır və onlara tərəf
addımlayıb zabitin üstünə qışqıraraq:
- Hörmətli
zabit, özünüzü ləyaqətli aparın, - deyir. -
Xahiş edirəm, qızla işiniz olmasın!
Zabit
Xosrov bəyi saya salmadan:
- Qarabala
oğlan, başın bədəninə ağırlıq eləməsin.
Yolunla düz get. Biz özümüz bilərik,-
deyə cavab verir...
...Xosrov bəylə
zabitin mübahisəsi duellə nəticələnir. Zabit tapança
ilə Xosrov bəyə atəş açır və onun
gözünün birini zədələyir. Xosrov
bəy də özünəməxsus cəldliklə zabiti hədəfə
alır və sərrast güllə ilə onu yerə sərir.
...Sonradan
məlum olur ki, Xosrov bəyin müdafiə etdiyi qız Odessa
Tibb Universiteti rektorunun yeganə övladıdır.
Bu hadisədən sonra qız Xosrov bəyə vurulur. Qızın
valideynləri də buna etiraz etmir. Onlar evlənirlər...
Hələ tələbə ikən
övladları olur, adını da Murad qoyurlar. Təəssüf ki, Murad çox yaşamır,
dünyasını dəyişir.
Xosrov bəyin gözündəki çəplik duelə
çıxdığı həmin rus zabitinin
atdığı güllənin fəsadıdır.
lll
Əmrah bütün bu əhvalatları bilirdi. O, Sultan bəylə vədələşdikləri
yerdə görüşdü. Sultan bəy Əmrahın əlini sıxaraq:
-
Laçın torpağında sizi görməyimə
şadam, - dedi. - Düzünü bilmək istəyirsinizsə,
sizi mən yox, Xosrov bəy əlimyandıda axtarır. -
Qarabağın general-qubernatoru. Yəqin bilməmiş
deyilsiniz, o mənim
qardaşımdır.
- Bilirəm,
bilirəm. - Əmrah cavab verdi. - Bu barədə
az-çox məlumatım var.
Sultan bəy:
- Xosrov bəy
on-on beş gün bundan qabaq sizinlə görüşmək
istəyirdi,-dedi.-Onu gözlənilmədən Tiflisə
çağırmışdılar, Azərbaycanda Xalq
Cümhuriyyəti elan edilməsi barədə bəyannaməyə
rəy verib imza atmaq üçün. Tiflisdən
iki gündür qayıdıb. Gərək
bu gün özünüzü Şuşaya
çatdırasınız. Kəsə
yolla getsəniz, elə bir uzaq yol deyil. İki nəfər
də atlı ayırmışam ki, sizi
müşayiət etsin. Hər ehtimala
qarşı yanınızda mühafizəçi olsa
yaxşıdır. Qayıdanda da mənə
baş çəkməyi unutmayın. Yolunuzu gözləyirəm...
Sultan bəy
Əmraha tərəf dönərək əlavə etdi:
- Bizim
görüşlərimiz, söz-söhbətimiz çox
olacaq. Hələlik ləngiməyin.
“Yolçu yolda gərək...” deyiblər. -
Əmrahın əlini bərk-bərk sıxdı.
Əmrah atına süvar olub Laçın
dağlarının dolayları ilə qalxmağa
başladı.
Mühafizəçilər də arxasınca...
Əmrah Şuşaya çatanda günorta
çağıydı. Atını birbaşa Xosrov bəyin əyləşdiyi
qədim binanın həyətinə sürdü.
lll
Xosrov bəy Əmrahın gəldiyini eşidən kimi əyləşdiyi stuldan qalxıb onu gözləmə otağında qarşıladı. Xosrov bəyin çox da dəbdəbəli olmayan kabinetinə daxil olub, qarşı-qarşıya əyləşdilər. Hərəsinin qabağına bir stəkan çay gəldi. Xosrov bəy çaydan bir-iki qurtum içib stəkanı nəlbəkiyə qoydu və üzünü Əmraha tutaraq:
- Bilirsiniz, - dedi, - indi hərc-mərclik mühiti yaranıb. Qarışıq zəmanədir. Çarın gəmisi batır. Bir tərəfdən də erməni daşnakları fürsətdən istifadə edib, orda-burda baş qaldırıb müsəlmanlara qarşı qan-qan deyirlər. Əslində sadə ermənidən xəta gəlməz. Onları qızışdırıb müsəlmanlara qarşı qoyan Andranik, Nijdeh, Dro kimi qatı millətçilərdir. Daşnaklar Amerikada, Suriyada, Fransada oturub, buradakı ermənilər üçün millətçilik zəhəri hazırlayır. Buna görə erməni xəyalpərəstləri cürbəcür axmaq xülyalara düşüblər. Nə qədər ki onların qanı millətçilik zəhərindən təmizlənməyib, silahımızı yerə qoya bilmərik. Hər an ayıq-sayıq olmalıyıq. Bəzi avropalı nadanlar, nakəslər də bizi günahlandırır ki, guya erməniləri sıxışdırırıq, onları gözümçıxdıya salmışıq...
Xosrov bəy danışığına ara verib ayağa qalxdı və kabinetində gəzinə-gəzinə sözünə davam etdi:
- Bir baxın, Gorus təbii mənzərəsinə, ab-havasına görə Qafqazın ən səfalı şəhəridir. Di gəl ki, orada bir nəfər belə müsəlman yaşamır. Çünki imkan vermirlər. Sıxışdırıb qovurlar. Gorusun əhatəsində olan Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan mahalında isə minlərlə erməni yaşayır. Heç kəs onlara “gözün üstə qaşın var” demir. Ermənilər həmin müsəlman əyalətlərində yaxşı-yağlı vəzifələr tutur, kefə baxırlar. Fürsət düşəndə də azərbaycanlılara arxadan bıçaq vururlar. İndi gəl görüm bu millətlə necə dil tapasan?! Başqa bir ağrılı cəhət də odur ki, özümüz özümüzə qənim kəsilmişik. Böyük kəndlər kiçik kəndlərə tez-tez basqın edir, onları çapıb-talayır.
Xosrov bəy əlindəki siqareti stolun üstündəki külqabıda söndürüb, Əmrahın üzünə baxdı və:
- Əmrah, tək əldən səs çıxmaz. Mən də ki, od olsam özümü yandıraram. Bu yaxınlarda Sultan bəylə söhbət edirdik. Qubadlı tərəflərdən yaxşı xəbərlər gəlmir. Sənin barəndə çox eşitmişəm. Sultan bəy də haqqında mənə danışıb. Görürəm qoçaq, cəsarətli oğlansan. Təpərli, kara gələn adamsan. Bu çətin günlərdə mənə də sənin kimi cəsur adamlar lazımdır. Ona görə də fikrim belədir ki, səni Qubadlının Ermənistanla sərhəd olan kəndlərinə yüzbaşı təyin edək. Həm erməni daşnaklarının öhdəsindən gələrsən, həm də kəndlər arasında əmin-amanlıq yaradarsan. Bu vəzifəni yerinə yetirə biləcəyinə tam əminəm və şübhə etmirəm ki, sözümü yerə salasan.
Bu gözlənilməz təklif Əmrahı çaşdırdı. Onun geniş alnında tər purçumlandı və Xosrov bəyə üzünü tutaraq:
- Cənab Xosrov bəy. Mənə göstərdiyiniz belə bir etimada görə sağ olun, - dedi. - Lakin onu da bilməlisiniz ki, mən rəiyyətəm. Bu vəzifə üçün nə çoxdu adlı-sanlı bəylər. İkincisi də, boynuma alım ki, mənim yazı-pozu məsələsində o qədər də səriştəm yoxdur. Bir də ki, məni yerinə yüzbaşı məsləhət gördüyünüz Əmir bəy də pis işləmir. Camaatı birtəhər yola verir...
Xosrov bəy əlinin işarəsi ilə onun sözünü kəsərək:
- Dayan, dayan! Bilirəm nə demək istəyirsən.
Bu gün bizə ortasına örkən dolanmayan bəy, xan, nə
bilim yazıb-pozmağı bacaran mirzələr yox, təpərli,
qorxmaz, qeyrətli kişilər lazımdır, - dedi. -
Yaxşı olar ki, bu barədə uzun-uzadı müzakirə
açmayaq. Nə addım
atdığımı da dönə-dönə
ölçüb-biçmişəm.
Xosrov bəy
sözünə ara verib yenə də əvvəlki
fikrinin üstünə qayıtdı:
- Bilirsən,
Əmrah, bu, mənim şəxsi fikrimdir. Lazımi
yoldaşlarla da danışıb, sözü dağ eləmişik.
Əlbəttə, istəməyənlərin də
var. Bu məsələyə etiraz edənlər də olacaq.
Lakin bizim fikrimiz olandan sonra, kiminsə razı və
ya narazı olub-olmamasının əhəmiyyəti yoxdur.
Əminəm ki, oradakı camaat da mənimlə razılaşar. Üzləşdiyimiz
hazırkı mürəkkəb vəziyyət məni belə
bir qərara gəlməyə vadar edir. Odur
ki, gəl bu haqda mübahisə etməyək. Yüzbaşı keçməyinlə əlaqədar
sənədlərin də hazırdır.
Xosrov bəy
gülümsəyərək:
- Sultan bəyin
də, sağ olsun, at ilxılarının, qoyun sürülərinin,
qaramal naxırlarının sayı-hesabı yoxdur. Satıb-sovub İrandan, Türkiyədən və
başqa ölkələrdən lazım olduğundan da
artıq silah-sursat alıb. Ona görə
də silah barədə xatircəm ol, nə qədər
lazımdır verə bilərik.
Əmrah
Xosrov bəy kimi
ləyaqətli, mötəbər bir şəxsin
qarşısında sözü çürütmək istəmədi.
Və şəstlə ayağa qalxdı.
Onlar xudahafizləşib ayrılmaq istəyəndə Xosrov bəy:
- Bəlkə
bu axşam qalıb qonağım olasan? - dedi. - Bilirsən ki,
Şuşa Qarabağın ən səfalı yeridir. Yaxşı ab-havası var.
Əmrah:
- Göstərdiyiniz
iltifata görə təşəkkür edirəm, - dedi. -
Ancaq indiki məqamda nə qədər tez qayıtsam
yaxşıdır. Sultan bəyə də
söz vermişəm. Biz görüşməliyik.
Yəqin yolumu gözləyir. Ona da baş çəkməliyəm.
Xosrov bəy vəziyyətin mürəkkəb
olduğunu və getdikcə də pisləşdiyini nəzərə
alıb, bərkini tutmadı. Ayağa qalxıb
Əmrahı həyətə qədər müşayiət
etdi və ondan ayrılıb, razı halda kabinetinə
döndü.
(Ardı var)
Əli
İLDIRIMOĞLU
525-ci qəzet.- 2016.- 22 oktyabr.- S.20-21