“Gəncə qapısı”ndan böyük
ədəbiyyata
MƏMMƏD ALİMİN YARADICILIĞINDAN ŞTRİXLƏR
Çağdaş
Azərbaycan poeziyasının intellektual ovqatına, bədii-estetik
məziyyətlərinə yeni çalar, fərqli
baxış tərzi, füsunkar cazibədarlıq gətirən
sənətkarlardan biri də, qədim və zəngin ənənələrə
malik Gəncə ədəbi mühitinin yetirdiyi Əməkdar
incəsənət xadimi, tanınmış şair,
istedadlı dramaturq, peşəkar tərcüməçi və
publisist Məmməd Alimdir.
O, 25 ildən
çox Azərbaycan Yazıçılar Birliyi Gəncə
bölməsinin sədri vəzifəsində
çalışıb, 15-ə yaxın şeir, dram və tərcümə
kitablarının müəllifidir.
Məmməd
Alim (Alim Qəhrəman oğlu Məmmədov) 1949-cu il
martın 16-da Goranboy rayonunun Xınalı kəndində yoxsul
bir ailədə dünyaya göz açıb, ilk təhsilini
doğma kənddə alıb, ailəlikcə Gəncə
şəhərinə köçdükləri
üçün 6-cı sinifdən dərslərini
C.Cabbarlı adına 6 saylı orta məktəbdə davam
etdirib. Alimin atası Qəhrəman kişi
maddi cəhətdən kasıb olsa da, zəhmətsevər
insan, mənəviyyat adamı, ədəbiyyat həvəskarı
idi və bəzən şeirlər də yazardı. Alim uşaqlıq çağlarında anası
Sünbül xanımdan və nənəsindən mənalı,
musiqili bayatılar, laylalar dinləyib, şifahi xalq ədəbiyyatı
nümunələrinin təsiri altında lirik şeirlər qələmə
alıb.
Onun orta məktəb
illərində ilk şeirləri Gəncə şəhər
“Kirovobad kommunusti” qəzetində işıq üzü
görüb, hələ 1966-cı ildə, onuncu sinifdə
oxuyarkən Azərbaycan Televiziyasının “Şeirsevərlər
məclisi”nə dəvət alıb, burada Xalq şairi Bəxtiyar
Vahabzadə gənc Alimin qələm təcrübələri
ilə tanış olduqdan sonra şeirlər haqqında
müsbət fikirlərini bildirib və “uğurlu yol”
arzulayıb.
Məmməd
Alim orta məktəbi bitirdikdən sonra H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji
İnstitutunun Azərbaycan dili və ədəbiyyatı
fakültəsinə daxil olub (1967), qaynar Gəncə ədəbi
mühitində poeziya yaradıcılığını davam
və inkişaf etdirib. İnstitutun birinci kursunda oxuyan Məmməd
Alim xatirəsində qeyd edirdi: “Azərbaycan Radiosu “Nəvələr”
poemamı səsləndirdikdən sonra mənə 50 manat
qonorar göndərmişdi. Bu məbləğin üstünə
bir az da əlavə edib anama bir
üzük aldım. Onun barmaqları mənim
yaşımdan da çox müddətdə üzük həsrəti
çəkmişdi. İlk qonorarıma
aldığım hədiyyəni nişan üzüyü kimi
qəbul edən anam Sünbülün sevincqarışıq
təəccübünü indi də unuda bilmirəm...”
Saf, səmimi müşahidələri, incə, zərif
detalları hiss və duyğularının məcrasından
keçirərək poetik mənzərə, unudulmaz lövhə
yaratmağı bacaran Məmməd Alimin şeirləri öz
mövzusunu, təbəssümünü, təbiiliyini, təravətini
həyatdan alıb. Onun “Ürəyimin şəkli” şeirlər
kitabçası 1979-cu ildə, 30 yaşı olarkən “Gənclik”
nəşriyyatında işıq üzü gördü.
“Gecə ulduzlar axar” (1984), “Oxuyan qarğılar”
(1985) kitabları M.Alimin mənəvi-psixoloji ovqatını ədəbi
ictimaiyyətə yaxından tanıtdı. Şairin bədii
yaradıcılığının əsas və sanballı
hissəsi Azərbaycanın dövlət müstəqilliyini bərpa
etdikdən sonrakı dövrə təsadüf edir. Onun bir-birinin ardınca nəşr etdirdiyi “Yuxulama
Oğuz oğlu” (1991), “Kəpəzin nəğmələri”
(1991), “Bağışlamaz vətən bizi” (1993) kitabları
Qarabağ mövzusunda, vətənpərvərlik ruhunda,
dövrün, mühitin ziddiyyətlərindən, insan və
zaman problemlərindən bəhs edən şeirlərdir.
O, Qarabağ müharibəsi dövründə tez-tez ön cəbhədə,
döyüşçülərin yanında olub, onlara vətənpərvərlik
ruhlu şeirlər oxuyub.
Məmməd
Alim sözün müstəqim və məcazi mənalarında
Məhsəti Gəncəvini, Əbülüla Gəncəvini,
Nizami Gəncəvini, Mirzə Şəfi Vazehi və yüzlərlə
müqtədir şəxsiyyətləri yetirən elmi, ədəbi-tarixi
mühitin “Gəncə qapısı”ndan böyük ədəbiyyata,
Azərbaycan poeziyasına daxil olub. Onun “Gəncə
qapısı” şeiri yalnız tariximizin bir əmanətini, mədəniyyətimizin
dəyərli bir qənimətini deyil, bütövlükdə
dövrün, epoxanın mənəviyyat hadisəsini
qabardıb.
Bir vaxt
aparıldın əmanət kimi,
Yurddan qoparıldın qənimət kimi.
Asıldın
sinəmdən qıfılbənd kimi,
Sirli-soraqlısan, Gəncə qapısı.
Qanatdı
qəlbini qonşu qarəti,
Sinirə bilmədin qəvi qürbəti.
Çürütdü
ömrünü Vətən həsrəti,
Sinəsi dağlısan, Gəncə qapısı.
Gəncə qapısı yalnız bir xanlığa məxsusluqdan
daha yüksəkdə dayanan, dəmirçilik sənətinin
adi nümunəsindən bir xalqın dövlətçilik rəmzinə,
milli birlik, bütövlük simvoluna, haqq-ədalət
meyarına çevrilmiş mənəvi dəyərlər
toplusunu təcəssüm etdirir. Məmməd Alimin Gəncə
qapısına müraciəti, əslində vətənpərvər
şairin övladı olduğu xalqın şanlı dünəninə,
70 illik qırmızı rejimin unutdurmağa, ləkələməyə çalışdığı
canlı tarixinə müraciətdir.
Onun Azərbaycan bayrağına, qədim yurd yerlərinə,
tarixi abidələrə, qalalara, bürclərə həsr
etdiyi şeirlər bütövlükdə vətən
haqqında bütövlük simfoniyasının sevgi
layını, düşüncə qatını şəkilləndirir.
“Azərbaycanım”
şeirində vətən coğrafiyasının mənəvi
hüdudlarını nişan verən
şair oxucusunu daha dərindən düşünməyə,
diqqətini incə, mübhəm məqamlara yönəltməyə
vadar edir.
Şuşada
Topxana hay-harayımsan,
Şəkidə
yadigar Xan sarayımsan,
Saranı
aparan Arpa çayımsan,
Bəzzim,
Əlincəmsən, Azərbaycanım!
Sən
Bakım, Dərbəndim, Təbrizim mənim,
Düzlük,
haqq-ədalət tərəzim mənim,
Qəlbim
qədər geniş ərazim mənim,
Borçalım,
Göyçəmsən, Azərbaycanım!
Siyasi reallıqların təlqin etdiyi düşüncənin
əksinə olaraq “Dərbəndim, Təbrizim...,
Borçalım, Göyçəmsən, Azərbaycanım!” - deyən
şairin oxucularına həm ağrılı, göynərtili,
həm də mübariz əhval-ruhiyyədə müraciəti
əzizləmə, oxşama ovqatından daha yüksək
statusa - yaddaşın ovxarlanma məramına, cilalanma
amalına xidmət edir.
Məmməd Alimin poeziyasında vətənə məhəbbət,
onun tarixi keçmişinə sayğı, təbiətinə
vurğunluq, müasirlərinin arzularına, düşüncələrinə
ehtiram və diqqət, xalq yaradıcılığından səmərəli
faydalanma, müşahidələrinin poetik məqama yüksəlməsi
məmnunluq duyğusu yaradır. Onun lirik şeirlərində,
xüsusilə təcnislərində alliterasiyadan, omonim
sözlərdən yerli-yerində istifadə, canlı mənzərə
yaratmaq istedadı özünü “Qanadı...” adlı
şeirində daha aydın büruzə verir.
Qarğılıqda
qarıldayan qarğadı,
Durnanın
yanına düşüb qanadı,
Qərib
quşa qart qarğamı qarğadı,
Qırılıbmı, qanadımı, qanadı?!
Şairin “qərib quş” adlandırdığı,
qanadı qırılıb yanına düşən
durnanın mövcud durumunu son iki misrada təqdim
olunduğundan daha obrazlı, daha təsirli təsəvvür
etmək çox çətindir. Qatarından cüda
düşən, vüsalına, vətəninə
qovuşmadan qədərinə qəriblik yazılan, qanadı
qırıq durnanın taleyi acınacaqlı olduğu qədər
də düşündürücüdür.
Qırıq qanadlı, qərib durna üçün söz
içində yuva quran şair insanlarda təbiətə
qarşı mərhəmət, rəhmdillik hissi aşılayır.
Məmməd Alimin yaradıcılığında onun həyatı,
tərcümeyi-halı ilə sıx bağlı elə
şeirləri vardır ki, poetik söz, obrazlı ifadə
nikbin ruhla cilvələnərək tarixi missiya
daşıyır. Yaşından asılı olmayaraq ana
itkisi hər kəs üçün böyük kədər,
ağır dərd, ağrı və sızıltı
yaradır. Şairlərimizin bu mövzuda
yazdığı çoxsaylı nəzmlərdə qəm-qüssənin
nisgilli təzahürü tez-tez rast gəlinən və
başa düşülən hissdir. M.Alimin
şeirlərində insan ölümünə,
doğmaların itkisinə fəlsəfi yöndən
yanaşıldığı üçün təbii həyat
hadisəsi kimi təqdim edilir. Onun “Ata,
qarşıla anamı” şeiri bu baxımdan xarakterikdir.
Sərlövhənin diktə etdiyi müsbət emosiyanın,
duyğuların əksinə olaraq şair 24 il
əvvəl dünyasını dəyişmiş atasına
müraciət edərək yenicə dəfn olunan
anasını beləcə tapşırır:
Anamı
tək yola saldıq,
Ata, qarşıla anamı.
Biz hələlik
burda qaldıq,
Ata, qarşıla anamı.
Hardasansa
gəlir ora,
Ondan-bundan
sora-sora,
İyirmi
dörd ildən sonra,
Ata,
qarşıla anamı...
Rüzgarın
üzü boz, sərtdir,
Əynində
ağ bir xələtdi,
Oralara nabələddi,
Ata, qarşıla anamı.
Şeirin mayasında, nüvəsində yuvalanan
ayrılıq, həsrət, intizar duyğusundan daha öndə,
nikbin əhvali-ruhiyyə fonunda vüsala yetişmə hissinin
qabarıq verilməsi, fərqli yanaşma tərzi Məmməd
Alimə məxsus poetik yenilikdir.
Onun “Ölüm sevgidən sonradır” şeiri sevgi - ölüm kontrastına işıq salır, fəlsəfi aydınlıq gətirir. Ölümün xofunu dağıtmağı bacaran şair bu qənaətdədir ki, sevginin bitdiyi məqamdan ölüm başlayır. Başqa sözlə sevgisiz, məhəbbətsiz ömür sürənlər mənasız ölü həyatı yaşamağa məhkumdur:
Günün doğuşu sevgidir,
Qürub yağışı sevgidir.
Tanrı qarğışı sevgidir,
Ölüm sevgidən sonradır.
Məhəbbət - ömür məbədi,
Ölüm - sevginin mabədi.
Yalnız sevgiymiş əbədi,
Ölüm sevgidən sonradır.
Məmməd Alimin aşıladığı nikbin düşüncə ondan ibarətdir ki, “Ölüm - sevginin mabədi” olsa da, “Yalnız sevgi əbədi”dir. Əbədiyyətə qovuşmağın yeganə yolu sevgidir. Şairin dərin inamını, şeirin ruhunu, fəlsəfi hədəfini əks etdirən, insanlığa ünvanlanan həyat, yaşam düsturu belədir: Sevgi - ölümsüzlük, Ölüm - sevgisizlikdir!
Dünyaya məhəbbət meyarı ilə yanaşan şair üçün həyatla xudahafizləşməyinin özündə də ölümə meydan oxuyan sevgisi “Dünya, qapını aç” şeirində qabarıq görünməkdədir.
Ömrümün sonuna söz sələmim var,
Başdaşım olacaq bir qələmim var,
Axı, burda mənim nə ölümüm var,
Dünya, qapını aç, aç çıxım gedim.
Şairin sevgiylə, məhəbbətlə, bir az da incikliklə söylədiyi bu şeirdən, duadan sonra dünya bəlkə də ilk dəfə “insafa gəldi”, könlünə “mərhəmət” işığı düşdü: 2014-cü ilin 28 avqustunda 65 yaşlı Məmməd Alimin üzünə əbədiyyət qapısını açdı...
M.Alim özündən sonra zəngin ədəbi-bədii irs qoyub getdi. O “Yuva qurdum söz içində” (1997), “Mənə məktub yazma...” (1997), “Ölüm sevgidən sonradır” (1998), “Çətənə qozun nağılı” (1998), “Poeziyanın səhra ulduzu” (2003), “Dünya, qapını aç...” (2014), “Gəncədən doğan ulduz” kitablarının, ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova həsr etdiyi “Gözləyin, qayıdacağam” pyesinin, “Gəncədən doğan ulduz”, “Yeddi məhbusun şikayəti” mənzum dramlarının müəllifidir.
Məmməd Alim mütərcimlik sahəsində də qələmini uğurla sınamışdır. Onun Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Qətran Təbrizi, Rəziyyə Gəncəvi, Mirzə Şəfi Vazeh, eləcə də A.S.Puşkin, M.Y.Lermontov, S.Yesenin, İ.Brodski, A.Tvardovski, İ.A.Bunun, A.Tarkovski və başqa sənətkarların yaradıcılığından yüksək bədii keyfiyyətə malik tərcümələri vardır. Şeirləri polyak, fars, türk, rus, ukrayna, gürcü və digər dillərə çevrilərək nəşr olunub, sözlərinə musiqi əsərləri bəstələnib.
“Azərbaycantelefilm” Yaradıcılıq Birliyi 2007-ci ildə Məmməd Alim haqqında “Yuva qurdum söz içində” adlı sənədli film çəkib.
Asif
Rüstəmli
525-ci qəzet.- 2016.- 22 oktyabr.- S.19.