Kirayə arzular
Şair
“nəvələri”
İnanmazdım ki, beytlərini öpdüyüm, misralarını
sığalladığım Şirvan ədəbi məktəbinin nümayəndələri
nə vaxtsa evə ayaq açacaq.
Onları dəvət edən sahibənin qızları idi. Yox, qızlar əsla
ədəbi gecələr
düzənləmirdilər. Kaş ki, bu belə
olaydı. Məsələn,
Nəsiminin qəzəllərini
dinləyib, fəlsəfəsində
ərimək, yox olmaq, yaxud cahanında
sığınacaq tapıb,
hərflərindən özümə
bir “mən” ucaltmaq istəyərdim... Kəsəsi, axşam düşər-düşməz
otağımın qapısı
taybayat açılanda
artıq hər şeyi bilirdim. Bilirdim ki, evin böyük
qızı xoş-beşdən
sonra qəsdən Şamaxıdan söz salacaq, kiçik qız da bacısının
sözünə qüvvət
verib, oraları öz torpaqları elan edəcək. Bu mizan-səhnə eynilə hər gün təkrarlanırdı.
Qızlar
Xaqanini, Nəsimini, Seyid Əzimi, Sabiri, Hadini bir sözlə, Şamaxı torpağında
doğulan bütün
ədibləri gözümə
soxub, təpəmin ortasına çırpmasaydılar
gecəni rahat yata bilməzdilər. Bunun niyəsini axtarmaq üçün heç də Şamaxı rəsədxanasına gedib,
teleskopu şairlərin
göydə parlayan ulduzlarına tuşlamağa
ehtiyac yox idi. Qızlar ona görə
öyünürdülər ki, Şamaxıdan saysız-hesabsız böyük
şairlər çıxdığı
halda, doğulduğum
Əli-Bayramlı (indiki
Şirvan) şəhəri
heç bir dühanın sahibi deyil. Onlara heç cür başa sala bilmədim ki, Əfzələddin Xaqani Şirvanşahlar sarayında
ilhamlanıb qəsidələr
yazanda, yaxud əyanlarla kəllə-kəlləyə
gələndə, Nəsimi
mürşidi Nəimi
ilə hürufiliyi yaymaq üçün Badü-kübədən vurub
İraqdan çıxanda
nəinki inqilabçı
Əli Bayramovun ulu əcdadları dünyaya gəlməmişdi,
heç adını daşıyan şəhərin
bir daşı belə qoyulmamışdı.
Həmin düzənliklərdə
ilanlar mələşib
ki, yalnız adi insanlar deyil,
heç sufi
dərvişləri belə
yollarını ordan salmağa ürək etməyiblər. Bunu qızlara izah
edəndə çənələrinə
əziyyət vermirdilər,
qısa olaraq, “puf”layırdılar. Belə
olan halda dəli şeytan deyirdi ki, nəinki
otağı, evi, elə bütün məhəlləni Mədain
xərabələrinin gününə
sal!
Qızların hər axşam öyünməyi məni
boğaza yığsa
da onları dinləməkdən başqa
çarəm yox idi. Amma bir dəfə görəndə
ki, böyük qız qaşlarını
yuxarı dartır, özüm onun qanadlarını qaldırdım:
- Bilirəm, Sabir böyük şairdi. Şamaxıda doğulub axı...
- Bəs, necə? Torpaq yetişdirir də... - deyib, məni yuxarıdan aşağı
süzdü.
Bununla belə,
günlərin bir günü otağımda
poeziya gecəsi təşkil etmək istədim. Düşündüm ki, bir halda ki, otağım
Şirvan şairləri
ilə dolub boşalır, niyə də misralarını canıma hopdurmayım?
Odur ki, qızlar növbəti dəfə qapımı döymədən içəri
daxil olanda sözə birinci başladım:
- Evinizdə Məhəmməd
Hadidən, Fələki
Şirvanidən, Abbas
Səhhətdən nəyiniz
var?
- Bıy, başa düşmədim? - böyük qız qaşlarını çatdı.
- Yəni onların kitabları...
- Hə, bildim. Yox... yoxdu... - kiçik qız barmağını
dişlədi.
- Heç dərdindən öldüyünüz “Hop-hopnamə”
də?
Sualım havada qaldı. Daha heç
nə demədim.
Çarpayımda uzanıb onların
lovğalanmaqlarına tamaşa
etdim. Onları dinlədikcə içim
özümü dilim-dilim
kəsirdi. Elə
ona görə də Əli-Bayramlı illər sonra Şirvanla əvəzlənəndə
heç sevinmədim...
Görəsən, Nəsiminin ruhu Şamaxıda dolaşırmı?
Qəhvəyi çamadan
Dərsdən yorğun-arğın gəlib,
bir tikə yeyəndən sonra radionu dinləməyə başladım. Daha doğrusu, bir
qulağımı dalğanın
öhdəsinə buraxdım.
Ev sahibəsi qapını döyüb tanımadığım qızla
içəri gəldi:
- Hə... Bu da Yeganə. Sənin otaq yoldaşın!
Eynəyimi taxıb ayağa qalxdım. Özümü itirdiyimdən bilmədim
nə edim. İlk ağlıma gələn radionun səsini azaltmaq oldu. Otağa ölüm sükutu çökmək
istəyəndə sahibə
imkan vermədi:
- O da elə sənin
kimi birinci kursda oxuyur, - dedi.
Yeganə qara, ortaboy, arıq bir qız
idi. Saçları gözünə düşdüyündən düz-əməlli
üzünü görə
bilmədim. O, nə
mənə, nə də otağa baxdı. Elə bil bu evdə böyümüşdü.
Əlindəki köhnə çamadanını
çarpayısının üstünə qoydu.
Qəhvəyi çamadan eynən
rəhmətlik babamın
II Dünya Müharibəsindən
gətirdiyi çamadanının
əkiz tayı idi. Babamın dəmir çarpayısı
altında illərlə
uyuyan çamadanında
onun bəzi əşyaları - kəməri,
papağı və bir də qazandığı
medalları vardı.
Ona görə də Yeganə çamadanını
açanda qeyri-ixtiyari
diqqətimi çəkdi.
Elə bildim çamadandan babamın xatirələri
çıxacaq. Xəyallarımı rəhmətliyin yanından
güclə gətirib
otağa saldım.
- Mənim çəkələklərim...
Boy, mən onu harda unutdum?
Yeganədən eşitdiyim ilk söz
bu oldu: çəkələk. Beynimi heç
də axtarışa vermədim. Çünki hələ indiyə
kimi qulaqlarım belə kəlmə eşitməmişdi.
- Sən nə axtarırsan? Çəkələk nədir? - dözmədim, yaxınlaşıb
onun çamadanına
göz atdım.
- Boy? Həncəri? Çəkələk... Şəpiylərim... Lap başımı itirmişəm. Klokum kuxnada.
Yeganənin mətbəxə cummağı ilə otağa qayıtmağı bir oldu. O, qırmızı şap-şaplarını ayağına keçirəndən sonra sanki motoru işə düşdü. Cəld paltarlarını şkafa düzdü, dəftərlərini siyirməyə, ağ güllü qazanını masaya, çörəyini isə aldığım qaba qoydu. Beləliklə, o, öz rahatlığına qovuşdu.
Çarpayısında oturub mənə baxdı:
- Sən hardansan? - dedi.
- Əli-Bayramlıdan...
- Qazax!
O, Qazaxı elə dedi, söz sanki onun ağzından
deyil, sinəsini yarıb çıxdı.
Radiomu qoşub
sükutu aradan qaldırsam da, diqqətim yenə o qəhvəyi çamadanın
üstünə qondu.
Çamadana yaxınlaşmasam da
marağımı içimdə
əridə bilmədim:
- Nə qəribə çamadanın var, - dedim.
- Hə... Babamdan qalıb. Rəhmətlik
kişi müharibədə ayağını
dizinə kimi itirmişdi. Təsəvvür elə, çamadan
yolda ona ayaq olub. Yazıq mənə vəsiyyət edəndə
dedi ki, ayağımdan muğayat ol!
Bunu söyləyəndə
ürəyim yerində
oynadı. İstədim ondan soruşam
ki, baban təsadüfən Sevastopolda
yaralanmayıb? Axı, mənim
də babam orda qolundan yüngül
xəsarət alıb.
Amma sualımı dişlərimlə
tutub saxladım.
İstəmədim qəhrəmanların ruhlarını narahat edəm, əvəzində
xəyalımı işə
saldım. Fikirləşdim ki, hər ikisi
bərabər Vətənə
qayıdanda xatirələrini
doldurmaq üçün
yolüstü bu çamadanları alıblar.
- Deyən, çamadanımdan
yaman xoşun gəldi?- Yeganə
gözünü qıyıb
bic-bic gülümsədi.
Heç nə demədim. Sadəcə,
başımı tərpətdim...
Hərdən özümü qəhvəyi
çamadanın içinə
atıb müharibəyə
yollanmağım gəlirdi.
Görəsən, müharibə, “qurban”, “şəhid” sözlərindən
utanırmı?
Ülviyyə HEYDƏROVA
525-ci qəzet.- 2016.- 22 oktyabr.- S.18.