Mühacirət ədəbiyyatının
təşəkkülü, problemləri, şəxsiyyətləri
- II MƏQALƏ
“AZƏRBAYCAN MÜHACİRƏT ƏDƏBİYYATI” SİMPOZİUMUNUN 25 İLLİYİNƏ
Ötən məqalədə qeyd etdiyimiz kimi, milli bədii,
elmi-nəzəri düşüncənin konturlarını
genişləndirən və zənginləşdirən Azərbaycan
mühacirət ədəbiyyatının özünəməxsus
xüsusiyyətləri vardır.
Yəni bizim mühacirət ədəbiyyatının,
rus, yaxud ərəb mühacirət ədəbiyyatı ilə
oxşar cəhətləri olduğu kimi, xeyli fərqli cəhətləri
ona spesifik yanaşmanı şərtləndirir. Bizim
mühacirət ədəbiyyatının formalaşmasında
iştirak edən amillər bəzən mövcud mühacirət
statusunun nəzəri, xronoloji sərhədlərini
aşır. Çünki mühacirətlə
bağlı nəzəriyyə özümüzdə
formalaşmadığından bizə əsasən rus ədəbiyyatşünaslığından
gəlir. Rus mühacirət ədəbiyyatı
isə XX yüzildən başlayır. Məsələ
yalnız mühacirətin sərhədlərində deyil, məzmununda
və təzahür formalarında da fərqliliklər
çoxdur. Ona görə də Azərbaycan
mühacirət ədəbiyyatında rus mühacirət ədəbiyyatının
xarakteri, başvermə səbəbləri və tarixi ilə
üstü-üstə düşməyən məqamlar
çox olduğundan ortaya müəyyən
yanlışlıqlar çıxır. Bir
şey aydındır ki, Azərbaycan mühacirətinin
xarakteri, inkişaf yolları və statusunu izahlı
lüğətdəki bu ifadənin məzmunu ilə məhdudlaşdırmaq
olmaz. Hətta bu anlayışın
lüğətdəki izahına əsaslansaq belə,
çağdaş mühacirətşünaslıqda bir
çox məsələlərin həllini
tapmadığını, ya da düzgün
anlaşılmadığını görərik. İzahlı lüğət və
ensiklopediyalardakı təhlillər belə mühacirət ədəbiyyatşünaslığımızda
tədqiqatların doğru istiqamətdə getmədiyini
göstərir. Mühacirət anlayışını rəsmi
mənbələrə əsasən belə ümumiləşdirmək
olar: mühacirət dedikdə birincisi, siyasi, iqtisadi və dini
səbəb üzündən öz vətənini tərk
edib başqa ölkəyə köçən; ikincisi, yeni
yerə və yeni torpaqlara köçən adamlara şamil
edilir.
Burada
insanların işsizlik, iqtisadi çətinlik, inqilab,
müharibə və s. səbəblərdən öz ölkəsini
məcburən, yaxud könüllü olaraq tərk etməsi nəzərdə
tutulur. Lakin bizim ədəbiyyatşünaslığımızda
mühacirət anlayışının ancaq siyasi mühacirətə
aid etmək tendensiyası olduğundan onun sərhədləri, mərhələləri,
məzmunu, təzahür formaları təhrif olunur, şəxsiyyətləri
heç bir əsas olmadan çıxdaş edilir.
Əvvəlcə mühacirət ədəbiyyatının
tarixinə nəzər yetirək. Rus ədəbiyyatşünaslığında
mühacirət ədəbiyyatının tarixinin ötən əsrdən
başlandığı və mühacirətin XX əsr hadisəsi
olduğu irəli sürülür. Rus ədəbiyyatşünası
Y.Borev rus mühacirət ədəbiyyatının XX əsr
hadisəsi olduğu fikrini müdafiə edir. Hərçənd, bunun üzərində də
mübahisə etmək olar (V.Belinskinin, M.Qorkinin həyatının
mühacirət dövrünü yada salaq!), ancaq bizi Azərbaycan
mühacirət ədəbiyyatı maraqlandırır. Azərbaycan ədəbiyyatşünaslığı
da mexaniki şəkildə bu sxemi milli mühacirətə aid
edir. Halbuki rus ədəbiyyatının
tarixi ilə Azərbaycan ədəbiyyatının tarixi
heç də adekvat deyil və onları mühacirət
problemində də eyniləşdirmək olmaz. Bu fikrin əsasında, bizə elə gəlir ki, həm
də mühacirət ədəbiyyatının siyasi
mühacirətlə eyniləşdirilməsi məsələsi
durur. Çünki XX əsrin əvvəllərində
Rusiyada baş verən inqilab nəticəsində böyük
bir siyasi mühacirət dalğası əmələ gəldi.
Təbii ki, siyasi mühacirət həm də ədəbi
mühacirəti yaratmış oldu. Azərbaycanda da, demək
olar ki, eyni proses baş verdi. Lakin Azərbaycan siyasi mühacirətinin
özünü belə XX əsrlə məhdudlaşdırmaq,
onun xronoloji sərhədlərini məqsədli şəkildə
daraltmaqdan, ondan əvvəlki siyasi mühacirəti görməzliyə
vurmaqdan başqa bir şey deyildir. XIX
yüzilin əvvəllərində Azərbaycanın ilk
işğalı dövründə yaranan siyasi və ədəbi
mühacirəti yaddan çıxarmaq olmaz. XX əsr Azərbaycan
siyasi mühacirətindən bəhs edən M.B.Məmmədzadə
özünün də içində olduğu mühacirətin
ilk olmadığını önə çəkərək
yazırdı: “Azərbaycan və Azərbaycan siyasi mühacirəti
dahi (daha olmalıdır-B.Ə.) bu millətlər
sırasında mühüm bir yer işğal ediyor
(tutur-B.Ə.). Və bu mühacirət də ilk
mühacirət deyildir.
Azərbaycanın kəndisinə məxsus bir istiqlal
savaşı tarixi mövcud olduğu kibi bir mühacirət
tarixi vardır.
Daha Azərbaycan
xanlıqlarının Rusi
ya tərəfindən
istilası nəticəsində XIX əsrin başlarında
bir Azərbaycan siyasi mühacirəti meydana gəlmişdi. Bilxassə, İrana və Türkiyəyə
mühacirət edən bu zümrə, məmləkətin
istilası üçün Rusiya əleyhinə olan fürsətdən
istifadəyə çalışmışlardır”. M.B.Məmmədzadə əski
mühacirətlə bağlı fikirlərini
detallaşdıraraq yazır: “İranın Xorasan, Mazandaran,
Gilan, Azərbaycan, Tehran və Qəzvin məntəqələriylə
Türkiyənin Qars, Ərzurum, İstanbul, Trabzon və s.
qismlərində əski Azərbaycan mühacirəti
yaşamaqda idi” (Yenə orada, s. 163).
Rusiyanın Azərbaycanı ilk işğalı
zamanı (1803-1813) zamanı yaranan siyasi mühacirətin
1826-1828-ci illər İran-Rusiya müharibəsi ilə yeni bir
dalğa yaşamasını inkar etmək mümkün deyil. M.B.Məmmədzadədən
sonrakı bir çox tarixçilər də bu faktı
dönə-dönə təsdiq etmişlər. Azərbaycan
siyasi mühacirətinin tədqiqatçısı prof.
X.İbrahimli özünün fundamental
araşdırmalarında 1809, 1926-cı illərdə, eyni
zamanda, Türkmənçay sülh müqaviləsi nəticəsində
və 1837-ci ildə baş verən üsyanların
qurbanları, sürgünləri ilə yanaşı,
mühacirətinin də olduğunu nəzərdə tutaraq
yazır: “Rusların yaratdığı müstəmləkəçilik
rejimi ciddi iqtisadi, sosial məhrumiyyətlər
doğurduğundan mühacirlərin çoxu həm də
iş axtarmaq üçün Şimaldan Cənuba, bir sıra
hallarda isə Türkiyəyə axışırdı. Belə siyasi və iqtisadi motivlərlə ölkəni
tərk etməyə məcbur olanlardan başqa, xristian
metropoliyasının köləsi olmaqla barışa bilməyən
ziyalılar və din adamları dini və şəxsi-psixoloji
motivlərlə mühacirətə gedirdi”.
Göründüyü kimi, tarixçi alimlər Azərbaycanın
siyasi mühacirətinin başlanğıcını çox
doğru olaraq XX əsrdən deyil, XIX yüzilin əvvəllərindən
başlayırlar. Bu, tamamilə doğru yanaşmadır və
rus tarixçilərinin yanaşmasından fərqlidir. Çünki hər bir xalqın özünəməxsus
tarixi vardır. Deməli, Azərbaycan siyasi
mühacirəti kimi, mühacirət ədəbiyyatının
yaranmasını da XX əsr hadisəsi hesab etmək
böyük bir yanlışlıqdır və bu mövqedən
qətiyyətlə çəkinməliyik. Bundan başqa, Azərbaycan
mühacirət ədəbiyyatını bütünlüklə
siyasi mühacirətə bağlamaq, ya mühacirət
anlayışını anlamamaqdan, ya da məqsədli şəkildə
onun sərhədlərini məhdudlaşdırmaqdan başqa
bir şey deyil. Çünki mühacirət
anlayışı yalnız siyasi çalarlarla müəyyənləşmir,
həm də iqtisadi, psixoloji, fərdi motivləri də
özündə ehtiva edir. Yuxarıda gətirdiyimiz
nümunələrdə tarixçilər bir qayda olaraq Azərbaycan
siyasi mühacirətinin daha çox üzdə olan, kütləvi
mühacirət hadisəsi üzərində
dayanmışlar, ayrı-ayrı ziyalıların, sənət
adamlarının müxtəlif hakimiyyətlər zamanı
öz vətənini tərk edərək mühacirətə
getmələri halları da çox olmuşdur. Mühacirətin bu nümayəndələrinin bəziləri
ilə bağlı fikirlərimizi əvvəldə
bildirdiyimizdən burada geniş izaha ehtiyac görmürük.
Yalnız onu deyə bilərik ki, Azərbaycan
mühacirət ədəbiyyatını yalnız siyasi
mühacirətə bağlamaq yanlış yanaşmadır,
mühacirət tarix boyu həm də dini və fərdi,
könüllü səbəblərdən də baş
vermişdir. Çünki Azərbaycan ədəbiyyatı
tarixində fərdi şəkildə ölkəni tərk edən
mühacirlərin olması faktları yetərincədir.
Bu baxımdan müxtəlif vaxtlarda Azərbaycandan
gedən mühacirət dalğasının əsasında da
dini, siyasi, tarixi, fərdi, könüllü motivlərin
olduğunu aydın görmək olar. İslamın
ilkin qəbulu dövründə məvali şairlərin
Ərəbistana getməsi və burada ərəb dilində əsərlər
yazması (ikidillilik və ikimədəniyyətlilik amili) və
bu əsərlərində milli ruhun yaşadılması
onların mühacirlik statusunu tamamilə içinə
almış olur. Hurufizmin də eyni siyasi səbəblərdən
müxtəlif hakimiyyətlərdə qəbul edilməməsi
səbəbindən coğrafi məkanı dəyişməsi
bunu deməyə əsas verir. Orta əsrlərdə
müharibələr nəticəsində Azərbaycandan
Osmanlıya gedən köç dalğası
yaşanmış, nəticədə burada qırxa qədər
Azərbaycan şairi mühacir həyatı yaşayaraq
yazıb yaratmışdır. Siyasi
mühacirətdən fərqli olaraq ədəbiyyat fərdi
hadisədir və hər hansı bir ziyalının,
şairin, yazıçının hər hansı səbəblərdən
öz ölkəsini tərk edərək mühacirətə
getməsi üçün heç də mütləq şəkildə
siyasi, tarixi hadisələrin olması gərək olmur.
Mühacirət ədəbiyyatı ilə bağlı
başqa bir problem onun vətəndəki quruluş
üçün siyasi mücadilə verməsi məsələsidir. Bəziləri
belə düşünür ki, mühacirət ədəbiyyatı
da siyasi mühacirət kimi, vətəndəki ictimai-siyasi
durum üçün mütləq şəkildə
mücadilə verməlidir. Vaxtilə mən
özüm də bu fikirdə idim.
Lakin mühacirət ədəbiyyatı
ilə bağlı tədqiqatları geniş
araşdırdıqdan sonra bu konsepsiyanın doğru
olmadığı qənaətindəyəm. Doğrudur, mühacirət ədəbiyyatının
mayasında, məzmununda müəyyən mənada bu ruh
vardır, ancaq belə hökm vermək olmaz ki, mühacirətdə
yaranan ədəbiyyatlar içərisində siyasi mücadilə
ruhundan məhrum əsərlər mühacirət ədəbiyyatına
aid edilə bilməz. Hətta siyasi hadisələr səbəbindən
irəli gələn mühacirətin özü belə iki
yerə bölünür: siyasi və qeyri-siyasi. M.B.Məmmədzadə
mühacirəti iki qismə-siyasi və qeyri-siyasi yerə
ayırmaqda da tamamilə haqlı idi.
Çünki
mühacirlərin içərisində hamının siyasi
mücadilə apardığını söyləmək
doğru olmazdı. Eyni şey mühacirət
ədəbiyyatı üçün də keçərlidir.
Ümmül Banunun (Banin) əsərlərində “Azərbaycan
ideyası” və milli ruhunun “olmaması”na
görə onu mühacirət ədəbiyyatı hesab etməməyimizə
heç bir əsas yoxdur. İkincisi, onun “Qafqaz
günləri”, “Bizimlə” və s. romanlarında Azərbaycanda
baş verən tarixi hadisələr, sosial vəziyyətin təsviri
ilə bağlı olduqca maraqlı səhifələr
vardır. Hətta bu cür səhifələr
olmasa, fərqli dünyagörüşün, fikir sisteminin
sintezi şəklində meydana çıxan mətnlər
olsa belə, o da mühacirət ədəbiyyatına daxil
olur. Ü.Banunun, M.Əsəd bəyin
yaradıcılığındakı bəzi fikirlərə
görə bizim onların yaradıcılığını
Azərbaycan mühacirəti bədii irsinə daxil etməməyimiz
heç bir elmi-nəzəri konsepsiyaya söykənmir. Azərbaycan ədəbiyyatşünaslığının
bəzi nümayəndələri rus nəzəriyyəçisi
Y.Borevin belə bir fikrinə əsaslanırlar ki, mühacirət
ədəbiyyatı “vətəndəki quruluşa və
qayda-qanuna münasibətdə açıq müxalifət
mövqeyində dura bilir”.
Olsun ki, bu fikir rus mühacirət ədəbiyyatının
ilk mərhələsi üçün keçərlidir. Lakin gəlin,
rus mühacirət ədəbiyyatına nəzər salaq.
XX yüzilin əvvəllərində rus
mühacirətinin qarşısında duran əsas məsələ
Rusiyadakı mövcud quruluşa qarşı mübarizə aparmaq
idi. Çünki mühacirət kütləvi
baş vermişdi. Bir qrup mühacir
yazıçı və şairlər siyasi mühacirətdən
qidalanaraq “Rus ideya”sına xidmət etməyi
qarşısına məqsəd qoymuşdu. Ədəbiyyatşünas
Qleb Struve qeyd edirdi ki, burada söhbət ədəbiyyatın
vətəndən kənar, onun inkişafı dilin, nəslin
dəyişmədən mövcud olmasının
mümkünlüyündən
gedir. Ona görə də, daha əhəmiyyətli
məsələ mühacirətdə yaradılmış dəyərli
hər şeyin saxlanmasından ibarətdir. Q.Struve
yazırdı: “Özlərini ədəbiyyatın qoruyucusu və
daşıyıcısı hesab edən rus ziyalıları
üçün əsas və həlledici məsələ mənəvi
və əxlaqi təşviq, özünün,
missiyasının olmasa da, lakin xüsusi tarixi
missiyasının olması idi.
“Rusiya ideyasına” xidmət məsələləri
onlar tərəfindən geniş şəkildə qoyulurdu.
Birincisi, onlar özlərinin başlıca vəzifələri
kimi sürgündə toplanmış mənəvi dəyərlərin,
tarixi yaddaşın, milli təcrübənin
qorunmasını və gələcəkdə Rusiyanın
dirçəlişi üçün əsasların
hazırlanıb saxlanmasında görürlər. İkincisi, onlar Qərb dünyasını vətənin
fikir və mədəniyyət üzrə müxtəlif sahələrdə
nailiyyətləri ilə tanış etməyi özlərinə
borc hesab edirdilər”.
Ancaq “Rus
ideyası”nın özünə əməl
emək də mühacirətin sonrakı dalğalarında
qabarıq şəkildə özünü göstərmir. Onların yaradıcılığında getdikcə
bu ideyanı yeni mövzular əvəz etməli olur. Ona görə də müxaliflik məsələsini
mühacirət ədəbiyyatının bütün
mümayəndələrinin yaradıcılığına
eyni dərəcədə şamil etmək doğru
olmazdı. Çünki rus mühacirət
ədəbiyyatının nümayəndələrinin bəzilərinin
rus siyasi mühacirəti ilə əlaqələri olsa da, bəzilərinin
belə bir əlaqəsi yox idi. Yaxud
yaradıcılığının müəyyən bir mərhələsində
bu xüsusiyyət qabarıq olsa da, sonrakı mərhələdə
əvvəlki mücadiləni görmək olmur. Onda belə çıxır ki, hər hansı bir
yazarın mücadilə, yaxud müxalif ruhlu əsərlərini
mühacirət, bu ruhda olmayan əsərlərini isə
qeyri-mühacirət ədəbiyyatı hesab etməliyik?!
Azərbaycan mühacirət ədəbiyyatında
da eyni vəziyyətdir. Gültəkinin,
Əli Ustanın, Sənanın və b. şeirləri siyasi
ruhludur, çünki onların birbaşa siyasi mühacirlərlə
əlaqələri var idi, onların yaratdığı siyasi
platformanı əks etdirən mətbuat orqanlarında
çıxış edirdilər. A.İldırımın
yaradıcılığında isə siyasi ruh dozasına
görə onlardan bir qədər geri qalırdı, vətən
həsrəti, harayı və ruhu başlıca yer tuturdu,
çünki onun siyasi mühacirətlə əlaqəsi yox
idi, Elaziğdə yaşayırdı və bir dəfə də
olsun İstanbula gəlməmişdi. Buna
görə də onun yaradıcılığında siyasi
ruhdan daha çox vətən həsrəti, qürbət
motivləri ağırlıq təşkil edirdi. Bu kontekstdən baxdıqda Azərbaycan mühacirətinin
iki böyük nümayəndəsi Ə.Hüseynzadə və
Ə.Ağaoğlunun mühacirət
yaradıcılığında isə, demək olar ki, vətən
üçün siyasi mücadilə elementlərinə rast gəlmirik
(bu amil qətiyyən onların
yaradıcılığına kölgə salmır). Hər ikisinin yaradıcılığının
problematikasında Azərbaycan mövzusu nəinki baş,
heç ikinci dərəcəli olmamışdır. Baxmayaraq ki, hər iki
publisist Türkiyədə ictimai-siyasi hadisələrin mərkəzində
olmuşdur. Bu isə o deməkdir ki,
Y.Borevin rus ədəbiyyatına şamil etdiyi bu nəzəri
fikir Azərbaycan mühacirət ədəbiyyatı
üçün (elə rus mühacirət ədəbiyyatı
üçün də!) özünü doğrultmur.
Mühacirət ədəbiyyatı ilə bağlı
ikinci bir cəhət, burada milli ruhun, vətən həsrətinin,
keçmişin nostaljisinin əks etdirilməsidir. Doğrusu, bu
mövzu qədim və orta əsrlər mühacirət ədəbiyyatında
hələ kifayət qədər
araşdırılmamışdır. Keçən
məqaləmizdə şərqşünas alim M.Mahmudovun məvali
şairlərdə bu ruhun yaşadığına dair
nümunə də gətirmişdik. Demək
lazımdır ki, bu kimi nümunələrə ara-sıra
rast gəlsək də, milli ruhun həmin dövrün ədəbiyyatında
az ifadə olunduğunu etiraf etməliyik. Ancaq onu da nəzərə
çatdırmalıyıq ki, qədim və orta əsrlər
Azərbaycanda yaranan bədii nümunələrin özündə
qürbət, həsrət motivləri olsa da, vətənçilik,
milli ideya ruhu axtarmaq doğru olmazdı. Yəni
vətənçilik, milli ruhun bədii düşüncədə
ifadəsi daha çox son iki yüzilliyə aiddir. Ona görə ki, klassik ədəbiyyatın
özünəməxsus mövzu və problematikası
olmuşdur. Buna baxmayaraq bədii nümunələrdə
vətən, qürbət həsrətli misralar vardır ki,
bu da mühacirət ədəbi düşüncəsini özündə
yaşadır. Orta əsrlər Azərbaycan
şairlərindən M.Füzulinin “Nola ağlarsa Füzuli
rövzeyi-kuyin anıb, Lacərəm giryan olur qılğac vətən
yadın qərib”, Zülalinin “Qürbətdə deyirdin,
Zalali, vətənim var, Ensin gözünə qarə su,
Ağsu vətən olubdur?” beytləri mühacirət həyatı
sürmüş şairin yaşadıqlarını
reallıqla çatdırır (bu cür passajlar klassik ədəbiyyatda
çox olsa da, bu istiqamət ədəbiyyatşünaslığımızda
hələ işlənilməmişdir). Yaxud
XIX yüzil Azərbaycan mühacirət ədəbiyyatının
görkəmli nümayəndəsi Seyid Nigarinin vətən həsrətli
şeirləri mühacirət ədəbiyyatının bu
xüsusiyyətini tamamilə özündə ehtiva edir.
Seyid Nigari İsmayıl Siracəddin
Şirvaninin Nəqşbəndilik təriqətinin müridlərindən
idi və onun ətrafında yaranan müridizm hərəkatı
nəticəsində Rusiya ekspansiyası uzun müddət
Qafqazda möhkəmlənməkdə çətinlik çəkmişdir.
Şairin “Qarabağ” şeirinin bir hissəsini gətirdiyimiz
nümunədə XX əsr Azərbaycan mühacirət ədəbiyyatının
bəzi nümayəndələrinin şeiri ilə
yaxınlıq təşkil etdiyini aydın görmək olar:
Nə əcəb
dövlət imiş seyri-şikari-Qarabağ,
Nə gözəl nemət imiş söhbəti-yari-Qarabağ.
Rəşki-müşk-ənbər
imiş buyi-qubari-Qarabağ
Abi-heyvan imiş ənharü pünari-Qarabağ.
Kövsərü
Tuba imiş dari-diyari-Qarabağ
Aləmi-cənnət imiş dari-diyari-Qarabağ.
İmdi
bildim nə imiş vəsfi-həzari-Qarabağ!
Yeridir kim çəkərəm ahü
zari-Qarabağ.
Dağlayubdur
bəni bir laləüzari-Qarabağ
Yandırıbdır bəni bir nari-nigari-Qarabağ.
Gəlin,
ey əhli-könül, artub azarım, eşidin,
Yox rəvacı,
kəsilüb beyü bazarım,eşidin.
Pozulub
rövnəqi-gülzari-baharım, eşidin,
Qalmayıbdır tükənib leylü naharım,
eşidin.
Cəm'
olun bir yerə, azari-həzarım, eşidin,
İrişüb vəqti, qazın dari-məzarım,
eşidin.
Yaxılub
səbr, yanub nayi-qərarım, eşidin,
Alışub suzişilə mayeyi-varım, eşidin.
Dağılın
kim, tutuşub nari-mənarım, eşidin,
Yeridir ərşə
çıxarsa ahü zarım, eşidin,
Dağlayıbdur
bəni bir laləüzari-Qarabağ
Yandırubdur bəni bir nari-nigari-Qarabağ.
S.Nigaridən sonrakı nəsil Azərbaycan mühacirətinin
Amasiyadakı nümayəndəsinin
yaradıcılığında isə milli ruh siyasi ruha
çevrilir.
Ə.Cəfəroğlunun gətirdiyi nümunə
XX yüzil mühacirət ədəbiyyatı ilə
yaxından səsləşir. Ə.Cəfəroğlu
yazır: “Əlimizə keçən Amasiya Azərbaycan milli
şeir nümunələrindən birini verməyi məqsədəuyğun
sayırıq:
Eşidilən
bu ələmli sədalar,
Bizi vətən
imdadına çağırır,
Türküstanda
cənnət kimi səhralar,
Düşmənlərdən təxlis üçün
ağlayır.
İzsiz
qalan şirin sular, yaylalar,
Övladına vətən olmaq istəyir.
Altın
torpaq, yaşıl zümrüd ovalar,
Türk toxumu, türk kotanı bəkləyir”.
Mühacirət ədəbiyyatındakı milli ruhun ifadəsi
amilindən danışarkən, bir məsələni də
yaddan çıxarmaq olmaz. Milli ruh, yaxud vətənin
siyasi müstəqilliyi üçün mücadilə vermək
rus mühacirət ədəbiyyatının (eləcə də
digər xalqların mühacirət ədəbiyyatı!) hər
bir nümayəndəsi üçün xarakterik deyil.
Onların içərisində bu mücadiləni aparanlarla
yanaşı, yazdığı mövzularla dünya ədəbiyyatına
inteqrasiya olan yazıçılar da az
olmamışdır. Yaxud hər hansı bir
mühacir yazıçının
yaradıcılığında olan milli ruhlu əsərləri
mühacirət, milli olmayanları qeyri-mühacirət ədəbiyyatımı
hesab etməliyik?! Bu cür nümunələr
Azərbaycan və digər xalqların ədəbiyyatında
da istənilən qədərdir.
Mühacirət ədəbiyyatında ikidillilik amili də
mühüm rol oynayır. Yəni
yazıçı həm öz dilində, həm də
yaşadığı ölkənin dilində yazır, əsərləri
ilə xalqlar arasında körpü rolunu oynayırdı.
Azərbaycan mühacirət ədəbiyyatı
bu cəhətdən də xarakterik xüsusiyyətə
malikdir. Belə ki, zamanından asılı olmayaraq Azərbaycan
mühacirlərinin bir qisminin (məvali şairlər, Hilal
Münşi, Məhəmməd Əsəd bəy, Ceyhun
Hacıbəyli, Ümmül Banu və b.) əsərlərində
bu amil gözlənilirdisə, orta əsrlər və XX
yüzilin əvvəllərində Türkiyədə Azərbaycan
siyasi mühacirətinin açdığı mətbuat
orqanlarında çıxış edən nümayəndələrin
yaradıcılığı ilə bağlı bunları demək
olmur. Yəni getdiyi cəmiyyətə inteqrasiya
olaraq o dildə, yazıb yaradanlarla yanaşı, orada özlərinə
“kiçik vətən” yaradıb onun üçün siyasi
mücadilə verən mühacirət qrupları da vardır.
Ədəbiyyat istər vətəndə, istərsə
də mühacirətdə iki fərqli məkanda
yaranmasına baxmayaraq, bir məqsədə xidmət edir;
xalqın bədii düşüncəsini və təfəkkürünü
ifadə etmiş olur. XX əsrin əvvəllərində
Türkiyədə olan Azərbaycan mühacirət ədəbiyyatının
dili elə Azərbaycandakı ədəbiyyatın dilidir.
İkinci Dünya müharibəsi zamanı əsir
düşmüş legionerlər haqqında da eyni şeyi demək
olar. Ancaq Avropaya gedən mühacirlərimiz
(H.Münşi, Ə.Topçubaşov, M.Əsəd bəy,
C.Hacıbəyli, Ü.Banu (Banin və b.) isə
yaşadığı ölkənin dilində yazıb
yaradır, Azərbaycan həqiqətlərini
çatdırırdılar.
Mühacirət ədəbiyyatından vətəndəki
siyasi durum üçün müxalif mövqe gözləmək,
yaxud müxalif mövqeli əsərləri mühacirət,
başqalarını qeyri-mühacirət ədəbiyyatı
hesab etmək də yanlış bir mövqedir. Ötən yüzilliyin
20-30-cu illərində rus mühacirət ədəbiyyatının
görkəmli nümayəndələri İ.Bunin, A.Kuprin,
İ.Şmelev, B.Zaytsev, D.Merejkovski, K.Balmot, Z.Qippius,
V.Xodaseviç, Teffi (yeri gəlmişkən, Ümmül Banu
məhz bu mühacirət qrupunun
içində olmuşdur) və b.
yaradıcılığında bu mövqe aşkar
görünürdüsə, sonrakı illərin mühacirət
dalğasında bu mövqe zəifləmişdir. Əgər Qayto Qazdanovun
yaradıcılığında rus mövzusu başlıca yer
tutmuşdusa, Vladimir Nabokov, Boris Poplavski və b.
yaradıcılığında bu mövzular aparıcı xətti
təşkil etmir. Ümumiyyətlə,
mühacirət ədəbiyyatının bütün nümayəndələri
zamanla publisistik tondan uzaqlaşaraq dünya ədəbiyyatına
yaxından inteqrasiya olunmuş və əvvəlki mövzu və
problematikanı dəyişmişlər.
Fikrimizcə, mühacirlik mühitinin, ortamının mövcudluğu da mühacirəti formalaşdıran əsas amillərdən biridir. M.Əsəd bəyin düşdüyü mühitlə A.İldırımın düşdüyü ortam arasındakı fərqlər onların yaradıcılığında da özünü açıq şəkildə göstərir. Yaxud Ə.Hüseynzadə və Ə.Ağaoğlu daha çox turançılıq, türkçülük miqyasında düşündüklərindən yaradıcılıqlarında da qlobal məsələlərin, eləcə də Türkiyədə gedən ictimai-siyasi proseslərin ifadəsi başlıca yer tutur, milli ruh, milli məsələ isə arxa plana keçirdi.
Beləliklə, Azərbaycan mühacirət ədəbiyyatının xarakterinə və nəzəri statusuna nəzər salarkən onun özünəməxsus xüsusiyyətlərə malik olduğunu görürük. Onun sərhədlərini, xarakterini və mərhələlərini rus ədəbiyyatına bağlamaq yanlış nəticələrə gətirib çıxarır. Azərbaycan mühacirət ədəbiyyatının sərhədləri və xarakteri ilə bağlı tədqiqatlarda rus ədəbiyyatşünaslarının bölgüsünün mexaniki şəkildə tətbiqi mühacirətşünaslığımızın düzgün yolda olmadığını göstərir. Rus mühacirət ədəbiyyatının xronoloji sərhədləri belədir: 1918-1940; 1940-1950 və 1960-1980. Lakin sonuncu mərhələdə rus ədəbiyyatının A.Soljenitsın, İ.Brodskiy, S.Dovlatov kimi nümayəndələri olmuşdusa, Azərbaycan ədəbiyyatının bu cür nümayəndələri olmamışdır. Biz bu mərhələdə yalnız mühacirət ədəbiyyatının mərhələsindən danışa bilərik, mühacirət isə baş verməmişdir.
Bütün bunlardan sonra XX əsr Azərbaycan mühacirətinin mərhələ və problemlərini aşağıdakı kimi müəyyənləşdirmək olar:
1. Ərəbistanda mühacir həyatı yaşayan ərəbdilli Azərbaycan şairləri (Bərəkəveyh Zəncani, Müğləsi Marağayi, Musa Şəhəvat, İsmayıl İbn Yəsar, Əbül Abbas Əl-Əma və b.).
2. Azərbaycan ədəbiyyatında müxtəlif səbəblərdən fərdi mühacirlik həyatı yaşayan şairlər (İmadəddin Nəsimi).
3. XV-XVI yüzilliklərdə siyasi səbəblərdən ölkəni tərk edərək Osmanlıya mühacirət edən şairlər (Gülşəni, Qəribi, Xəlili, Niyazi, Haşimi, Həbibi, Süruri, Bəsiri, Dərviş Səfi və b.).
4. XIX yüzilin əvvəllərində Azərbaycanın çar Rusiyası tərəfindən işğalından sonra ölkəni tərk edən siyasi və ədəbi mühacirət (Seyid Nigari, Sadi Qarabaği, Seraci və b.).
5. XX yüzilin əvvəllərindən sovetlərə qədərki dövr. Regionda baş verən tarixi, ictimai, siyasi hadisələr (1905-1907-ci illər qanlı erməni qırğınları) bir çox yazarlarımızın məcburi, ya könüllü yaşayış yerini dəyişmələrinə səbəb olur. Konkret olaraq Ə.Hüseynzadə və Ə.Ağaoğlunun ailələri ilə birlikdə Azərbaycandan köç etmələri ötən yüzillikdə mühacirətin ilk dalğasının əsasını qoyur. Lakin onu da nəzərdən qaçırmayaq ki, tarixi hadisələrə uyğun olaraq onlar vətənə gəlib-getmək imkanı əldə etmişdilər. Elə Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Ə.Ağaoğlunun Azərbaycan istiqlalı uğrunda apardığı siyasi iş, Məclisi-məbusanın üzvü olması da bunu sübut edir. Ə.Hüseynzadə isə, hətta Sovet dövründə I Türkoloji qurultayın (1926) məruzəçilərindən biri olmuşdur.
6. Sovetlər zamanından II Dünya müharibəsinə qədər. Bu mərhələni Azərbaycan mühacirətinin həm siyasi, həm ədəbi-bədii, həm də elmi istiqamətlərdə təşkilatlanma və inkişaf dalğası kimi dəyərləndirmək mümkündür. Ədəbi, nəzəri irs baxımından da bu dövr zəngin və çoxçeşidlidir. M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Ə.Cəfəroğlu, Gültəkin, A.İldırım, H.Baykara, M.Əsəd bəy, Ümmül Banu (Banin), C.Hacıbəyli və b. yeni mühacirət ədəbi, nəzəri, elmi fikrinin inkişafında önəmli rol oynamışlar.
7. II Dünya müharibəsi zamanı. Bu mərhələ keyfiyyətcə yeniləşmə və dəyişməyə məruz qalır. Belə ki, mühacirətin bir qolu olan legion ədəbiyyatı yaranır. Legion ədəbiyyatı mövzu, problematika və ədəbi-estetik cəhətdən mühacirət ədəbiyyatının bir tərkib hissəsidir və araşdırmaları da bu istiqamətdə aparmaq lazımdır.
Azərbaycan ədəbiyyatşünaslığında
yanlış olaraq mühacirətin 60-80-ci illər mərhələsinin
olduğu da göstərilir. Lakin Rus ədəbiyyatından fərqli
olaraq 60-80-ci illərdə Azərbaycandan mühacirət
baş vermir. Bu dövr əvvəlki mühacirətin yeni mərhələsi
kimi səciyyələnə bilər. Əlbəttə, bu mərhələlər
şərtidir və hər şeydən əvvəl, tarixi,
ictimai-siyasi hadisələr fonunda dəyişməyə məruz
qalır. Həqiqətdə isə Azərbaycan mühacirət
ədəbi irsi zaman və məkan baxımından son dərəcə
çoxçeşidli, zəngin və çoxsəslidir. Bu ədəbi irs mövzusundan, qoyduğu problemlərdən,
şəxsiyyətlərinin kimliyindən asılı olmayaraq
Azərbaycan bədii, ədəbi, elmi-nəzəri
düşüncəsini özündə əks etdirir, vətəndə
olan ədəbi prosesə bir tamlıq, müxtəliflik, fərqli
baxış gətirir. Bizim mühacirətşünaslığımıza
isə yalnız bu bədii, ədəbi, nəzəri, elmi
irsi doğru-düzgün olaraq sistemləşdirmək və
araşdırmaq qalır.
Bədirxan
ƏHMƏDOV
525-ci qəzet.- 2016.- 22 oktyabr.- S.16-17.