Macarıstandakı səfirliyimizdə mədəni-musiqili
tədbir
PROQRAMI XAN ŞUŞİNSKİ FONDU TƏŞKİL EDİB
Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
maliyyə dəstəyi,
Xan Şuşinski Fondunun təşkilatçılığı
ilə Azərbaycanın
Macarıstandakı səfirliyində
tədbir keçirilib.
Fonddan “525”ə verilən
məlumata görə,
tədbirdə diplomatik
korpus nümayəndələri,
musiqiçilər, tələbələr
iştirak ediblər.
Tədbiri giriş
sözü ilə açan ölkəmizin Macarıstandakı səfiri
professor Vilayət Quliyev
iştirakçıları müstəqilliyimizin 25 illiyi
münasibəti ilə
təbrik edib, bu illər ərzində
qazanılan nailiyyətlərdən,
ölkəmizin keçdiyi
uğurlu inkişaf yolundan danışıb.
Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım
Verdiyeva çıxışında
Azərbaycanın keçdiyi
müstəqilliyə qədərki
yoldan, bu yolda Heydər Əliyevin göstərdiyi
əzmkarlıqdan, onun
müstəqilik qazandıqdan
sonra yürütdüyü
parlaq siyasətdən
bəhs edib, həmin kursun prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini vurğulayıb.
Azərbaycanın sürətlə inkişaf etdiyini deyən B.Verdiyeva dünyanın əksər ölkələri ilə uğurlu qarşılıqlı münasibətlərin qurulduğunu nəzərə çatdırıb. Bildirib ki, Azərbaycan artıq dünya müstəvisində söz sahibi olan ölkədir. 2016-cı ilin “Multikulturalizm ili” elan olduğunu xatırladan fond sədri qeyd edib ki, Azərbaycan multikulturalizmi bütün dünyaya nümunədir. Tarix boyu müxtəlif din, dil və millətlərin nümayəndələrinin ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşadığını deyən B.Verdiyeva Dağlıq Qarabağ münaqişəsindən, müharibə nəticəsində öz yurdundan didərgin düşən bir milyon qaçqın və köçkünün hazırkı vəziyyətindən bəhs edib, tezliklə istər sülh, istərsə də hərbi yolla ölkəmizin öz ərazi bütövlüyünü bərpa edəcəyinə inamını dilə gətirib.
Tədbirin proqramında Xalq artisti, tarzən Fikrət Verdiyevin rəhbərliyi, tanınmış xanəndələr Sevinc Sarıyeva və Ehtiram Hüseynovun iştirakı ilə maraqlı konsert də yer alıb.
Sonda səfir Vilayət Quliyev qonaqlara öz təşəkkürünü bildirib, gələcəkdə belə tədbirlərin davamlı keçirilməsinin önəmini vurğulayıb.
CAVİD
525-ci qəzet.- 2016.- 22 oktyabr.- S.13