Yazıçı-publisist Salatın Əhmədlinin yubileyi qeyd olunub
Beynəlxalq Muğam Mərkəzində
Mədəniyyət və
Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin
birgə təşkilatçılığı
ilə, tanınmış
yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədlinin
60 illik yubileyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tanınmış
qələm sahibinin
60 illik yubiley gecəsində iştirak edən elm, mədəniyyət,
ədəbiyyat və
incəsənət xadimləri
yazıçı-publisistin yaradıcılığından söhbət açıblar.
Əvvəlcə təqdim olunan videoçarxda Salatın Əhmədlinin ömür
kitabından səhifələr
vərəqlənib. Bildirilib ki,
Ağstafa rayonunun Poylu qəsəbəsində
dünyaya göz açan S.Əhmədli Azərbaycan Dövlət Universitetini bitirib. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində
kafedra müdiri kimi fəaliyyət göstərən yubilyar,
həm də bu ali təhsil ocağında Yeni Azərbaycan Partiyasının qadın
təşkilatının rəhbəridir.
Gecənin aparıcısı Əməkdar
artist Mehriban Zəki qeyd edib ki,
yazıçı indiyə
qədər saysız
mükafatlara layiq görülüb. O, 60 illik yubileyi münasibətilə
Mədəniyyət və
Turizm Nazirliyinin “Fəxri mədəniyyət
işçisi” döş
nişanı ilə təltif edilib. Eyni zamanda, Azərbaycan Yazıçılar Birliyi
(AYB) xanım yazarın
əsərlərini 12 cilddə
nəşr etdirib.
AYB-in katibi İlqar
Fəhmi qurumun rəhbərliyinin ona ünvanladığı təbrik
məktubunu oxuyub və fəxri diplomu yazara təqdim edib. Bildirib ki,
S.Əhmədlinin ömür
yolu həqiqətən
də gənclik üçün böyük
örnəkdir.
Akademik Teymur Bünyadov yazıçı-publisistin
yaradıcılığa başladığı
ilk gündən uğurlarının
şahidi olduğunu söyləyib. 2008-ci ildə “Xalq şairi Nəriman Həsənzadəyə
Poylu beşiyimdən məktub”, “Ömrünü
Qazaxda yaşayan şair”, “Həcc ziyarəti”, “Hüseyn Cavidin ev muzeyi”,
“Sənsiz”, “Azərbaycan
poeziya çələngi”
(tərtibçilərindən biri), “Heydər Əliyevin dil siyasəti” və “Heydər Əliyev və ədəbi-tarixi proses” monoqrafiyaları və digər elmi-publisistik əsərləri
ilə birgə “Analar köç edəndə”, “Yol gedir Naxçıvana”, “Bir elatın dastanı”, “Kişilik səngəri” və “Uçurulmuş sədlər”,
“Başdaşı əhvalatı”
kitabları, oxucuların
ixtiyarına verilən
onlarca bədii-publisistik,
elmi-monoqrafik (tədqiqat,
poeziya, nəsr, dilçiliklə bağlı)
kitabları müəllifin
yaradıcı təxəyyülünün
məhsulu olduğunu bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir
üzvü Nizami Cəfərov S.Əhmədlini
ədəbiyyatımız üçün
dəyərli yazıçı-publisist,
elmimiz üçün
yorulmaz araşdırıcı-alim,
cəmiyyətimiz üçün
isə dəyərli şəxsiyyət kimi yüksək keyfiyyətlərə
malik olduğunu söyləyib. Bildirib ki, yorulmadan
çalışan, yazıb-yaradan
Salatın xanımın
ömründən müəllimliyə,
yazıçılığa, analığa, nənəliyə,
vətəndaşlığa ayrılan cığırlar
onu səadətə qovuşdurub. Hər cığırın
başında tükənməz
məhəbbətlə qarşılanıb,
ondan müasirlərinə
sonsuz sevgi, tükənməz enerji bəxş olunub.
AMEA-nın Folklor
İnstitutunun direktoru,
professor Muxtar İmanov
çıxış edərək
S.Əhmədlinin çoxşaxəli
yaradıcılığından və folklorumuza xüsusi diqqətindən
söhbət açıb. Onun anası - 101 yaşlı Güləbətin nənənin
dilindən yazıya aldığı “Hər kim yüz
il unutmasa” kitabında yer alan el saxlancları, həzin bayatı və oxşamaların gələcək araşdırmaçı
alimlər üçün
tədqiqat obyekti olacağını deyib.
Yazıçı-publisistin qələm dostları Əli Rza Xələfli, Gülxani Pənah onun yaradıcılığında
Qarabağ müharibəsi
və Xocalı soyqırımına həsr
etdiyi əsərlərin
xüsusi yer tutduğunu, bu əsərlərin bir çox dillərə tərcümə edildiyini
söyləyiblər. Bu günədək
2 roman, 8 povest, 200-dən çox
hekayə, 200 bayatı
müəllifi olan yubilyarın Qarabağ hadisələrinə həsr
etdiyi “Başdaşı
əhvalatı” kitabının
rus və ingilis dillərinə tərcümə edilərək
59 ölkədə yayımlandığını
bildiriblər.
Tədbirdə yubilyarın ailə
üzvləri - nəvəsi
Qəndab Əhmədova,
həyat yoldaşı
Tağı Əhmədov
yazıçı-publisistin qayğıkeş ana, gülərüz nənə,
vəfalı ömür-gün
yoldaşı və ailəcanlı ev xanımı kimi görünməyən tərəflərindən
söhbət açıblar.
Tədbirdə Xalq artistləri Azər Zeynalov, Mələkxanım Əyyubova,
Fidan Hacıyeva, Nuriyyə Əhmədova və başqalarının
ifasında yubilyarın
sözlərinə yazılmış
mahnılar, muğam və təsniflər səsləndirilib.
Sonda S.Əhmədli tədbirin
təşkilatçılarına və
iştirakçılarına minnətdarlığını bildirib.
525-ci qəzet.- 2016.- 22 oktyabr.- S.12.