Şövkət Zərin Horovlunun
üçcildliyi təqdim edildi
Oktyabrın 21-də Azərbaycan Yazıçılar
Birliyinin “Natəvan” klubunda şair, yazıçı-publisist Şövkət
Zərinin “Seçilmiş
əsərləri” üçcildliyinin
imza günü keçirilib.
Tədbiri AYB katibi Rəşad
Məcid açaraq
Ş. Zərinin ədəbi
fəaliyyət yolundan,
yaradıcılığının xüsusiyyətlərindən danışıb:
“Şövkət xanımın
həm şeirləri,
həm də nəsr əsərləri
oxucular tərəfindən
daima maraqla qarşılanıb, sevilib. Müxtəlif mövzularda yazsa da, Qarabağ mövzusu Şövkət
Zərin yaradıcılığının
ana xəttini təşkil edir”.
Tədbirin aparıcısı olan
yazıçı Elçin
Hüseynbəyli müəllifin
müharibə mövzusunda
yazdığı əsərlərinə
diqqət yönəldib:
“Şövkət xanım
ermənilərin xislətini
çox yaxşı bildiyindən erməni riyakarlığı və
satqınlığını, Azərbaycana qarşı amansız cinayətkarlığı
və onların arxasında duran qüvvələrin iç
üzünü, əməllərini
bütün çılpaqlığı
ilə göstərə
bilib. Təbii ki, bunu aydın bədii elementlərlə bizə təqdim edib”.
Tənqidçi Əsəd Cahangir
deyib ki, Şövkət Zərin təkcə yaradıcılığına
görə yox, həm də xarakterinə görə sevilir: “O, mübariz, vətənpərvər, cəsarətli
bir qadındır. Bu möhkəm xarakterin
formalaşmasında ilk növbədə
keçdiyi çox mürəkkəb həyat
yolu rol oynayır. Yaşadığı çətinliklər, əzab-əziyyət onun müdrikləşməsinə yol açıb. Yazıçı qələmini həmin
o keşməkeşlər cilalayıb.
Müharibə dövrünün çətinlikləri bəzilərinin
qəlbində qaranlıq,
zülmət yaradır,
güclü və iradəli adamların qəlbində isə işıq yandırır.
Şövkət xanım ikincilərin
sırasındadır. Şövkət Zərinin həyatında
üç böyük
hadisə vardır ki, yaradıcılığında
da öz əksini tapıb. Bunlar Böyük Vətən, Əfqanıstan
və Qarabağ müharibələridir. Ümumiyyətlə, vətən sevgisi Şövkət Zərin yaradıcılığının məhək daşıdır”.
Yazıçı Ənvər Əhməd
çıxışında bildirib: “Şövkət Zərin həm dərdkeş, həm ana, həm də
yazıçıdır. Bir qadının
bu qədər böyük faciələri
yaşayıb-duyması, onları
ədəbiyyata çevirməsi,
həqiqətən, heyrətamizdir.
Onun əsərləri ağrılardan,
acılardan yaranıb.
Bu mənada, Şövkət
xanım çox dəyərli və əvəzolunmaz yazıçıdır”.
Şairlər Əli Rza Xələfli, Oqtay Rza, Adil Cəmil,
keçmiş döyüşçü
Vaqif Məhərrəmov
və başqaları
çıxış edərək
yazıçının əsərlərindən,
onların əsas mövzuları və əhəmiyyətindən söhbət
açıblar.
Sonda Şövkət
Zərin söz alaraq tədbirin təşkilatçılarına və iştirakçılara
minnətdarlığını bildirib.
MÜŞFİQ
525-ci qəzet.- 2016.- 22 oktyabr.- S.13.