Böyük yolun zəfər zəngləri
– yeddinci məqalə
1500 İLİN MÖHTƏŞƏM “POEZİYA” TELEKARVANI
Bu məqalədə son illərin ciddi bir teleuğuru
haqqında danışmaq istəyirəm.
Oğuz
qrupu Türk xalqlarının 1500 illik möhtəşəm
milli mədəniyyət yoluna, fenomenal poetik fikir karvanına
üz tutan “Poeziya” verilişi şərəfli bir missiya,
çətin bir sınaq qarşısında idi.
Azərbaycan,
Türkiyə, Türkmənistan, bütövlükdə
Oğuz qrupu Türk xalqlarının, eləcə də Avroasiyanın,
bütün dünyanın dörd bir tərəfinə
yayılan Türk toplumlarının poeziyada kodlaşaraq əbədiləşən
xilaskar yaddaş enerjisini, FİKİR GÜCÜNÜ oyatmaq,
yeni təfəkkür tərziylə, məhz olduğu kimi
sistemləşdirərək yenidən ÖZ
SAHİBİNƏ qaytarmaq, təqdim etmək həqiqətən
şərəfli bir missiya idi. Bunu çağdaş müstəqillik
dövrünün, əlahəzrət zamanın özü tələb
və təklif edirdi. Bir əlində
QILINC, bir əlində QƏLƏM böyük dövlətlər,
qüdrətli imperiyalar yaradan Qazi Bürhanəddinlərin,
Cahan Şah Həqiqilərin, Şah
İsmayıl Xətailərin, Sultan Süleymanların,
Şah Təhmasiblərin, Baburların təmsil etdiyi
böyük gücə Azadlıq meydanında, Şəhidlər
Xiyabanında, Dövlət Bayrağı meydanının uca,
enməz səmalarında dərin düşüncələrə
dalan MİLLİ HƏQİQƏTİN ehtiyacı vardı...
Çətinlik
onda idi ki, Azərbaycan teleməkanında gizli-aşkar yollarla,
minüzlü qrantlarla şirnikləndirilən, Manqurtun öz
anasına tuşladığı ox kimi hər an atıla bilən
və atılan, zəhərli göbələklər kimi
günbəgün, aybaay, ilbəil çoxalan teleşoular o
MİLLİ HƏQİQƏTƏ qarşı gizli səlib yürüşünə
başlamışdı.
(Bu məqamda
akademik Ramiz Mehdiyevin Azərbaycan teleməkanında
özünü göstərən ziyanlı, xəstə
meyllər, bütövlükdə Azərbaycan dövləti
və dövlətçiliyi, milli-mənəvi
maraqlarımız əleyhinə yönələn, xaricdən
gizli-aşkar yollarla şirnikləndirilən zərərli, təhlükəli
tendensiyalar haqqında yazıb mətbuatda çap etdirdiyi
aktual silsilə məqalələrin, konseptual monoqrafik tədqiqat
əsərlərinin böyük əhəmiyyətini qədirşünaslıqla
yada salmağı, qiymətləndirməyi özümə
borc bilirəm. - S.E.)
Kütlə psixologiyasına hesablanan, xalqı kütlənin
əliylə vuran bir sıra manqurt teleşouların meydan
oxuduğu xəstə teleməkanda sağlam fikirli, sadə,
saf mövqeli poeziya verilişi nə dərəcədə
uğur qazanacaqdı? Mafioz maliyyə sövdələşmələrinin
kütləvi şəkildə tirajladığı
fırıldaqçı reytinq cədvəllərinin “kuxna”
verilişlərinə, manqurt teleşoulara böyük faizlər
bağışladığı, AXIRINCILARI birinci, ikinci,
üçüncü yerlərdə müjdələdiyi bir
vaxtda ciddi “Poeziya” verilişi açmaq nə dərəcədə
yerinə düşərdi? Kitabın küncə qısıldığı,
dünyanın sarsıdıcı İnternet tələ-toruna
düşdüyü, milli-mənəvi dəyərlərin
kütlə bazarında kütləvi şəkildə
ucuzlaşdığı, əzələ meyxana ritmlərinin
qəlb şeir ahənglərinə meydan oxuduğu, bədənin
ruha yuxarıdan aşağı
baxdığı və pulun ədəbiyyata ədəb dərsi
vermək istədiyi bir zamanda halal “Poeziya”nın səsini
eşidən, dediklərini anlayan, göstərdiklərini
görən, sevinclərinə qoşulan, əzablarını
bölüşən olacaqdımı?...
Qanqaraldıcı
nigaran suallar nə qədər çox, nə qədər
acı olsa da, Azərbaycan Yazıçılar Birliyinin sədri,
Xalq yazıçısı Anarın, müasir milli
telerejissura sənətimizin zirvə sənətkarı, Xalq
artisti Ramiz Həsənoğlunun işə əməli şəkildə
qoşulması, eləcə də “Azərbaycan Respublikası
Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin
sədri Arif Alışanovun mənəvi dəstəyi,
xeyir-duası ilə “Poeziya” verilişi çətin və
şərəfli bir yola başladı. Çağdaş Türk
dünyasının zirvə adamı, ZİYALILIQ ETALONU,
müasir milli mədəniyyətimizin, ədəbiyyatımızın
canlı klassiki Anarın araya-ərsəyə gətirdiyi
“1500 ilin Oğuz şeiri” adlı möhtəşəm
ikicildiyi “Poeziya” verilişinin əsas bazası, ən sədaqətli
və səviyyəli yol yoldaşı oldu. 1500 il əvvəlin Orxon-Yenisey
çöllərində əbədiyyət nəğmələri
kimi oxunan, daşların sinəsinə oyulan, bəngüdaşların
qəlbində qıfıllı qapıya, poetik ovqat xəzinəsinə
dönən, müqəddəslik məqamı və məkanına
yüksələn qeyri-adi telemətnlərdən, əbədi
ruh və qan qaynarı pritçalardan yol başlayan “Poeziya”
telekarvanı xronoloji ardıcıllıqla Oğuz qrupu
Türk xalqlarının şeir dünyasını,
BƏDİİ ŞÜUR HƏRƏKƏTİNİ izlədi;
misilsiz milli-mənəvi xəzinənin bütün hücrələri,
hətta qıfıllı qırxıncı qapıları da
açıldı; poeziya libasına bürünən, “Bu
quş dilidir, bunu Süleyman bilir ancaq” dedikləri şeir
şəkillərində kodlaşaraq əbədiləşən
etnogenetik yaddaş enerjisinin, böyük ruhi intibah, səfərbərlik
fenomeninin, tarixi XİLASKAR GÜCÜN müasir ürəklərə,
beyinlərə nəql və transformasiyasına can
atıldı; hər halda strateji hədəfimiz, ideya-bədii,
estetik-fəlsəfi istəyimiz, inam və ümidimiz bu oldu...
lll
“Poeziya” proqramı özünəməxsus
teleestetikası, bədii-publisistik, elmi-kütləvi
yanaşma tərzi ilə seçildi. Bu, bəlkə min dəfə gedilən köhnə
yolu tam yeni bir duyğu və dərk havasında yenidən getməyə
bənzəyirdi. Bu, 1500 illik poeziya ilə qabaq-qənşər oturub
hal-əhval tutmaq, səmimi dərdləşmək, ədəbi
sözün əbədi həqiqətlərini olduğu kimi
gündəmə gətirmək, bu günə nəql,
transformasiya etmək cəhdi idi. Təsadüfi deyil ki, bu verilişə,
adətən, ən ciddi elm və sənət adamları -
Tofiq Hacıyev, Rafael Hüseynov, Nizami Cəfərov, Kamal
Abdulla, Vaqif Səmədoğlu, Rəşad Məcid, Vaqif
Əlixanlı, Budaq Budaqov, Sabir Rüstəmxanlı, Qəzənfər
Paşayev, Teymur Kərimli, Tofiq Məlikli, Cavad Heyət,
Söhrab Tahir, Fikrət Qoca, Fikrət Sadıq, Çingiz
Abdullayev, İntiqam Qasımzadə, Nahid Hacızadə,
İlyas Tapdıq, Nəriman Həsənzadə, Zəlimxan
Yaqub, Əjdər Ol, Nizaməddin Şəmsizadə, Vaqif
Yusifli, Füzuli Bayat, Zaman Əsgərli, Etibar Babayev, Ayaz Vəfalı,
İsfəndiyar Vahabzadə, Məhərrəm Qasımlı,
Şamil Vəliyev, Pərvin, İradə Tuncay, Adil Cəmil,
Buludxan Xəlilov, Rafiq Yusifoğlu, Şirindil
Alışanlı, Taleh Həmid, Ramiz Duyğun, Məmməd
Alim, Xəzangül, Rübail, Ramiz Əskər, Möhsün
Nağısoy, Kamran Əliyev, Azər Turan, Nazif Qəhrəmanlı,
Arif Əmrahoğlu, Paşa Əlioğlu, Cavanşir Yusifli və
başqaları dəvət olunublar. Və mən
bu məqamda “Poeziya” verilişinə verdikləri təfəkkür
töhfələrinə görə onların hamısına
minnətdarlığımı bildirirəm.
Azərbaycan
Televiziyasının, eləcə də “Ədəbi-dram
verilişləri” baş redaksiyasının son illərdə
qazandığı çoxsaylı uğurlardan biri olan
“Poeziya” verilişi ilk baxışda hamıya bəlli, adi
görünən Oğuz şeir dünyasının
qeyri-adiliklərinə, necə deyərlər,
AŞKARLIĞIN GİZLİNLƏRİNƏ üz tutub, tarixən
bağlanan qapıları, dolaşan və
dolaşdırılan düyünləri açıb,
xüsusilə, Sovet dövründə
saxtalaşdırılan, unutdurulan səhifələri əslində
uyğun şəkildə bərpa edib, beləliklə,
xalqımız və ədəbiyyatımız, milli həqiqətlərimiz
qarşısında şərəfli bir vətəndaşlıq
missiyasını yerinə yetirib.
lll
“Poeziya”nın M.F.Axundzadəyə həsr edilən
sayından kiçik bir mətni yada salmağa ehtiyac duyuram:
1500 il əvvəldən baş alıb gələn,
ədəbi sözün Dədə Qorqud, Füzuli zirvələrindən
keçən ağır yüklü poeziya karvanı on
doqquzuncu əsrin əvvəllərinə
çatmışdı. Talə
elə gətirmişdi ki, ədəbi dilin doğma Dədə
Qorqud yolları yadırğamışdı; sözün
Füzuli tilsimi neçə yüz il idi ki, susmaq, səngimək
bilmirdi; şeir yollarının çoxu Füzuli zirvəsinin
ətəklərində dolanırdı. Nəsil-nəsil şairlər
ordusu Füzulini ötüb keçmək yox, ona çatmaq,
ona bənzəmək uğrunda mübarizə
aparırdı... Yeni ədəbi düşüncələr
köhnə ədəbi qəliblərdə
sıxılırdı, təzə poetik ruh min ilin köhnə
əruz bədənində darıxırdı; poeziya gülüstanında
gül bülbülə, bülbül gülə
eşq elan etməkdən, gizli-gizli nəsə deməkdən
təngə gəlmişdi, bezmişdi.
ŞEİR
YORULMUŞDU...
Zamanın sözünü sözün zamanında deməyə,
ədəbiyyatı xalqın arzu və istəklərinin
hüzuruna, Vətənin tale qapısına gətirməyə,
poeziyanı Füzuli tilsimindən qurtarmağa, YENİ YOLA
istiqamətləndirməyə tarixi ehtiyac
yaranmışdı. Poeziyanın, bütövlükdə Azərbaycan ədəbiyyatı
və mədəniyyətinin bəxti gətirdi ki, həmin
tarixi ehtiyacı Mirzə Fətəli Axundzadə kimi vətənpərvər
dahi dərk və qəbul etdi; sonra dərk və qəbul
etdiyini ömrü boyu əzablı yollarla, fenomenal fədakarlıqla
həyata keçirdi. Bu, çoxdan gözlənilən, arzulanan təzə
yolun, yeni bir zirvənin fəthi idi. Bu,
çox sonralar böyük bir romanın ünvanına
dönəcək “Fətəli fəthi” adında həqiqət
idi.
Böyük
alim Firudin bəy Köçərli “Azərbaycan ədəbiyyatı”
əsərinin birinci cildində Mirzə Fətəli Axundzadənin
ədəbi mövqeyi haqqında belə yazıb: “Mirzə Fətəlinin
komediyalarına gəldikdə qəti surətdə deyə
bilərik ki, rus drama yazanlarının babası Qoqol və firəng
drama yazanlarının babası və ustadı Molyer olan kimi,
türk-Azərbaycan ədiblərinin və komediyanəvislərinin
atası və yolgöstərəni mərhum Mirzə Fətəli
Axundov olubdur. O
yazdığı komediyaların mislini təzə
yazıçılarımız hələ yazıb bitirə
bilməyiblər. Vəli onun sayəsindən bir neçə müqtədir
ədiblər vücudə gəlibdir”.
O,
Füzulini sevirdi, lakin Azərbaycanı Füzulidən də
çox sevirdi. Buna görə Azərbaycan poeziyasında,
milli-bədii şüur hərəkətində yaranan
TARİXİ TIXACI aradan qaldırmaq üçün kəskin
mövqeyini ortaya qoydu, Vaqiflərin, Zakirlərin YENİ YOLUNU
müjdələdi...
Dahi sənətkar, qüdrətli tənqidçi-filosof,
fədakar ziyalı, Vətənin dağdan ağır dərdlərinə
çiyin verən, əlac axtaran böyük vətəndaş
Mirzə Fətəli Axundzadə Azərbaycan ədəbiyyatında
yeni bir mərhələ yaratdı. Azərbaycanın,
bütövlükdə Yaxın və Orta Şərqin ilk
dramaturqu olmaq şərəfi də ona məxsusdur. O, vətən və xalq yolunda
yanmağın, sarsılmaz əməllə bütöv əqidəyə
doğru getməyin tarixi nümunəsini göstərdi. Dahi Cəlil Məmmədquluzadə
bütün bunları göz önünə gətirərək
böyük cəsarət və qeyrətli qədirşünaslıqla
yazırdı:
“Mirzə Fətəli Axundzadənin barəsində ya
çox yazmaq lazımdır, ya heç yazmamaq
lazımdır.
Mirzə Fətəli Axundzadənin barəsində ya
yaxşı yazmaq lazımdır, ya heç yazmamaq
lazımdır”.
lll
Son beş ildə “Poeziya” verilişinin hərəsi
qırx beş dəqiqə həcmində olan üç
yüzdən çox sayı efirə getdi. Bu verilişlərdə ən
görkəmli elm və sənət adamları, ədəbiyyat,
poeziya biliciləri söz dedi, öz yeni elmi-nəzəri
mövqe və münasibətlərini bəyan etdilər. 1500 illik Oğuz-Türk-Azərbaycan
poeziya yolunun heç bir uğuru, heç bir
enişi-yoxuşu, heç bir sevinci, kədəri qıraqda
qalmadı, yaddan çıxmadı. Bu
teleproqram haqqında nüfuzlu qəzet və jurnallarda
çoxsaylı məqalələr yazıldı, ciddi alim və
sənətkarlar tərəfində yüksək qiymətləndirildi. “Poeziya” verilişini “Azərbaycan,
bütövlükdə Türk teleməkanında analoqu
olmayan unikal telelayihə”, “Milli ruhun güzgüsü”
adlandıranlar da, “Mübarizə aparan və qalib gələn
canlı teledərslik”, “ziyalılıq məktəbi” kimi qiymətləndirənlər
də oldu. İrandan gələn
bir şair qonaq “Bu veriliş efirdən köçürülərək
kasset halında Təbriz, Tehran bazarlarında əlaltdan
satılır” dedi. İraqdan gələn
və “Poeziya”nın qonağı olan
başqa bir şair “biz hər həftə
yığışıb bu verilişə xeyli sənət
adamı bir yerdə baxırıq və sonra onu böyük
bir eşqlə müzakirə edirik” dedi. Beləcə, Quzey Kıprısda,
Bolqarıstanda, Makedoniyada, Qaqauz yurdunda, Türkmənistanda,
Türkiyədə, Orta Asiyada, Türküstan ellərində,
uzaq Uyğurustanda, yaxın Borçalıda, Dəmirqapı Dərbənddə...
bir sözlə TÜRKÜN olduğu və
yaşadığı hər yerdə “Poeziya” verilişini
gözlədilər, izlədilər, Azərbaycan
Televiziyasında reallaşan bu bənzərsiz telelayihənin
ruhi səfərbərlik, milli-mənəvi
çağırış yollarına qoşuldular, o mübarək
yollarda ÖZGƏDƏN ÖZƏ doğru getdilər. Bu, kütlədə xalq, xalqda millət
oyadan, etnogenetik yaddaş xəzinəsinin qırxıncı
qapılarını açan, böyük, yuxulu tarixi güc
sərdabələrində çıraqlar yandıran, o
çıraqların işığında ruhumuzun, qəlbimizin
ana kitabını varaqlayan, çox halda aşkar bildiklərimizin
gizlinlərinə güzgü tutan, işıq salan bir
GEDİŞ idi. İndi bu
cümlələri yaza-yaza akademik Tofiq Hacıyevin Dədə
Qorqud seirlərinə necə güzgü tutduğunu, akademik
Rafael Hüseynovun Xaqani, Məhsəti gizlinlərinə
neçə işıq saldığını, orta məktəb
dərsliklərindəki “yalançı həqiqətləri”
necə ifşa etdiyini, dövrümüzün böyük
türkoloqu, filologiya elmləri doktoru, professor Tofiq Məliklinin
qardaş Türkiyənin bizim üçün hələ də
qaranlıq olan tarixi və müasir poeziya mənzərələrinə
necə aydınlıq gətirdiyini, istedadlı şair
Əjdər Olun M.Ə.Sabir və Namiq Kamal ədəbi əlaqələri
haqqında əsl həqiqəti necə dəqiqliklə
aşkarladığını, ədəbiyyat cəfakeşi
Azər Turanın Cavidin, eləcə də digər on bir
ziyalının gənc yaşlarında Türkiyə səfərinin
sirli səbəblərinə necə aydınlıq
işığı tutduğunu, Xalq yazıçısı
Söhrab Tahirin Cənubi Azərbaycan, xüsusilə, Məhəmməd
Biriyanın gizli həqiqətlərini necə üzə
çıxardığını və digər
çoxsaylı İLKİN deyilən “Poeziya”
faktlarını məmnuniyyətlə, sonsuz sevgi,
sayğı və fəxarət duyğusuyla
xatırlayıram.
lll
... Bir də onu xatırlayıram ki, “Poeziya” verilişinin aparıcısı, adətən vaxt qıtlığından gileylənən Anar bu beş ildə heç vaxt VAXT çatışmazlığından şikayətlənmədi, həqiqi bir fədakarlıq, yüksək ziyalı mədəniyyəti nümunəsi göstərdi. O, “Poeziya” verilişinin hər sayında gizlinlərin üzə çıxmasına, qara, qaranlıq, qarışıq səhifələrin aydın təqdimatına, boz, ağ səhifələrin yenidən yazılmasına çox böyük mənəvi enerji, titanik bir güc, qüvvə sərf etdi.
Anti-türk, anti-Azərbaycan qüvvələrin ara-sıra baş qaldırdığı, meydan oxuduğu, suları bulandırdığı bir zamanda Anarın rus dilində çap etdirdiyi üç nəhəng kitab müstəqil Azərbaycan dövləti və dövlətçiliyinin tarixi və müasir HƏQİQƏTLƏRİNİ bir daha ortaya qoydu, dünya məktəbxanasında öz böyük, möhtəşəm müəllimliyini bir daha etdi. Və o, “Poeziya” verilişində də əvvəldən axıradək bu şərəfli, tarixi missiyanı səbrlə, dözümlə, bir daha təkrar edirəm ki, məhz FƏDAKARLIQLA həyata keçirdi. Bütün bunlara görə, çoxlarının bildiyi, bəzilərinin səbrlə gizlətdiyi bir həqiqəti bir daha aşkar şəkildə qeyd etməyi bu məqamda özümə borc bilirəm: Bir vaxtlar Mirzə Kazım bəy və Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabi və Cəlil Məmmədquluzadənin, Hüseyn Cavid və Üzeyir Hacıbəylinin... gördükləri işi bu gün Anar görür, əsl fədakarlıqla davam və inkişaf etdirir. Və mən bir vaxtlar Mirzə Cəlilin Mirzə Fətəli haqqında dediyi, bir qədər əvvəl xatırlatdığım iki cümləni Anara şamil etməklə bu yazını bitirmək istəyirəm:
Anar barəsində ya çox yazmaq lazımdır, ya heç yazmamaq lazımdır.
Anar barəsində ya yaxşı yazmaq
lazımdır, ya heç yazmamaq lazımdır.
Sadıq
ELCANLI
525-ci qəzet.- 2016.- 22 oktyabr.- S.8-9