Amerika sənət mühitini
fəth edən "Leyli və Məcnun"
Oktyabrın əvvəllərində ABŞ-nın Berkli, Sietl və Ann Arbor şəhərlərində dahi
Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin
"Leyli və Məcnun" operasının
yeni versiyası böyük uğurla nümayiş etdirildi.
Bu tamaşalarda Azərbaycanın
böyük muğam ustası Xalq artisti Alim Qasımov,
qızı və tələbəsi, Əməkdar
artist Fərqanə Qasımova
iştirak edirdilər.
Tamaşalarda Üzeyir bəyin ölməz musiqisi ilə bərabər rəqs səhnələri
təqdim olunurdu. Həmin
rəqs səhnələri
müasir xoreoqrafiya sənətinin məşhur
simalarından biri Mark
Morrisin tərəfindən
hazırlanmışdı. İfalarda dövrümüzün məşhur
violonçel sənətçisi
Yo-Yo Manın rəhbərlik
etdiyi "İpək
Yolu" ansamblı da iştirak etdi. Konsertlər amerikalıların böyük marağına
səbəb oldu və böyük hərarət və heyrət hissləri ilə qarşılandı.
ABŞ-nın aparıcı
qəzetləri, o cümlədən,
yüksək nüfuzlu
"New York Times" tamaşa haqqında məqalələr
dərc edib...
Bu layihənin təşəbbüsçüsü
böyük muğam ifaçımız Alim Qasımovdur. Dünyanın ən mötəbər konsert zallarında Azərbaycan musiqisini təbliğ edən böyük sənətkar
2006-cı ildə "Leyli
və Məcnun"un
yeni versiyasını hazırlayaraq, operadan parçalar seçib, onları Yo-Yo Manın rəhbərlik etdiyi "İpək Yolu" ansamblına təqdim etmişdi. Ansamblın üzvləri Conni
Gendelsman və Kolin Ceykobsen də həmin seçmələri aranjiman
edərək nümayişə
hazırlamışdılar. 2007-ci ildə yaranan "Leyli və Məcnun"un
yeni versiyada tamaşası ABŞ-nın
bir çox şəhərlərində, eləcə
də Kanadanın
Toronto şəhərində, Fransanın Villekroz şəhərində və
nəhayət Qətərin
Doha şəhərində ifa olunmuşdu...
Mark Morris
elə o zamanlardan
"Leyli və Məcnun"un yeni quruluşu barədə düşünüb.
Nəhayət, 2016-cı ildə
M.Morris öz layihəsini gerçəkləşdirdi
və yeni "Leyli və Məcnun"un ilk tamaşası Kaliforniya ştatının
Berkli şəhərində
baş tutdu. Mark Morrisin təbirincə,
o, bu işində musiqi ilə yanaşı, "Leyli və Məcnun" poemasından, şərqin
təsviri sənətindən
də ilham alıb. "Leyli və Məcnun"un səhnə tərtibatı, eləcə
də musiqiçilərin
və rəqqasların
libasları tanınmış
Britaniya rəssamı
Hovard Hockin tərəfindən işlənib.
İncəsənət nümunələrindən
ibarət zəngin kolleksiyası olan Hockin ideyalarının
bir çoxunun qədim və orta əsr şərq
miniatürlərindən təsirlənərək
yaratdığını etiraf
etdi.
Fərqanə xanımla Alim Qasımov Leyli ilə Məcnunun faciəvi məhəbbətini,
amma eyni zamanda onları əbədiyyətə qovuşduran
məşhur əfsanəsini
tamaşaçılara mükəmməl
şəkildə çatdırdılar. Onlar zəngin, məharətli ifaları ilə səhnədəki musiqiçi
və rəqqaslara da sirayət edir,qədim muğamla müasir rəqsin vəhdətinin yaranmasına nail oldular. Amerika tamaşaçıları
bizim böyük muğam ustadlarımızı
gurultulu alqışlarla
salamladılar, onların
ifalarından yüksək
zövq aldıqlarını
etiraf etdilər...
Alim və Fərqanə Qasımovların
Azərbaycan musiqisinin
dünyada təbliği
və tanınması
sahəsinə verdikləri
töhfələr ABŞ-da
fəaliyyət göstərən
Azərbaycan mədəni
cəmiyyətləri tərəfindən
də yüksək qiymətləndirildi. "Leyli və Məcnun"un sonuncu tamaşasından sonra
ABŞ-nın Miçiqan
ştatında yaşayan
tanınmış tibb
mütəxəssisi Doktor
Şapur Ənsari muğam ustalarımıza
fəxri fərman təqdim etdi.
Bu tamaşada Alim
və Fərqanə Qasımovları müşayiət
edən Əməkdar
artist, kamança ifaçısı
Rauf İslamovun və tar ifaçısı
Zəki Vəliyevin də xidmətləri müstəsnadır. Onlar həm xanəndələrə
dəstək verir, həm də"İpək
Yolu" ansamblının
üzvləri arasında
bir körpü yaradırdılar. "İpək
Yolu"nun musiqiçiləri
də öz məharətli ifaları ilə Üzeyir bəyin ölməz əsərinə yeni rənglər qatdılar...
Tamaşanın əvvəlində gənc
muğam ifaçıları,
müxtəlif muğam
müsabiqələrinin laureatları
Kamilə Nəbiyeva, Mirələm Mirələmov
Azərbaycan musiqisindən
seçmələri dinləyicilərə
orijinal formada, yəni tar və kamança vasitəsi ilə təqdim etdilər...
Onu da qeyd edək
ki, "Leyli və Məcnun" layihəsinin elmi məsləhətçisi, tanınmış
Azərbaycan musiqişünası,
Bakı Musiqi Akademiyasının professoru,
hazırda İndiana Universitetinin Ceykobs Musiqi Məktəbinin müəllimi Aida Hüseynovadır.
Aida xanım tamaşalardan
əvvəl mühazirələrlə,
eləcə də"Leyli
və Məcnun" əsərinə həsr olunan simpoziumlarda elmi məruzələri ilə çıxış
edərək, dahi Ü.Hacıbəyli musiqisinin
ABŞ-da da tanınmasına nail olub.
Konsert bukletlərinə daxil edilən "Leyli və Məcnun" haqqında məlumatlar, o cümlədən, qəzəllərin
ingilis dilinə tərcümələri də
məhz Aida Hüseynovaya
məxsusdur. Görkəmli Azərbaycan rəssamı
Sənan Səmədovun
"Muğam triosu"
silsiləsindən rəsmləri
də həmin layihə çərçivəsində
təqdim olundu. Həmin rəsmlər tamaşaların
təqdimat bukletlərində,
həm də Berklidə keçirilən
elmi simpozium zamanı səhnədə
nümayiş etdirildilər.
Alim Qasımovun
bənzərsiz ifası
sayəsində gerçəkləşən
"Leyli və Məcnun" operasının
ABŞ-dakı tamaşaları
Azərbaycan musiqi və mədəniyyəti
üçün olduqca
mühüm hadisədir. Layihə davam
edir və inanırıq ki, "Leyli və Məcnun"
bu yeni quruluşda
tezliklə Azərbaycan
tamaşaçılarına da təqdim olunacaq.
Elman ELDAROĞLU,
ABŞ, Miçiqan
525-ci qəzet.- 2016.- 25 oktyabr.- S.7.