52 il
efirdə - Azərbaycan Milli Radiosu - 90
Hər həftənin
cümə axşamı saat 14:45-də və bazar günü saat
12:00-da diktor efirdə elan edir.
"Beynəlxalq
aləmdə nə var, nə yox, dünyada nələr baş verir. Siyasi
proseslər gələcəyə nələr vəd edir,
Bütün bunlar elə indi siyasi icmalçımız Yasin
Qaraməmmədlinin şərhində..."Dünya bu
gün..."
Mən Yasin müəllimin adını radiodan
tanımışam. Hələ uşaq olarkən
böyüklərin ona diqqətlə qulaq
asdığının şahidi olmuşam. Dünya
haqqında o qədər də böyük bir təsəvvürüm
olmasa da, onun çıxışları fonunda bəzi ölkələrin
adını ilk dəfə məhz radiodan eşitmişəm. Dəfələrlə
qohum-tanışın, eləcə də anamın hər həftənin
müəyyən günləri onu diqqətlə dinlədiyini
görmüşəm. Hətta bir dəfə
anama "maraqlı nə danışırlar ki," deyə
sual da vermişəm. Cavabında eşitdiyim bu sözlər indi də
qulaqlarımdadır. O hər gün televiziyada xaricdə gedən
müharibələrin göstərildiyini söyləmiş,
İranla İraq, Pakistanla Hindistan və s. ölkələr
arasında baş verən gərginlikləri xatırladaraq
onların nəyə görə
savaşdıqlarını öyrənmək məqsədi ilə
radioya qulaq asdığını bildirmişdi. "Müharibələrdən
bizə nə" sualına isə anamın cavabı belə
olmuşdu. Böyüyəndə
anlayarsan. Həyati təsəvvürlərim artdıqca
başa düşdüm ki, Əfqanıstandakı müharibə Azərbaycan
qadınını da əbəs yerə narahat eləmir,
çünki oğlu Sovet ordusunun sıralarında müharibəyə
aparılanda ən böyük zərbəni, əsgər
tabutlarını
analarımız alır. Çernobıl faciəsinin fəsadlarını
aradan qaldırmaq üçün səfərbər olan
sağlam gənclərimiz diri-diri məhvə məhkum
olur...Qarabağ adlı dərd yükümüzün
ağırlığına səbəb olan erməni şovinist millətçilərinin
iştahası və dayaqları genişləndikcə
qaçqın, köçkün soydaşlarımızın
çoxalması, şəhidlərimizin artması müsibətli yaşam tərzimizə
çevrilib və s. Anam deyəndə ki, "Ya rəbbi sən
dünyamızı əmin-amanlıq elə", sən demə
bu sözün həqiqi mənasında fəlsəfi bir yozum,
yaradanın dünyanın sahibindən bir təvəqqesi
varmış.
Yeri gəlmişkən
o vaxtlar heç bir ali təhsil görməyən
anamın radiodan maariflənməsi, bu sadə söhbətlərdən
qidalanması onun dünyagörüşünə təsir
edirdi. Biz də ona baxıb həyatı
büsbütün ondan öyrənirdik. Ucqar bir kənddə
yaşayan təhsilsiz bir qadının maraq dairəsi genşləndikcə
övladlarına
təlqin etdiyi şüurlu fəaliyyət
sonrakı dönəmlərdə bizi müşayiət edən
həyat kredosuna çevrildi...
Çoxları kimi mən də anlamağa
başladım ki, dünyamızda sakitlik olarsa hər şey
düzələr. Fikrimə qüvvət kimi ölkə
prezidenti İlham Əliyevin Mingəçevirdə 2015-ci ildə
səhiyə işçilərinin qarşısında etdiyi
çıxışdan bir məqamı da xatırlamaq yerinə
düşər. Dövlət başçısı dolların
devalvasiyasından sonra çaşqınlıq içərisində
olan insanlara bildirmişdi: "Azərbaycan dünya
iqtisadiyyatının bir parçasıdır... Regionda gedən proseslər istər-istəməz bizə
də təsir göstərir. Son bir il
ərzində MDB məkanında bizim qonşuluğumuzda
yaşanan gərginlik müəyyən dərəcədə
Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərmişdir.
Əsas məsələ ondan ibarət idi ki, biz Azərbaycan
xalqını mümkün olan risklərdən qoruyaq, Azərbaycanda
sabitliyi möhkəmləndirək və xalqımızın
seçimini müdafiə edək..."
Bu nöqteyi-nəzərdən siyasi aləmdə cərəyan
edən hadisələrdən xəbərdar olmaq adi bir fərddən
tutmuş ölkənin ziyalı təbəqəsinə qədər
hamının diqqətini çəkir. 52 ildir ki,
Yasin Qaraməmmədlinin siyasi mövzuda söhbətləri
radiodan böyük həvəslə dinlənilir.
Anlaşıqlı danışıq, rəvan nitq, hadisənin
bütün detalları ilə
təsvir olunması, eyni zamanda gözləniltilərlə
bağlı siyasi ekspertin düşüncələri,
olayın arxasındakı gizli məqamlara toxunuş, mahiyyətdən
doğan bəzi nüansların açılışı və
nəhayət ölkəmizlə
bağlılığı məsələsi, ola bilsin ki, kimə isə xırda görünən,
lakin böyük bir siyasi əhəmiyyət kəsb edən
mövzulara plüralist yanaşma dinləyiciyə məsələni
tamamilə agah edir. Efirdən "siyasi
icmalçımız" kimi təqdim edilməsinin də səbəbi
odur ki, Yasin müəllim Milli radionun öz yetirməsidir, illərini
verdiyi doğma ocağın divarları arasında yetişən
və onun dirçəlişində, intibahında əməyi
olan peşəkar mütəxəssislərdən biridir.
Fəaliyyətə başladığı
gündən indiyə kimi radioda dinləyici ilə ünsiyyətdə
olmağından daima qürur duyur. Bugünün
özündə də illər öncə olduğu kimi yenə
də əvvəlki ovqatla, gözəl əhval ruhiyyə ilə efirə
gəlir, canlı təmasa üstünlük verir.
Y.Qaraməmmədli
1958-1963-cü illərdə V.İ.Lenin adına
Azərbaycan Dövlət Pedoqoji İnstitutunun Tarix-filologiya
fakültəsini fərqlənmə diplomu ilə başa
vurub. 1963-1964-cü illərdə Saatlı və Sabirabadda
tarix, Azərbaycan dili və ədəbiyyatı fənlərindən
müəllimlik edib.
Rayondan qayıtdıqdan sonra peşə məktəbinə
müəllim və sonra qısa müddət Baş Mətbuat
İdarəsində (Qlavlit) senzor vəzifəsində işə
düzəlib. Müəllimi Qənbər Hüseynov
öz tələbəsinin zehni qabiliyyətinə və
intellektual səviyyəsinə bələd olduğundan
onu radioya Xəbərlər
redaksiyasının baş redaktoru Hacı Hacıyevin
yanına gətirib. Burada 1964-cü il,
noyabrın 2-də tərcüməçi kimi fəaliyyətə
başlayıb. 1971-ci ildən isə siyasi şərhçi, böyük
redaktor və baş redaktorun müavini olub. Efirdə
çalışdığı dövrdə ali məktəbdə
ixtisas
aldığı fənlərin mükəmməl bilicisi olduğunu radiodakı iş prosesində
müvəffəqiyyətlə təsdiqləyib. Azərbaycan
Radiosunda keçmiş və müasir dövr tarixini dərindən
tədqiq və
dinləyiciyə doğma dilimizin şirin
danışığı ilə təqdim edən ustad sənətkara
çevrilib.
Radio ilə paralel olaraq elmi-pedaqoji fəaliyyətini də
davam etdirib. Azərbaycan SSR EA Fəlsəfə və Hüquq
İnstitutunda "Bədii xarakter anlayışı"
mövzusunda tədqiqat işi aparıb, bir sıra elmi nəşrlərdə
məqalələri dərc olunub.
1978-ci ildə dissertasiya müdafiə edərək
estetika ixtisası üzrə fəlsəfə elmləri namizədi
elmi dərəcəsi alıb. Eyni zamanda 1975-ci ildən
Azərbaycan Xarici Dillər İnstitutunda, 1978-ci ildən
APİ-də müəllimlik fəaliyyətinə
başlayıb.
1984-cü ilin noyabrında müsabiqə yolu ilə
APİ-nin fəlsəfə kafedrasında baş müəllim
seçilib, 1986-cı ilin mayından 1990-cı ilin
dekabrına qədər həmin kafedranın, sonra isə
institutda onun təşəbbüsü ilə təzə
yaradılan mədəniyyətşünaslıq
kafedrasının müdiri, 1996-1997-ci illərdə Pedaqoji
Universitetin tərbiyə işləri üzrə prorektoru vəzifələrində
çalışıb.
Hazırda ADPU-nun fəlsəfə kafedrasının
dosenti kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir, fəlsəfə,
estetika, etika, mədəniyyətşünaslıq, habelə
Bakıdakı bir sıra özəl universitetlərdə
konfliktologiya və müasir dünya siyasəti fənlərini
tədris edir.
Y.Qaraməmmədli
geniş profilli mütəxəssis kimi xüsusilə
ümummaarif xarakterli nəşrlərə daha çox meyl
edir: "Azərbaycan Sovet Ensiklopediyası"nın IX-X cildlərinin,
"Fəlsəfə ensiklopedik lüğəti"nin (1997)
müəlliflərindəndir, "Davranış
estetikası" kitabını tərcümə edərək
ön sözlə nəşr etdirib (1978), orta məktəb
üçün bir sıra tarix dərsliklərinin tərcüməçisi
və elmi redaktoru olub.
Yasin Qaraməmmədlinin
həm elmi və həm də radiodakı fəaliyyəti yetərincə qiymətləndirilib.
Ölkə başçısının 2012-ci il
18 aprel tarixli sərəncamı ilə o "Əməkdar
jurnalist" fəxri adına layiq görülüb. Beynəxalq
mövzuda olan şərhlərə görə Azərbaycan
Jurnalistlər Birliyinin
H.B. Zərdabi
mükafatını alıb.
Sonralar
tale, qismət elə
gətirdi ki, bir vaxtlar radiodan tanıdığım, adı həmişə
hörmətlə çəkilən görkəmli
ziyalımız ilə bir
kollektivdə, "Xəbərlər"
redaksiyasında
çalışmalı oldum. Yasin müəllim
sözün həqiqi mənasında gözəl insan, gənclərə
arxa, dayaq olan, elmi istiqamətə gedənlərə
yardım edən, yol göstərən, mənəvi dəstəyini
əsirgəməyən əsl müəllimdir. Gördüklərimin şahidiyəm
ki, hamı onun radioya gəlişini səbrsizliklə gözləyir. Bəziləri
siyasi mövzuda
hansısa bir hadisə ilə bağlı analitikin
mövqeyini öyrənmək üçün, kimi də
böyük kimi ona dərdini anlatmaq, məsləhət almaq, görüşmək üçün
qarşısına çıxır. Radionun həyətindən
düz studiyayadək suallar yağışına tutulur...
Yasin Qaraməmmədlinin
bir fərqliliyi də ondadır ki, vaxtilə onunla
çalışan iş yoldaşlarına hörmətlə
yanaşır, dünyadan köçənlərin ehtiramla adını çəkir,
həyatda sağ olanları isə tez-tez yoluxmağı
özünə borc bilir. Bu 50 ildə radioda duz-çörək
kəsdiyi insanları, hətta az bir müddət
çalışdığı kəsləri belə unutmur, onların yas mərasimlərindən
qalmır, bir yoldaş kimi
şad günlərində həvəslə iştirak
edir. Onun bir böyüklüyü də
ondadır ki, yaşından, peşəsindən asılı
olmayaraq kollektivin hər üzvü ilə yaxın ünsiyyətdə
olur, etik davranışı ilə özünə
qarşı hüsn-rəğbət yaradıb. Məhz
bu insani keyfiyyətlərinə, səmimi xasiyyətinə görə Yasin Qaraməmmədli Azərbaycan
radiosunda çoxlarının ən yaxın dostudur. Yasin Qaraməmmədli radionu ziyalı məktəbi
adlandırır və ölkədə mətbuatın
genişlənməsini də demokratiya amili hesab edərək
təqdirəlayiq hal kimi qiymətləndirir. Ancaq
küçə danışıq tərzinin efirə gətirilməsini
heç cürə qəbul edə bilmir. Dahilər
məktəbi yetişdirən Azərbaycan Radiosundan örnək
götürməyi gənclərə məsləhət
görür.
Yasin müəllim zövqlü geyim tərzinə,
üstbaşının səliqə-sahmanına görə də
çoxlarına örnəkdir. Həmişə
şux görkəmdə olan ziyalının sözünə,
davranışına olduğu kimi, geyiminə də ciddi fikir
verməsi, özünə baxımlı olması, əsl
ziyalı qiyafəsində görünüşü radioda
yazıb-yaradanlara ömrün istənilən vədəsində
həyata nikbin baxmağa stimul verir.. Özünün isə həyatda ən
böyük qazancını dinləyicilərin sevgisində
görür. Bu yaxınlarda bazarda göyərti alanda
satıcıya göyərtilərin adını söyləyəndə,
yaşlı qadın başını qaldırıb düz
gözlərinin içinə baxır, səsindən
tanıdığı siyasi şərhçiyə deyir ki,
"bəs biz nə vaxt öz torpaqlarımıza
qayıdacayıq?"...
Minlərlə,
milyonlarla səslərin içərisindən seçilən
bu səsin sahibinə,
bütün həyatını radioya həsr edən,
buranı gözünün bəbəyi, döyünən
ürəyi sayan, ağzındakı dili qədər əziz
bilən, Əməkdar jurnalist Yasin Qaraməmmədlini
"Ana radio"muzun 90 illik yubileyi münasibəti ilə təbrik
edirik.
Şəlalə
MƏHYƏDDİNQIZI
Azərbaycan Radiosunun redaktoru
525-ci qəzet.- 2016.- 25 oktyabr.- S.8.