Rəssamlıq sənətimizdə kolorit
ustası
Böyükağa Mirzəzadə-95
Azərbaycan incəsənətinin tərəqqisinə
layiqli töhfələr vermiş istedadlı sənətkarlar
sırasında onun da adı fəxrlə çəkilir.
O,
davamlı olaraq nümayiş etdirdiyi sənətinin qüdrəti
ilə ölkəmizin sərhədlərindən uzaqlarda da
şöhrət qazanıb. Bundan əlavə
uzunmüddətli pedaqoji fəaliyyəti ilə neçə-neçə
istedadlı gənc rəssamın yetişməsinə və
təsviri sənətimizin zənginləşməsinə əmək
sərf edib. O, yaratdığı əsərləri ilə
Azərbaycan təsviri sənət tarixinə öz
adını əbədi həkk edib desək,
yanılmarıq. Bu unudulmaz sənətkarın
adı Böyükağa Mirzəzadədir (1921-2007).
Tanışlıq üçün deyək ki,
Böyükağa Məşədi oğlu Mirzəzadə
Bakının Fatmayı qəsəbəsində dünyaya gəlib. Rəssam müsahibələrinin
birində ötən günlərə qayıdaraq
xatırlayırdı ki: "Adi kasıb ailədə
böyümüşəm. Atam, anam savadsız
adamlarıydı, özümüz də səkkiz uşaq:
altı oğlan, iki qız idik..." Nə qədər
təəccüblü səslənsə də, onun sənətə
gəlməsi təsadüf nəticəsində olub. Atası onun həkim olmasını
arzulayırdı. Gələcək rəssamın
yoldaşları isə onu sənədlərini rəssamlıq
məktəbinə verməyə inandırırlar. Böyükağa isə cavabında şəkil
çəkə bilmədiyini söyləyir. Buna
baxmayaraq yoldaşları onu "yoldan
çıxarırlar" və tale Böyükağanın
üzünə gülür. Eyni ildə
Böyükağa adlı iki şagird qəbul imtahanı
verir. Əslində elə qəbul olunan da
biz tanıdığımız rəssam yox, digər
Böyükağa olur. Artıq iş işdən
keçir və Böyükağaya ilin sonunadək möhlət
verirlər: "Əgər ilin sonunda Böyükağa
özünü doğrultsa, dərslərini davam etdirər."
Artıq ilin sonunda Böyükağa qabiliyyəti və
çalışqanlığı hesabına rəssamlıq məktəbinin fəal
şagirdlərindən birinə çevrilir. 1939-cu ildə Azərbaycan
Dövlət Rəssamlıq Texnikumunu müvəffəqiyyətlə
bitirir və İ.V.Surikov adına Moskva Dövlət Rəssamlıq
İnstitutuna daxil olur. Lakin İkinci Dünya
müharibəsinin başlanması ilə əlaqədar rəssam
təhsilini yarımçıq qoyur və Bakıya
qayıdır. B.Mirzəzadə 1940-cı
ildən etibarən yerli və beynəlxalq sərgilərdə
fəal iştirak edib. O, 1960-cı ildə Azərbaycan
SSR-nin əməkdar
incəsənət xadimi, 1966-cı ildə Ü.Hacıbəyov
adına Dövlət mükafatına və 1967-ci ildə isə
Xalq rəssamı fəxri adına layiq görülüb.
B.Mirzəzadə
keçmiş Çexoslovakiya, Fransa, İtaliya və digər
xarici ölkələrdə
yaradıcılıq ezamiyyətlərində olub. Rəssamın xaricdə və ölkəmizdə
bir çox fərdi sərgiləri təşkil edilib. Onun əsərləri ölkəmizlə yanaşı
bir çox xarici ölkələrin muzey, qalereya və şəxsi
kolleksiyalarında saxlanılır.
B.Mirzəzadə rəssamlıq sənətinin bir
neçə janrında eyni dərəcədə yüksək
sənət meyarlarına uyğun əsərlər
yaradıb. Rəssamın
süjetli tablo, mənzərə, portret, natürmort, teatr-dekorasiya
nümunələrinə nəzər yetirmiş olsaq, sənətkarın
yaradıcılıq dühasının nəhayətsizliyinin,
cəsarətli rəng yaxılarının, bədii təxəyyülünün və ecazkar
fırçasının qüdrətinin bir daha şahidi
olarıq.
Rəssamın yaradıcılığının səciyyəvi
xüsusiyyətləri kimi kompozisiya
aydınlığını, işıq - kölgə həllində
təsirliliyi, kolorit zənginliyini, plenerə hədsiz
marağını, impressionist ənənələrinə
xüsusi meylliliyini və digər xüsusiyyətləri qeyd
etmək olar.
B.Mirzəzadənin
çoxillik
yaradıcılığı həm çoxşaxəli
və həm də məhsuldar olub. Demək olar
ki, rəssam ömrü boyu yorulmadan çalışıb.
Həm uzun müddət pedaqoji fəaliyyət göstərib,
həm də bir -
birindən maraqlı əsərləri ilə geniş
tamaşaçı məhəbbəti qazanıb.
B.Mirzəzadənin
süjetli tablolarından "Pambıq tarlasında" (1947),
"Pambıq yığımı" (1951), "Çimərlikdə"
(1957), "Günorta" (1963), "Bizim Lənkəranda"
(1963), "Xəzər neftçiləri" (1971), "Bizim
kəndin insanları" (1971), "Səhnə
arxasında" (1972) və digər əsərlərini qeyd
etmək olar.
"Çimərlikdə" adlı əsərində
rəssam Abşeron çimərliklərindən birində
adi həyat hadisəsini fırçaya alıb. Surətlərin
inandırıcı sadə hərəkətləri, isti
günəş şüalarının və sahilin qızmar
qumlarının koloriti ustalıqla təsvir olunub.
"Günorta" adlı əsərində rəssam cənub
bölgələrimizin birində təbiətin qoynunda bir
neçə qadın fiquru təsvir edib. Əlvan geyimli
qadınların iş prosesində olduqları onların əllərindən
və başları üzərində tutduqları zənbillərdən
hiss olunur. Müxtəlif pozalarda təsvir
edilmiş surətlərin hər birinin özünəməxsus
xarakterik xüsusiyyətləri duyğulandırır,
müstəsna hisslər yaradır. Tablonun çərçivəsinə
sığmayan surətlərin təsviri (sanki əhatəli
süjetin bir fraqmenti təsvir edilib) əsərin dinamikliyini və
ekspressivliyini daha da artırır. Sadalanan xüsusiyyətləri
"Bizim Lənkəranda", "Bizim kəndin insanları" və
başqa əsərlərinə də şamil etmək olar.
B.Mirzəzadənin
yaradıcılığında süjetin kətanın
hüdudlarından kənara çıxarılması, plenerdə
işlənilməsi, günəş
işığının bolluğu, bir qədər adi görünən
mövzuların seçilməsi və
obrazların ani, təbii hərəkətlərdə təsvir
edilməsi metodu rəssamın əsərlərində
özünü qabarıq şəkildə büruzə
verir. Onun bu metodla işləməsini rəssamın
impressionist cərəyanına və bu cərəyanın
nümayəndələrinə xüsusi rəğbətinin
olması ilə izah etmək mümkündür.
"Səhnə arxasında" adlı əsərini rəssamın
yaddaqalan əsərlərindən hesab etmək olar. Kompozisiyada
balerinaların çıxışdan əvvəlki vəziyyətləri
təsvir edilib. Surətlərin
hazırlaşdıqları məqam - obrazların bəzilərinin
məşq zamanı keçirdiyi həyəcanlı hissləri,
bəzilərinin intizarla səhnəyə yönəlmiş
nəzərləri yüksək ustalıqla,
duyğulandırıcı boyaların dili ilə bədiiləşdirilib.
Surətlərin daxili psixoloji gərginliyi,
"yüngül" ritmik harmoniyası və tablonun kolorit həlli
mahiranə rəng yaxıları ilə işlənilib və
əsərin bədii təsir qüvvəsi olduqca təsirlidir.
Əsərin rəng qammasında isti - narıncı,
qırmızı, göy rənglərin keçidləri
ustalıqla əlaqələndirilib. Bu əsəri
XIX əsr Fransa impressionisti Edqar Deqanın (1834-1917) eyni
mövzulu məşhur əsərləri ilə müqayisə
etmək olar.
B.Mirzəzadənin işləmiş olduğu portretlərə
tamaşa etmiş olsaq, onun həssas müşahidə qabiliyyətinə
malik olmasını, obrazının daxili mənəvi
dünyasına nüfuz edərək onları mahiranə rəng
yaxıları ilə yaratdığını görərik. Buna misal olaraq "Dirijor
Niyazinin portreti" (1951), "Həyat yoldaşının
portreti" (1961), "Ritanın portreti" (1966), "Gənc
rəssamın portreti" (1967), "Ədilənin
portreti" (1969), "Şıxəli Qurbanovun portreti"
(1969) "Aşıq Ələsgərin portreti" (1972),
"Çəhrayı geyimli qız" (1973), "Şəmsi
Bədəlbəylinin portreti" (1975), "Lətif Kərimovun
portreti" (1977), "Bəstəkar Xəyyam Mirzəzadənin
portreti" və digərlərini qeyd edə bilərik.
"Niyazinin portreti"ndə rəssam dirijoru səhnədə
konsert zamanı təsvir edib. Sənətkarın dəqiq
təsvir edilmiş rəsmi və onun əlindəki dirijor
çubuğunun ritmik hərəkəti obraza peşəsindən
irəli gələn harmonik bağlılıq verir. Rəssam dirijorun daxili mənəvi
dünyasını kolorit həllinin köməyi ilə
tamaşaçıya çatdıra bilib.
"Ritanın portreti"ndə rəssam yarım profildən
irigözlü xanım fiqurunu təsvir edib. Sol əlini
çöhrəsinə söykəmiş vəziyyətdə
nəzərlərini uzaqlara yönəltmiş obrazın
şux görünüşü tamaşaçının
diqqətini cəlb edir. Əsərin
koloriti ustalıqla həll edilib. Qızılı,
gümüşü və göy rəng keçidləri məharətlə
kətanda əbədiləşdirilib.
B.Mirzəzadənin yaratmış olduğu "Çəhrayı
geyimli qız" portretini rəssamın ən uğurlu
işlərindən hesab etmək olar. İstər kompozisiya, istər
kolorit və istərsə də obrazın xarakterinin ifadə edilməsi
baxımından əsər çox uğurla işlənilib
və impressionist cərəyanının ən önəmli
cəhətlərini özündə ehtiva edir. Rəssamın bu əsərini XIX əsr Fransa
impressionist cərəyanının məşhur rəssamı
Pyer-Oqüst Renuarın (1841-1919) portretləri ilə
müqayisə etmək olar.
"Şəmsi Bədəlbəylinin portreti" əsərində rəssam yaradıcı sənət adamının yaddaqalan obrazını boyaların dili ilə bədiiləşdirib. Antikvar saat önündə kresloda əyləşmiş Ş.Bədəlbəyli dərin fikirlər aləminə qərq olub. Əsərdə obrazın yaradıcı gərgin daxili tarazlığı sənətkarın sağ əlini dizinə söykəməsi ilə tarazlanıb. Əsərin kolorit həlli ustalıqla işlənilib.
Lətif Kərimovun portretində Azərbaycan xalçaçılıq sənətinin mahir tədqiqatçısı, görkəmli xalçaçı alimin kresloda əyləşmiş, sol əli kresloya söykəli, sağ əlində fırça tutmuş, dərin mənalı çöhrəsi kətanda uğurla təsvir edilib və tamaşaçıda xoş duyğular yaradır. Həmçinin qeyd etmək yerinə düşər ki, bu il L.Kərimovun anadan 100 illiyi tamam olur.
"Bəstəkar Xəyyam Mirzəzadənin portreti" də diqqətçəkəndir. Oturmuş vəziyyətdə təsvir edilmiş bəstəkarın tamaşaçıya yönəlmiş nəzərləri, onun qırmızı rəngli köynəyinin əhatəsində çöhrəsində ifadə edilmiş xarakterik xüsusiyyətləri daha da xoş təəssürat yaradır. Rəssam bəstəkarın yaradıcı daxili dünyasını ustalıqla kətanda əks etdirə bilib.
B.Mirzəzadənin mənzərələrində şəhərimizin müxtəlif görüntüləri, Xəzər dənizinin şahanə mənzərəsi, vətənimizin dilbər guşələrinin ilham- verici təbiəti həssas rəssam təxəyyülünün yaddaqalan boyaları ilə canlandırılıb. "Bakı mənzərəsi" (1946), "Çənlər" (1953), "Yeddi gəmi adası" (1953), "Göyçə gölü" (1960), "Qala" (1963), "Mavi dəniz. Neft daşları" (1959), "Lənkəran mənzərəsi" (1969) və s. tablolarını qeyd etmək olar.
Rəssamın "Göyçə gölü" adlı mənzərəsində əbədi və əzəli Azərbaycan ərazisi olan Göyçə gölünün romantik mənzərəsi yaradılıb. Əsərin koloriti Göyçə gölünün düşdüyü bugünkü real aqibəti ilə səsləşir.
B.Mirzəzadənin 1963-cü ildə Lənkərana səfərindən sonra rəssamın yaradıcılığına yeni bir nəfəsin gəlişini hiss etmək olar. Rayonun təkrarsız panoramı, əsrarəngiz təbiəti, özünəməxsus təbii landşaftı, əməksevər insanları və digər özəlliklər rəssamın yaradıcılığında xüsusi vəchlə bədii biçimdə tərənnüm olunub. Sadalanan xüsusiyyətləri rəssamın "Lənkəran mənzərəsi" əsərinə də şamil etmək olar. Rəssam bu əsərində şairanə təbiət təsvirinin romantik biçimdə kətana "köçürüb".
Süjetli və portret janrında olan əsərləri açıq təbiət qoynunda təsvir edildiyindən onlara da mənzərə janrının ovqat yaradıcı xüsusiyyətləri xasdır.
O, eyni
zamanda yaddaqalan natürmortlar müəllifi kimi də
tanınır. Bu janrda yaradılmış əsərlərin
ən səciyyəvi xüsusiyyətlərini özündə
cəmləşdirən "Qırmızı çətirlə
natürmort" (1942) adlı əsərini qeyd etmək olar.
B.Mirzəzadə həm də bir çox tamaşalara bədii
tərtibatlar hazırlayıb. Buna misal olaraq
"Qaynana" (1965, Z.Bağırov), "Milyonçunun dilənçi
oğlu" (1966, Ş.Qurbanov), "Bayadera" (1973,
İ.Kalman), "Mənim günahım" (1967, İ.Əfəndiyev)
və digərlərini sadalaya bilərik. Bu tərtibatların hər birinə
məzmunun açılmasına kömək edən bədii ifadəlilik
xüsusiyyətləri xasdır.
B.Mirzəzadənin xarici ölkələrə səfərləri
zamanı yaratdığı əsərləri onun
yaradıcılığının yaddaqalan səhifəsi
hesab etmək olar. Rəssamın iki dəfə
Çexoslovakiyaya səfər etməsi
qarşılığında rəssamın xarici ölkə
mövzularına duyulası marağın olmasından xəbər
verir. Rəssam bu cür əsərləri
ilə bir daha özünün yüksək kolorit ustası
olduğunu sübut edib. B.Mirzəzadəni
Azərbaycan rəssamlığında istedadlı kolorit
ustası kimi qiymətləndirmək tamamilə doğru dəyərləndirmədir.
B.Mirzəzadənin yaradıcılığı
xalqımız və dövlətimiz tərəfindən daim
dəyərləndirilib. Bu yerdə B.Mirzəzadənin 1998-ci ildə ümummilli
lider Heydər Əliyev tərəfindən "Şöhrət"
ordeni ilə təltif edilməsi mərasimində rəssam
haqqında söylədiyi fikirləri xatırlatmaq yerinə
düşərdi: "Böyükağa, mən gənc
vaxtlarımdan səni Azərbaycanın böyük rəssamı
kimi tanımışam. Bilirsən ki, mən rəssamlıqla
o vaxtdan çox maraqlanan bir adamam. Gənc
yaşlarımda mən də rəssam olmaq istəyirdim, rəsmlər
çəkirdim. Böyükağa Mirzəzadə
bizim qarşımızda böyük bir rəssam idi. Ona görə də mən səni heç vaxt unuda
bilmərəm və heç vaxt unutmamışam".
Bu gün haqq dünyasında olan B.Mirzəzadənin Rəssamlıq
Akademiyasına ömrünün ixtiyar çağlarında
xüsusi şövqlə gəlməsi və gənc rəssamlara
sənətin incəliklərini öyrətməsi heç
zaman gənc davamçılarının yaddaşından
silinməyəcək.
Əsəd
QULİYEV
sənətşünas,
AMEA-nın dissertantı
525-ci qəzet.- 2016.- 25 oktyabr.- S.7.