Rəsulzadə yadigarı
RAİS RƏSULZADƏNİN 70 YAŞINA
Düşünürdüm ki, bu yazımda babası haqqında - Azərbaycan Xalq Cümhuriyyətinin banisi olan Məhəmməd Əmin Rəsulzadə ilə bağlı az məqamlara toxunum.
Çünki məqsədim daha çox onun haqqında
oxuculara məlumat vermək idi. Lakin sonradan düşündüklərimə
bir qədər əlavələr etdim: fikirləşdim ki, o,
fərd olaraq necə maraqlı, çətin, əziyyətli,
millətə faydalı (bu haqda aşağıda məlumat
verəcəyəm) ömür yaşasa da, onu daha çox
M.Ə.Rəsulzadənin nəvəsi kimi tanıyırlar. Əslində o, bundan çox da narahat deyil (baxmayaraq
ki, onun adı ilə bağlı bütün həyatı məşəqqətlər
içində keçib, sürgündə doğulub, orada
böyüyüb və s.), lakin bir məqamdan gileylidir ki,
özünün çox gözəl bir rəssam və
pedaqoq olduğu nədənsə unudulur. Elə
indiki 70 yaşı və yubileyi unudulan kimi. Əslində
bu məqaləni yubileyindən əvvəl yazıb (onun
doğum günü noyabrın 1-dir) ictimaiyyətə
çatdırmağımın da başlıca bir səbəbi
var: insanlar onu unutmasın, sevsin, dəyərləndirsin və
yaşatsın! Ona bu yubileyində hansı
mükafatın, ordenin, medalın, fəxri adın veriləcəyi
də önəmli deyil (bu, heç o qədər də
gözlənilmir), əsas odur ki, onu unutmayaq. O, M.Ə.Rəsulzadənin
oğlu Azərin oğludur, böyük bir şəxsiyyətin
nəvəsidir və o nəslin son
davamçısıdır.
Rais Rəsulzadə 1946-cı ilin noyabr ayında
sürgündə - Qazaxıstanın Alma-Ata vilayətinin,
Kirov rayonunun Kirov qəsəbəsində anadan olub. 3
yaşında anası (Şölə xanım) xanım
dünyasını dəyişib. Uşaqlıq
illərindən qardaşı Ramizlə (onun 7 yaşı
vardı) anasız qalmağın əzabını çəkib,
çətinliklə böyüyüb. Karaqanda
şəhərində orta məktəbə gedib və
şagirdlər arasında həmişə fərqlənib.
Onun yaxşı təhsil almaqla yanaşı,
gözəl rəsm əsərləri çəkməyi, məharətlə
şahmat oynamağı da vardı. Karaqandada
orta məktəbdə oxuyarkən şahmat üzrə məktəb
çempionu olmuş, vilayət yarışlarında
iştirak etmişdi. Həmin dövrdə
Qazaxıstan çempionu Boris Kataumovla da heç-heçə
oynamışdı.
O,
şahmat üzrə birinci dərəcəli
şahmatçıdır.
Rəssamlığa isə hələ uşaq
yaşlarından maraq göstərib. Atası Azər Rəsulzadə
gözəl rəssam idi və sürgündəki uşaqlara
rəsm çəkməyi öyrədirdi (qeyd edim ki, Azər
Rəsulzadə ilə 1990-cı ildə Karaqandaya gedib
görüşmüş və ondan geniş məlumatlar əldə
etmişdim. O, sonralar məşhur "Mixaylo" adı
ilə tanınan Mehdi Hüseynzadə ilə Novxanıda
bağ qonşusu olmuş, dostluq etmiş, birlikdə rəssamlıq
sənətini öyrənmişdilər).
Beləliklə, Rais həm də rəssam ailəsində
böyümüşdü. Elə bunun nəticəsi idi ki, orta
məktəbdə oxuya-oxuya, paralel şəkildə qiyabi
olaraq N.K.Krupskaya adına Ümumittifaq
Qiyabi İncəsənət Xalq Universitetində əlavə
təhsil alıb. Belə ki, bu universitet Moskvada
tələbələrin tez-tez sərgilərini keçirirdi.
Onun rəsm əsərləri bu sərgilərdə
daima nümayiş etdirilirdi. Çəkdiyi
rəsm əsərləri sırasında natrümot, mənzərə,
kompozisiya, portret, incəsənət tarixi, rəngkarlıq
texnologiyası vardı. Orta məktəbi
bitirdikdə onun 50-dən çox diqqəti cəlb edən rəsm
əsərləri hazır idi.
1965-1969-cu
ildə isə Ə. Əzimzadə adına
Dövlət Rəssamlıq məktəbini bitirdi. Bu illərdə məktəbin yataqxanasında
yaşamışdı. Yataqxanada isə sonralar Azərbaycan
mədəniyyətinin tanınmış simaları olan Rasim
Balayev, Səməndər Rzayev, Mikayıl Mirzə, müğənni
Qədir Rüstəmov da qalırdılar. Onlarla
aralarında səmimi münasibətdə
yaranmışdı.
Raisin istedadlı rəssam olduğuna aid bir hadisə də
vardır. O,
Rusiyanın Penza vilayətinin Kuznetsk şəhərində
(bu şəhər məşhur
inqilabçı-yazıçı Radişşevin vətənidir)
əsgəri xidmət keçirdi. Orada 12 hərbi
hissə arasında "Hərbi hissənin ən yaxşı
tərtibi" mövzusunda müsabiqə keçirilirdi.
Xidmət etdiyi hərbi hissə müsabiqənin
qalibi oldu. Bu qalibiyyətdə Raisin rəssamlıq
istedadı önəmli rol oynamışdı.
Müsabiqədəki uğurundan sonra hərbi hissələri
Saratovda yerləşən komandiri, polkovnik(albay)
Kazantsev onu özü ilə oraya aparmaq istədi. 15 gündən
sonra onun Saratova aparılması üçün komandir tərəfindən
xüsusi təyyarə göndərildi( bu
adi bir Sovet əsgərinin yüksək istedadının həm
də nümunəsi idi ki, dəyərləndirilirdi).
Saratovda, Baş qərargahda general Karakulko ilə onu tanış etdilər. Bu
tanışlıqdan sonra burada o, xüsusi yaradıcı
tapşırıqları yerinə yetirir, monumental əsərlərlə
yanaşı rəngkarlıq əsərlərini də
yaradırdı.
Ona təklif etdilər ki, xidmətdən sonra qalıb
Saratov Mərkəzində Uşaq bağçasında mozaika
işləri aparsın. Hərbi hissənin generalının təkidli
tələbinə və xahişinə baxmayaraq o, bundan imtina
etdi. Və təbii ki, general bu istedadlı
rəssamın Saratovda qalmasını istəyirdi. Çünki bu müddətdə Rais şəhərin
bir çox kitabxanalarında portretlər işləmiş,
stadionda isə mozaika işləri görmüş və
bunlar hamısı bəyənilmişdi. Onu
isə Azərbaycan, Bakı özünə çəkirdi.
Bura onun Vətəni idi. Burada
onun doğmalarının ruhu yaşayırdı. 1918-ci ildə məhz burada onun babası M. Ə. Rəsulzadə
ilk müstəqil Azərbaycan dövlətini qurmuş,
xalqın başı üzərində üç rəngli
bayrağı dalğalandırmışdı. Burada onun gənc əmisi Rəsul 19 yaşında
güllələnmiş, buradan onun bütün ailəsi və
qohumları sürgün edilmişdi.
Babası M. Ə. Rəsulzadə haqqında ilk bilgiləri
atasından öyrənmişdi (orta məktəbdə
oxuyanda). M. Ə. Rəsulzadənin ilk fotosunu sonradan ona qohumu,
atasının xalası oğlu Oktay Sadıqzadə göstərmişdi.
1971-ci ilin dekabrında Bakıya gəldi. Bakıda
havalar soyuq, qarlı-şaxtalı idi. Vətəndə,
Bakıda qalmağa yer tapa bilmirdi. 2-3 aya qədər
emalatxanalarda, əsasən də qohumu Toğrulun
emalatxanasında qaldı.
Bir müddət sonra öyrəndi ki, bir dəfəlik
sifarişi yerinə yetirmək üçün
qeyri-yaşayış mənzilləri verirlər. İndiki
Süleyman Rüstəm küçəsi-10 ünvanda bir zirzəmini
də ona verdilər (başqa nə etməli, harada qalmalı
idi?).
Həmin zirzəmidən iki maşın zibil təmizlədi. Oranı
özü üçün həm yaşayış yeri, həm
də emalatxana etdi. Zirzəmidə elektrik
və isitmə sistemi olmadığından bir müddət
paltosuna bürünüb oturur, soyuqdan yata bilmirdi (qeyd edim ki,
həmin zirzəmini Rais bəy sonradan mənə də
göstərmişdi).
Zirzəmidə qonşulardan gizli yaşayırdı. Hamı
düşünürdü ki, o, buradan yalnız emalatxana kimi
istifadə edir, axşamlar isə evinə gedir. Kimsənin ağlına gəlməzdi ki, belə
havasız, rütubətli, qaranlıq zirzəmidə bu
dövləti quran şəxsin nəvəsi yaşayır?
Hətta burada yaşamaq icazəsi sənədinə
həkim də baxmış və qol çəkməmişdi.
On bir pilləkən yerin
aşağısında yerləşən zirzəmidə isə
o, dayanmadan çalışır, gecə-gündüz
işləyirdi. Həmin həyətdə yaşayan bir
fotoqraf onun haqqında maraqlı hekayə də
yazmışdı: "Tərki-dünya".
Həmin fotoqrafın Zeynəb Xanlarova haqqında da bir hekayəsi vardı. Hətta qonşular deyirmiş ki, o, heç kimlə danışmağa, görüşməyə meyl etmir, yalnız "padval"da (zirzəmi) işləyir, yəqin orada "pul" rəsmi çəkir.
Bir dəfə isə "uçastkovı" (sahə təlimatçısı) eşidib buraya gəlmiş və təəccüblə demişdi: "Altı ildir burada işləyirəm, belə yerdə yaşadığına inanmazdım".
Amma həyat ağır idi və davam edirdi. Zirzəmi həyatı
səhhətinə pis təsir edirdi və iki ay bərk xəstələndi
də.
Bir dəfə
isə ona dərs deyən bir müəllimlə Qaz idarəsinin
rəisi də bu zirzəmiyə gəldilər və vəziyyətlə
tanış olduqdan sonra buraya tezliklə
qaz xətti çəkdilər. On iki ilə
yaxın o, bu zirzəmidə yaşadı.
1972-ci ildə
Xalq rəssamı Nadir Əbdürrəhmanovun təklifi ilə
V. İ. Lenin adına Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun Bədii qrafika fakultəsinə daxil oldu
və 1977-ci ildə həmin institutu bitirdi.
Rais 1975-ci ildən bir sıra Beynəlxalq, Ümumittifaq
və respublika bədii sərgilərinin
iştirakçısıdır. 1978-ci ildən
keçmiş SSRİ və Azərbaycan Rəssamlar
İttifaqının üzvüdür.
1978-ci ildə
İnstitutu bitirdikdə fəallığını nəzərə
alan rəhbərlik onu dərs demək
üçün "rəsm, heykəltəraşlıq və
boyakarlıq" kafedrasında əvvəl saathesabı müəllim,
sonra müəllim vəzifəsinə irəli çəkdi.
Hazırda isə o, bu institutun dosenti olaraq
işləyir.
Qeyd edim ki, onun rəsm əsərləri Kubada (Havana-1980),
Əfqanıstanda (1980-1981), Polşada (1988), ABŞ-da
(Hyuston-1989) və başqa şəhərlərdə
nümayiş etdirilib.
Son illərdə isə Azərbaycan Respublikası incəsənətinin
Bakıda, Moskvada, İstanbulda açılmış
"Payız", "Yaz", "Novruz" sərgilərində
iştirak edib.
1994-cü ildə onun I fərdi sərgisi,
1995-ci ildə isə II fərdi sərgisi açılıb.
1992-ci ildə rəssam dostları ilə cəbhə
bölgəsinə gedib əsgərlərlə
görüşdülər, onları
ruhlandırdılar.Qayıdandan sonra isə həmin əsgərlərin
portretlərini yaratdılar.
2002-ci ildə
o, Azərbaycan Respublikasının Əməkdar rəssamı
fəxri adına layiq görülüb. Hazırda Azərbaycan mənzərələri
çəkməyə üstünlük verir. Tez-tez rayonlara gedir, təbiəti daha da yaxından
müşahidə edib, tablolara köçürür. Tanıyanlar onu çox sevir, çox dəyərləndirirlər.
Sənətinə vurğun olan bəzi
dostları isə hətta ona şeir də həsr edirlər.
Bir dəfə Almaniyada müalicə olunarkən Raisin
yanına getmişdim. Səfirlik əməkdaşından ona diqqətli
olmalarını xahiş edəndə bu cavabı eşitdim:
"Bilirsiniz, o, elə davranır ki, ona hörmət qoymamaq,
onu dəyərləndirməmək mümkün deyil. Olduqca mədəni və səviyyəli
insandır".
Bu sözləri eşidəndə Stalinin onun babası
M.Ə.Rəsulzadə haqqında dediklərini
xatırladım. ("Stalinlə ixtilal xatirələri
kitabı"ndan). M.Ə.Rəsulzadəni burada
ölümdən xilas edib özü ilə Moskvaya aparan Stalin
ondan heç bir xahişi belə etməyən keçmiş
inqilabçı dostu haqqında deyir: "Qəribə
insandır, bu Rəsulzadə... Heç bir arzu,
heç bir ehtiyac ərz etmir".
1989-cu ildə
onunla professor Murtuz Sadıqovun vasitəsi ilə tanış olmuşdum. O dövrdən 27 il keçir. Biz onunla yaxın
dostuq. O, M. Ə. Rəsulzadənin nəvəsidir, mən
isə onun tədqiqatçısı. Ancaq onu həm də
istedadlı, gözəl rəsm əsərlərinin müəllifi,
tələbələrinin sevimli müəllimi olan bir pedaqoq,
yüksək mənəviyyatlı dost kimi də dəyərləndirirəm.
Rais Rəsulzadə ömrün yetmiş ilini,
xeyli çətinliklə də olsa, mənalı
yaşayıb!
Nəsiman YAQUBLU
tarix elmləri doktoru
525-ci qəzet.- 2016.- 25 oktyabr.- S.6.