Cefri Verbokun
gözyaşları və... alqışlar
Rejissoru
olduğu filmin təqdimatından sonra o, səhnəyə hönkür-hönkür
ağlayaraq çıxdı,
əvvəlcədən vəd
etdiyi kimi, kamançasını götürüb
muğam da ifa etdi və
3 dəfə "Yaşasın,
Azərbaycan" deyərək
tədbirə nöqtə
qoydu...
“Nizami” Kino Mərkəzinə
toplaşanları ən
çox heyrətləndirən
və duyğulandıran
o idi ki, həmin insan azərbaycanlı deyil, okeanın o tayından neçə min kilometrsə
məsafə qət edib bura təşrif
buyurmuş bir amerikalı idi...
***
"Gənc səslər, qədim nəğmə"
etnoqrafik sənədli
filminin Bakıdakı
təqdimat mərasiminə
ölkənin tanınmış
ziyalıları - millət
vəkilləri, KİV rəhbərləri,
mədəniyyət və
incəsənət xadimləri
qatılmışdılar... Tədbir Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı
ilə keçirilirdi.
Məlum,
bu qurum son illər Azərbaycanın
xarici ölkələrdə
təbliğatı baxımından
yetərincə diqqətçəkən
fəaliyyət göstərir.
Özü də hər
hansı şəxsi bir təmənna güdmədən. Bütün bu
işlərin ideya müəllifi Tale Heydərovdu.
Onunla Bakıda ilk dəfə məhz bu tədbirdə
qarşılaşdım. Bundan öncə Tale bəylə bir jurnalist kimi təmasım isə ötən il
Yunanıstan, bu il Fransada olmuşdu.
Hər iki halda prezidenti
olduğu "Qəbələ"
futbol klubu uğurlu nəticələr
göstərib Avropada
sensasiyaya imza atmışdı.
Tale Heydərovun fəaliyyəti,
əlbəttə ki, təkcə futbol və mədəniyyət
meydanı ilə məhdudlaşmır. Böyük Britaniya və Avropanın bir çox ölkəsində
Azərbaycanın siyasi
təbliğatı, Qarabağla
bağlı həqiqətlərin
əcnəbilərə çatdırılması
baxımından da az iş
görülməyib. "Gənc səslər, qədim nəğmə"
filmini də elə bu işlər
sırasına aid etmək
olar.
Filmin təqdimat
mərasimindəki çıxışlar
uzun və yorucu olmadı. Əvvəlcə filmin icraçı prodüseri də olan Tale Heydərov danışdı. Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın muğamın dünyada təbliği istiqamətində
gördüyü işlərdən
bəhs etdi, bu filmin də
həmin təbliğatın
bir parçası olduğunu söylədi.
Qeyd etdi ki, Qarabağ
münaqişəsi ilə
bağlı həqiqətlərin
dünya ictimaiyyətinə
çatdırılması rəhbəri olduğu Avropa Azərbaycan Cəmiyyətinin tutduğu
strateji xətlərdən
biridir. Elə “Gənc səslər,
qədim nəğmə"
filmi də bu məqsədlə çəkilib. Film Bakıdan
əvvəl Londonda təqdim olunub.
Çəkilişlər zamanı maraqlı anlar da yaşanıb
ki, bu haqda
bir qədər sonra söz açacağıq. İndi isə gələk
ekran əsərinin müəllifinə. Amerikalı
Cefri Verboka...
***
Tale Heydərovdan sonra
söz Cefriyə verildi. Təxminən 5 dəqiqə çıxış
etdi. Özü də ana dilimizdə və səlis şəkildə.
Bəli,
Cefri Verbok amerikalı olsa da, Azərbaycan üçün yad sima deyil. Ölkəmizə ilk səfəri yaxın-uzaq
1989-cu ilə təsadüf
edir. Sonra daha neçə
səfərlər. Özünün dediyi kimi, burada
müxtəlif sahələrdən
olan dostları da var. Görüşdüyü
insanlar sırasında
isə kimlər yoxdu ki? Çadır şəhərciyinə məskunlaşmış məcburi
köçkünlər də,
Azərbaycanın mərhum
prezidenti Heydər Əliyev də. Yeri gəlmişkən, H.Əliyevlə görüş
zamanı maraqlı bir məqam diqqət çəkir (bu an filmdə
əksini tapıb). Cefri Verbok ona axşam
Bakıda keçirəcəyi
konsertin ikinəfərlik
biletini təqdim edir. Yüksək yumor hissinə malik olan Heydər
Əliyev isə gülərək deyir: “Bu
bilet ikinəfərlikdi?
Özümlə ücüncü adamı gətirə bilərəm?”
Bəs Cefrini ölkəmizə bu qədər bağlayan nədi? Özünün qeyd etdiyi kimi, bir tərəfdən
xanımının azərbaycanlı
olması, digər tərəfdən də muğama olan sevgisi.
Avropa Azərbaycan
Cəmiyyətinin filmlə
bağlı jurnalistlər
üçün hazırladığı
press-relizdə bu məqama da toxunulub. Məlum olur ki, o,
1972-ci ildə Los-Ancelesdə yaşayarkən
muğamı özü
üçün kəşf
edir. Əvvəllər
Qərb musiqisi yönündə çalışmış
bəstəkar və ifaçı Cefri Verbok əslən dərbəndli olan yaşlı bir dağ yəhudisi Zevulon Avşalomovla rastlaşır: “Onun Azərbaycan kamançasında
ecazkar muğam ifasını eşidir. Bundan sonra bəstəkarlığa
son qoyub muğam ifaçılığını öyrənmək qərarına
gəlir. 15 il ərzində Cefri ilə müəllimi kimi yaxından əməkdaşlıq
edən Avşalomov
1987-ci ildə dünyasını
dəyişir. Cefri ümidsizliyə
qapılır, daha sonra bu qədim
ənənənin canlı
ustalarını tapmaq,
ən əsası isə muğamın dərin sirlərini öyrənmək üçün
Azərbaycana getməyi
qərara alır.
O, bir çox muğam ifaçıları
və musiqiçilərlə
tanış olur. Əlbəttə, onların ifası
mərhum dağıstanlı
müəlliminin ifasından
qat-qat yüksək səviyyədə və daha mürəkkəb idi. Cefri muğamı həmin səviyyədə öyrənmək
üçün davamlı
səy göstərir...”
***
“Mən təsəvvürümə
gətirə bilməzdim
ki, azyaşlı uşaqlar da muğamı bu qədər yüksək səviyyədə ifa edə bilərlər” - Cefri Verbok çıxışında
deyir bunları. Azərbaycana növbəti 2000-ci ildəki
səfərinə toxunur.
Yolu çadır şəhərçiyindən
də düşür.
Sonra ABŞ-a qayıdıb
əl kamerası ilə çəkdiyi videoyazıya baxanda orada 14 yaşlı bir uşağın muğamı necə yüksək səviyyədə
ifa etməsinə heyran qalır. İş elə gətirir ki, 2008-ci ildə Avropa Azərbaycan Cəmiyyətinin sədri
Tale Heydərovla görüşür.
T.Heydərovun təşəbbüsü
ilə də bununla bağlı sənədli filmin çəkilişlərinə start verilir...
14 yaşlı həmin
uşağın artıq
21 yaşı vardı. İndi o hardadı?
Cefri ümumiyyətlə,
çəkilişin hansı
rayonda yerləşən
cadır şəhərçiyində
aparıldığını da xatırlamır.
Beləliklə, başda rejissor
Cefri Verbok olmaqla, çəkiliş
qrupu artıq gənc olan həmin o uşağı
tapmaq üçün
Bakıdan yola çıxır. Əllərində 14 yaşlı o uşağın
videodan götürülmüş
şəkli. Haralarda olmurlar
ki? Saatlı, Sabirabad, Bərdə, nəhayət, İmişli...
Axır ki, gərgin axtarışlar nəticə
verir. Uşağın valideynlərin tapırlar.
Məlum
olur ki, geri, Bakıya qayıtmaq lazımdı.
Həmin uşaq artıq paytaxda restoranlardan birində işləyir...
Görüşəndə Cefri göz yaşlarını saxlaya bilmir.
***
Füzuli rayonundan məcburi köçkün olan həmin gənc də tədbirə qatılmışdı. Təqdimat mərasiminin
sonunda, Cefri Verbok ifasını bitirən kimi “Nizami, hardasan?” deyib o gəncdən ayağa durmasını xahiş etdi.
Hamı
onu alqışladı...
Onları
alqışladı...
Və bu alqışlar həm də ona görə
idi ki, bu
filmdə hər şey vardı. Ən əsası,
xaricdə ingilisin, fransızın, başqa avropalının dərk edəcəyi və maraqla baxacağı hər şey.
Bizim zəngin
mədəniyyətimiz də,
müsibətlərimiz də.
Aydın BAĞIROV
525-ci qəzet.- 2016.- 25 oktyabr.- S.4.