Azərbaycan dilçiliyi
salnaməsində silinməz imza
DİLÇİLİK ELMİMİZİN İNKİŞAFINDA ƏSLƏN ZAQATALADAN OLAN PROFESSOR ƏHMƏD MAHMUDOVUN DA ÖZÜNƏMƏXSUS YERİ VƏ ROLU VAR
Azərbaycan dilçilik elminin görkəmli nümayəndələrindən
biri olan professor Ə.Mahmudov 1913-cü ildə
Zaqatalanın Kebeloba kəndində sadə kəndli ailəsində dünyaya gəlib.
Professor Ə. Mahmudov həm
də Zaqataladan olan, elmi dərəcə
almış ilk alimdir. Oxumağa,
elmə böyük həvəsi olan 5 yaşlı balaca Əhmədi atası Ramazan kişi
kənddə mədrəsəyə
qoyub və o, burada ərəb dili və ədəbiyyatını
öyrənib. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra o, təhsilini Zaqatala şəhər beynəlmiləl
məktəbində davam
etdirib.
Elmə,
təhsilə sonsuz həvəsi olan, ciddi intizamı, təşkilatçılığı ilə seçilən bu yeniyetmə hələ 14 yaşında
ikən məktəbdə
oxumaqla yanaşı, savadsızlığı ləğv
etmək məqsədilə
yaşlılar üçün
açılmış axşam
kurslarında dərs deyib, 100 nəfərə qədər insana oxuyub-yazmağı öyrədib.
1928-ci ildə o zamankı
komsomol təşkilatının
Zaqatala rayon komitəsi
və rayon təhsil şöbəsi bu bacarıqlı gənci təhsilini artırmaq üçün Bakıya-Azərbaycan
Pedaqoji İnstitutu yanında (nəzdində)
fəaliyyət göstərən
pedaqoji fəhlə fakültəsinə göndərib. Elm təşnəsi olan gənc həmyerlimiz pedaqoji fəhlə fakültəsində təhsil
almaqla yanaşı, Azərbaycan Dövlət Dil, Ədəbiyyat və İncəsənət
İnstitutunda işləyib,
proqramların, azərbaycanca-rusca
lüğətin tərtibində
yaxından iştirak edib.
Fəhlə fakültəsini müvəffəqiyyətlə
bitirdikdən sonra o, təhsilini Azərbaycan Pedaqoji İnstitutunda davam etdirib. Ali təhsilini
uğurla başa vuran gənc müəllim doğma Zaqatalaya qayıdıb, bir müddət Zaqatala pedaqoji texnikumunda dərs deyib, eyni zamanda
RXMŞ-nin inspektoru
işləyib,1935-ci ildən isə rayon təhsil şöbəsinə rəhbərlik
edib.
1936-cı ildə gənc
kadrın yüksək
işgüzarlığını, bacarıq və təşkilatçılığını nəzərə alaraq Zaqatala RXMŞ-ı müdirliyindən
Təhsil Nazirliyinə
inspektor-metodist vəzifəsinə
irəli çəkirlər. Onu ibtidai
və orta məktəb müəllimlərinin
attestasiyasını keçirən
komissiyanın üzvü
kimi Şəki, Zaqatala, Qax, Balakən, Oğuz, Qəbələ rayonlarına
təhkim edirlər.
Təhsilini davam etdirmək arzusunda olan Ə.Mahmudov gördüyü
gərgin işlərlə
yanaşı daim elmi-pedaqoji səviyyəsinin
yüksəldilməsinə çalışır, müntəzəm
mütaliə edir, öyrənir, hazırlaşırdı. O, hiss edirdi
ki, elmin zirvələrinə uçmaq
üçün ona möhkəm və güclü qanadlar lazımdır, öyrəndikləri
isə kifayət deyil. Onun gərgin zəhməti,
elmə, təhsilə
həsr etdiyi yuxusuz gecələri tezliklə öz bəhrəsini verir.
Gənc pedaqoq 1937-ci ildə
SSRİ EA Azərbaycan filialının
aspiranturasına daxil olur, eyni zamanda,
burada Dil, Ədəbiyyat və Tarix İnstitutunda kiçik elmi işçi işləyir. Bir il sonra
onu Sankt-Peterburqdakı
- SSRİ EA-nın N.Y.Marr
adına Dil və Təfəkkür İnstitutuna uzun müddətli ezamiyyətə
göndərirlər. Sankt-Peterburqda Əhməd Mahmudov görkəmli dilçi, akademik N.İ. Meşşaninovun rəhbərliyi
altında namizədlik
dissertasiyasını tamamlayır
və 1940-cı ildə
müvəffəqiyyətlə müdafiə edir. Bununla bərabər o, akademiklər
L.V. Şerbanın, L.Z.Zinderin,
İ.İ.Matuşeviçin rəhbərliyi altında
eksperimental fonetika laboratoriyasında işləmiş,
məşhur ərəbşünaslar
Kraçkovskinin, Fuşmanovun,
Semyonovun yanında ərəb dili və ədəbiyyatından
biliklərini təkmilləşdirib.
Uğurlu
müdafiədən sonra
Bakıya qayıdan gənc alim SSRİ EA Azərbaycan filialının Nizami adına Ədəbiyyat və Dilçilik İnstitutunda baş elmi işçi və eyni zamanda,
Azərbaycan Dövlət
Universitetində dosent
əvəzi işləyib,
"Dilçiliyə giriş",
"Ümumi dilçilik",
"Rus və Azərbaycan dillərinin qrammatikası"ndan mühazirələr
oxuyub.
1941-ci ildə Böyük
Vətən Müharibəsi
başlayarkən Ə.Mahmudov
könüllü olaraq
cəbhəyə yollanıb
və döyüşlərdə
iştirak edib. Qanlı döyüşlərdən
birində ağır
yaralanan Ə.Mahmudov müalicə olunduqdan sonra Moskva Hərbi
Dairəsində işləyib
və SSRİ EA Dilçilik
İnstitutunun doktoranturasına
daxil olub.
1946-cı ildə istedadlı
alimi Sovet dövləti İrana elmi ezamiyyətə göndərir. O, Tehranda rus dili kurslarının
direktoru təyin edilir. Ə.MahmudovTehranda işləyərkən elmi axtarışlarını
davam etdirib, son dərəcə gərgin
fəaliyyət göstərib.
İran paytaxtının
elmi arxivlərində
və kitabxanalarında
uzun araşdırmalarından
sonra o, M.F.Axundovun əlifba layihələrini
tapıb və nadir tapıntılarını 1953-cü ildə Azərbaycan SSR EA-nın əsərlərində
(dil və ədəbiyyat seriyası)
dərc etdirib.
İstedadlı alimin Tehran Universitetində
rus dilini öyrənən tələbələr
üçün yazdığı
"Rus dili" dərsliyi universitetin
professor, müəllim heyəti,
tələbələri tərəfindən
böyük maraq və ehtiramla qarşılanıb.
Alim sonralar hazırkı İqtisad Universitetinin rus, Azərbaycan və xarici dillər kafedrasına, 1956-1961-ci illərdə
isə Bakı Dövlət Universitetinin rus dilçiliyi kafedrasına rəhbərlik
edib.
1961-ci ildə Ə.Mahmudovu o zamankı M.F.Axundov adına Azərbaycan
Pedaqoji Dillər İnstitutunun elmi işlər üzrə prorektoru vəzifəsinə
təyin edirlər. O,
eyni zamanda həmin ali
məktəbin rus dili və onun
tədrisi metodikası
kafedrasına müdirlik
edir.
1964-cü
ildə yüksək ixtisaslı kadr kimi Sovet Dövləti
Ə.Mahmudovu Misirə
göndərir, alim məşhur Qahirə Universitetində rus dili professoru vəzifəsində çalışır.İstedadlı
alim məhsuldar elmi yaradıcılığını
burada da uğurla davam etdirir. O, Qahirə Universitetinin "Ali məktəb"
adlı jurnalında onlarla elmi məqalə
çap etdirir.
Əhməd müəllim Qahirə
Universitetində işləyərkən
Tehran Universitetində başladığı
xeyirxah işini davam etdirərək ərəb tələbələri
üçün "Rus
dili" dərsliyi yazır və onun bu işi
Misir ictimaiyyəti tərəfindən çox
yüksək qiymətləndirilir.
1969-cu ildə alim
həyatında daha bir parlaq müvəffəqiyyətə
imza atır. O, filologiya
elmləri doktoru alimlik dərəcəsi almaq üçün
"Müasir rus və Azərbaycan dillərinin müqayisəli
fonetikasının elmi
əsasları, onun nəzəri və praktik əhəmiyyəti"
mövzusunda dissertasiyasını
çox böyük uğurla müdafiə edir.
İstedadlı alim olan Ə.Mahmudov
Azərbaycanda dilçilik
işinin quruculuğu
sahəsində də
fəal iştirak edib. O, Azərbaycan dili
üzrə Dövlət
Orfoqrafiya Komissiyasının
üzvü kimi böyük işlər görüb. Ə.Mahmudovun Azərbaycan dilinin
əlifba, qrafika, orfoqrafiyası sahəsində
də çoxlu tədqiqatları vardır.
Avar xalqının
görkəmli oğlu
olan Ə.Mahmudov əsl poliqlot idi. O, ərəb dilini
mədrəsədə, fars dilini orta məktəbdə, rus dilini ali
məktəbdə, alman
dilini aspiranturada öyrənib, Azərbaycan
dilini isə öz ana dili
kimi digər azərbaycanlılar tək
körpəlikdən bilirdi.
Alimin bu qiymətli keyfiyyətini görkəmli
Azərbaycan dilçisi,
akademik, əməkdar
elm xadimi M.Şirəliyev
1974-cü ildə keçmiş
SSRİ Pedaqoji Elmlər
Akademiyasının orqanı
olan "Milli məktəblərdə rus
dili" jurnalında Ə.Mahmudov haqqında yazdığı geniş
məqaləsində belə
təsvir edib: "Ə.Mahmudov avarlara Azərbaycan və rus dillərini, azərbaycanlılara rus, ruslara Azərbaycan, ərəb və farslara isə rus dilini öyrətmişdir..."
Ə.Mahmudov ötən əsrin
50-ci illərində azərbaycandilli
rus məktəblərinin
V-X sinif şagirdləri
üçün iki hissədən ibarət
"Azərbaycan dilinin
qrammatikası" adlı
kitabını yazıb
və bu əsər o dövrün
ən mükəmməl
dərsliklərindən biri
kimi elmi ictimaiyyət tərəfindən
yüksək qiymətləndirilib.
İstedadlı alim olan Ə.Mahmudov
elmi yaradıcılığı
ilə pedaqoji fəaliyyətini səmərəli
şəkildə uzlaşdırıb,
respublikamız üçün
yüksək ixtisaslı
dilçilərin və
metodistlərin hazırlanmasında
fəal iştirak edib, bir sıra
aspirantların və elmi işçilərin elmi rəhbəri olub.
Ə.Mahmudov anadan olmasının 60 illiyi ilə əlaqədar məhsuldar
elmi yaradıcılığına
və pedaqoji fəaliyyətinə görə
respublika Təhsil Nazirliyinin "Fəxri fərmanı" ilə təltif olunub. Görkəmli alim həmçinin çoxlu orden və medallarla təltif edilib.
Respublikamızın görkəmli dilçi alimi, professor Ə.Mahmudov
1980-ci ildə Bakı
şəhərində dünyasını
dəyişib.
Professor Ə.Mahmudovun Azərbaycan dilçilik elminin inkişafındakı
böyük xidmətləri,
elmi pedaqoji fəaliyyəti heç zaman unudulmayacaq.
Həşim İSMAYILOV
Pedaqogika üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2016.- 26 oktyabr.- S.4.