Hər insanın bir
yazılıq dünyası...
İllərlə adı hörmətlə anılan ancaq tanımadığın dəyərli
insanlar haqqında ya maraqlı yazıya, ya da bütöv bir kitaba rast
gələndə xəzinə
tapmış kimi olursan.
Ömrünün 50 ildən çoxunu
jurnalist peşəsinin
işığında yaşayan
xeyirxah insan İdris Hacızadənin bu il çap olunmuş "Dünyamızın bəzəyidir
insanlar" adlı kitabını vərəqləyərkən
eyni hissi keçirdim.
"Ecoprint" nəşriyyatında
çap olunmuş 350
səhifəlik kitabın
giriş sözündə
müəllif bildirir ki, on illər boyunca tanıdığı,
araşdırdığı dəyərli insanlar və onlar haqqında
qələmə aldığı
yazıları bir araya gətirərək kitab
halında çap etdirmək qərarına gəlib. Kitaba Böyük Vətən Müharibəsi iştirakçısı,
şair Fətəli
Sahib, bütün türk
dünyasının ölməz
şairi Bəxtiyar Vahabzadə, kristalloqraf alim, böyük ziyalı Xudu Məmmədov, polkovnik leytenantı Şahlar Quliyev, Əməkdar incəsənət xadimi Yasif Nəsirli, canlı korifey Flora Kərimova, millət vəkili Qənirə Paşayeva və başqaları haqqında
maraqlı yazılar toplanıb.
Bizim üçün kitab o vaxt dəyərli olur ki, ondan nəsə öyrənirik, nəsə götürürük. İdris Hacızadənin kitabı isə nəinki bu günün, gələcəyin oxucusuna da maraqlı olacaq. Parlaq əməllər sahibi olan bu dəyərli insanlar haqqında nəsə öyrənmək istəyən oxucu bu ensiklopedik kitaba müraciət edəcək.
İdris Hacızadə 5 sentyabr 1937-ci ildə Masallı rayonunda doğulub. 1963-67-ci illərdə S.M.Kirov adına ADU-nun (indiki BDU) jurnalistika şöbəsində təhsil alıb. Elə o vaxtdan mətbuatda çalışır. Uzun illər "Kino yenilikləri", "İmpuls", "Məşəl", "Yeni era" qəzetlərində baş redaktor, "And", "Gələcək gün", "Naxçıvan", "Faktlar" və digər qəzetlərdə, eləcə də "Zəriflik" jurnalında redaktor kimi çalışıb. Hazırda Təhsil Nazirliyinin orqanı olan "Təhsil" jurnalında şöbə redaktorudur. Onun "İşıqlı ömür" ( neftçi-alim Nuru Nuriyevə həsr olunub), "Qayıt, əzizim" və indi haqqında məlumat verdiyimiz "Dünyamızın bəzəyidir insanlar" adlı kitabları nəşr edilib. Tərcümə kitabları isə nəşrə hazırlanır.
Sonda İdris müəllimə dərin təşəkkürümü də bildirməliyəm. Nədən ki, heç gözləmədiyim halda mənim 13 il bundan əvvəl çap edilmiş ilk kitabımla bağlı yazdığı yazını da bu topluya daxil edib. Gözünüzün nuru, qəlbinizin odu əskik olmasın, İdris müəllim!
Mina RƏŞİD
525-ci qəzet.- 2016.- 26 oktyabr.- S.4.