Böyük ədibin arzuları və günümüzün nikbin mənzərəsi

 

 

Məmməd Səid Ordubadinin Şərqi Qərbi təsvir edən əsərlərindən biri olan "İki cocuğun Avropaya səyahəti" əsərini bir neçə dəfə mütaliə etmişəm.

 

1908-ci ildə Bakıda Haşımbəy Vəzirovun redaktorluğu ilə nəşr edilən "Tazə həyat" qəzetində əski əlifba ilə çap olunmuş bu əsəri oxuyarkən düşünürdüm ki, Qərb ölkələrini rəğbət boyaları ilə təsvir edən böyük tarixi romanlar müəllifi Məmməd Səid Ordubadi bəs özü düşünürdü?

 

Qeyd edək ki, adıçəkilən əsərdə iki iranlı gəncin Avropaya səfəri təsvir olunur. Onlar Ordubaddakı tələbə yoldaşlarına məktublar yazırlar. Məmməd Səid Ordubadinin bu əsərində Şərq Qərbin müqayisəsi, milli oyanışa, dirçəlişə çağırış motivi öz əksini tapıb. Müxtəlif Avropa ölkələrindən göndərilmiş 10 məktub əsasında qurulmuş əsərə diqqət etdikdə, ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda o dövrün çətinlikləri gəlir gözlərimiz önünə, indi analoqu olmayan böyük sürətli inkişafın şahidləri olduğumuzu bir daha dərk edirik. Ədib yazırdı:

 

"Berlin küçələri nəhayət təmiz olduğundan maəda (başqa), caddələr elektrik ziyası ilə tənvir edildiyindən qırx qədəm (addım) kənarda səyahət edən nəmsə xanımlarının kirpiklərini də asanlıqla görmək mümkündür. Qardaşım, məlumunuz olsun ki, Berlin şəhərindən layiqincə sizə məlumat vermək istəsəm "Min bir gecə" hekayəsi kimi bir divan yazmaq lazım gəlir. Fəqət sizə ərz edirəm ki, Berlin şəhərinin binalarının əzəməti dünya memarlıq sənətinin gözəlliyi ilə şöhrət və mübahat qazanmışdır. Təsisati-elmiyyənin (elmi müəssisələrin) ikmal dərəcəsinə yetməsi, caddələrin vüsət və zinəti, ədəbiyyat və mətbuatın, sənaət və ticarətin tərəqqisi ilə ParisLondondan başqa cümlə cahana təvəffüq (üstünlük) etmişdir. Berlinin Elmi-Hüquq Akademiyası, Dillər Darülmaarifi, elmi-asari-qədimə cəmiyyəti həştad nəfər fərasətli və dirayətli müəllimlərin öhdəsinə verilib. Hökumət və millətin də pulu kamali-məmnuniyyətlə bu yollarda sərf edilməkdədir. Darülfünunlarda Osmanlı-türk tələbələri görünürsə də, Germaniya ilə Osmanlının həmticarət olmasından naşidir. Burada müəllimlərin uşaqlarına o qədər nəvazişli və məhəbbətli gördük. Almanlar vətən və millətlərinə lazım olmayan sözlər danışmayıb, ancaq danışıqları millət və vətənə aiddir".

 

Avropa qadınlarını azadfiravan təsvir edən sənətkar əsərində alman qadınlarının şuxluqları və gözəlliyini, Belgiya xanımlarının isə sadəliyi və ismətini müqayisəli şəkildə oxuculara təqdim edir. Adət-ənənələrinə riayət edən Belgiya xanımlarının sənətkara daha xoş gəlməsinin səbəbi, təbii ki, həmin qadınların öz adət-ənənələrinə bağlılığı ilə izah edilə bilər. Onların geniş təsvirinə yer verilən "Beşinci məktub"da sənətkar bir meşədə (istirahət guşəsində) Beljik qadınının öz körpəsinə verdiyi öyüdlər və tarixi məlumatlardan bəhs edir. Çox güman ki, bu səhnəni təsvir etməklə yazıçı demək istəyir ki, uşağı tərbiyə etmək, ilk növbədə, ailə fərdlərinin vəzifəsidir. Ailə fərdlərinin savadlı olması uşağın gələcək həyatında böyük rola malikdir. Əsərin bu hissəsində Beljik qadının biliyi ilə bərabər, övladına olan dərin məhəbbətinin də təsviri verilir: "Sonra elmli xanım uşağına Misirdə, Hindistanda İngiltərənin istibdadını açınca, bala: "Ana, onların uşaqları bəs necə yaşayırlar?- deyincə, anası uşağı ağuşuna (qucağına) çəkincə bizi böht və heyrət içində qoydu".

 

Fransızları isə elmə, biliyə qiymət verən xalq kimi tanıdan ədib digər məktubda yazırdı: "Parisdə korkar kimsələr üçün hərflərin şəklini təşkil edib, elm oxudurlar. Müsəlman da elmsiz qalmış. Şəhla gözlü cavanlarımıza bir ibrət daha!..

 

Paris küçələrinin gözəlliyi və elmi təsisatlarının bərəkəti ilə cümlə Yevropa paytaxtlarına təfəvvüq etmişdir ki, dünyanın hər guşəsindən özünə tələbə və misafir cəlb etmişdir. Bugünkü gündə elə bir dil, elə bir kitab yoxdur ki, burada tələbələrə təlim və tədris edilməsin. Parisdə dilə, əxlaqa və tarixə dair o qədər əsərlər, o qədər rəsmlər tədarük və tərsim edilmişdir ki, günü-gündən Fransa mətbuatının cavanlanmasına böyük isbatdır. Fransızlar ümumi dilçiliyin təftişində o qədər çalışmışlar ki, kürəyi-ərzdə iki min dərəcəsinə çatmış qədər təkamül edilən dillər haqqında məlumati-nafiə kəsb və əxz etmişlər. Berlində olduğu kimi, Parisdə də füqəra və qeyrilərinə tədavi üçün pulsuz xəstəxanalar vardır. Parisdə on üç gün dolanıb bir nəfər olsa sail (dilənçi), əl açan görmədik. Parisdə yoldan çıxanları yola gətirmək, fəna, məsləksiz və bədrəftarda olanları islahedici cəmiyyətlər vardır ki, hər birisi öz millətlərinə özlərincə böyük xidmətlər əda edirlər. Parisdə muzeylərin, teatrların, Kral saraylarının və sair elmi təsisatların tamaşalarını yazacaq olarsam, əqəllən Parisdə iki il qalmaq lazım olar. Parisdə "Sarbon" darülfünunu, "Kollej de Frans" və "İnstitu de Frans" ali məktəb binaları dünyaya əngüştnüma olduğunu da yazmaq istəyirəm".

 

Əsərin, sadəcə, iki şəhərin gəzintisinə həsr olunan hissələrini oxuduqda, görəsən, niyə Məmməd Səid Ordubadi qədər həyəcanlanmadım? Ağlıma gələn ilk fikir isə bu oldu: "Bunların ki, hamısı hal-hazırda Naxçıvanda mövcuddur". Və bir anlıq düşündüm: Görəsən, böyük tarixi roman ustadı Naxçıvanın indiki inkişafını görsəydi, nə düşünərdi?

 

Bu gün Naxçıvan Muxtar Respublikasında həyata keçirilən uğurlu inkişaf strategiyası, aparılan geniş tikinti-quruculuq işləri paytaxt şəhərimiz Naxçıvanla yanaşı, rayon mərkəzlərini, qəsəbə və kəndlərimizi də əhatə edib. Müasir arxitektura üslubunda inşa edilərək istifadəyə verilən yeni sosial obyektlər, inzibati binalar, yaradılan istehsal sahələri, açılan yeni yerləri, ilk növbədə, əhalinin sosial problemlərinin həllinə və nəticə etibarilə, insanların məskunlaşmasına, onların həyat səviyyələrinin yaxşılaşmasına, bölgələrin inkişafına səbəb olub. Zəngin tarixi və mədəniyyəti, gözəl təbiəti ilə seçilən qədim Naxçıvan bu gün həm də abad yaşayış məntəqələri ilə Azərbaycanın nümunəvi regionlarından birinə çevrilib. Naxçıvanda fəaliyyət göstərən uşaq bağçaları körpələrimiz üçün ideal rahatlıq bəxş edir. Orta məktəblərimizdə şagirdlərin yüksək səviyyədə bilik almaları üçün hərtərəfli şərait yaradılıb.

 

Naxçıvanda mədəniyyətin inkişafına diqqət də yüksək səviyyədədir. Burada fəaliyyət göstərən kitabxanaların sayı getdikcə artır və belə mədəniyyət müəssisələri klassikmüasir Azərbaycan, həmçinin dünya klassiklərinin ən görkəmli əsərləri ilə zənginləşdirilib. Belə ünvanlarda dünyanın bir çox ölkəsində nəşr olunan bədii, tarixi, elmi, psixoloji əsərlər yer alıb. Avropa kitabxanalarında "Səfillər" əsərinə işarə edərkən heyrətlənən Məmməd Səid Ordubadi kitabxanalarımızın indiki zənginliyini görsəydi, yəqin ki, çox şad olardı.

 

Naxçıvanda elmin inkişafı yeni müstəviyə qədəm qoyub. Muxtar respublikanın ali məktəbləri dünyanın bir çox ölkələrindən elm, təhsil almaq üçün Vətənimizə üz tutan tələbələrə qucaq açıb. Naxçıvan Dövlət Universiteti, "Naxçıvan" Universiteti, Naxçıvan Müəllimlər İnstitutu elm və təhsil bazası ilə birlikdə tələbələr üçün yaradılan ekzotikrahat yataqxanaları və sair başqa şəraiti ilə göz oxşayır. Bu gün Naxçıvanda tələbə olmağavar ki?!

 

Nərgiz İSMAYILOVA

525-ci qəzet.- 2016.- 27 oktyabr.- S.7.