Naxçıvan və İrəvan
xanlıqları tarixinin yeni aydınlanan səhifələri
YAXUD TARİXİ FOTOŞƏKİL
ƏN YAXŞI TƏDQİQAT ƏSƏRİDİR
Görkəmli sərkərdə Cəmşid
Naxçıvanskinin Naxçıvan şəhərindəki
ev-muzeyində orijinal bir fotoşəkil var. Bu tarixi fotoşəkli
ilk dəfə 2004-cü ildə "Şərq
qapısı" qəzetində çap etdirmişik.
Elə həmin yazıda bildirmişdik ki, bu fotoşəkillə
bağlı araşdırmalara başlamışıq. İndiyədək
bir çox kitablarda, jurnallarda və muzeylərdə maraqla
qarşılanan bu fotoşəkildəki şəxsiyyətlərin
bir neçəsi dəqiqləşsə də,
axtarışlara, araşdırmalara son nöqtə
qoyulmamışdı. Biz istəyirdik,
şəxsiyyətlərin kimliyi dəqiq müəyyənləşdirilsin.
Çünki hiss edirdik ki, müəyyənləşdirmədə
ehtimallar da var. Artıq bir ay olar ki,
araşdırmalarımıza nöqtə qoyulub desək, səhv
etmərik. 2004-cü ilədək çox az
adamların gördüyü bu fotoşəkildəki şəxsiyyətlərin
kimliyi və fəaliyyəti haqqında öyrəndiklərimizi
oxucularla da bölüşmək arzusundayıq.
Qeyd edək ki, axtarışlarımızın uğurlu
nəticələnməsinə "Avrasiya Gündəliyi"
portalındakı müsahibə səbəb oldu. Bu ilin iyun ayında
Bakıda Dünya Azərbaycanlılarının IV
Qurultayı keçirildi. Qurultaya gələn
nümayəndələrdən biri də İrəvan
xanlarının qürbətdə yaşayan varislərindən
olan Turhan Turqut idi. Onun "Avrasiya Gündəliyi"
portalında müsahibəsi çox maraqla
qarşılanmışdı.
Turhan Turqutun müsahibəsi, bir növ, ümumi xarakter
daşıyırdı. Yəni o, İrəvan xanlarının
şəcərəsinin dərinliyinə getməyərək
bəzi maraqlı, vacib məqamlardan söhbət
açmışdı. Necə deyərlər,
maraq mənə də güc gəldi. Çünki
Naxçıvan xanlığının tarixini
araşdırarkən İrəvan xanlığı ilə
bağlı bir çox məsələlər də mənim
üçün aydınlaşmışdı.
Turhan Turqutla elektron poçt vasitəsilə
tanışlıqdan sonra bir müddət hər gün məktublaşdıq. Onun haqqında bir az sonra.
Məqalədə bəzi məsələlərə
daha ətraflı aydınlıq gətirmək
üçün İrəvan xanlığının tarixinə
azacıq da olsa, ekskurs edək.
Bir çox arxiv mənbələrindən və İrəvan
xanlığına aid yazılmış kitablardan məlum
olur ki, Həsənəli xan Qacar 1755-1759-cu illərdə
İrəvan xanlığını idarə etmişdir. "İrəvan
xanlığı: Rusiya işğalı və ermənilərin
Şimali Azərbaycan torpaqlarına köçürülməsi"
monoqrafiyasında öz əksini tapan Həsənəli
xanın İrəvanın yerli Qacarlarından olduğu haqda məlumatı
bir çox mənbələr təsdiqləyir. Və oradaca qeyd edilmişdir ki, Həsənəli
xan Qacar hələ Nadir şah dövründə İrəvan
hakimi olmuş və şah tərəfindən cəzalandırılaraq
hər iki gözü çıxarılmışdı.
1759-1760-cı illərdə onu qardaşı
Hüseynəli xan Qacar əvəz etmişdir.
Buradaca bir haşiyə çıxmaq maraqlı
olardı.
Şəcərəşünas alim Ənvər Fərəcov
"İrəvan xanları, onların mənşəyi, nəsilləri"
adlı məqaləsində yazır: "Həsənəli
xan İrəvanı yenidən qurmuş, iqtisadiyyatını
dirçəltmiş, əhalisini yaxşı yaşamla təmin
etmişdi. Həsənəli xanın Məhəmməd
xan, Məhəmmədəli xan adlı oğulları
vardı".
Ənvər Fərəcov məqaləsini farsdilli sənədlər
əsasında hazırladığından buradakı məlumatlar
yenidir. Onun yazdığından məlum olur ki, 1827-ci ilin
iyununda Naxçıvandakı Abbasabad qalasında gedən
döyüşlərdə 4 min bəxtiyarı və azərbaycanlı
sərbazlara Məhəmməd xan başçılıq
edirmiş. Rusiya qoşunları qalanı
tutandan sonra onu da Tiflisə əsir aparmışdılar.
Tədqiqatçı-alim Həsənəli xanın və
Hüseynəli xanın atasının Xəlil xan olduğunu
da qeyd etmişdir. Bu, həmin Xəlil xandır ki,
1751-1755-ci illərdə İrəvana xanlıq etmişdir.
İrəvan şəhərində anadan olan Hüseynəli
xan mükəmməl mədrəsə təhsili
almışdı. O, qurucu, səxavətli bir xan olmuşdur. Hətta o, İrəvan şəhərini yenidən
qurmaq üçün Xoy xanlığının baş
memarı Mirzə Cəfəri İrəvana dəvət
etmişdi. Bu haqda "İrəvan
xanlarının diplomatik məktubları"
külliyyatında ətraflı məlumat vardır. Görkəmli Azərbaycan memarı Mirzə Cəfər
Xoylu məşhur Yeni Xan Sarayını tikmişdir.
Azərbaycan memarlığının nadir incilərindən
olan Göy məscidi Hüseynəli xan tikdirdiyi
üçün onun şərəfinə hələ
sağlığında və sonralar da bu məscid Hüseynəli
xan məscidi adlanırdı. Həmin məscidi
1988-ci ildə erməni vandalları yandırmışlar.
1783-cü
il noyabrın 9-da qiyamçılar
Hüseynəli xanı öldürmüşlər.
Hüseynəli xan Naxçıvan xanı I Kalbalı
xanın və Xoy xanı Əhməd xanın qayınatası
idi. Hüseynəli xanın Qulaməli xan və Məhəmməd
xan, Məhəmmədqulu xan adlı oğulları, Tükəzban
xanım və Səltənət xanım adlı
qızları olmuşdur. Digər övladları da ola bilər, hələlikdə kameral
siyahılarda yuxarıda qeyd etdiklərimizin adlarına rast gəlmişik.
Qulaməli xanın 15 yaşı vardı. Atasının
ölümündən sonra onu xanlıq taxtına əyləşdirmişlər.
Və o, cəmi 8 ay hakimiyyətdə qala
bilmişdir. 1783-cü ildə hakimiyyətə
gəlsə də, 1784-cü ilin yayında saray
çevrilişi zamanı qətl edilmişdir. Onun yerinə 12 yaşlı Məhəmməd xan (bəzi
mənbələrdə Məhəmmədhüseyn
yazılıb - müəllif) təyin olunmuşdur. Məhəmməd xan da atası Hüseynəli xan
kimi qurucu və xeyirxah bir xan olmuşdur. O, kürəkənləri
naxçıvanlı I Kalbalı xanla çox vaxt eyni
diplomatiya apardığından Fətəli şahın qəzəbinə
gəlmiş və 1806-cı ildə tutulub Tehran həbsxanasına
aparılmışdı. Qeyd edək ki, o, hələ
Ağa Məhəmməd şah Qacarın da hakimiyyəti
dövründə həbs edilmişdi. Sənədlərin
dili ilə desək, Məhəmməd xan 1784-cü ildən
1805-ci ilin iyununa qədər İrəvana xanlıq etmişdir
(1797-ci ildə üçaylıq fasilə olub).
Məhəmməd xanın Rzaqulu xan, Həsənəli
xan, Hüseynəli xan və Məhəmmədhüseyn xan
adlı oğulları olmuşdur.
Ənvər Fərəcovun yazdığına görə,
onların üçü şair olub. Qeyd edək
ki, Xəlil xanın 3-cü oğlu Məhəmmədhəsən
xanı 1783-cü ildə qardaşı Hüseynəli xanla
birlikdə öldürmüşlər.
Ənvər Fərəcovun araşdırmalarında
İrəvan Qacarlarının bu qolu Ziyadlılar kimi qeyd
olunmuşdur.
Bəzi kitablarda onlar Dəvəli Qacarlar kimi
yazılmışdır. Xarici ölkələrdə
yaşayan varislər isə Turqutlar olduqlarını
yazırlar. Bizcə, irəvanlı
Hüseynəli xan Dəvəli Qacarlardandır. Hər halda bunun ciddi araşdırmaya ehtiyacı var.
Çünki İrəvan xanlığında Dəvəli
şəhəri olub və Sovet hakimiyyəti illərində
bu şəhəri Ararat adlandırıblar.
1806-cı
ilin dekabrından 1827-ci il oktyabrın 13-dək
İrəvana xanlıq edən Hüseynqulu xan Qacarın və
qardaşı Sarı Aslanın (Həsən xanın)
Hüseynəli xanla qohumluğu haqda hələ ki,
baxdığımız sənədlərdə məlumata
rast gəlmirik. Gürcüstan Milli Arxivində
İrəvan xanı Məhəmməd xanın qardaşı
Məmmədqulu xana məxsus olan bir arxiv qovluğunda onun hərbçi
olması haqda məlumat vardır. Həmin
sənəddən məlum olur ki, hərbi rütbəsi
kapitandır. İrəvan
xanlığı Rusiya tərəfindən işğal ediləndən
sonra da İrəvanda yaşamış və xanlıq titulunu
ondan almamışlar. Qeyd edək ki, ona məxsus
arxiv işinin üzərində "Kapitan Məmmədqulu
xan" yazılmışdır.
Məmmədqulu xanın oğlanlarından biri
Mehbalı xan olub. Bəzən sənədlərdə
Möhbalı, Möhübəli xan kimi də qeydlərə
rast gəlinir.
Naxçıvan
tarixinin XIX yüzilliyin ikinci yarısından üzübəri
açılmamış səhifələrini
araşdırarkən İrəvan xanlarının varislərindən
olan Abbasqulu xan İrəvanskinin adına
tez-tez rast gəlirik. Bizim
araşdırdığımız fotoşəkildə
Abbasqulu xan İrəvanski ortada əyləşmişdir.
Abbasqulu xan Mehbalı xan oğlu, təxminən, 1830-cu
ildə İrəvan şəhərində doğulmuşdur. Babası Məmmədqulu
xan 1846-cı ildə vəfat edəndə Abbasqulu xanın 16
yaşı vardı. Abbasqulu xan gənc
yaşlarından İrəvan quberniyasında nüfuzlu şəxsiyyətlərdən
biri olmuşdur. Onun İrəvan şəhərində
1860-cı ildən gördüyü işlər haqqında o
dövrün mətbuatı da ətraflı məlumat verir.
Abbasqulu xan dövrünün ziyalısı kimi
tanınmış, İrəvan Şəhər Dumasına
üzv seçilmişdir (1882-1899). O, maarifçilik
işlərində də öz maddi köməyini əsirgəməmişdir.
Abbasqulu xan İrəvan rus-türk məktəblərinin
fəxri nəzarətçisi vəzifəsini
daşımaqla bərabər, xeyriyyəçilik də
etmişdir. Onun haqqında "Qafqaz təqvimi"ndə
və "Qafqaz" qəzetində belə materiallara daha
çox rast gəlirik. Abbasqulu xan
Naxçıvanla çox bağlı olmuşdur.
Yuxarıda qeyd etdiyimiz kimi, İrəvanın Dəvəli
Qacarlarını Naxçıvanın Kəngərli
xanları ilə qohumluq telləri bağlayır. Abbasqulu xanın da həyat
yoldaşlarından ikisi Naxçıvandan olmuşdur: general
İsmayıl xanın qızı Tərlan xanım və
general-mayor II Kalbalı xan Naxçıvanskinin qızı Zərrintac
bəyim. Abbasqulu xanın ikinci həyat yoldaşı Tərlan
xanımdan 7 övladı olub: Kərim xan, Əli xan, Həsən
xan, Xanlar xan, Fəxrəntac xanım, Gövhərtac xanım
və Tacı xanım...
(Ardı var)
Musa Rəhimoğlu (QULİYEV)
tarix üzrə
fəlsəfə doktoru
525-ci qəzet.- 2016.- 27 oktyabr.- S.6.