Naxçıvan və İrəvan xanlıqları tarixinin yeni aydınlanan səhifələri

 

YAXUD TARİXİ FOTOŞƏKİL ƏN YAXŞI TƏDQİQAT ƏSƏRİDİR

 

(Əvvəli ötən sayımızda)

 

Haqqında söhbət açdığımız fotoşəkildə Abbasqulu xandan sağda oturan onun qızı Gövhərtac xanımdır, qucağındakı uşaq oğlu Əziz xandır. İkinci cərgədə solda ayaq üstdə dayanan ikinci şəxs onun həyat yoldaşı Bəhram xan Naxçıvanskidir.

 

Bəhram xan 1872-ci ildə Naxçıvan şəhərində İsmayıl xanın oğlu Aman xanın ailəsində anadan olmuşdur. Anası Xanbikə Xurşidbanu Natəvanın qızıdır. Uşaqlıq illəri 1886-cı ildən etibarən Şuşada keçmişdir. 1899-1904-cü illərdə Naxçıvan şəhər polis pristavının köməkçisi işləmişdir. 1898-1903-cü illərdə Naxçıvan şəhərindəki müsəlman ibtidai məktəbinin fəxri nəzarətçisi olmuşdur. Bəhram xanın kollej, katib, asessor, titulyar müşavir, yəni saray müşaviri olması haqda da məlumat vardır. O, 1906-1909-cu illərdə Naxçıvan şəhərinin starostası olmuşdur. 1919-cu ilin yanvar ayından Naxçıvan Araz-Türk Respublikasının xarici işlər naziri vəzifəsində işləmişdir. 1919-cu ilin avqustundan Naxçıvan şəhərində yerləşən Cənub-Qərbi Azərbaycan general-qubernatorunun köməkçisi işləyən Bəhram xan həmin ilin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin Lənkəranda tam səlahiyyətli nümayəndəsi təyin edilmişdir.

 

1920-ci ildən İrana mühacirətə gedən Bəhram xan Səlmasda Təbrizdə yaşamışdır. O, Culfa-Təbriz dəmir yolunda yoxlayıcı işləməklə bərabər, həm "Müstəqil Qafqaz" təşkilatının üzvü olmuşdur. Fotoşəkildə ikinci cərgədə Bəhram xandan sağda ayaq üstdə duran Abbasqulu xanın oğlu Həsən xandır. Onun qarşısında oturan qadın həyat yoldaşı Nuraleyin xanımdır. Rus hərbi şərqşünası K.N.Smirnov yazır ki, Abbasqulu xanın oğlu Həsən xan 1934-cü ildə İrəvanda yaşamışdır. Amma Həsən xanın oğul nəvəsi Turhan Turqutun dediyinə görə, onun ata babası Həsən xan 1927-ci ildə İrana, sonra isə Türkiyəyə mühacirət etmişdir.

 

Sözarası deyək ki, bu tarixi fotoşəklin doğru-dürüst araşdırılmasına Turhan Turqut köməklik göstərmişdir. Onun dediyinə görə, Həsən xan 1898-ci ildə Bəhmən Mirzə Qacarın qızlarından Nuraleyin xanımla ailə qurmuşdur. Bu nikahdan beş uşaqları olub: Hüseyn xan, Fərid xan, Ruhsarə, Sami Adilə xanım.

 

Həsən xanın böyük oğlu Hüseyn xan 1900-cü ilin noyabr ayında İrəvan şəhərində doğulmuşdur. O, İrəvandakı gimnaziyanı bitirmişdir. 1917-ci ilin oktyabr ayında (köhnə təqvimlə), Rusiyada hökumətin yıxılmasından sonra erməni daşnaklarının terrorundan yaxa qurtarmaq üçün Həsən xan ailəlikcə Naxçıvana köçmüşdür. Bir müddət Naxçıvanın müdafiəsində döyüşən Həsən xanın oğlu Hüseyn xan sonralar Türkiyəyə getmiş Osmanlı ordusunda zabit kimi hərbi xidmətə başlamışdır. Türkiyə ordusunun apardığı döyüşlərdə fərqlənən Hüseyn xan "Dəmir Hilal" nişanı ilə təltif edilmişdir. Sonrakı döyüşlərdə şücaətinə görə onu "İstiqlal" medalı ilə təltif etmişlər. Müharibə qurtardıqdan sonra Ankarada mühafizə alayında hərbi xidmətini davam etdirmişdir. 1930-cu ildə hava qüvvələrində hərbi xidmətə başlayan Hüseyn xan Fransaya iki illiyə ezam olunur. 1932-ci ildən 1946-cı ilədək hərbçi təyyarəçilərin yetişdirilməsində əlindən gələni əsirgəmir. Türkiyənin hava qüvvələrində çox sevilən, əfsanəvi bir zabitdən çox, həm dərin zəkası ilə tanınır. 1960-cı ildə ona general hərbi rütbəsi verilir. Sonralar istefaya çıxan Hüseyn xan 1971-ci ildə Ankarada vəfat etmişdir. Hüseyn xan 1936-cı ildə Ləman adlı qızla ailə qurmuş, Nur Turhan adlı iki uşağı olmuşdur. Onlardan biri - 1940-cı ildə doğulan Nur Ümit Arik adlı diplomatla ailə qurmuşdur. Digəri Turhan Turqutdur ki, 1946-cı ilin iyul ayında Türkiyənin İzmir şəhərində doğulmuş Ankara Universitetinin Hüquq fakültəsini bitirmişdir.

 

Fotoşəkildə ön cərgədə soldan birinci Abbasqulu xanın oğlu Xanlar xandır, qucağındakı oğludur. Abbasqulu xanın qarşısında oturan isə sonbeşik qızı Tacı xanımdır. Maku sərdarının nəvəsi Əlixanla ailə qurmuşdur. Maraq üçün deyək ki, Əlixanın anası general-mayor II Kalbalı xanın qızı Şahbəyimdir.

 

Abbasqulu xandan solda oturan qızı Fəxrəntac xanımdır. Arxa cərgədə solda ayaqüstə dayanan Rəhim xan Naxçıvanski balaca qızı Xurşidlə, ondan sağdakı isə Fəxrəntac xanımın həyat yoldaşı Cəfərqulu xan Naxçıvanskidir.

 

Fəxrəntac xanımın yanındakı Cəfərqulu xanın ikinci həyat yoldaşıdır. Fəxrəntac xanımın qarşısında oturanlar onun qızı Nazlıbəyim, oğlu III Kalbalı xandır. Abbasqulu xanın böyük oğlu Həsən xan Türkiyənin Əskişəhərində 1956-cı ilədək yaşamış orada da vəfat etmişdir. Onlar Türkiyədə Turqut familiyasını qəbul etmişlər. Turhan Turqutun dediyinə görə, babası Həsən xan deyirmiş ki, biz Turqutlar soyundanıq. Yəqin ki, Turqutlar Qacarların Türkiyədə yaşayan bir qolu olmuşdur.

 

Abbasqulu xan İrəvanski 1905-ci ildə İrəvanda Naxçıvanda xalqı başına toplayaraq erməni daşnaklarına qarşı vuruşmuş, müsəlmanların İrəvandan köçürülməsinin qarşısını almışdır.

 

Abbasqulu xanın birinci həyat yoldaşı Bilqeyis xanımdan 3 övladı - 2 oğlu 1 qızı olmuşdur. Böyük oğlu Əli xandır ki, evdə Ağa xan çağırıblar. Əli xan məşhur hərbçi idi. 1918-ci ildə Naxçıvanın müdafiəsində vuruşmuş, sonra qardaşı Kərim xanla Kabardaya getmişdir. Onun Bülbül xanım adlı qızı olmuş bir müddət Naxçıvanda yaşamışdır.

 

Abbasqulu xanın ikinci oğlu Böyük xanın (əsl adı Məmmədqulu xandır) arvadı Tovuz xanım Naxçıvanskaya İsmayıl xanın oğlu Bəhman xanın qızıdır. Tovuz xanımın anası Çimnaz xanım general-mayor II Kalbalı xanın qızıdır. Məmmədqulu xanla Tovuz xanımın 7 övladı olub: Nazxanım, Yəməntac xanım, Mehdiqulu xan, Əfşan xanım, Allahyar xan, Davud xan Nəcəf xan.

 

Allahyar xan 1919-cu ildə Naxçıvanda erməni daşnaklarına qarşı mərdliklə vuruşmuşdur. Sovet hakimiyyəti illərində o, Leninqradda (indiki Sankt-Peterburqda) Tibb İnstitutunda oxumuşdur. 1937-ci ildə repressiyanın qurbanı olmuşdur. Onun digər bacı-qardaşları haqqında əvvəlki yazılarımızda təfsilatı ilə söhbət açmışıq.

 

Bu gün dünyanın ən gözəl abad şəhərlərindən biri olan Naxçıvanın mərkəzində Cəmşid xan Naxçıvanskinin ev-muzeyi yerləşir. Hər dəfə böyük salona gələndə bu tarixi fotoşəklin qarşısında dayanıram. Bir an ərzində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın azadlığı, müstəqilliyi uğrunda qəhrəmanlıqla döyüşmüş mərd oğulları xəyalən xatırlayıram... Bu tarix çox-çox qədimdir, zəfərlidir, faciəlidir. Məşhur polyak bəstəkarı Fridrix Şopenin 1837-1839-cu illərdə bəstələdiyi "Matəm marşı"nın sanki kədərli ladlarını eşidirəm... Burada böyük hüzn dərin lirizm var...

 

Birdən dahi dövlət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müdrik kəlamı daxilimdə böyük, sönməz işıqlanma yaradır: "...Naxçıvan xanlığı ilə İrəvan xanlığı bir-biri ilə çox bağlı idi. İndi ermənilər deyirlər ki, yox, orada ermənilər olubdur. Amma həqiqətən, İrəvan xanlığıdır. Naxçıvan xanlığını siz dərindən öyrənəndə, mütləq İrəvan xanlığına gedib çıxacaqsınız. İrəvan xanlığı haqqında materialları Rusiyanın arxivlərində, Sankt-Peterburqda, rus imperiyasının arxivlərində tapacaqsınız görəcəksiniz ki, dünyada nələr var".

 

Yuxarıda haqqında söhbət açdığımız tarixi fotoşəkil İrəvan Naxçıvan xanlarının bir-birlərinə çox yaxın sədaqətli olduqlarını təsdiqləyən orijinal arxiv sənədidir. Fotoşəklin arxasında çəkildiyi tarix rusca qeyd edilmişdir: Naxçıvan, 1906.

 

Abbasqulu xan hər iki tərəfin ağsaqqalı sayılırdı. Yazının sonunda bir arxiv sənədinin bizə çatdırdığı əhvalatı qürurla xatırlayıram. General-adyutant Hüseyn xan Naxçıvanski qardaşları Rəhim xana Cəfərqulu xana külli miqdarda pul göndərirmiş ki, İrəvanda Abbasqulu xana çatdırsın. O, İrəvan ətrafındakı torpaqları alsın, imkan verməsin ermənilərin almağına. Abbasqulu xan Naxçıvanskilərin İrəvanda səlahiyyətli nümayəndəsi idi. Biz bu tarixi fotoşəkildəki şəxsiyyətlərin kimliyini Türkiyənin İstanbul şəhərində yaşayan Turhan Turqutun köməkliyi ilə araşdırıb sona yetirdik. Amma buradakı hərbçilərin, döyüşçülərin həyat fəaliyyətlərinin xeyli hissəsi öyrənilməmiş qalır. Necə deyərlər, tədqiqatçı axtarış yollarında gərək.

 

Musa Rəhimoğlu (QULİYEV)

tarix üzrə fəlsəfə doktorua

 

525-ci qəzet.- 2016.- 28 oktyabr.- S.4.