Günəş kitablar
İSVEÇ KİTABXANASINDAN PAYIZ QEYDLƏRİ
Dünən şəhər kitabxanasına
getmişdim.
Baltik dənizindən
küləyin gətirdiyi
qara-qura buludların bozartdığı yağışlı
havada getməyə kitabxanadan yaxşı yer gəlmirdi ağlıma, həm də çoxdandı dəymirdim. Çöldə çətirin suyun
çırpıb, guya
kitabları islanacaqmış
kimi ustufca girdim kitabxanaya. İsti, işıqlı bir yer.
Bizim dildə
dörd kitab var burda, dördü
də mənim yazdıqlarımdı. Eləsi var,
iki-üç ildi rəfdədi, qatı da açılmayıb.
İyirmi-otuz il keçə bir səhifəsin də çevirən olmaz yəqin. Elə-belə, bizdən də
kitab olsun deyə vermişəm kitabxanaya. “Yad ölkənin kitabxanasında
kimdi azərbaycanca kitab soraqlayan!”, - deyərsiniz. Bəlkə də haqlısınız,
amma dediyim odu ki, yad
ölkədə yox, elə öz vətənimizdə də
kitab oxuyan azdı. Kitab oxumaqdan danışıram,
muğam, meyxana oxuyanımız kalandı.
Elə həmin
rəfin altındaca türkcə kitablar olan hücrədi. Qırx-əlli
kitab olar, içində Əziz Nesinin “Gözünüz Aydın Efendim”, Əlif Şəfəqin
“ Ustam ve Ben” kitabları da var. Əvvəl gördüyüm
kitablardı, yenilənməyib.
Sonra rusca kitablar olan bölməyə
keçirəm. Beş yüzəcən kitab olar, bizimkilərdən
tək Çingiz Abdullayevin “Apoligiya zdrovoqo smısla” kitabıdı, hər görəndə göz gəzdirib, əl sürtürəm, özümüzünküdü,
doğma gəlir.
Rus bölməsinin
kitabları tez-tez dəyişir, yenilənir. İndi də
çoxdanın tanışı
Aleksandr Podrabinekin “Dissidentı” qarışıq
xeyli təzə kitab gəlib, “əllər”də olanlar qayıdıb, oxuyub rəfə qoyduğumun çoxu gözümə
dəymir - “əllər”ə
gedib.
Bu balaca İsveç şəhərində maraqlı rusdilli icma var, bir kəlmə ondan da deyim. Çoxu isveçliyə ərə gələn, Sovet zamanını xoş xatırlayan, babat təhsil görmüş xanımlardı. Bir neçəsiylə hərdən kofe içir, ədəbiyyatdan, sovetlərdən danışır, kitab dəyiş-düyüş edirik. “Literaturnıy Azerbaydjan” jurnalında çıxan yazılarımı oxuyandan sonra mənə münasibətləri xeyli dəyişib. Elə bilirlər, kitabdan, ədəbiyyatdan başım çıxır. Açığı, nəşrinə hazırlaşdığım rusca “Ozonovıe lyudi” adlı kitabı çapa etməyi onlar ağlıma salıb, məni elə onlar həvəsləndirib. Redaktoru da Elçin Şıxlınski olacaq, söz verib. Sağlıq olsun!
Nə demək istəyirəm? Dediyim odu ki, kitab oxuyun!
Yayda çöl-bayır, dağ-dəniz
baş qatırsa, payızda, qışda oxuyun. Yalan sözdü - kitab dövrü keçməyib!
Heç
bir texnologiya onu əvəz edə bilməyəcək.
Kitab gün işığı
kimidi. Günəş çölü-bayırı işıqladan, isidən təki kitablar da adamın düşüncəsini aydınladır,
ruhuna can verir, qəlbinə işıq tutur, onu qara
xəyallardan qoruyur.
Elə bunu deyirdim bayaqdan!
...İki saatımı
kitablarla keçirdim
- yağışlı boz
bir günü kitablarla nurlandırdım. Baxıb vərəqlədiklərimdən
Vladimir Nabokovun “əl”dən
təzə qayıdan
“Druqie bereqa” kitabını götürüb
eşiyə çıxdım.
Daha hava boz gəlmirdi
mənə, demə görmədim, elə bil günəş çıxmışdı.
Karlskrona,
İsveç
Vahid
QAZİ
525-ci qəzet.- 2016.- 29 oktyabr.- S.23.