Zamanların
mozaikası: hadisələr və şəxsiyyətlər
(Əvvəli
ötən şənbə sayımızda)
Antik
eranın macəraları və icadları
Qədim Afina təkcə öz filosofları ilə
deyil, həm də siyasi həyatın görkəmli
islahatçıları ilə öyünə bilərdi.
B.e.ə. VI əsrdə yaşamış arxont Solon
öz islahatları ilə dövlət idarəetməsini
yaratdı, bu idarəçilikdə Afina xalqının
(demosun) bütün təbəqələri iştirak edirdi. Solon Xalq
yığıncağını xeyli fəallaşdırdı,
ona qanunvericilik funksiyasını, müharibə və sülh
məsələlərini həll etmək sahəsində
müstəsna hüquq verdi. Demokratik Dördyüzlər Şurası və Xalq
Məhkəməsi təsis etdi. Bu vaxtadək
geniş yayılmış bir cəza növü olan borca
görə qul olmağı qadağan etdi və torpağa
görə borcları ləğv etdi. Afinalıları
ərazi əlamətlərinə görə dörd filə
böldü, onların hər biri vətəndaşların
illik gəlirinə görə dörd dərəcəyə
bölünürdü. İlk birinci iki təbəqənin
nümayəndələri süvari qoşunda xidmət edir və
yüksək vəzifələrə seçilirdilər,
üçüncünün nümayəndələri
ağır sıravi qoşuna çağırılır, dördüncününkü isə yalnız Xalq
yığıncağında səs verirdi, ancaq onlar silah
almağa pul xərcindən azad idilər. Yəqin
ki, Solonun siyasi, dövlət quruluşuna aid islahatları,
Afina vətəndaşlarının orta və yoxsul zümrələrini
dövlət idarəçiliyinə cəlb etməsi olmasaydı,
heç Afinanın “qızıl dövrü” də
mövcudluq hüququ qazanmazdı.
Antik dövrün ən məşhur simalarından biri
isə Afinanın dövlət xadimi Perikldir. O, bir strateq kimi b.e.ə.
443-cü ildən 429-cu ildəki ölümünə qədər
şəhər-dövlətə başçılıq
etdi. Onun idarəetməsi dövründə
Afina çox inkişaf etmişdi. Onun ən
böyük xidməti öz şəhərində
demokratiyanın geniş tətbiq etməsi olmuşdu. Perikl Afinanın orta və yoxsul təbəqələrini
dövlətin idarə edilməsinə cəlb etdi. Avropa tarixində ilk dəfə dövlətdə həqiqi
demokratiya - xalqın hakimiyyəti meydana gəldi. Perikl vəzifəlilərin
məsuliyyətini artırmaq üçün onlara maaş verilməsini tətbiq etdi. Lakin vətəndaşların
siyasi hüquqlarına az adam malik idi,
demokratiya şəhər əhalisinin heç də
bütün yaşlı hissəsini əhatə etmirdi.
Baş rolu ali qanunvericilik orqanı olan Xalq
yığıncağı oynayırdı, onda isə 315 min
sakindən yalnız 45 mini iştirak edirdi. Vətəndaş
cəmiyyətindən kənarda qadınlar, meteklər (kənardan
gələn azad sakinlər) və qullar qalırdılar.
Afinanın demokratiya təcrübəsindən geniş
istifadə edən Romada isə hələ b.e.ə. 494-cü
ildə pleybeylər (yoxsul təbəqə) Xalq
yığıncağına öz nümayəndələrini
- xalq tribunlarını seçmək hüququ əldə
etmişdilər. Onlar vetonun köməyi ilə istənilən
qanunun icrasını dayandıra bilərdilər və qanunvericilik
təşəbbüsünə malik idilər. Lakin
hakimiyyət patritsilərin (torpağa sahib olan
aristokratiyanın) əlində idi, ali
hakimiyyət orqanları - senat və magistraturalar məhz
onlardan ibarət idi. Senat isə müharibə və
sülh məsələlərini həll edir, maliyyə
işlərini aparırdı.
Afina dövlətə xidmətdə qüsurlara yol verənləri
ostrakizmə məruz qoyurdu. Ən
sınanmış dövlət xadimləri və qalibiyyətli
sərkərdələr də bu və ya daha ağır cəzadan
yayına bilmirdilər. Afinada yeni səsvermə
qaydası - ostrakizm meydana gəldikdə Xalq
yığıncağı iştirakçılarının
yarıdan çox səsini öz əleyhinə almış
adamlar 10 il müddətinə şəhərdən
qovulurdu. Siyasətçi Hipparx onun ilk
qurbanı oldu. Bəzi dövlət xadimləri
başqa ölkələrə qaçırdılar. Görkəmli dövlət xadimi Alkiviad b.e.ə.
415-ci ildə Siciliyaya yürüşün təşkilatçılarından
biri olmuşdu. O, üzüb getməmişdən əvvəl
Allah Hermesin təsvirini qırıb dağıtmaqda ittiham
edilmiş və edamdan xilas olmaq üçün Spartaya
qaçmışdı. O, spartalılarla Persiya satrapı
arasında Afinaya qarşı vasitəçilik etmişdi.
Afinada oliqarxlar dövlət çevrilişi etdikdən
sonra Alkiviad Afina donanmasının komandanı, sonra isə
strateq seçildi, lakin məğlubiyyətdən sonra hakimiyyətdən
uzaqlaşdırıldı. Bu dəfə
spartalıların qisasından xilas olmaq üçün
Persiya satrapı Farnabazın yanına qaçdı, lakin
satrap onu öldürməyi əmr etdi.
Hərbi xadim Femistokl Salamin döyüşündə
Persiya donanmasını darmadağın etmişdi. Lakin intriqa nəticəsində
onu dövlətə xəyanətdə ittiham edib,
ölüm hökmünə məhkum etdilər. O,
Persiya çarının yanına qaçdı və sonra
özünü intihar etdi.
Qədim yunanların elmə ən böyük töhfəsi
fəlsəfədir. Bu ölkədə fəlsəfə
çiçəklənmə dövrünü
yaşadı. Mifoloji təfəkkürdən əsl fəlsəfi,
elmi təfəkkürə keçilməsi baş verdi.
Qədim filosofları kosmosun quruluşu, insanın məişəti
və yeri məsələləri maraqlandırırdı. Naturfəlsəfə
ilə yanaşı, etika da inkişaf edirdi. Belə ki, qanunlar artıq allahların vəhyi kimi
hesab olunmurdu, onları müzakirə etmək və dəyişdirmək
olardı. İnsan, dünya ilə
qarşılıqlı əlaqəni düzgün anlamaq əsasında
əxlaqi qaydada hərəkət edə bilər və etməli
idi. İlk dialektika filosofu olan Zenon Eleyli əşyaların
hərəkətinin və çoxluğunun mümkün
olmaması barədəki təlimin həqiqiliyini sübut etməyə
çalışırdı. Onun Axill barədə bir misalı məşhurdur: Axill ondan əvvəl
hərəkətə başlayan tısbağaya çata bilməz.
Zenonun müəllimi Eleydən olan Parmenid ilk
olaraq hissiyyatı və təfəkkürü bir-birindən
ayırmışdı. Yalnız
axırıncı həqiqətə gətirib
çatdıra bilər. Empedokl “Təbiət
haqqında” poemasında dörd əsas element - od,
su, hava, torpaq barədəki təlimi inkişaf etdirmişdi. Elementar hissələrin birləşməsi və
ayrılması hesabına hadisələr dünyası
mövcud olur. Birləşmənin səbəbi
- məhəbbət, ayrılmanınkı isə nifrətdir.
Protaqor isə (b.e.ə. 480-415-ci illər) daha məşhur
sofist idi. “İnsan hər şeyin ölçüsüdür”
hikməti ona məxsusdur. Anaksaqor isə
materiyanın strukturunu öyrənirdi, bütün cisimlər
onlara bənzəyən çox kiçik hissəciklərdən
ibarətdir. Günəşi, Ayı, ulduzları və
meteoritləri o, ilahi quvvə deyil, yanıb qızarmış
daş kütlələri hesab edirdi.
Avropa ədəbiyyatında ilk görkəmli komedioqraf
Aristofan onlarla əsərin müəllifi olmaqla, həyatı
dərk etməkdə heç də filosoflardan geri
qalmırdı, komediyadan siyasi silah kimi istifadə edirdi. Onun
komediyaları müharibəyə qarşı etiraz və dinc
həyat arzusunu ifadə edirdi. “Lisistrata” əsərində
o, göstərirdi ki, qadınlar müharibəyə son qoymaq
vasitəsini icad etmişlər. Bu icad isə
ondan ibarət idi ki, onlar ərləri müharibəyə son
qoymayana qədər onlarla intim yaxınlıq etməyəcəklərinə
söz vermişdilər.
Yunan
qadını Sapfo
(b.e.ə. VII əsrdə yaşamışdır)
qədim dövrün ən məşhur şairəsi
sayılırdı. Antik erada Platonun onun nəğmələri
toplumuna yazdığı epiqramda deyilirdi: “Muzaların doqquz
olduğu hesab edilir, lakin onlar çoxdur: axı Lesbos
adasından olan Sapfo da muzaya çevrildi. Onunla
birlikdə indi onlar ondur”.
Sapfonun doqquz kitabından yalnız parçalar
qalmışdır. Onların arasında şairənin
qardaşına, qızlarına yazdığı şeirlər,
nikah nəğmələri olan epitalamiyalar vardır. Sapfo əsasən başçılıq etdiyi kult
birliyinə - fiasa müraciət edir. Afroditaya
həsr olunmuş bu birlikdə qızlar ərə getməyə
hazırlaşırdılar. Sapfonun
şeirlərində məhəbbət və həsrət
motivləri çoxluq təşkil edir, hadisələr parlaq
və şən təbiət qoynunda baş verir. Şairənin düşüncəsində məhəbbət
“ondan müdafiə” olunması mümkün olmayan
şirin-acı əjdahadır.
Qədim yunan filosofları arasında Platon xüsusi yer
tutur. Onun fəlsəfəsi Avropa mədəniyyətində
dərin iz qoyub getmişdir. B.e.ə. 428-ci
ildə Afinada anadan olan Platon gəncliyində Sokratın tələbəsi
olmuşdu və onun görüşlərini öz əsərlərində
nəql etmişdi. Sokratın b.e.ə.
399-cu ildəki ölümündən sonra Platon məşhur
Meqar fəlsəfi məktəbinə yollanmışdı.
Xeyli səfərlərdən sonra Afinaya qayıdıb, öz
bağında akademiya adını alan məktəb
açmış və orada pulsuz qaydada fəlsəfəni
öyrətmişdi. O, öz təlimini 15 əsərində
izah etmişdi. Onların hamısı dialoq
şəklindədir. Platon Protaqorun insan
haqqındakı məşhur tezisinə əks
çıxaraq, belə bir fikir irəli
sürmüşdü ki, insanın fikirlərinin və
işlərinin ümumi ölçüsü əbədi
ideyalarla qoyulur, Platona görə, ideyalar həqiqi reallıqdır.
İnsan ideyanı dərk edə bilər və
ya daha dəqiq deyilsə, onları xatırlaya bilər, belə
ki, ölməz ruh anadan doğulan andan ideyalar dünyasında
yaşayır. Bu ideyalar dünyasında ən yüksək
fayda - xeyir, ləyaqətdir (müdriklik, ədalət,
ağıllılıq, mərdlik), ləyaqətə isə ən
ali davranış sənəti kimi istənilən
adamı öyrətmək olar.
Platon siyasi quruluşun utopik idealını “Dövlət”
dialoqunda yaradır. Platonun dövlətini filosoflar idarə
edir, bu dövlət vətəndaşların mənəvi
gücünə əsaslanır, lakin həm də dəqiq təbəqə
bölgüsünə malikdir.
Antik dövrün ən böyük filosoflarından biri
Aristotel (b.e.ə. 384-322-ci illər) idi. O, ensiklopediyaçı alim
olmaqla, Litseyi və peripatetik məktəbini
yaratmışdı. O, Platonun şagirdi, Makedoniyalı
Aleksandrın isə tərbiyəçisi idi. Öz
fəlsəfəsini inkişaf etdirərək, o, əvvəllər
Platonun ideyaları barədəki nəzəriyyəsindən
çıxış edirdi. Lakin sonralar təcrübənin,
materiya və real dünyanın formalarının dərk
olunmasına müraciət edərək, Platonun əsərlərinin
hərtərəfli tənqidinə keçdi. B.e.ə. 343-cü ildə Aristotel Makedoniyanın
paytaxtı Pellaya dəvət edilib, 13 yaşlı
Makedoniyalı Aleksandrın tərbiyəçisi işləməyə
başladı. On iki il sonra o, Afinaya
qayıdıb Litseydə məktəb yaratdı. Aristotelin
bütün əsərləri həm ezoteriklər (şagirdləri
üçün mühazirələr), həm də ekzoteriklər
(hər kəsin öyrənə bilməsinə uyğun olan)
- altı istiqamətə bölünür: Elmi məntiq
(orqanon) - qanunlara və kateqoriyalara əsaslanırdı. Metafizika formanı və materiyanı öyrənirdi.
Təbiət fəlsəfəsi, başqa
sözlə, fizika ayrı-ayrı elmi fənlər üzrə
tədqiqatla məşğul olurdu. Etika insanın
ağıllı fəaliyyətini ali ləyaqət
kimi qəbul edirdi. Siyasət bölməsində
müxtəlif dövlət formalarının təhlili
verilirdi. Poetikada faciə və eposun tərifi
verilir.
Aristotel hesab edirdi ki, “Dövlət təbiətə
görə mövcud olana məxsusdur və insan öz təbiəti
etibarilə siyasi məxluqdur, dövlətdən kənarda
yaşayan isə ya əxlaqi mənada inkişaf etməmiş
məxluqdur, yaxud da fəvqəlbəşərdir”. Sonra o, dövlətlə
insanların qarşılıqlı münasibətini izah edərək
qeyd edir ki, “Hər bir adamda təbiət dövlət birliyinə
can atmaq hissi qoymuşdur... Ədalət
anlayışı dövlət haqqındakı təəssüratla
əlaqədardır, çünki ədalətin
ölçüsünə xidmət edən hüquq, ictimai
birliyin nizamlayıcı normasıdır”.
B.e.ə. V-IV əsrlərində yaşamış Hippokrat qədim yunan həkimi olmaqla Koç adasında doğulmuş, 90 illik ömrünü Fessaliyadakı Larissada yaşamışdı. O, elmi təbabətin banisi, antik dövrün ən məşhur həkimi olmuşdu. Hippokratın təliminə görə, insanın sağlamlığı dörd bədən şirəsinin düzgün nisbətindən asılıdır. Bunlar qan, bəlğəm, sarı və qara öddür, onların pozulması xəstələnməyə gətirib çıxarır. Həkimin vəzifəsi düzgün diaqnoz qoymaq və xəstəliyi deyil, xəstəni müalicə etmək vasitəsini seçməkdir. Müalicə bu vaxt həkim fəaliyyətinin əsasını təşkil edir. O, təbii dərman vasitələrinin köməyi ilə müalicəyə böyük əhəmiyyət verirdi. Hippokrat həm də həkimin etik davranışının qüsursuz nümunəsi hesab olunur, ona görə də ali təhsil alan həkimlər fəaliyyətə başlamamışdan “Hippokrat andını” içirlər və bu anda əməl etməmək faktı həkim üçün bağışlanmaz qəbahət sayılır.
B.e.ə. 356-cı ildə Kiçik Asiyanın sahil ərazisindəki Efesdə baş verən yanğın ilahə Artemidanın məbədini məhv etdi. Deyilənlərə görə, yanğın o gecə baş vermişdi ki, həmin vaxt Böyük Aleksandr anadan olmuşdu. Öz adını əbədiləşdirmək istəyən Herostrat adlı birisi işgəncələr altında bu cinayətini etiraf etdi. Efesin sakinləri qərar qəbul etdilər ki, bir daha onun adını tələffüz etməsinlər və məbədi nə qədər mümkünsə, tez qaydada bərpa etsinlər. B.e.ə. VI əsrdə tikilmiş Efesdəki Artemida məbədi dünyanın yeddi möcüzəsindən biri hesab olunurdu. Zevsin və Letonun qızı olan Artemideya bakirəlik təmizliyi, evlilik və uşaq doğmaq ilahəsi kimi sitayiş edirdilər. Yanğından sonra Artemida məbədi bərpa olundu və onun bəzədilməsində bütün Asiyadan olan sənətkarlar çalışdılar.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2016.- 29 oktyabr.- S.22