“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

 

 

 

I cild (noyabr 1918 - aprel 1920)

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

 

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Əfəndilər! Bilirsiniz ki, parlamandan əvvəlki üsul və əhval nə qədər fövqəladə idi.

 

O zamanda siyasi firqə və müxtəlif cəmiyyətlərin nə dərəcə və nə qədər idarəyə nüfuz etdiklərini biliyorsunuz. O zaman hökumət ayrı cür idi. Fəqət hal-hazırda parlaman təşkil olunandan sonrakı hökumət qarşısında məsul olduğu üçün əhval hər dürlü həqqi-təshihə daha müsaiddir. Bu səbəblə bizim düşünəcəgimiz bir məsələ var ki, qarşımızda məsul olacaq (Fətəli) Xan və hökumətə biz idarəyi nə vəqt və nə kibi halda tapşırmış idik. Əvvəl bunu düşünməli, ondan sonra hökuməti təbdil üçün degil, ancaq hökumətə doğru bir yol göstərmək və bu yolda bir faidə bəsləmək qəsdilə bu kürsiyə çıxıb tənqidat yolunda bulunmaq lazımdır. Bir az müddət zərfində imkan daxilində nə ola bildi - olsun. Mümkün olan işlər əcəba olmuşmudur və yaxud olacaqsa nə dərəcə, nə qədər olasıdır - bunları əvvəla salim bir fikrə sahib olaraq tənqid etmək lazımdır.

 

Türklər bir anda, bir dəqiqədə buradan getməli oldular. Siz bir kərə türklərin buradan çıxdıqları vəqti təsəvvür ediniz, o zamandakı hissiyyatınıza əlinizi vicdanınıza qoyaraq müraciət ediniz. Və sonra da xaricdən gələn bir qüvvəni və o qüvvə dolayısilə doğulan və qorxulu fikirləri düşününüz. Tərəziyə qoyaraq çəkiniz, çəkiniz həp böhranlı və nə kibi xof ilə rica arasında idiniz, sizi xarici qüvvələrə qarşı müdafiə edən bir qüvvə dolayısilə haminiz olan türk ordusu bilməcburiyyə gediyor; əvəzində digər bir qüvvət gəliyor ki, sizinlə olan əlaqəsini qətiyyən bilmiyorsunuz, sizə qarşı nə cür hərəkət edəcək və sizi müdafiə edəcək, yoxsa başqa bir cürə hərəkət edəcək, onun vəziyyəti-siyasiyyəsi nə olacaq, Azərbaycan təxti səlamət olacaqmı, yoxsa yox? İştə öylə təhlükəli bir zamanda Azərbaycan Şurayi-Millisi parlamanı dəvət etdi.

 

Parlaman üzvləri iclas günündə nə kibi xof ilə rica arasında toplandılar, bunu da siz özünüz pək əla biliyorsunuz. O zaman təsadüfi olaraq ingilislərdən maəda bir çox xarici qüvvətlər gəlmiş idilər. Paytaxtımızda nələr törətdiklərini də unutmamısınız. Bunların hərəkətləri nə tövr idi. Hər saat, hər dəqiqə parlamanımız hücuma məruz olacağını düşünməkdə idik. Paytaxtımız böylə, başqa şəhərlərimizdə, vilayətlərimizdə nələr vaqe olduğunu bilmiyor idiniz. Bir ümidimiz var idi ki, türk qardaşlarımız gedəndən sonra onların yerində bir Azərbaycan qüvvəsi oturacaq və bizləri müdafiə edəcək. Fəqət o fikrin həqiqətə müvafiq olmadığımı görüldü. Təəssüf ki, Azərbaycanda bir qüvvə də qalmamış idi. Bunu siz də bilirsiniz ki, bu xüsuslarda daha fəzlə danışmağa zaman və məkan müsaid degildir. Biliyorsunuz ki, türklər burada ikən nümayəndəlik müəssisəsi olmadığından hökumət nə surətlə idarə ediliyor idi və nə dərəcəyə qədər idarənin namüsaid olduğunu da biliyorsunuz. O zaman işlərin bəzi türk zabitləri ilə nə qədər əlaqəsi var idi.

 

Nəzarətlərin təşkilatları nə surətlə idi. Sabiq nazirlərdən Ağa Aşurov cənabları bu gün buyurmuş xitabında buyurdular ki, nazirlər xırda işlər ilə məşğul oluyorlar. Neft, bez və sairə şeylər ilə ərizələrə baxaraq imza ediyorlar. Sabahdan axşama qədər məşğuliyyətləri ərizəyə baxmaqdır və böyük işlər ilə uğraşmağa vəqtləri olmuyor. Fəqət Ağa Aşurov cənabları kəndiləri nazir ikən nəinki bez, neft və sair vəsiqələrə baxmaq, bəlkə də pomidor icazənaməsini də kəndi imza ediyor idi. İştə ümumi nöqteyi-nəzərdən məsələyə ətraflıca baxılaraq vəziyyəti-siyasiyyəmiz göz önünə gətirilərək bitərəfanə mühakimə etməli və məsələyə öyləcə yanaşmalıdır.

 

Şimdi meydandakı əsl mətləbə gələlim. Meydanda olan yalnız sorğu məsələsidir. Bu sorğu əvvəlcə müəyyən maddələrdən ibarət idi. O maddənin ən əhəmiyyətli məsələsi məmləkətimizin yeganə sərvəti və bütün dünyada məmləkətimizi mümtaz edən neftin müvafiq üsul ilə satılmaması və bəzən xəlqə yaxşıca paylanmaması idi. Bu sorğu əsas etibarilə ticarət və sənaye nəzarətinə aid idi. Fəqət sorğuyu verən əfəndilər əvvəlcə söylədikləri bu oldu ki, onlar heç bir şəxsi müttəhim etmək degil, sistemi əsasən dəgişdirmək istiyorlar və bunun üçün də bir komisyon təşkilini təklif ediyordular. Fəqət sorğu veriləndən sonra gördük natiqlər nəzarətləri büsbütün ayrı tərəfə çəkdilər, ticarət nəzarətinin üsulsuzluğunu düzəltmək qəsdilə neftdən başladıqları halda əsl mətləbin özünü xəfifcə basdıraraq qaradavoylar üzərində dayandılar (Alqış). Doğrudur, qaradavoylara əhəmiyyət vermək lazımdır. Çünki onlar cəmaətə daha yaxındırlar. Fəqət bunu bilmək lazımdır ki, hamı məsələlər həqqində birdən danışmaq bir nəticə verməz. Bir məsələ meydanda ikən və həll olunmamışkən digər bir məsələyə keçmək necə ki neft xüsusunda danışan natiq əsl məqsəddən ayrılıb şiddətlə qaradavoy üzərində duruyor doğru degildir. (Alqış).

 

Tənqid parlaman əzasının və hər bir vətəndaşın həqqidir. Sorğuyu öylə verməli və o məqsədlə sormalıdır ki, hökumətin qüsurunu düzəltmək və hökumətə kömək etmək olsun nəinki hökuməti yıxmaq qəsdilə hücum edilsin. Bu surətlə hökumətə verilən sorğu bir nəticə verəmədigi kibi yaxşı bir üsuli-tənqid də degildir. Bu hallar ilə iləri gedib bir yana çıxa bilməriz. Paytaxtımızda bir neçə qəzetə çıxıyor və hərəsi bir surətlə hökuməti tənqid ediyor. Fəqət bu tənqidlər arasında böyük fərq var. Məsələn, bizim sosialistlərimizin müvərrici-əfkarı “Zarya” qəzetəsinin də tənqidi var, “Yedinaya Rossiya” qəzetəsinin də. Bunların arasında olan təfavütü anlatmaq üçün “Yedinaya Rossiya”dan bir fəqərəyi ərz edəyim. Məsələn, Quba qəzasından hanki bir kənddə isə birisi demiş ki, bizə rus məmuru göndərin. Bunu eşidən “Y.Rossiya” qəzetəsi haman “Azərbaycan cəmaəti rus hakimiyyəti istiyor” - deyə nəşriyyatda bulunur. Əgər bizim də tənqidatımız böylə olarsa vay bizim halımıza. Hanki qüvvətlə və kimlə olursa-olsun hökuməti düşürəcəgəm - deyə düşünmək və bu nöqteyi-nəzərdən tənqidatda bulunmaq vətən və millət mənafeyi ilə uymaz (Alqış).

 

Siz yena diqqət etməlisiniz ki, parlaman dəvətindən sonra bütün əhval müşkülat içində olmaqla bərabər məmləkət bu hökumətə tapşırılmasından ancaq beş həftəlik bir vəqt keçmişdir. Bu müddət öylə uzun bir vəqt degil ki, hökumət əski qüsurları islah edib öylə bir vəziyyət vücuda gətirsin ki, qurd quzu ilə otlasın və Ağamalı oğlunun göstərdigi şeylər olmasın. Bu dərəcə nikbin olsaq özümüzü aldatmış olarız. Zira insan imkan xaricində şeylər tələb edərsə, şübhəsiz təbiət onu verməz və nəticədə insan məyus olar. Bu gün bir hökumətdən 5 həftə müddətində bütün işləri dəgişməsini və yenidən bir çox işlər görməsini tələb etmək və bunu nikbinlik ilə gözləmək şübhəsizdir ki, gözlədigimiz su səhrada görünən sərab olub bizi aldadar. Ağamalı oğlu bu hökuməti keçən hökumətin misalı hesab edərək ya keçəl Həsən, ya Həsən keçəl, nə təfavütü var, o hökumətin vəqtində nə vardısa, heç dəgişməmişdir - diyor. Məsələn, diyor ki, Qazaxda şikayət edənləri dögürlər, filankəsi tutublar, sudyalar yerində tapmıyorlar. Bunların düzəldilməsi həp bu hökumətdən gözləniyor. Köhnə təsəvvürlərdə tamamilə buna təvəccöh olunur. Hər bir şeyin islahı tələb ediliyor və az bir müddətdə işlər düzəlməyəndə deyiliyor ki, hökumət iş görmüyor.

 

Ağa Aşurov dəxi hökuməti tənqid ediyor. Yalnız hökuməti degil, milləti də tənqid edərək diyor ki, məmurlarımızın əksəri rüşvətxordur. Lakin yaxşı ki, fikrini islah edərkən diyor ki, məmurların məvacibi azdır; müəllimlər aldıqları məvacib kifayət etmədigindən başqa işlər aramağa məcbur oluyorlar. Hökumət onların məvacibini artırmalı, həyatlarını təmin etməlidir. Ağa Aşurovun bu rəyinə bən də şərikəm. Bu sözlərə bən dörd əl ilə imza edərəm. Fəqət bu işlərin həpsini yalnız hökumətmi görməlidir. Biz bu xüsusda təşəbbüs edə bilməzmiyiz?

 

Məvaciblərin artması həqqində parlaman bir qanun vəz edə bilməzmi? Ağa Aşurovu və sair məbusları qanun vəz etmək hüququndan kim məhrum qıldı? Parlaman edə bilərdi ki, ümum məmurların təmini üçün bir qanun versin. Odur ki, qüsür yalnız hökumətdə degil, bizim özümüzdə də böyük qüsurlar var. Siyasi firqələr hər yerdə gördügü, eşitdigi nizamsızlıq və həqsizligi hökumətə həml və onu tənqid ediyorlar. Fəqət bən sual edirəm ki, hökuməti fəaliyyətsiz adlandıran siyasi firqələr əllərini döşlərinə qoyub vicdan rahatlığı ilə deyə bilərlərmi ki, onlar xəlq mənfəətinə lazım olan qədər işləmişlərdir? Hanı bu firqələrin xəlqə doğru getdikləri. Hanı xəlq içinə təşkil etdikləri şöbələr, bu firqələr cəmaət, hökumət üçün nə yapmışlardır? Hansı yolda işləmişlərdir? Tiflisdə oturaraq qəzetə çıxarmaq asandır. Kənardan tənqid etmək mümkündür. Odur ki, bunu ediyorsunuz, amma xəlq içinə getmək, xəlq arasında işləmək çətindir. Odur ki, heç kəs onun dalınca getmiyor.

 

Diyorsunuz ki, uyezdnı naçalnik quldurlara, adam öldürənlərə istinad ediyor. Əgər öylə isə yenə təqsir siyasi firqələrdədir. Çünki haman uyezdni naçalniklərin, ya sair məmurların yanı başında firqə şöbəsi olsaydı şübhəsiz ki, o məmur çalışardı siyasi firqəyə istinad etsin. Əgər firqələrlə köylərə, xəlq içinə getmiş ordular çalışmış və xəlqi anlatmış olsa idilər yəqin ki, xəlq quldurları, qatilləri gəlib hökumət qulluqçusu olmağa qoymazdı. Şimdi bu şeylərin heç biri yoxkən, ümumi pərişanlıq vaqe ikən hökumətdən tələb etmək ki, bir ay zərfində hər işi düzəltsin, hər şeyi islah etsin, bu ona bənzər ki, hökumətdən tələb edəsən kimya ilə, eloksir ilə hər işi düzəltsin kün desin, fəyəkun olsun. Amma bunu gözləmək quru səhrada su axtarmaq kibi puç bir ümiddir.

 

Sonra bir şeyə daha nəzərinizi cəlb ediyoram. Əfkarımıza daha artıq icrayi-təsir etmək üçün burada bizə diyorlar ki, Azərbaycanın halı hamı məmləkətlərdən fənadır. Qonşularımız bizdən rahət və ucuz yaşıyorlar. Fəqət bu iddialar əsassızdır. Hamımıza məlumdur ki, Ermənistan acından və ənvai-xəstəlikdən qırılır. Gürcüstan buradan daha bahalıqdır. Orada ağ çörək 7 manata, qara çörək 4 manat yarımdır. Suyi-istemal hər yerdə var. Hətta Gürcüstanda bir dərəcəyə varmışdır ki, hökumət xüsusi bir məhkəmə qurmağa məcbur olmuşdur. Suyi-istemallar ittifaqında məmurlardan bu məhkəməyə şikayət verilir. Görürsünüz ki, qonşularımız da mələk degildirlər. Biz Azərbaycanı qonşularımız ilə müqayisə edərkən görürüz ki, Azərbaycanın halı onlardan yaxşıdır.

 

Əlbəttə, mən bu iddiada degiləm ki, bizim hər işimiz mükəmməldir. Amma bunu deyirəm ki, o dərəcə kamal da degilsə təqsir yalnız hökumətdə degil, bizdə də var, Gürcüstan ilə özümüzü müqayisə edərkən biz bunu nəzərdə tutmalıyıq ki, əvvəla Gürcüstan hökumət və parlamanı 7 aydır işləməkdədir. Bizimki isə bir ay yarımdır. Bundan əlavə onların vəziyyəti-siyasiyyəsi daha yaxşı, daha əlverişli idi. Onların vəziyyətini yaxşılaşdıran böyük bir amil də var ki, o da siyasi firqələri və müntəzəm əskərləri mövcud olmasıdır. Onlar 60-70 il siyasi həyat keçirmiş firqələrə malikdirlər. Biz onlarla bərabər olmaq istəsək onlar kibi uzun müddət bir siyasi həyat keçirməliyiz. Hökumətə etimad, ya ədəmi-etimad məsələsini müzakirəyə qoymaqdan ötrü bezdən, qaradavoydan başlayıb bu ikisini bir-birinə mərbut qoymaq əsla dövlət nəzəri degildir.

 

Həmçinin hökuməti nə olur-olsun düşürmək və sonra nə olacaqsa təvəkkül Allaha demək doğru bir nəzər degildir. Bir məbus heç vəqt bunu böylə düşünəməz ki, hökuməti hərçe badabad yıxsın. Bir məbus xarici və daxili düşmənləri görməli, hökuməti bu halda düşürməgi bütün vətənə və millətə nə kimi nəticələr verə biləcəgini düşünməlidir. Hökumətə etimad məsələsini araya çıxararkən bunu bir ətraflı ölçməli-biçməli, ətrafa nəzər yetirməli və fikir etməlidir ki, məmləkət böylə təbəddülatə təhəmmül edə bilərmi? Xaricdəki düşmənlər, daxildəki təşkilatlar hökumət sürənlər nəzərə alınsın da sonra böylə məsələlər araya atılsın. Bu mülahizələrlə də ki bən diyorum etimad məsələsi bilmərrə qaldırılmasın, çün məmləkətin vəziyyətinə müvafiq degildir. Doğrudur, ticarət və sənaye nəzarətində, neft satışında, bez təqsimində, malların mübadiləsində üsulsuzluq vardır. Fəqət tədqiq etsəniz görərsiniz ki, bu əhvalsızlıqlar yalnız hökumətin təqsiri degil, fabrikanın özündə də, fabrika məmurlarında da bir çox nöqsan vardır. Tağıyev fabrikasının özünəməxsus bir politikası var ki, xəlqi müşkülata salan da odur. Fabrikaya yaxın olan adamları sorsa idiniz, onlar daha ətraflı məlumat - (isçerpivaöşie obcəsnenie) - verərdilər.

 

Hökumətin təqsiri budur ki, fabrika politikasına göz qoymayıb laqeyd baxmış və bu işlərin qabağını almaq təşəbbüsündə bulunmamışdır. Əgər hökumət vəqtli-vəqtində fabrika politikasına diqqət verib onu kökündən kəsmiş olsaydı, bu gün böylə şiddətli hücum və tənqidlərə məruz qalmazdı. Fəqət hökumət bunu etməmişdir. Əgər etmişsə də bəlkə lazım bilsələr məlumat da verərlər. Fəqət bu gün bən təklif edərdim ki, hökumət bu işə baxmaq üçün xüsusi bir komisyon təşkil etməlidir ki, ümumiyyətlə mal mübadiləsinə və fabrikanın müamilatına diqqət yetirsin ki, daha böylə üsulsuzluqlar olmasın. Məsələn, Bakıda olan neft Bakının içində satılıb qurtaran bir şey degildir. Allah bərəkət versin bir xəzinə ki, yalnız Bakıda degil, hətta bütün Azərbaycanda satılmaq ilə qurtarmaz. Nefti xaricə çıxarmalı, daxili məmləkətlərə satmalıdır. Nefti də dəmiryolu ilə çıxara bilərik. Yolumuz nə qədər neft çıxarmağa imkan verirsə hökumət çalışıb o qədər neft buraxmalıdır. Ancaq neft ixracına müsaidə verilirkən nəzarətdə heç baxılmıyor ki, görək izin istəyən adam həmişə bunun alış-verişini edənmidir, ya yox. Çünki hal-hazırda neft alış-verişi neft xəstəligi kimi bir xəstəlik olub Azərbaycanı tutmuşdur. Tacir, doktor, müəllim, xülasə hər kəs bu alış-verişlə məşğul olub və müsaidə istiyor. Ticarət nəzarəti də hər istəyənə bilatəhqiq və tədqiq izin veriyor. Böylə tədqiqsizlik nəticəsindədir ki, müşahidə etdigimiz üsulsuzluq çıxıyor. (Alqış).

 

“Azərbaycan”, 12 fevral 1919, ¹112

 

Tənvir - işıqlandırma

Kən - qazıyan, sökən

Diyun - vəzifəhlər, borclar

Təkul - qaçma

Münfəridən - tək-tənha

Təhmil - yükləmə, şamil etmə

Nəməkbəhəram - duz-çörək itirən

Sərab - susuz çöldə yer üstündə yığılan buxarın uzaqdan su kimi görünməsi

Həml - aid etmə, həvalə etmə

Ənva - müxtəlif

İrtikab - pis iş

Rəca - ümid, arzu

Maəda - qeyri, başqa

Künfəyəkun - xaraba, alt-üst, darmadağın

 

(Ardı var)

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2016.- 29 oktyabr.- S.21