Əmrahsız qalan dağlar
Ağsaqqal yazıçımız Əli
İldırımoğlunun yeni tamamladığı
romanını oxucularımıza təqdim edirik.
(Əvvəli
ötən şənbə sayımızda)
Əmrah Şuşa şəhərindən
çıxanda atına bir qamçı çəkib cilovu
buraxdı. At Kürdüstan
dağlarının sinəsində əriş-arğac kimi
uzanıb gedən cığırlarda qanad açdı.
Yeddiqat deyilən yamac yolun kəsə yerlərindən
enib Laçına çatdı.
Sultan bəylə görüşüb, onunla ətraflı
söhbətdən sonra Zabux dərəsindən Qubadlı
nahiyəsinə aşdı. O, yol boyu Sultan bəy və Xosrov bəy
qardaşları ilə söhbətləri xatırlayıb,
ona tapşırılan vəzifənin öhdəsindən gəlmək
barədə götür-qoy edirdi.
Haçansa tikilmiş qədim günbəz, əkin-biçin
yerləri göründü. Altındakı köhlən ona tanış olan çalın-çarpaz
yollarda kəklik kimi səkirdi. Qəmər at sərin mehin nəvazişlə
sığal çəkdiyi zəmilərin, təzə
şumlanmış torpağın rayihəsini hiss edib, boynunu
şax tutur və vəcdlə hərdən kişnəyib,
sağ-salamat qayıtdıqlarını sanki car çəkirdi.
Əmrah ətrafı seyr edib öz-özünə
düşündü:
- Ana
dediyimiz bərəkətli torpaq, üzərində qərar
tutduğumuz yer adlı cənnət məkan, göz işlədikcə
uzanıb gedən taxıl, arpa, pərinc zəmiləri,
çiçəkli yoncalıqlar, bar-bəhrəsi tükənməyən
bağ-bostan... İlahinin bəndələri üçün
yaratdığı daha nələr, nələr!.. Di gəl ki, qonşuluq
etdiyimiz xəbis erməni millətçiləri min bir nemət
yetirən bu torpaqları qana boyamaq hərisliyindən əl
çəkmir. Yəqin ona görə
Xosrov bəy, söhbətində nigaran
baxışlarını məndən çəkmədən
ürək ağrısı ilə deyirdi ki, Əmrah, o yerlərdə
əmin-amanlıq yaranmasında sənə güvənirəm.
Eh, məğribdən-məşriqə xeyirxahlıq
üçün yaranmış məxluqat!.. İki qonşu
xalqı bir-birinə qırdıran qan çanağı
andraniklər, drolar, nijdehlər... Türkiyənin
çörəyi ilə boya-başa çatan, sonra yediyi qaba
tüpürməyi özünə rəva bilən Andranik və
onun millətçi törəmələri...
Əmrah geniş düzlərdən keçib,
Yazının qaşına çatdı. Sərt
enişlərdə yəhərdən aşırılıb Qəmər
atı yedəyinə aldı ki, qolları alınmasın.
Buradan Çömçəli, Qarabaşlı, Qabaxlı kəndlərinin
kalafalıqları görünür. Hamısını
zaman-zaman erməni millətçiləri yandırıb viranəliyə
çevirib. Mamır basmış
uçuq divarlardan bilinir ki, buralar vaxtilə kənd yeri olub.
Əmrahın yaşadığı Əliquluuşağı
kəndi üç dəfə ermənilərin silahlı
hücumuna məruz qalıb. Neçə
dəfə kəndin altı üstünə çevrilib.
Əmrah bunları xatırladıqca dəhşətə
gəlirdi. Birdən onun ayağının altında dəmir
parçası cingildədi. Əmrah əyilib
götürdüyü əl boyda paslı dəmiri diqqətlə
nəzərdən keçirdi. Pas atmış, köhnə
top qəlpəsi idi. Əmrah iri bədənini təəccüblə
yırğalayıb başını buladı və
öz-özünə:
- Şübhəsiz, bu, Andranikin, Dronun, Nijdehin ordusu tərəfindən
atılmış top mərmisinin ölüm saçan qəlpəsidir. Kəndləri xaraba,
anaları gözü yaşlı, gəlinləri ərsiz,
körpələri yetim qoyan, insanları müsibətlərə
düçar edən qəlpə...
Qonşu Ermənistan tərəfdən üzü bəri
baxan dağlar bu mənhus mənzərənin şahidi olduqca,
xəcalət çəkirmiş kimi dərə-təpələrdən
qalxan qara dumana bürünüb görünməz olurdu.
Əmrahın qayğılı baxışları bir
anlığa ətrafı dolaşdı. Yaxınlıqdakı
Çopur qayanın çuxurunda pərgarı pozulmuş
qartal yuvası diqqətini cəlb etdi. Qartal
həftələrlə dağları, təpələri,
çölü-çəməni cövlan edib
çör-çöp toplayıb, nə zillətlə
özünə yuva qurub. Ancaq onun da taleyi
bəd gətirib. Zavallı
quşcığazın yuvasından əsər-əlamət
qalmayıb. Andranikin, Dronun, Nijdehin silahlıları bu
yerlərə hücum çəkib, atdıqları topun qəlpələri
qartalın yuvasından da yan keçməyib,
hamısını tar-mar eləyib. Pərgarı
pozulub qartal yuvasının. Qartal,
üstündə əsim-əsim əsdiyi balaları ilə
birlikdə al qana boyanıb. Göyə
sovrulmuş yuvada bir neçə qurumuş
çör-çöp və bir də ki, uzun lələklər
görünürdü. Erməni qəddarlığının
ucbatından daha o yuvadan qartal pərvazlanmayacaq, dağlar
qartalı bir də Əliquluuşağının səmasında
qanad çalmayacaq.
Kəndin
yarım verstliyində Əmrah ayağını üzəngiyə
keçirdi və: “Allah, Məhəmməd,
ya Əli!” - deyib, Qəmər atın belinə
aşırıldı.
lll
Əmrah Əmir bəyin yerinə keçib,
yüzbaşılıq işini boynuna götürəndən
sonra gecələr rahat yatmırdı, gündüzlər dincəlmirdi. Vaxt-bivaxt kəndləri
dolaşırdı. Güclülərin zəiflər
üzərində ağalıq etməsinə imkan vermirdi.
Qoymurdu ki, böyük kəndlər kiçik kəndlərə
sitəm eləsin. Əsas diqqəti Ermənistan
- Azərbaycan sərhədlərinə verirdi. Çünki xəbər gəzirdi ki, Andranikin,
Dronun, Nijdehin quldur dəstələri müsəlman kəndlərinə
hücuma hazırlaşır.
lll
Bir gün xəbər gəldi ki, bir neçə
meşə kəndi qarətçilik məqsədilə tərəf-tərəf
olub, qılınc-qırğına çıxıb. Çoxlu
yaralanan olub, iki nəfər dünyasını dəyişib.
Əmrah bu bəd xəbəri eşidən kimi
atını meşələrlə əhatə olunmuş həmin
kəndlərə sürdü. Vəziyyəti
araşdırdıqdan sonra, aranı
qızışdıranları tapıb camaatın gözü
qarşısında güllələmək qərarına gəldi.
Həmin məqamda Gürcülü kəndinin
sayılıb sözü keçəni Molla Abbas qabağa
çıxdı. Hündür boylu, uzun çuxalı,
ağ saqqalı sinəsinə
tökülən Molla Abbas əlində “Quran” Əmraha yan
aldı. Gürcülü camaatının adından
xahiş-minnət etdi, Əmrahın əli ilə qan
tökülməsinə imkan vermədi...
Əmrah fikrini dəyişdi. Elin sözünü
yerə salmadı. Ancaq əsas günahkarları da cəzasız
qoymadı... Və çox dəlil-dəlalətdən
sonra onun ətrafına toplaşanlarla xudahafizləşib
atına süvar olmaq istədi. Molla Abbas atın
cilovundan yapışıb nurani baxışlarını
Əmraha tərəf çevirdi:
-
Əmrah, ayda-ildə bir dəfə bu kəndə qədəm
basasan, çörəyimizi kəsməyəsən... mən
heç,
Gürcülü camaatının xətrinə dəyər.
Səndən inciyərlər, - deyib, atın
başını evinə tərəf yönəltdi.
Molla Abbasın evində çay-çörək tədarükü
görüldü. Onlar süfrə başında əyləşdilər.
Tez-tez qapını açıb-örtən
cavan bir oğlan nəzakətli davranışı ilə
Əmrahın diqqətindən yayınmadı. Bunu Molla
Abbas da hiss etdi. Və cavan oğlanın kimliyi barədə
Əmrahın sualını gözləmədən:
- Bizim bu
Nəzər özgə adam deyil, Əmrah.
Öz uşağımızdır. Utanmazlıq da eləyirəm, yeznəmdir. Savadlı da uşaqdır. Rus-tatar
məktəbini qurtarıb, yaxşı da qələmi var.
Əmrah
axtardığını tapıbmış kimi:
- Nə
işlə məşğuldur? - soruşdu.
- Əmrah, səndən nə gizlədim. Haracan desən,
fərasətli uşaqdır. Ancaq
yalan-gerçək ordan-burdan eşidirəm ki, gizli bir firqə
özəyi var, ora gedib-gəlir. Guya yeni
hökumət qurulacaq, ona görə firqə özəkləri
yaradılır. Bu da məni
açmır. Bir neçə dəfə
aramızda giley-güzar da olub. Ancaq əqidəsindən
döndərə bilmirəm. Uyub o firqə
işinə.
Əmrah Molla Abbası diqqətlə dinləsə də,
onu sorğu-suala tutub dərinə getmədi. Və Nəzəri
yanında oturdub ona bəzi suallar verdikdən sonra:
- Nəzər,
mənim yanımda işləyərsənmi? Xeyli
vaxtdır ki, fərasətli, savadlı bir mirzə
axtarıram. O ki qaldı firqə özəyi ilə əlaqənə,
o sənin şəxsi işindir. Zənnimcə,
sənin kimi ağıllı, kamallı, savadlı oğlan səhv
etməz.
Bu söz
Molla Abbasın xoşuna gəldi...
lll
Əmrah bir müddət Nəzər Heydərovla işləyəndən
sonra deyirdi ki, ağlı başında oğlandır. Düzgün
yol göstərəni olsa, yaxşı gələcəyi var.
O gündən
Nəzər Heydərovu özünə mirzə
götürdü. Çox keçmədi ki, Nəzər
mirzəlikdən əlavə Əmrahın sadiq köməkçisinə,
yaxın dostuna çevrildi.
lll
Əliquluuşağı ilə Ermənistanın Xızirək kəndi arasında dikələn iri qaya kilsəni xatırladır. Kənddən cəmi iki verst aralıda olan qayanın altında, dibi görünməyən qaranlıq kahada vaxtilə mal-qara saxlanardı. Görünüşünə görə bura Kilsə-kaha adlanır. Əks tərəfdə kol-kosluqla örtülmüş ağ qayalar uzanıb gedir. Üz-üzə dayanan qayalıqların arasından keçəndə adam vahimələnir. Neçə illərdir ki, Qara Qasım kənddən aralanıb tək-tənha Kilsə-kahada məskən salıb. Heç kəs də Qara Qasımın qorxusundan Kilsə-kaha tərəfə üzükmürdü. Dolu bədəni, gümrah sifəti, ötkəm danışığı olan və həmişə çiynində üçaçılan tüfəng, belində xəncər, onaçılan tapança gəzdirən Qara Qasım qarətçilik, adam öldürmək üstündə neçə dəfə qazamata düşüb, Sibirə sürgün olunub. Axırıncı dəfə azadlığa buraxıldıqdan sonra kənddə ev-eşiyi, arvad-uşağı ola-ola Kilsə-kahada yaşayırdı. Və köhnə adətini yerə qoymurdu. Əvvəllər olduğu kimi, yenə də quldurluğa qurşanmışdı. Qarət etdiyi atı, qatırı, malı, qoyunu qonşu Xınzirək kəndinin ermənilərinə su qiymətinə satırdı. Heç kəs də canının qorxusundan cəsarət edib ona bircə kəlmə söz deyə bilmirdi.
Qara Qasım Əmrahın yüzbaşılığını mülahizə eləyib, onu əsla saya salmırdı. Ancaq Əmrah Qara Qasımın nə oyunlardan çıxdığını ovcunun içi kimi bilirdi. Lakin hələlik ona baş qoşmaq istəmirdi. İstəmirdi ki, birdən-birə pərdəni götürüb, Qara Qasımın tayfa-törəməsi ilə qanlı-bıçaq olsun. Qara Qasım da ki, sağa-sola at oynadırdı; nə Allah tanıyırdı, nə bəndə. Nə qazamatdan qorxusu vardı, nə də Sibirin şaxtasından. “Dəliyəm, güclüyəm”, - deyib, istədiyini eləyirdi.
lll
Mülayim havaydı. Qız-gəlin təzəli-köhnəli xalı-xalçasını, yorğan-döşəyini, kilimini həyətə töküb yun çubuğu ilə çırpıb tozunu alır, günə verirdi. Bəziləri də taxıl dənəsini sərib qurudurdu. Beş-on nəfər yaşlı adam kəndin ortasında “Dükan yeri” deyilən meydançaya toplaşıb gələcəkdən-keçəcəkdən söhbət edir, hərə öz dərd-sərini danışırdı. Əmrah bu gün başqa yerə getməmişdi. O, kəndə çıxıb “Dükan yeri”nə toplaşan həmkəndliləri ilə hal-xoş elədi, onların söhbətinə qoşuldu. Bu heyndə bir-birinin ardınca iki güllə səsi eşidildi. Hamı dönüb tüfəng açılan tərəfə boylandı. Qara Qasımıdı; onun səsi-sədası gələn kimi kəndin həyət-bacasında bir adam gözə dəymirdi. Hamı tələm-tələsik içəri keçib, qapısını da arxadan bağlamışdı. Divara söykənən bir nəfər narazı halda başını buladı:
- Qara Qasımdan başqa kim olar? - dedi. - Yəqin ki, Kilsə-kahadan gəlir. Ordan-burdan çal-çap eləyib, çırpışdırdığını ermənilərə sırıyıb, indi də kefi kök, damağı çağ, kənddəkilərə özünü göstərir.
Heç kəs dillənmədi. Əmrahın baxışlarında amansız bir qəzəb alovlandı. Lakin özünü o yerə qoymadı. Bir qədər sonra Qara Qasım irəlidəki döngədən çıxıb “Dükan yeri”nə toplaşanlara tərəf yaxınlaşdı. Və onlara dilucu salam verib bir kənarda dayandı. Əmrah onun salamını almadı. Bunu Qara Qasımın özü də hiss etdi. Və bura toplaşanlar bayaqdan başladıqları söz-söhbətin istiqamətini dəyişdilər.
Əmrah özünü saxlaya bilmədi. Üzünü Qara Qasıma tutaraq:
- Qasım, - dedi, - bizim bu
Əliquluuşağı iki yüzə yaxın evdir. Qonşu kəndlərdə də on-on beş ev ola, ya
olmaya. İndiyə kimi nə hoqqalardan
çıxmısan, onu sən özün də yaxşı
bilirsən, mən də, bütün bura toplaşanlar da.
Bizim camaata yaraşmaz ki, bu xırda-para kəndləri
təpə-qapaz eləyib, mal-heyvanını zorla əlindən
alsın. Gərək dünya malından
ötrü onu-bunu qarət eləyib, sonra da el-oba içində
başımızı aşağı salmayaq. Bu dediklərimi təkcə sən özünə
götürmə. Burada oturanların
hamısına deyirəm. Əl-ayağını
farağat qoy.
Qara Qasım yaxşı başa düşürdü
ki, Əmrah daşı kimin bağçasına atır. Odur ki, söz altında
qalmadı:
-
Əmrah, bizə yüzbaşı lazım deyil, - dedi. - Yəni
xoruz olmasa, səhər açılmır?!
Əmrah
ciddiləşdi və üzünü Qara Qasıma tutaraq:
- Qara
Qasım, əvvəla bilməlisən ki, səninlə
yüzbaşı kimi yox, bura yığışan kəndlilərimdən
biri kimi
danışıram. Orası
düzdür ki, sizə yüzbaşı lazım deyil. Bu barədə fikrinlə şərikəm. Lakin onu da bilib dərk etməlisən ki,
yüzbaşıları sənin kimi qarətçilər,
soyğunçular yaradır. Qara Qasımlar
olmasa, heç pristavlara, yüzbaşılara, uryadniklərə
də ehtiyac olmaz.
(Ardı var)
Əli
İLDIRIMOĞLU
525-ci qəzet.- 2016.- 29 oktyabr.- S.20