Kirayə arzular
(Əvvəli ötən şənbə sayımızda)
Eşidəndə ki, Yeganə Qazaxın İkinci Şıxlı kəndindəndir,
sözün düzü,
sevincimi gizlədə
bilmədim.
Anamın yaxın rəfiqələrindən
biri Fatma xala da Qazaxın
Daş Salahlı kəndindən idi. O qədər
həlim xasiyyəti vardı ki, onu ürəyinin içində bəsləmək
istəyirdin. Yəqin elə
buna görə də, Yeganənin içində anamın rəfiqəsini axtarmağa
başladım.
O, çarpayıda uzanıb
sualı suala calayırdı:
- Qız hara? Jurnalist hara?
- Nə bilim, bir jurnalist var...
O, həvəsə salıb.
- Hm?! Verərdin dil-ədəbiyyata. Şagird hazırlaşdırardın. Bax, belə qazanardın, - əlini alnının ortasından eninə çəkdi.
- Qismət... Bəs yaxşı, Qazax
hara? Fizika hara? Sən ki,
qoşma, gəraylının,
dodaqdəyməzin, dildönməzin
içindən gəlmisən?
- Az, yaxşı görək sən Allah, nə şeir?
- Bəs, Vaqif, Vidadi, Səməd Vurğun?
- Boy... Hamısının ağrın
alım! Mənimki Nyutondu.
Nədənsə, Yeganənin Nyuton sevgisinə inanmadım. Heç on dəqiqə
keçmədi ki, fikrim təsdiqini tapdı. Məlum oldu ki, əmisi
Fizika İnstitutunun professorudur və əmisinin yanında yeri artıq hazır idi. Yeganə əmisinin uğurlarından
ürəkdolusu danışanda
otağın qapıları
taybatay açıldı.
Sahibə əlində bir
qab dovğayla içəri daxil oldu. O, bunu Yeganə üçün
gətirmişdi. Qarnım tox
olduğundan dovğanı
görəndə ağzım
sulanmadı. Düşündüm ki, deyəsən, hər kirayəşinin
ilk günündə bir
boşqab dovğa vermək sahibənin ənənəsidir.
Yeganə dovğanı mənim kimi gözünə təpmədi. Nazlana-nazlana içib, qabı
bir kənara çəkdi. Otağın tən ortasına gəlib qollarını belinə qoydu. Mənə elə gəldi ki, Yeganə qollarını havaya açıb şıdırğı
rəqs edəcək.
Çünki o, gözlərini süd rəngli taxta tavana elə
zillədi, sanki göydən musiqi gözləyirdi. Yeganə
həqiqətən də
qollarını açdı,
amma sinəsinə möhkəm-möhkəm vurub
gərnişdi...
Görəsən, ürək içdən döyüləndə, yoxsa
çöldən vurulanda
daha çox ağrıyır?
Xilaskarım mənim
İki həftə keçməsinə
baxmayaraq sahibənin qızları otağımızın
qapısını taqqıldatmadı.
Düşündüm ki,
bu necə ola bilər?
Axı, Yeganə də Yer planetinin üzvüdür. Ən əsası,
onun da mənim
kimi hər gün “yuyulub-səlirmək”
haqqı var?! Hətta seriala baxmaq üçün sahibənin
otağına keçəndə
bu məsələni qaldırmaq istədim.
Amma hər dəfə serialın baş qəhrəmanı
dul qadın Blankanın geyindiyi ağ kostyumlar
müzakirə olunduğundan
söhbəti heç
cür Yeganənin üzərinə gətirə
bilmirdim. Bununla belə, qızları
hər gecə otağımızda gözləyirdim.
İçimdə qəribə bir
rahatlıq vardı.
Əmin idim ki, gec-tez
“poeziya gecələri”
bərpa olunacaq.
Günlərin bir günü serialın növbəti nümayişindən sonra
otağıma qayıdanda
qızlar da mətbəxtə fincanlarına
çay süzüb bizə təşrif buyurdular. Böyük qız stulda,
kiçik qız isə yerdə oturub söhbətə başladılar. Əvvəlcə universitetlərin müzakirəsi
oldu. Yeganə BDU deyib, sinəsinə
döyəndə böyük
qız Qərb Universiteti söylədi.
Amma böyük qız həmişəki kimi məsələyə nidasını
qoya bilmədi. Çünki sakitcə dedim ki, əsas
harda oxumağın deyil, adamın olmalıdır. Sonra kiçik qız
Aygün Kazımovanın
oxuduğu “Qoy işığı söndürüm”
mahnısını ortalığa
atıb mövzunu dəyişmək istəyəndə
imkan vermədim.
Necə yəni? Heç doğma şəhərimə
görə xəcalətli
qaldığım günlərin
xiffətini çəkərəmmi?!
Nədənsə, bu dəfə
böyük qız üzünü mənə
deyil, Yeganəyə tutdu. Ona Şamaxıda doğulan dahiləri bir-bir sadalayanda Yeganənin heç tükü də tərpənmədi:
- Hə, lap yaxşı! Nə olsun?- dedi.
Bunu söyləyəndə
hər iki bacının gözləri
bərəldi. Ürəyimdə düşündüm ki, deyəsən, daş qayaya rast gəlib. Yeganə aldı sazı görək, nə dedi:
- Ağız, sən məni şairlərləmi
qorxudursan? Bizim zonada hər ailədən şair çıxır e, a rəhmətliyin qızı!
Vidadi, Vaqif, Səməd Vurğun, Osman Sarıvəlli, İsmayıl Şıxlı,
Mehdi Hüseyn, Hüseyn Arif, Mirvarid Dilbazi, o biri Vaqif - Səmədoğlu...
Yeganə danışdıqca qızışır,
qızışdıqca ağzından
tullanan tüpürcəklər
qızların üzünü
qucaqlayırdı. Qızlar dodaqlarını
büzsələr də,
Yeganəyə cavab verə bilmədilər.
Onlar otaqdan çıxanda Yeganə əllərini yelləyib arxalarınca “ala” verdi. Beləcə, “poeziya gecəsi” ömrünü başa vurdu...
Görəsən, Vaqif Səmədoğlu dua yerinə hansı şeirini oxuyurdu?
Kərpickəsən kişi
Artıq payız sağollaşmaq üzrə idi. Yay tərəvəzlərinin
qurtaran vaxtıydı
deyə sahibə bütün günü balon bağlayırdı.
Yazıq
qadın tək başına göy pomidor, kələm, badımcan yuyur, bankaları suda yaxalayıb, çay dəsmalı ilə qurudurdu. Qızlarına nə qədər
yalvarsa da, ona kömək edən yox idi.
Kiçik qız qonşularda
veyillənir, böyük
qız isə tünd göy rəngli cins şalvarının tonunu açmaq üçün
kərpic parçasını
isladıb ona sürtürdü. Mən o evə
qonandan günortalar qızı hamamın qarşısında şalvarının
rəngi ilə əlləşən gördüm.
Bu, elə bil
onun ritualına çevrilmişdi. Səhnə hər
gün təkrarlandığından
hərdən mənə
elə gəlirdi ki, günüm dəyişilmir. Qızı bu
vəziyyətdə görəndə
gözümün önündə
kərpickəsən kişinin
qabar əlləri, üzünün qırışlarına
yapışan toz canlanırdı. Özüm də
təəccübləndim ki,
axı, bu kərpic o kərpicdən
deyil. Niyə məhz dahi
Nizaminin zəhmətkeş
obrazını düşünürəm?
Təbii, qızın
ağlından nəinki
kərpickəsən kişi, heç mətbəxtdə balonların
içində qaynar suyu səbirsizliklə gözləyən pomidorlar
da keçmirdi. Onun beyninin labirintlərində
cins şalvarı dolaşırdı. Elə mən
də şalvarın açıq mavi rəngə düşməsini
səbirsizliklə gözləyirdim.
Ona görə yox ki, qızın ayaqları xoşbəxt olacaqdı, ona görə ki, kərpicin canı dincələcəkdi.
Bir dəfə
hamamın qarşısında
qızın əldən
düşdüyünü görəndə kömək
etmək istədim. Ona yaxınlaşanda
ayaqlarım getmədi.
Axı, qızla mənim aramda kərpickəsən kişi dayanmışdı...
Görəsən, kərpic onu
kəsən kişini
xatırlayırmı?
Ülviyyə HEYDƏROVA
525-ci qəzet.- 2016.- 29 oktyabr.- S.18.