“Kitabi-Dədə Qorqud” Baltik xalqlarının dillərində  

 

 

 

“Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası prezidentinin 1997-ci il aprelin 20-də imzaladığı Fərmanda vurğulanıbdır ki, “...Azərbaycan xalqının mühüm tarix və mədəniyyət qaynaqlarından biri olan və (...) oğuz türklərinin tarixini əks etdirən “Kitabi-Dədə Qorqud” dastanı yüksək bəşəri ideallar tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olmuşdur”.

 

Bu mühüm tezis “Kitabi-Dədə Qorqud”un “Təpəgöz” boyunun ilk dəfə Prussiya krallığının diplomatı və şərqşünas alim Henrix Fridrix fon Dits (1751-1817) tərəfindən Drezden kitabxanasında 1815-ci ildə aşkar edildiyi vaxtdan indiyə qədər əsərin bir sıra dünya xalqlarının dillərinə tərcümə edilib nəşr olunması faktlarında dəfələrlə öz təsdiqini tapmışdır.

 

Bu baxımdan digər Avropa xalqları ilə bərabər Baltik xalqları da klassik ədəbi abidəmizə xüsusi maraq göstərmiş və müxtəlif illərdə eposu öz dillərinə çevirib çap etmişlər.  

 

LİTVACA

 

Baltik ölkələrində “Kitabi-Dədə Qorqud” dastanı ilk dəfə olaraq Litvada işıq üzü görmüşdür. Belə ki, əsər litvaca 1978-ci ildə Vilnüsdə “Vaga” (“Şırım”) nəşriyyatı tərəfindən çapdan buraxılmışdır (“Dede Gorgudo sakmes”. Vilnius, “Vaga”, 1978).

 

Dastanı Azərbaycan dilindən litvacaya görkəmli Litva şairi və tərcüməçi Sigitas Geda (1943-2008) və tanınmış ədəbiyyatşünas alim, professor Vaqif Arzumanlı (1947-2014) tərcümə ediblər. V. Arzumanlı həmçinin bu nəşrə yazdığı “Dədə Qorqud dastanları barədə” adlı ön sözün müəllifidir.

 

Eposun Litva dilinə tərcüməsi zamanı əsərin akademik Həmid Araslı (1909-1983) tərəfindən hazırlanmış 1962-ci il Bakı nəşrindən orijinal kimi istifadə edilib və dastan bütünlüklə (müqəddimə və on iki boy) çevrilib nəşr olunub. 151 səhifədən ibarət olan kitab 10 min nüsxə tirajla çapdan buraxılıb.

 

Kitabın üz qabığının bədii tərtibatı Rita Yane Rozite adlı tanınmış Litva rəssamı və kiçik qrafika əsərləri ustasına məxsusdur. Xalq rəssamı, akademik Mikayıl Abdullayev (1921-2002) tərəfindən 1956-1962-ci illərdə “Kitabi-Dədə Qorqud” eposuna çəkilmiş şəkillərin altısından əsərin litvaca nəşrində illüstrasiyalar qismində istifadə olunub. Miniatür üslubda çəkilmiş bu rəsmlər əsərdə cərəyan edən hadisələrin vizual səhnələrini yaradan və emosional yaşantılarını ötürən təsvirlər olaraq dastanı Litva oxucusuna daxilən daha da yaxınlaşdırır.

 

Bu yerdə kiçik bir haşiyə çıxaraq qeyd etmək istərdik ki, Xalq yazıçısı Anarın ssenari müəllifliyi ilə 1975-ci ildə kinorejissor Tofiq Tağızadə (1919-1998) tərəfindən yaradılmış “Dədə Qorqud” bədii filminə çəkilmiş şəkillərin də Litva incəsənəti ilə müəyyən dərəcədə yaradıcılıq bağlarının olması barədə fikir və mülahizələr yürütmək mümkündür. Belə ki, həmin şəkillərin müəllifi - Azərbaycanın Xalq rəssamı Toğrul Nərimanbəyov (1930-2013) Litva Rəssamlıq İnstitutunun məzunu olaraq, teatr rəssamlığının incəliklərini 1950-1955-ci illərdə məhz Vilnüsdə öyrənmişdir.

 

“Kitabi-Dədə Qorqud”un Litva dilində çapdan çıxması haqqında biblioqrafik bilgi xarakterini daşıyan bir neçə informativ yazı 1978-ci ildə Bakıda Azərbaycan və rus dillərində bu mətbuat vasitələrində yayımlanıbdır: - “Ədəbiyyat və incəsənət” həftəliyi, 17 iyun 1978-ci il; Azerinform agentliyi, 23 mart 1978-ci il; “Bakinskiy raboçiy” qəzeti, 24 mart 1978-ci il; “Literaturnıy Azerbaydjan” jurnalı, 1978-ci il, ¹ 8 və s.

 

Tərcümənin təhlili və dəyərləndirilməsinə aid bəzi filoloji qeydlərimiz isə Azərbaycan ədəbi ictimaiyyətinin və qorqudşünasların diqqətinə ilk dəfə 1984-cü ildə təqdim edilib (Mahir Həmzəyev. “Kitabi-Dədə Qorqud” Litva dilində”. Bakı, “Elm və Həyat” jurnalı, 1984-cü il, ¹ 1).

 

Bu qeydlərimizdə öncə göstərmək istərdik ki, “Kitabi-Dədə Qorqud”un litvaca nəşri orta yaşlı məktəb uşaqları üçün nəzərdə tutulduğundan tərcümə zamanı dastanın dilini yaradıcı şəkildə sadələşdirməyə səy göstərilmişdir. Həm məktəblilər, həm də digər litvalı oxucular üçün ilk dəfə səslənən, həmçinin geniş izahlar tələb edən söz və ifadələr daha anlaşıqlı təqdim edilmək üçün sərbəst şəkildə tərcümə olunmuşdur. Bununla yanaşı kitabda dastandakı toponim və etnonimlər, adlar və ata sözləri ilə bağlı 42 adda terminin izahı verilmişdir. Bəzi qısa parçalar tərcümə zamanı ixtisar edilmişdir. Buna baxmayaraq abidənin ana xətti, klassik üslubu və milli ruhu qorunub saxlanılmışdır.

 

Dastanla bağlı ən çox mübahisə doğuran problem onun yaranma tarixi ilə bağlıdır. Həmin tarixin düzgün müəyyənləşdirilməsini çətinləşdirən başlıca səbəblərdən biri, islamiyyətin qəbulundan sonra “Kitabi-Dədə Qorqud”a ozanlar və digər ifaçılar tərəfindən islami motivlərin daxil edilməsidir.  İslami dəyərlərlə səsləşən həmin əlavələr və dəyişikliklər əsasən dastanın müqəddiməsində yer almışdır. Belə ki, dastanın bir çox nəşrlərinin müqəddiməsində onun Məhəmməd peyğəmbərin zamanında yaradıldığı vurğulanır. Abidənin akademik H. Araslı tərəfindən hazırlanmış nəşrinin müqəddiməsində isə həmin məqam fərqli olaraq belə göstərilmişdir: - “Rəsul əleyhüssəlam zamanına yaxın Bayat boyunda Qorqud Ata derlər bir ər qopdu...”

 

Eposun Litva dilinə tərcüməsi zamanı bu mübahisəli məsələyə tarixi baxımdan yaradıcı şəkildə yanaşılmış və müqəddimədəki həmin cümlə belə tərcümə edilmişdir: - “Çox-çox qədimlərdə Bayat boyunda Qorqud Ata deyilən bir qeyri-adi insan vardı...” Litvaca nəşrə yazılmış giriş məqaləsində dastanın islamaqədərki dövrdə yaranması ilə bağlı müddəa yetərincə əsaslandırılmış şəkildə və bu cür tərcüməyə həmahəng ruhda oxuculara təqdim olunub. (Bu mülahizələrdə bir qədər irəli gedərək qeyd edək ki, dastanın latış və eston tərcümələrində bundan fərqli olaraq Qorqud Atanın Peyğəmbər zamanında yaşadığı göstərilib).

 

Məlum olduğu kimi, “Kitabi-Dədə Qorqud” bədii cəhətdən kamil sənət əsəri olaraq həm nəsr, həm də nəzmlə yazılıb. Nəzm dili nəsrə nisbətən ibtidai şəkildədir və həcmcə müxtəlif böyüklükdədir. Boylardakı şeirlər dörd hecalıdan başlamış, on doqquz hecalıya qədər müxtəlif formalardan ibarətdir. Bu şeirlərdə vəzn və qafiyə gözlənilmir. Belə ki, ozanlar dastanın mənzum hissəsini qopuz havalarına uyğun olaraq oxuyur və misralardakı kəlmələri musiqinin ahənginə görə uzadıb qısaldırdılar. Bu cür poetik xüsusiyyət şeirlərin Litva dilinə tərcüməsi zamanı işi nisbətən asanlaşdırmışdır. Daha doğrusu, tərcümə zamanı Şərq poeziyasının ayrılmaz daxili hissələri olan ölçü, vəzn, vurğu, vəqt, rədif, qafiyə kimi şeir texnikasının elementlərini gözləmək, onları tərcümədə ciddi şəkildə qoruyub saxlamaq lazım gəlməmişdir. Lakin bunun əvəzində həmin şeirlərin yüksək bədii səviyyəsi, əsərin ağılları sehrləndirən məcazlar, təşbehlər, mübaliğələr sistemi, haşiyə və ricətləri, təbiəti tərənnüm edən gözəl səhnələri mütərcimlərin qarşısına həqiqi istedad və poetik ilham tələb edən yaradıcılıq tapşırığını qoymuşdur.

 

“Kitabi-Dədə Qorqud” dastanında nəzm parçaları təxminən 1800 misradan ibarətdir (hesablama dastanın 1962-ci il Bakı nəşri əsasında aparılmışdır - M. H.). Litva dilinə isə bunun 1400-ə yaxın misrası tərcümə edilmişdir (yeri gəlmişkən qeyd edək ki, bəzi nəzm parçaları Litva dilinə nəsrlə tərcümə olunmuşdur). Beləliklə, dörd yüzə yaxın misra dastanın Litva tərcüməsində getməmişdir. Zənnimizcə, ixtisar edilmiş misraların və şeir parçalarının bir qismi tərcümə olunsaydı daha məqsədyönlü olardı. Belə ki, həmin parçalar abidənin parlaq bədii səviyyəsi haqqında litvalı oxucularda daha dolğun təsəvvür yaradardı.Məsələn, “Dirsə xan oğlu Buğac” boyunda “Bəri gəlgil, başım taxtı, evim baxtı!” misrası ilə başlanan söyləmədəki “Qoşa badam sığmayan dar ağızlum!” kimi qəlbləri ovsunlayan ecazkar misralar imkan daxilində tərcümə edilsəydi dastanın bədii təsir gücünü daha artırmış olardı.

 

“Kitabi-Dədə Qorqud”un nəsri qafiyəli nəsrdir, daha çox nəzmi xatırladır (məsələn, “yastı-yastı qayalar yastığıdır çobanın, yumru-yumru təpələr yumruğudur çobanın” və s.).  Bir çox sətirlər isə daxili qafiyələr üstündə qurulmuşdur (sözgəlişi xatırlamaq istərdik ki, Xalq şairi Rəsul Rza sərbəst şeirin bu dastanın poetikası ilə doğmalığını sübut etməyə çalışırdı). Təəssüf ki, litvacaya edilmiş tərcümədə bu üslubun adekvatlığı bəzən arzu olunan səviyyədən uzaq düşüb.Bununla yanaşı, qeyd etmək vacibdir ki, dastandakı qafiyəli nəsr parçalarının bir çoxunun adekvat tərcüməsi olduqca çətin tapşırıqdır.

 

Bu fikri qoşa kəlmələrin tərcüməsi barədə də demək olar. Belə ki, dastanda qoşa kəlmələrə tez-tez rast gəlinir: “ov ovladı, quş quşladı”, “ünüm ünlə, sözüm dinlə” və s. Belə qoşa cümlələrin də başqa dillərə adekvat tərcüməsi çox böyük məharət və bədii ifadə bacarığı tələb edir. Mütərcimlərin bu cür ifadələri orijinalda olduğu kimi tərcümə etmək cəhdləri həmişə uğurla nəticələnmir.

 

Misal üçün “Salur Qazanın evinin yağmalanması” boyundan bir parçanın tərcüməsinin müqayisəli təhlilinə qısaca nəzər salaq.Orijinalda deyilir:

 

“... İçib-içib Ulaş oğlu Salur Qazanın alnına şərabın istisi çıxdı. Qaba dizi üzərinə çökdü, ayıtdı:

 

Ünüm-ünlən bəylər, sözüm dinlən bəylər! Yata-yata yanımız ağrıdı. Dura-dura belimiz qurudu. Yürüyəlim, a bəylər! Av avlayalım, quş quşlayalım, sığın, keyik yığalım, qayıdalım, otağımıza düşəlim, yeyəlim, içəlim, xoş keçəlim!”

 

Həmin parça litvaca tərcümədə belə səslənir:

 

“... Salur Qazan söylədi:

 

Mənim əziz bəylərim, oturmaqdan yorulduq. Ova gedəyin. Quş vuraq, gözəl çəmən tapaq, onda günümüz daha şən keçər”.

 

Tutuşdurulan parçalardan göründüyü kimi, “ünüm-ünlən, sözüm dinlən” ifadələri Litva dilinə tərcümə olunmamışdır. Belə ki, bu qoşa ifadələrin adekvat tərcüməsi Litva dilinin söz lüğəti və qrammatik imkanlarından kənara çıxır.

 

“Av avlayalım, quş quşlayalım” qoşa ifadələrini isə mütərcimlər daha adekvat tərcümə etməyə səy göstərmişlər. Amma nəticəsi istənilən qədər uğurlu deyildir. “Quş quşlayalım” qoşa kəlməsi Litva dilinə “şaudisim paukşçyus” kimi tərcümə edilmişdir. Lakin “şaudisim paukşçyus” söz birləşməsi orijinaldakı “quş quşlayalım” ifadəsinin dəqiq paraleli deyildir. Bu söz birləşməsi Litva dilində quşu oxla və ya isti silahdan atəş açmaqla vurmaq mənasında işlədilir. Orijinaldakı ifadədən isə aydın görünür ki, söhbət təlim görmüş ov quşları (qartal, şahin və s.) vasitəsilə quş ovlamaqdan gedir. Litva dilində bu cür ov üsulu “gaudisim paukşçyus” söz birləşməsi ilə ifadə olunur. Deməli, tərcümədə “şaudisim” sözü əvəzinə “gaudisim” işlədilsəydi, cümlə orijinala daha yaxın səslənərdi.

 

“Qanı dediyim bəy ərənlər? Dünya mənimdir deyənlər? Əcəl aldı, yer gizlədi, fani dünya yenə qaldı” cümlələri ilə başlanan Dədə Qorqud söyləməsi, yuxarıda misal gətirdiyimiz parçanın tərcüməsinə nisbətən Litva dilində daha müvəffəqiyyətlə səslənir. Bu uğurlu səslənməni heç də həmin söyləmədəki daxili qafiyələrin və qoşa kəlmələrin adekvat tərcüməsi şərtləndirmir. Əksinə, bu cür qafiyələr tərcümədə saxlanılmayıb. Lakin bunun əvəzində, canlı xalq danışıq dilində işlənən sadə, ahəngdar və bədii cəhətdən gözəl təsir bağışlayan cümlələr verilib. Bu isə tərcümənin dilinin daha axıcı   oxunaqlı olmasına öz müsbət təsirini göstərib.

 

Azərbaycan xalq bədii təfəkkürünün möhtəşəm abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarının dili bədii təsvir vasitələri ilə zəngindir. Dastanlarda xalq dilinin incəliklərindən, atalar sözləri, məsəl və idiomatik ifadələrdən bol-bol və məharətlə istifadə olunub. Tərcümə zamanı dastanda işlənmiş idiomatik ifadələr, atalar sözləri və zərbi-məsəllərin Litva dilindəki qarşılıqlarından bəzən bacarıqla istifadə edilib: - “Ulaşıban sular daşsa dəniz dolmaz”, “Əski pambıq bez olmaz” və sair cümlələr uğurla tərcümə olunub. Lakin bununla bərabər, əsərdə bu qəbildən olan digər cümlələrin Litva dilindəki qarşılıqlarından nədənsə istifadə olunmayıb.

 

Tərcümədə alqış və qarğışların bir qisminin bədii təsvir gücü, emosionallığı və rəngarəngliyi qorunub saxlanılmışdır, metafora və təşbehlər yersiz yamaq təsiri bağışlamır. Bu fikri “Ağ birçəkli anan yeri behişt olsun!, “Qara dağların yıxılmasın!”, “Kölgəlicə qaba ağacın kəsilməsin!”, “Çalanda qara polad üz qılıcın kütləşməsin!”, “Ağzın qurusun, ana!”, “Dilin çürüsün, ana!” kimi alqış və qarğışların tərcüməsinə aid etmək olar. Tərcüməyə daha diqqətlə yanaşılsaydı, yerdə qalan alqış və qarğışları da yəqin ki, daha adekvat tərcümə etmək olardı...

 

YÜZ DƏFƏ EŞİTMƏKDƏNSƏ...

 

Məlumdur ki, bədii tərcümə bədii yaradıcılığın bir sahəsidir. Söhbət bir xalqın milli eposunun başqa dilə tərcüməsindən gedərkən, bu məsələyə bir qədər geniş aspektdə yanaşmaq lazım gəlir. Belə ki, şifahi xalq ədəbiyyatının həcmcə böyük janrlarının uğurlu tərcüməsini yalnız parlaq istedad, yüksək bədii zövq və ifadə tərzi, orijinalın ruhunu duyma qabiliyyəti deyil, həmçinin tərcümə olunan xalqın keçmişinə, onun dünyagörüşü, folkloru, yazılı ədəbiyyatı, ictimai-siyasi inkişaf tarixi və etnokulturoloji dəyərlərinə yaxından bələd olmaq kimi vacib amillər də şərtləndirir. Düşünürəm ki, bu cəhətdən ədəbiyyatımızın bəxti həqiqətən gətirib ki, “Kitabi-Dədə Qorqud” eposunu litvacaya tərcümə etmək işi məhz litvalı S. Geda və azərbaycanlı V. Arzumanlı kimi şeir-sənət sərraflarının, həm də Azərbaycan və Litva tarixinin, ədəbiyyat və mədəniyyətinin gözəl bilicilərinin öhdəsinə düşüb. Zənnimcə, məhz bu iki ziyalının birgə əməkdaşlığı öz səmərəli bəhrəsini vermişdir.

 

V. Arzumanlı imzasını Azərbaycan ədəbi ictimaiyyətinə geniş təqdim etməyə ehtiyac görmürəm. Belə ki, onun bir alim kimi həm Azərbaycan ədəbiyyatşünaslığı, həm də ədəbi tərcümə sahəsində gördüyü dəyərli işlər mədəniyyət tariximizdə ayrı bir səhifə təşkil edir. Ələlxüsus, Azərbaycan-Baltik ədəbi əlaqələrinin tədqiqatı sahəsində, eləcə də “Kitabi-Dədə Qorqud”un litvacaya tərcüməsi ilə yanaşı ədəbiyyatımızdan bir sıra digər seçmələrin Baltik ölkələrində tanıdılması istiqamətində onun danılmaz əməyi olmuşdur.

 

Azərbaycana böyük rəğbət bəsləmiş və milli mədəniyyətimizin Litvada tanıdılması sahəsində bir sıra xidmətlər göstərmiş litvalı alicənab ziyalı və nadir istedad sahibi olan sənətkar Sigitas Geda isə təəssüf ki, nə şair, nə də tərcüməçi kimi ölkəmizdə yaxşı tanınmır. Odur ki, fürsətdən istifadə edərək “Kitabi-Dədə Qorqud”un Litva dilinə tərcüməçisinin həyat və yaradıcılığı haqqında bəzi məqamları ilk dəfə oxuculara təqdim etmək istərdik.

 

S. Geda Litva ədəbiyyatı tarixinə özünəməxsus dəst-xətti və bənzərsiz yaradıcılıq yolu olan qüdrətli poeziya ustası, dramaturq, esseist, ədəbi tənqidçi və tərcüməçi olaraq daxil olub. O, 4 fevral 1943-cü ildə Litvanın Lazdiyay rayonunun Pateray kəndində dünyaya göz açıb. 1966-cı ildə Vilnüs Universitetinin Litva Filologiyası fakültəsini bitirib. “İzlər” (“Pedos”) adlı ilk şeirlər toplusu da 1966-cı ildə işıq üzü görüb. Həmin ildən başlayaraq Litvada 50-dən artıq kitabı çıxıb. Ona sağlığında ikən canlı klassik, XX əsr Litva ədəbiyyatının ən elitar simalarından birisi olmaq şərəfi nəsib olub. Başqa sözlə, hələ sağlığında özünə “poeziya məbədi” ucaldıb. Ədəbiyyat sahəsində Litvanın ən nüfuzlu ödüllərinin sahibidir. 1985-ci ildə ədəbiyyat üzrə Litva SSR-nin dövlət mükafatına, 1994-cü ildə mədəniyyət və incəsənət üzrə Litva Respublikasının milli mükafatına, 1998-ci ildə isə Baltik Assambleyasının ədəbi mükafatına layiq görülüb. S. Geda 2002-ci ildə ədəbiyyat üzrə həm də Nobel mükafatına namizəd olub.

 

S. Gedanın adı Litvanın ən yeni dövr tarixi səhifələrinə həm də vətənpərvər ruhlu cəfakeş sənətkar, azadlıq nəğməkarı və milli istiqlal şairi kimi yazılıb. Belə ki, o, 80-ci illərin sonunda başlanmış Litva Milli Dirçəliş hərəkatının öncül xadimlərindən olub. Həmçinin, 3 iyun 1988-ci ildə Vilnüsdə fəaliyyətə başlamış Litva Sayudis təşkilatının yaradılması təşəbbüsünü irəli sürmüş 35 nəfər məşhur Litva elm və incəsənət xadimlərindən ibarət təşəbbüs qrupunun üzvü olub. S. Geda Sayudis hərəkatının xətti ilə 1989-cu ildə Litvadan SSRİ Ali Sovetinə xalq deputatı seçilib. Litva Sayudisi ümumxalq hərəkatın ideya bayrağı və beyin mərkəzi olaraq 11 mart 1990-cı ildə Litvanı Dövlət müstəqilliyinin bərpa olunmasına gətirib çıxarıb. Göstərilən illərdə S. Geda Litva milli-azadlıq hərəkatına mühüm töhfələr verib, yaradıcılığında ifadə etdiyi milli idealları və tutduğu xalis ziyalı mövqeyini xalqın azadlıq uğrundakı mübarizə yolunda ortaya qoyub, milli istiqlal naminə savaşda xalqın önündə gedərək sənətkar borcunu şərəflə yerinə yetirib və bir sıra tarixi uğurlara imza atıb.

 

S. Gedanın ədəbi yaradıcılığının mühüm bir qolunu Litva ədəbiyyatında indiyədək analoqu olmayan genişmiqyaslı və fundamental tərcüməçilik fəaliyyəti təşkil edir. Belə ki, o, bədii tərcümə sahəsində yeni bir məktəbin əsasını qoyaraq ədəbi tərcümənin inkişafında xüsusi rol oynayıb. Dünya xalqlarının ədəbiyyatından davamlı olaraq etdiyi önəmli tərcümələrlə Litva ədəbiyyatını yüksək dərəcədə zənginləşdirib. S. Gedanın dünya ədəbiyyatından tərcümə etdiyi kitabların sayı 30-dan yuxarı olaraq çox geniş bir coğrafiyanı - həm Qərb, həm də Şərq xalqlarının ədəbiyyatlarından götürülmüş əhəmiyyətli seçmələri əhatə edir.

 

O, bununla yanaşı dünyanın ən böyük dini sivilizasiyalarına aid sakral kitabları da - “Əhdi-Ətiq”dən “Süleymanın Ezgilər Ezgisi”ni, Bibliyadan “Zəburlar kitabı”nı, ömrünün son illərində isə müqəddəs “Quran”ı Litva dilinə tərcümə edərək nəşr etdirib (S. Geda 12 dekabr 2008-ci ildə vəfat edib və Vilnüsdəki Antakalnis Fəxri Xiyabanında dəfn olunub).

 

Qeyd etmək istərdim ki, ötən əsrin 80-90-cı illərində mənə S. Geda ilə yaxın dostluq münasibətləri qurmaq və yaradıcılıq əlaqələri saxlamaq şərəfi nəsib olub. Həmin əlaqələr çərçivəsində onunla olmuş görüşlərimizdə həmçinin “Kitabi-Dədə Qorqud”un tərcüməsi ilə bağlı dəfələrlə müzakirələr aparmış və fikir mübadiləsi etmişik. Mən S. Gedanın bədii tərcümə sahəsindəki böyük fitri istedadının güclü nəfəsalmasını daxilən yaxından hiss etmişəm, onun olduqca zəngin yaradıcılıq təcrübəsi və geniş erudisiyasının şahidi olmuşam. Məhz o zaman məndə belə bir əqidə yarandı ki, o, “Kitabi-Dədə Qorqud”un tərcüməsinə yalnız istedad, bacarıq və biliyinə arxayın olaraq yanaşmamış, dastanın litvacaya çevrilməsini həm Litva oxucuları, həm də türk mədəniyyəti qarşısında çox məsuliyyətli və şərəfli yaradıcılıq işi kimi öhdəsinə götürmüşdür.

 

Bu fikri təsdiqləyən faktlardan birini səciyyəvi misal qismində açıqlamaq zənnimcə, yerinə düşərdi. Bunu etməzdən öncə, böyük alman şairi, mütəfəkkir Yohann Volfqanq fon Göteyə (1749-1832) istinadən tez-tez təkrar edilən belə bir deyimi xatırlamaq istərdim ki, “şairi yaxşı dərk etmək üçün onun vətənini görmək lazımdır”. Xalq müdrikliyi də deyir ki, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.

 

S. Geda “Kitabi-Dədə Qorqud”un tərcüməsinə başlamazdan əvvəl, yəqin ki, indicə xatırladığımız  deyimlərə uyğun olaraq Dədə Qorqud ellərinin qədim yurd yerləri ilə daha yaxından tanış olmaq üçün Azərbaycana təkrar səfərə gəlmişdi (o, ilk dəfə 1964-1966-cı illərdə Azərbaycanda və Gürcüstanda olub, o vaxt Bakıda keçirilmiş Ümumittifaq tələbə-elmi konfransında Vilnüs Universitetinin Tarix-Filologiya fakültəsinin tələbəsi olaraq iştirak edib). Şair bu səfəri zamanı dastanda İç oğuz və Dış oğuz adlarıyla göstərilmiş vilayətlərin bir qismini - Kür-Araz ovalığını, Bərdə, Gəncə, Yevlax, Kəlbəcər ərazilərini, Çardaxlı kəndi də daxil olmaqla Şəmkiri və Şuşanı, Tərtər dağlarını və qədim Kəngərli kəndini, Şabran, Xaçmaz, Xudat, Quba rayonlarını, Böyük Qafqaz dağlarının Azərbaycan hissəsində yerləşən bəzi kəndləri, Samur çayını və Dəmir qapı Dərbəndi ziyarət edərək dastanın coğrafi kontekstinə, etnokulturoloji aləminə və ruh dünyasına daxil ola bilmişdi. Eposun böyük hissəsini elə Azərbaycanda tərcümə etmişdi.

 

Onun tərcümə prosesində yaşadığı duyumlar, Azərbaycanın qədim keçmişi ilə bağlı təxəyyülündə baş qaldırdığı assosiativ refleksiyalar, yürütdüyü bədii fikirlər və poetik  mühakimələr, qəlbindən keçən etnoloji və dini-fəlsəfi düşüncələr S.Gedanın 1992-ci ilin dekabrında Vilnüsdə litvaca çap etdirdiyi “Qafqaza səyahətlər” adlı essesindəki bu parçada öz bədii inikasını tapmışdır:

 

“... Bütün türklərin qədim eposu “Kitabi-Dədə Qorqud”u tərcümə edən zaman Türkiyə sərhəddindən çox da uzaq olmayan Kəlbəcərdə yaşayırdım (“Qorqud” bir sıra türk ləhcələrində “Korkut” kimi anılır ki, bu da bu adın Litva dilindəki tələffüzü ilə tamamilə səsləşir...). Günortadan sonra dağlara qalxırdım, çimmək üçün, orada elə bil mərmərdən hazırlanmış tabutun içi ilə axan Tərtər şırıldayırdı... Ətrafdakı açıq rəngli çay daşlarından yığıb özümə qədim yunan vannasına bənzər çimmək yeri düzəltmişdim. Orada rahatca uzanıb, çayın üzərində salınmış və Makedoniyalı İsgəndər dönəmini xatırladan qədim tağbənd daş körpülərə baxırdım. Bu yerlərdən keçərək Şərqin ucsuz-bucaqsız çöllərinin sanki aralanmış nəhəng cəhəngləri tərəfindən tədricən sümürülüb udulan və beləliklə hər dəfə getdikcə gözdən itə-itə Hindistana qədər addımlayan qədim yunan və ya Roma qoşunlarının yürüşünü təsəvvürümə gətirirdim... Və bəzən mənə elə gəlirdi ki, hətta İsa peyğəmbər gəzən zaman əgər ayağını təsadüfən haradasa yaralamışdısa, həmin yer Qafqaz dağları olmalı idi... Müqəddəs Yevangiliya da büsbütün Qafqazdadır.  

 

Bəlkə də biz İsrailə can atmadığımız üçün, kürdlər elə burada yaşayırlar...”.

 

S. Geda onu Azərbaycanda əhatə edən mühit və insanlardan aldığı zəngin təəssüratları, duyğu və assosiativ yozumları böyük ustalıqla “şeirləşdirmiş” və yaradıcılıq səfərindən qayıtdıqdan bir neçə il sonra - 1981-ci ildə çap etdirdiyi “Snayginas gölündə çiçəklənən alça ağacı” adlı kitabındakı “Qafqazda yazılmış şeirlər” başlıqlı lirik silsilədə tərənnüm etmişdir. Göstərmək lazımdır ki, şair hələ 1964-cü ildə “Qafqazdan qayıdış” adlı fəlsəfi şeirlər silsiləsini yaratmışdı. Odur ki, müəllifin Azərbaycan mövzulu lirik-fəlsəfi əsərləri onun Qafqaza həsr etdiyi poetik silsilənin vacib vektorunu təşkil edir.

 

S. Gedanın Azərbaycan ədəbiyyatı ilə yaradıcılıq əlaqələrinə aid daha bir neçə ədəbi faktı ilk dəfə açıqlayıb vurğulamaq istərdik ki, o, “Kitabi-Dədə Qorqud”dan savayı, Xalq şairləri Səməd Vurğun və Rəsul Rza poeziyasından bəzi nümunələri (“Şair nə tez qocaldın sən?”, “Dostuma məktub” və b. şeirlər) öz tərcüməsində 70-ci illərdə Litva oxucularına təqdim edib. S. Geda həmçinin Litva-Azərbaycan ədəbi-mədəni əlaqələri haqqında bir sıra məqalələrin, S. Vurğunun 1980-ci ildə Vilnüsdə litvaca çap olunmuş “Şərqin qapısı” adlı poeziya toplusu barədə ədəbi resenziyanın və 1909-1920-ci illərdə Bakıda yaşayıb-yaratmış Litva ədəbi klassiki Vintsas Kreveyə (1882-1954) həsr etdiyi fəlsəfi esselərin müəllifi olaraq, Azərbaycan tarixinə, ədəbiyyatına və mədəniyyətinə ömrünün sonuna kimi maraq və məhəbbət göstərib, etnokultoroloji dəyərlərimizi Litvada yaymaq sahəsində olduqca faydalı işlər görüb...

 

Yuxarıda göstərilənləri ümumiləşdirərək qeyd edək ki, professor V. Arzumanlı “Kitabi-Dədə Qorqud”un tərcüməsinə yazdığı giriş məqaləsini bu sözlərlə başa çatdırıb: - “...Düşünürük ki, epos litvalı oxuculara Azərbaycan xalqının həyat və tarixinin parlaq səhifələri ilə tanış olmağa kömək edəcəkdir. Belə ki, şifahi xalq ədəbiyyatının möhtəşəm abidələri xalqın psixologiyası və həyat tərzini öyrənmək üçün ən yaxşı açardır”.

 

Bizim də qənaətimiz belədir ki, “Kitabi-Dədə Qorqud” kimi möhtəşəm və parlaq bir abidənin Litva dilinə tərcümə edilməsi Azərbaycan şifahi xalq ədəbiyyatının klassik nümunələri ilə Litva oxucusunun tanış olması işində mühüm və diqqətçəkən addımdır.

 

Sonda isə Litva prezidenti Valdas Adamkusun 2006-cı ilin iyun ayında Azərbaycana  ilk rəsmi dövlət səfəri zamanı Bakıda onun şərəfinə düzənlənmiş rəsmi qəbulda etdiyi çıxışında Azərbaycanın dövlət başçısı İlham Əliyevə xitabən söylədiyi aşağıdakı fikri Litvanın siyasi və mədəni elitası tərəfindən  Azərbaycan folklorunun Şah əsərinə verilmiş dolğun qiymət nümunəsi kimi təqdim etmək istərdik:

 

“... Cənab Prezident, məşhur Dədə Qorqud dastanlarının (...) Litva dilinə tərcümə edilməsi sayəsində ölkənizin mədəniyyəti və Azərbaycan xalqının müdriklik xəzinəsi bizim üçün daha yaxın və anlaşıqlı olmuşdur”.

 

Vilnüs

 

(Ardı gələn şənbə sayımızda)

 

Mahir HƏMZƏYEV

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü

mahir.hemzeyev@post.skynet.lt

 

 

525-ci qəzet.- 2016.- 29 oktyabr.- S.16-17