Payız ovqatının dedikləri
TANRI ƏZABLARI HAQQINDA
Mən bu
qeydləri yazmağa başlarkən ilk ağlıma gələn
bu sual oldu: “Lirik qəhrəman kimdir?” və
görünür, burada təsadüfi bir şey yoxdur,
çünki son on beş-iyirmi ildə mən tənqidimizdə
(eləcə də müasir rus tənqidində) “lirik qəhrəman”
ifadəsi (termini) ilə çox az rastlaşıram, elə
bil, bu ifadə də öz bədii-estetik və fəlsəfi-psixoloji
mündərəcatı ilə birlikdə sosrealizm tənqidinin
tərkib hissələrindən biridir və sosrealizm ilə
birlikdə artıq tarixin çevrilmiş səhifəsində
qalıb.
Əksər
hallarda tənqiddə lirik qəhrəmanın yerini şarin
şəxsiyyəti tutur, halbuki, lirik qəhrəman ən
yaxını müəlliflə əkiz ola
bilər, ancaq əkizlər də daxili aləmin xüsusiyyətləri,
ovqatı baxımından bir-birinin eyni deyil.
Lirik qəhrəman hər hansı bir şeirin əhval-ruhiyyəsini
ifadə edir, o, həmin şeirin bir tərəfdən
subyektidirsə, o biri tərəfdən də obyektidir, ancaq
biz bu barədə çox uzağa getməyək - lirik qəhrəmanın
nəzəriyyədə yerini müəyyənləşdirmək
ayrıca bir yazının mövzusudur.
Mən
lirik qəhrəmanı ona görə xatırladım ki, son
illərin poeziyasında ümumi poetik mənzərəni dəyişdirən
maraqlı, hətta çox maraqlı bir bədii-estetik hadisə
baş verir: elə bil, bir az obrazlı desəm,
poeziya materikimizdən kənarda ayrıca bir poetik ada
yaranır və o poetik ada üçün fəsillər
yalnız payızdan ibarətdir, onun lirik qəhrəmanı
payız ovqatı içindədir, bu ovqatı da ifadə
edir.
O poetik
adanın estetik-psixoloji aurası mənə payız fəslini
xatırlatdığına görə onu şərti olaraq
“payız ovqatı” adlandırıram və bu ovqat insani hissləri
ört-basdır etməmək, bu hisslərin çılpaq
ifadəsindən çəkinməmək və həmin ifadəni
poeziyanın materialına çevirmək bacarığı
baxımından əlamətdar və əhəmiyyətlidir.
Payız ovqatının bu gün çağdaş
poeziyamızda özünü bu dərəcədə
açıq və mütəşəkkil ifadə etməsini,
əlbəttə, bədii fikir azadlığı meydana
çıxarıb, çünki sosrealizm dövründə
payız ovqatının belə bir enerji, ardıcıllıq
və aşkarlıqla özünüifadəsi mümkün
deyildi - əgər söhbət payız ovqatından gedirdisə,
deməli, söhbət yalançı sosrealizm nikbinliyinə
tamam zidd bir qütbdən gedirdi.
Sosrealizm
poeziyada (və ümumiyyətlə, sənətdə!) hər
hansı bir payız ovqatını (Axmatovanın,
Pasternakın, yaxud Axmadulinanın, bizdə Vaqif Səmədoğlunun,
Ramiz Rövşənin, Vaqif Bayatlının və
başqalarının ayrı-ayrı şeirlərində
olduğu kimi) nəinki qəbul etmirdi, onunla aqressiv
düşmənçilik aparırdı və tənqid də
bu “payız ovqatını” görəndə dərhal
sosrealizm barışmazlığını nümayiş
etdirir, ən yaxşı (vicdanlı!?) halda isə susur,
özünü görməməzliyə vururdu. Kədər,
qüssə, misal üçün, Puşkinin
“Elegiya”sından, Lermontovun “Xəzan yarpağı”ndan
tutmuş Blokun, Qumilyovun şeirlərinəcən rus
poeziyasının ənənəvi mövzularından biri idi,
ancaq sosrealizm tənqidi və ədəbiyyatşünaslığı
buna hətta rus poeziyasında belə, ana xəttdən
ayrı düşmüş (yolunu azmış!) bir
cığır kimi baxırdı.
Hər
şey vaxta baxsa da, vaxt heç nəyə baxmır: epoxalar dəyişdi
və bədii fikir azadlığı bu gün payız
ovqatını poeziyamızın mövzularından birinə
çevrib. Burası da maraqlı bədii-psixoloji
(bəlkə, həm də ictimai-sosioloji?) bir cəhətdir
ki, payız ovqatının daha çox, eyni zamanda bədii
emossionallıq baxımından, məncə, daha təsirli
poetik ifadəsi ədəbiyyata son illərdə gələn
qadın şairlərimizin yaradıcılığında
özünü göstərir.
Eyni nota dəfələrlə
baxmaq kimidir
Həyat...
Bu yeknəsəqlik,
eynilik, qat-qat artığına mənəvi ehtiyacdan doğan
rəncideyi-hallıq payız ovqatının dibinə
çöküb və bu şairənin (Gülsadə
İbrahimlinin) lirik qəhrəmanı açıq-aşkar
etiraf edir ki:
Mən sərçə
sevgisiyəm
Payızda üzə çıxıram.
Bu
payız ovqatı əbədidir, sonsuzd ur,
çünki adicə olaraq ilin mütəmadi dəyişən,
bir-birini əvəz edən fəsillərindən biri deyil,
onu təbiət yox, “tale ilahələrinin nəğmələri”
yaradıb:
Zaman
zolaqlarına bürünmüş
yer
kürəsi
tale ilahələrinin
nəğmələriylə.
(Günay
Səma Şirvan)
Payız
ovqatının bəzən aydın görünən, bəzən
də görüməyən alt qatında həzin bir kədər,
qüssə, pərişanlıq hökm sürür və
payız aurası “payız ovqatı” dediyim həmin bədii-estetik
hadisəni meydana çıxarmış istedadlı şairələrin
yaradıcılığını elə əhatə edib ki,
qışın qarından, yazın gül-çiçəyindən,
yayın istisindən bəhs edəndə də payız
ab-havası onların lirik qəhrəmanlarının poetik
duyğularına hakimdir. Poetik “payız” obrazı bu qəhrəmanların
özünüifadəsi üçün ən münbit zəmin
yaradır və onlar “hər şeyi” unutmaq üçün bəzən
hətta müstəqim mənada payızı arzulayırlar:
Elə
istəyirəm
bu
payız tez gəlsin...
... Unudum
hər
şeyi,
unudum...
Payızı
heç
belə
gözləməmişdim...
(Mənsurə
Qaçayqızı)
Bu lirik qəhrəmanlar üçün hətta ay da
“bulud arxasında gülümsəyir kədərlə” (Nilufər
Şıxlı).
Payız
ovqatı içində olan və kədərə bu qədər
həssas lirik qəhrəman da sevir, ancaq onun kədəri, əslində,
sevgi nigarançılığının ifadəsi deyil,
çünki baxın, “Gecənin səssizliyi” adlı gözəl
bir şeirin tam bir qəmginlik aləminə
qapılmış həmin qəhrəmanı sonda nə
deyir:
Bütün
gedənlər kimi,
dönəcəksən elə sən də...
Düşünürəm,
bəlkə də,
ölmərəm, dönməsən də...
(Arzu
Hüseyin)
Doğrusu,
bu kiçik şeir mənə miniatür bir novella təsiri
bağışladı və bu gözlənilməz
sonluğu yaradan da, dediyim kimi, sevgi, məhəbbət nigarançılığı,
eşq üzüntüsü, “hicran-vüsal” söhbəti
yox, həyatın məğzi haqqında düşüncələrin,
bəlkə də təhtəlşüur hissiyyatın ifadəsidir.
Bu kədərin
miqyası əsrlərdən bəri Şərq
poeziyasından əl çəkməyən, bəzən hətta
dahiyanə istedadla (Füzuli!), ancaq çox zaman
epiqonçuluq nümunəsi kimi söylənmiş (və bu
günəcən gəlib çıxmış) “məşuq
həsrəti” çərçivələrinə
sığışmır və fakt budur ki, bu kədər
lirik qəhrəmanın daxilindəki hissiyyatdan - həyatın,
o cümlədən də məhəbbətin mənasızlığı
hissiyyatından doğur. Güman edirəm ki, bu, çox zaman həmin qəhrəmanın
poetik təfəkkürün alt qatından axıb gələn
təhtəlşüur özünüifadəsidir və
poeziyada belə bir dəruni kədəri qəbul etmək,
yaxud qəbul etməmək - bu, artıq başqa söhbətdir
(şəxsən mən qəbul edirəm).
Payız
ovqatındakı məhəbbətin, sevginin daxili kütləsi
(strukturu) dəyişib və “ömürlük məhəbbət
olmur, əzizim” deyən lirik qəhrəman bu şairənin
başqa bir şeirində:
İçimdə
bir yaz üşüyür,
Payıza büründü, getdi.
Mənim
məhəbbət sandığım,
Dumantək göründü, getdi.
- deyir, buradakı “payız” da, “yaz” da artıq fəsil
müstəqimliyindən, birbaşalığından çox
uzaq məcazi poetik obrazlardır.
Bu qəhrəman başqa bir şeirdə “Sevgidən
savayı nə var əlimdə?”- deyir və belə
bir sevginin müqabilində əsrlər boyu pərvanə
şamda alışıb-yanırdı, ancaq bu lirik qəhrəman
alışıb-yanmır, “Sənə nə verəcəyəm
kədərdən başqa?”- deyir, ancaq
şeiri oxuyandan sonra açıq-aşkar hiss edirsən ki,
bu, bir bəhanədir, şeirin sonunda o, intihar edəndə:
Özümü
atıram ağ ləpələrə,
Sevgim də
içimdə intihar edir...
- tamam əmin olursan ki, bu intiharın səbəbi
heç vəchlə maddi kasıbçılıq yox, mənəvi
kədər dünyasıdır və bu kədəri intizar
yaratmayıb, bu kədəri
Edəməm
tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir,
vətənimdir,
vətənimdir, vətənim!
- dərəcəsində məhəbbət yox,
lirik qəhrəman üçün artıq məhəbbətin
özünün də həyat kimi mənasız olması
yaradıb.
Aydın məsələdir ki, söhbət Füzuli ilə
gülünc olacaq bir müqayisədən getmir, söhbət
payız ovqatı kontekstində ənənəvi
mövzuların, poetik obrazların, yuxarıda dediyim kimi, bədii-estetik
strukturundakı dəyişiklikdən gedir.
Hərgah
haçansa Beyrək kimi bir igid gəlib bu lirik qəhrəmanları
onların mənəvi dünyasını
bürümüş payız sarısının içindən
- payız ovqatından çıxarmaq istəyirsə, bu
şeirin qəhrəmanı kimi, Kafir qızının dili ilə
soruşur:
gör
məni harda tapmışdın,
hansı
günahındım, igid?
(Günel
Şamilqızı)
Görün,
igid necə böyük bir günah sahibiymiş ki, tale onu bu qəhrəmanla
rastlaşdırıb, yəni tale onu yazın
gül-çiçəyi içində xoşbəxt olan
biriylə yox, payız sarısının ovqatı ilə
yaşayan biri ilə rastlaşdırıb və belə bir
rastlaşmadan sonra hansısa xoşbəxtlik perspektivləri
tamam ümidsiz bir duman içindədir, çünki o
payız ovqatının ünvanı, təkrar edirəm,
sonsuzluqdur.
Payız
ovqatında ünsiyyət Yaradana doğrudur, tez-tez Tanrıya
(Allaha, İlahiyə) müraciət olunur, lirik qəhrəman
obrazlı dili ilə məhz Onunla danışmağa can
atır, insan - cəmi məxluqatın əşrəfi! - payız ovqatı üçün poetik mötəbərlikdən
kənardadır.
Çıxdığım
nərdivandan
Yıxılıram, İlahi.
(Rəsmiyyə
Sabir)
- deyən lirik qəhrəman başqa bir
şeirdə:
Dünya
başdan-başa qaranlıq imiş,
Yıxılıb, özümü itirdim, Allah.
- deyir və məsələ burasındadır
ki, belə bir əhval-ruhiyyə kontestində elə bir
işıltı, qığılcım axtarmağa mənəvi
ehtiyac olmur ki, bu cür dünya qaranlığının
haçansa aydınlaşacağına bir ümid
yaratsın.
Payız
ovqatındakı bədbinlik də klassik poeziyamızdakı bədbinlikdən
- güzəran bədbinliyindən (“Bayram oldu, heç bilmirəm
neyləyim, // Bizim evdə dolu çuval da yoxdur...”), vətəndaş bədbinliyindən
(“Əcnəbilər seyrə balonlarla çıxır, //Biz
hələ avtomobil minməyiriz”), siyasi-ictimai bədbinlikdən
(“İmzasını qoymuş millət övraqi-həyatə,
// Yox millətimin xətti bu imzalar içində...”, eşq-məhəbbət
bədbinliyindən (“Vahida, etmə təmənna bivəfa məşuqədən,
// Xubrular bivəfadər, bivəfadır, bivəfa...”) və
s., və i.a. - fərqlidir, bu, lirik qəhrəmanın
artıq stixiyasına çevrilmiş bir bədbinlikdir,
çünki o, təkrar edirəm, həyatın mənasızlığını
(faniliyini, vəfasızlığını yox, məhz mənasızlığını!)
dərk edib, burada hayıfsılanmaq, təəssüf,
imdad, yalvarış yoxdur.
Baxın:
...Tanrı,
öz varlığın eşqinə,
Mənə
uzaqlardan gələn səslərə toxunma,
İçindən
keçib get o səslərin,
İçindən
keçib get.
(Hədiyyə
Şəfaqət)
Və bu səsi dinləmək ehtirasını yaradan da,
o səsi uzaqlardan gətirən də, nəhayət, o səslə
nələrsə deyən də elə həmin payız
ovqatı, mənəvi yüksəklikdə məskunlaşmış
payız ab-havasıdır.
Hardasa bir
yarpaq qopur yerindən,
Hardasa bir
mən ölür...
Bu, “mən”in
bəşəri taleyidir, milyonlarla “mən” ölür və
onların hamısı bir başqası yox, “mən”əm, hər
dəfə, hər yerdə “mən” ölürəm, “mən”
nə sərhədlər tanıyıram, nə millətlər,
Tanrıya isə öz əzabları (!!!) bəsdir və
lirik qəhrəmanın Ondan heç bir umacağı yoxdur.
Sən
öz əzablarını düşün...
Bu necə bir əzabdır ki, Tanrı mərtəbəsinə
qalxıb və ümumiyyətlə, bu əzabkeşin
ünvanı absurd deyilmi?
Yox, absurd deyil.
Bu
Tanrı əzabı Ona - Tanrı ucalığına, bu
ucalığın, aliliyin miqyasına layiq bir əzabdır və
baxın, bu Tanrı əzabı “Hamımızın (yəni
“mən”im və o yarpağın!- E)
içində daha çox ağrıyırsan deyə”
çəkilən əzabdır.
Elə
buna - Tanrının “öz əzablar ını”
düşünməli olduğuna (belə bir məhkumluğuna!)
görə də bu lirik qəhrəmanın payız
ovqatından çıxmağa nə gücü, nə də
- mühümü də çox güman ki, elə budur - həvəsi
var:
Tanrı,
öz varlığın eşqinə,
Səsimizə
toxunma,
Nə
yarpağın...
Nə mənim...
- və yer kürəsində onun
üçün doğma və məhrəm bir yer, bir məsgən
yoxdur:
Uçmaq...
Uçmaq...
Göy
yeganə vətəndir...
Bunları
da həmin lirik qəhrəman deyir:
Bir
sevdalı qadının əlləri
Üzüldü
düşdü torpağa
Payız
yarpaqları kimi...
Bilmirəm, bu şairənin (Hədiyyə Şəfaqətin)
klassik yapon poeziyasına münasibəti necədir, ancaq onun
şeirlərindəki qüssənin incəliyi, bu şeirlərdəki
akvarel mənə orta əsr yapon hokkularını,
tankalarını xatırlatdı - təqlid mənasında
yox, emossional təsir mənasında. Onun başqa bir şeirinin lirik qəhrəmanı:
... Alma
ağaclarının fəsliydi,
Axşamdı.
Leysandan
sonra göy üzü mas-maviydi -
Mənə öləcəyimi dedilər.
- deyirsə, deməli alma ağaclarının
çiçəklədiyi bu gözəl yaz mənzərəsi
də onun payız ovqatına təsir edə bilmir, onun ruhunu
azacaq da olsa yüksəltmir.
Payız
ovqatı başqa bir şairənin (Nuranə Nurun) şeirinin
lirik qəhrəmanında, görün, necə bir təəssürat
yaradır:
Gedərkən
arxanca atdım
Yaz
yağışlarından topladığım
göz
yaşlarımı.
Bu lirik qəhrəmanın
içindən belə bir nida qopur:
Şeir
üzlüm,
Gəlib pəncərənə yağa bilmədim.
Niyə?
Səbəb nədir? Bu şairənin
başqa bir şeirinin qəhrəmanı, məncə, bu
suallara cavab verir:
Mənə
“gülüm” deyəndə sən,
Güllərin solan vaxtıydı.
Və
söhbət, aydın məsələdir, cismani
solğunluqdan yox, mənəvi solğunluqdan - payız
ovqatından gedir, çünki o “şeir üzlü”
(simalı) sevimli varlığın məskəni real
dünya, gerçəklik yox, elə həmin payız
ovqatının yaratdığı xəyallar aləmidir və
bu incə, zərif lirik qəhrəmanımız bunu gizlətmir:
Özün
doldura bilmirsən
Xəyalın dolduran yeri.
Başqa
bir şeirdə:
Yaşanmayan
xatirələri
Xatırlamaq qalacaq bizə.
Xəyal
aləmindəki o illüziya heç vaxt və heç vəchlə
reallaşmayacaq, bu, mümkün deyil, çünki baxın:
Atdım
gözlərimdən yollara
məndə qalan xəyallarını
və
qaçdım
qaça
bilməyəcəyim yerlərə.
Artıq
hər şey bitib (“Səni məktub kimi yazıb bitirdim,
Suallar, vergüllər... nöqtəyə qədər”),
artıq real həyatın yaşatdığı xəyallar
küçələrə atılıb və indi söhbət
irreal xəyallardan, irreal bir mənəvi
sığınacaqdan gedir, orda isə:
Kiçik
həyəcanlarla başlayır
bütün böyük eşqlər.
Bu “böyük
eşqlər” də indiki kontekstdə irreal dünyanın
“böyük eşqi”dir, çünki real aləmdə bu
eşq “kiçik həyəcanlarla başlayır”, ancaq real həyatda
hər şey “küçələrə atılıb”, buna
görə də payız ovqatında hətta “kiçik həyəcanlar”a
belə yer qalmayıb.
Və
payız ovqatının yaratdığı xəyal aləminin
o sevimli sakini real həyatda tamam gücsüz və təsirsizdir,
yəqin ona görə ki, real həyatın onun hisslərinə,
təmizliyinə, onun səmimiliyinə, təmənnasızlığına,
etibar və ilqarına yad olan mahiyyəti onu eləcə
gücsüz, köməksiz və nəticə etibarilə
şövqsüz, həvəssiz edir və o, bu mahiyyət
içində şaşırır, özünü itirir, elə
buna görə də:
Ala bilsən,
Gəl,
al məni taleyimin əlindən...
- deyir,
ancaq “Yetməyəcək gücün buna”, yəni payız
ovqatı “mən”im (bu ovqatın yaratdığı həmin
varlığın) içimdə artıq əbədi olaraq məskunlaşıb,
“mən” yanlız onu edə bilərəm ki:
Səninlə
keçirdiyim sənsizliyin şərəfinə
Başıma çəkərəm göz
yaşlarımı.
Bu
şairənin başqa bir şeirinin lirik qəhrəmanı
“tənha gecəyə” təskinlik, toxtaqlıq vermək
üçün əlindən nə gəlirsə, onu da
edir:
Bütün
günün xoş xatirələrini
- bu yerdə söhbət artıq real dünyada
küçəyə atılmış xatirələrdən
getmir - bu xatirələr payız ovqatına
bürünmüş xatirələrdir. Şeirin
ardını oxuyaq:
Ayı,
ulduzu əsir götürülmüş (!-
E.)
Tənha
gecəyə danışıram ki,
Darıxmasın.
“Mən”im
sirdaşım tənha gecədir və “mən” artıq mənəvi
dünyama hakim kəsilmiş payız ovqatının necə
üzüntülü olduğunu bildiyim üçün,
ayı, ulduzu əsirlikdə olan o gecənin tənhalığına
heç olmasa iynənin ucu qədər bir
qığılcım işartısı gətirmək istəyirəm.
Düzdür,
Hər xəzan
olan yarpaq
Payız
mövsümünə bir əlvidadı,
- ancaq “mən”im payız mövsümüm əbədidir
və bu əbədiliyin necə bir qəm, qüssə, kədər
olduğunu da yaxşı bildiyim üçün:
Hər
cığırı sənə gedən yol,
Hər küçəsi sənə açılan
şəhərəm.
Yağış
yüklü buludların əlindən
almışam səni
Göz yaşların səkilərimi isladır,
ağlama.
Bu
payız ovqatının məğzində gerçək, real
həyatdakı böyük Yalan dayanır və bizim
istedadlı şairələrimizin poeziyası hər dəfə
bunu ya sətiraltı sızdırır, ya da birbaşa deyir:
Bir qucaq
yalan imiş demək,
sevgili
bildiyimiz.
Adambaşına
bir ömür,
adambaşına bir sevgi,
adambaşına bir həsrət...
Həsrətin mənə bir ömür borcu var.
Və
burada tamam bir əlacsızlıq, çarəsizlik var, burada
heç nə payız ovqatı içində olan qəhrəmanlardan
asılı deyil, çünki:
Seçə
bilmədiyimiz adımız kimidir
Həyatımız da.
Və o həyat
artıq “biz”ə (“mən”ə) yaddır və sənin -
söhbət real həyatdakı “sən”dən, real tərəf-müqabildən
gedir - hətta “dönüşün (yəni
peşimançılığın- E.) gedişinə
xəyanətdi”, ancaq “mən”im xəyal dünyamda xəyanət
yoxdur, burada artıq nə gediş var, nə də sonrakı
peşimançılıq (öz gedişinə xəyanət
olan qayıdış!) var.
Bu poeziya
bir cəhəti də ortaya çıxarır ki, onu qeyd etməyə
bilmərəm - bəzən bu payız ovqatı, elə bil,
poetik mazoxizm (bilmirəm belə bir ifadə işlətmək
olar, ya yox, ancaq güman edirəm ki, indiki kontekstdə
mümkündür) təəssüratı yaradır və
iş burasındadır ki, şəxsən mən
özüm üçün müəyyən edə bilmirəm
ki, belə bir səciyyə payız ovqatından doğur, ona
doğmadır, ya yox?
Misal
üçün, kiçik bir şeir:
Sonraları
xatırladırsan mənə
Adın
su olsun,
Susayanda içə bilim.
Heç kim sən deyilsən sevgilim
Mən də “sənin heç kimin” olmaq istəyirəm.
Hər
halda, mənə elə gəlir ki, belə bir poetik mütilik
payız ovqatının lirik qəhrəmanını sadələşdirir,
onun mənəvi zənginliyi ilə, kədərinin, qüssəsinin
psixoloji mündərəcatı ilə uyuşmur, hətta onu
bəlkə də bir az alçaldır, çünki real həyat,
gerçəklik o lirik qəhrəmanı mənən təmin
etmir və o, artıq öz xəyal dünyasının
sakinidir, həmin dünya daha uca bir məqamın ifadəsidir,
lirik qəhrəman orada elə bir mərtəbədə məskunlaşıb
ki, o mərtəbəni endikdə, xəyal dünyasından
çıxmış olursan, çünki “sən” daha “mən”im
yalnız:
Ətə-qana
dönə bilməyən xəyal kimi,
Buxarlanmış şüşə üzərinə
yazdığım adlar kimi Yadımdasan.
Və
düşünürəm ki, payız ovqatının belə
bir etirafa da ehtiyacı yoxdur:
Səsimi
içimdən alan gülüşlərimə
Yaşmaqlanmışam.
Zamandan
gizlənirəm...
Doğrusunu
deyim ki, obrazlı poetik dillə danışmağı bacaran
bu şairənin (Nuranə Nurun) şeirlərində bəzən
rast gəldiyimiz bu tipli poetik açıqlamalar məndə
açıq qapını döymək təəssüratı
yaradır, çünki onun poetik təhkiyəsi
orijinaldır, obrazlar aləmi, dediyim kimi zəngindir və sənətdə
həmin zənginliklə adilik, sadəlik, bəzi məqamlarda
isə primitivlik arasında hərdən elə sərhəd
olur ki, get-gedə nazilir, ülgüc ağzı kimi həddən
artıq iti olur və istedadın ortaya qoyduğu ustalıq da
ondadır ki, o nazikliyi hiss edəsən - istedad daima (tənəffüssüz!)
keşikdə dayanaraq, Məlikməmmədin kəsilmiş
barmağı kimi, gərək bədii zövqü
mürgüləməyə qoymasın ki, həmin sərhədi
keçəsən.
Deyiləndə
ki:
Günlər
uzanır
Bir-birinə
bənzəyən heykəllər kimi...
yaxud:
Boz qafiyəli
şeirləri necə oxuyum ki,
Dilimə
yatır, ürəyimə yox,
və
qafiyə (yox-ox) xətrinə:
Belə
cümlələrə necə şeir deyim ki,
Sanki,
oxuyanın qəlbinə qara ox!
- kimi davam edirsə, bu misralar o saat müəllifin
poetik təfəkkür tərzindən kənara
çıxır, çünki təzə heç nə
yoxdur, açıq qapı döyülür. Biz oxuyanda ki:
Heç
kəs sahili dəniz qədər sevə bilməz -
bu, təzədir,
səmimidir, ancaq sonrakı (və lazımsız!) misralarla bu
poetik obrazın şərhi veriləndə, o izah ediləndə:
Gündə
milyon dəfə yorulmadan,
gedib, gəlib
üz-gözünə sığal çəkməz -
artıq
təravət itir, bədii zövq şirniyyatı hiss etmir (ləpələr
sahilin “üz-gözünə sığal çəkir”) və
bunlar istedadlı şairənin həmin obrazlı təfəkkür
tərzinə yaddır.
Ancaq biz
mövzumuzdan - payız ovqatından uzaqlaşmayaq və budur,
bu ovqatın tipik bir qəhrəmanı, görün, başqa
bir şairənin şeirində nə deyir:
As
özünü ürəyindən
Unut onu.
(Ramilə
Qardaşxanqızı)
“Onu” - yəni kimi? Yoxsa söhbət yenə nakam məhəbbət
sızıltılarından gedir? Ancaq biz tələsməyək
və şeirin ardını oxuyaq:
Sən
nağıl olduğun kimi,
Nağıl
düşün varlığını,
Göydən
düşən almalara
Nağıl
danış
Və
özün yat,
Başını qat.
Bu dəfə
biz “yat-qat” qafiyəsinin trafaretinə də fikir verməyək,
çünki əsas məsələ, baxın, bu sonluqdur:
Sevsən
də,
Sevməsən
də,
“Bu dünyanı sevirəm” de.
Mən bu lirik qəhrəmanı ona görə tipik
hesab edirəm ki, onun şikayəti real məhəbbətlə,
cismani, hətta mənəvi sevgi ilə bağlı bir
şikayət deyil, dünyadan (həyatdan)
küskünlüyün ifadəsidir.
Bu isə
başqa bir qəhrəmanın dedikləridir:
Bozarma
taleyin üzünə -
bir
gün qızar gözləri,
baxmaz
heç nəyə...
(Feyziyyə)
“Gözləri qızmış tale” nə edər, lirik
qəhrəman bizi bu taleyin hansı qorxunc zərbəsindən
çəkindirmək istəyir?
Baxın,
nə ola bilər:
Dönüb
qatil olarsan
öz-özünün qatili...
Bəs, sonra?
Kəsib
parçalayarsan
İçində
nə varsa,
Doğrayıb səpələrsən sapsarı
sonsuzluğa.
Bu xəbərdarlığın
emossional təsir gücü ondadır ki, xəbərdarlıq sahibinə
inanırsan, çünki onun üçün sonsuzluğun rəngi
artıq müəyyənləşib və bu
sapsarılıq onun daxilindəki həmin payız
ovqatının sarısıdır.
Mənim üçün maraqlı bir cəhət də
budur ki, alt qatı zərif bir həzinliklə dolu olan bu
payız əhval-ruhiyyəsinin qəhrəmanları özlərini
heç vəchlə aciz, məğmun poetik bir varlıq kimi
(!) göstərmək istəmirlər (çünki həqiqətən
də belə deyil!), onlar bəzən nəinki sərt,
döyüşgən, hətta qəddardırlar.
Cavi
Danın lirik qəhrəmanı deyir:
Mən
olan şəhərdə
Bütün
qadınları öldürmək istəyirəm,
kimsə
səninlə tanqo oynamasın,
kimsə
sarılmasın boynuna,
kimsə
öpməsin barmaqlarını.
Ancaq məsələ burasındadır ki, bu
ehtiraslı, hikkəli, qətiyyətli misralar da, əslində,
elə həmin payız ovqatının ümidsizliyindən
axıb gəlir və buna görə də bu misralarda qatil
psixolojisindən əsər-əlamət yoxdur. Bu lirik qəhrəmanın
eqosu (“mən”i) tamam bir ümidsizlik içindədir və
onun arzuları da heç vaxt reallaşmayacaq ümidsiz
arzulardır:
Sən
olan şəhərdə
bütün qadınlar mən olum,
bütün qadınlar...
Bu
istedalı şairənin başqa bir şeirinin qəhrəmanı:
Burda indi
Yağışlar
mövsümüdür, birdənəm...
- deyir,
ancaq alt qatda o “yağışlar mövsümü” zaman
tanımır, çünki “indi” yox, daimidir, əbədidir və
buna görə də həmin qəhrəman öz
arzularında “birdənəsini” heç vaxt gerçək
olmayacaq məchul (və absurd!) bir səfərə göndərir:
Get...
sən
mənə
o ən
uzaq sabahın
o ən
uzaq anından
bir
içim zaman fəth et,
gətir
də ovuclarında...
dodaqlarım qurudu...
“Dodaqların
bu qurusu” da əbədiliyə məhkumdur, buna görə də
göndərilən o səfərin ünvanı mövcud
deyil, necə ki, arzu olunan o sovqat da irreal bir şeydir və mən
bir oxucu kimi əminəm ki, tərəf-müqabil (“sən”) də
real aləmin sakini yox, elə həmin irreal dünyanın sakinidir - bu irreallıq,
qeyri-mövcudluq, mümkünsüzlük payız
ovqatının məğzindədir.
Başqa
bir şairənin (Rəbiqə Nazimqızının) qəhrəmanı
sərt (hətta vulqar!) bir qətiyyətlə:
Mənə
heç nə demə -
tüpürə bilərəm hər şeyə:
rahatlığa, xoşbəxtliyə...
deyingən qonşulara, işə,
çoxdan unutduğum keçmişə.
- deyir,
ancaq məsələ burasındadır ki, o rahatlığa,
xoşbəxtliyə tüpürmək mümkün deyil,
çünki bu şeirin ovqatını elə xoşbəxtliyin
olmaması, mənəvi (olsun ki, həm də cismani)
rahatsızlıq yaradıb və keçmiş həqiqətən
“çoxdan unudulubsa”, deməli, şeirin qərəmanı
özünü aldadır, ya da aldatmaq istəyir - bu cəhd,
istək özü də xoşbəxtsizliyin ifadəsidir.
Düzdür, bəzən biz içəridən qopub gələn
çox ciddi, kəsgin və qətiyyətli ittihamla da
rastlaşırıq:
Tanrım,
sən də günahkarsan,
Orda, o
susduğun yerdə -
(Xəyalə Sevil)
- və hərgah payız ovqatı içində Tanrı əzabkeş olursa və oxucu bunu obrazlı poetik düşüncənin ifadəsi kimi təbii qəbul edirsə, yəni qədim yunan Allahlarıtək yerə endirilirsə, Onun - Tanrının günahkar (yaxud da, adi bəndələr kimi, günahsız, xoşbəxt, eləcə də bədbəxt, tənha, köməksiz və s.) olmasında da təəccüblü bir şey yoxdur.
Mən bu qeydləri fikir azadlığı söhbəti ilə başladım və bu fikir azadlığı poeziyamızda payız ovqatının tamam azad və sərbəst bir qəhrəmanını bədii-estetik arenaya çıxarıb.
Bu azadlıq Hədiyyə Şəfaqətin şeirlərindən birində söylənən “sarı-sarı çiçəklərin havasındakı azadlıq”dır, “olmaq və olmamaq arasındakı azadlıq”dır.
Bu azadlığın çərçivələri “olmaq və olmamaq arasında” həmişəlik müəyyənləşib, başqa bir şairənin şeirinin qəhrəmanının dediyi kimi:
Payızdan qaçan durnaya
Qoşulub qaçmaq olmur.
(Sara Selcan)
Doğrudanmı, payız ovqatının azadlığı bundan artığına qadir deyil?
Bəli, qadir deyil.
Yəni o lirik qəhrəman heç vaxt “payızdan qaçan durnaya qoşulub qaça” bilməyəcək?
Bəli, heç vaxt.
Bu konkret cavabları (hökmləri!) mən yox, poeziyamızın materikindən kənarda yaranmış həmin poetik adanın artıq sabitləşməkdə olan bədii-estetik qanunları verir.
Bu şairələr, çox güman ki, başqa mövzularda, başqa əhval-ruhiyyədə də şeirlər yazacaqlar (yaxud da ki, artıq yazırlar), ancaq onların poeziyasında payız ovqatı elə poetik dərinlərə çöküb ki, inanmıram gələcəkdə tamam bir kənarda qalsın.
Bəhs etdiyim müəlliflər istedadlıdır, onların poeziyasında estetik zəriflik, incəlik var - Svetayevanın bir misrası yadıma düşür, sətri tərcüməsi belədir: “Şeirlər ulduzlar və qızılgüllər kimi boy atır” (orijinalda: “Stixi rastut kak zvezdı i rozı”) - ancaq onların hamısının deyilən sözü obrazlaşdırmaq bacarığı, düşüncələrinin estetik ifadəsi, bir sözlə, istedad dərəcəsi eyni deyil və bədiilik baxımından onların lirik qəhrəmanları diferinsial təsnifatlıdır.
Bu şairələrin (yeni generasiyanın!) poeziyası isə bir yerdə, bir küll halında, müştərək olaraq artıq payız ovqatının estetik obrazını əldə edib və bu obraz, başqa sözlə desəm, “sarı-sarı çiçəklərin havasındakı azadlıq” həmin “olmaq və olmamaq arasından” çıxsa, bu maraqlı (səmimi və orijinal!) ədəbi hadisəyə son nöqtə qoyular.
Ancaq mən istəməzdim ki, belə olsun.
12 avqust 2016
ELÇİN
525-ci qəzet.- 2016.- 29 oktyabr.- S.14-15;23.