Böyük yolun zəfər zəngləri
Səkkizinci məqalə
1500 İLİN MÖHTƏŞƏM “POEZİYA” TELEKARVANI
Son
söz əvəzi və ya Sənə and içirəm,
Respublikam!
Adətən,
müqəddəslərə and içirlər; mənim
üçün yer üzündə səndən müqəddəsi
yoxdur; sənə and içirəm, Respublikam!
Azərbaycan
Radiosunun 90, Azərbaycan Televiziyasının 60 illik yubileylərinə
üz tutan məqalələr silsiləsinin sonuncu - yeddinci
yazısının ilk qığılcımı qəfil bir
sarsıntıdan yarandı. “Görkəmli” bir ziyalı
ağzı köpüklənə-köpüklənə qəzəblə
dedi ki, Mirzə Cəlil, Sabir kimi dahilərin yüz il əvvəl dediklərini hələ də
eşitməyən, istedadsız müğənnilərini
istedadlı alimlərindən yaxşı yaşadan bu xalq
azadlığa, bu respublika müstəqilliyə layiq deyil. Ürəyim ağrıdı və ağrıyan
ürəyimin çağırış yollarıyla işdən
çıxıb piyada Milli Parka tərəf getdim, bir də
gözümü açdım ki, Dövlət Bayrağı
Meydanındayam. Beş-altı kilometrlik yolu necə
getdiyimdən xəbərim olmadı...
Xəzri əsirdi. Gömgöy səmada küləklənən ağ buludlar günəşin
qızılı şəfəqləriylə
öpüşürdü. Şəhərin başı
üstündə dalğalanan üçrəngli, ay-ulduzlu
bayraq gün işığında bərq vurur, möhtəşəm
bir gözəlliklə sayrışırdı...
Dövlət Bayrağı Meydanının
ucalığına qalxan pillələrin ayağından
dörd tərəfə baxdım, boylandım, hər tərəfdə
Bakının bir-birindən gözəl panoram mənzərələrini
gördüm.
Paytaxt Bakı dörd bir tərəfdən Xəzərin
bir hissəsini və Dövlət Bayrağı
Meydanını bütünlükdə qucağına
almış, qucaqlamışdı. Dövlət
Bayrağı Meydanının məhz burada, bu memarlıq
nöqtəsində yerləşdirilməsinin rəmzi mənasını,
fəlsəfəsini indi anladım, razılıq, minnətdarlıq
hissləri duydum.
Kövrək uşaq anasına
sığındığı kimi Dövlət Bayrağı
Meydanına, ümumxalq ruhunun müqəddəs
ucalığına sığınmışdım. O ucalıqdan qədim və
qüdrətli bir tarixin, Azərbaycan ünvanlı misilsiz
maddi və mənəvi mədəniyyətin səsi gəlirdi.
Bu, tarix boyu QILINCIN və QƏLƏMİN
çoxsaylı fatehlik zirvələrinə imza atan Azərbaycan
varlığının səsidir. Bu, Qafqazda ilk sivilizasiya
ocaqlarını yandıran Azıxın, Tağların ilkin sənət
düşüncələrini qayaların sinəsinə həkk
edən Gəmiqayanın, Qobustanın, neçə min illik
şəhər mədəniyyətinə sahiblik edən
Naxçıvan və Gəncənin, Bakı və Təbrizin,
Bərdə və Şabranın, Qəbələ və
Ərdəbilin səsidir. Beş min yaşlı Dəmir
Qapı Dərbəndin yaddaş saxlancından, dağlar
qartalı Çıraqqalanın, şəhərlər
gözəli Qız qalasının, mərdlik və
düzüm simvolu Ərkin, Koroğlu, Babək, Cavanşir
qalalarının şərəfli tarix binələrindən,
mərdanə döyüş yollarından gəlir o məğrur,
möhtəşəm səslər.
O əbədi
səslərə, çağırışlara üz tuturam,
xəyalən o bəlli binələrdən, yadigar yollardan
keçirəm, hər addımda səni görürəm,
doğma ana qucağının müqəddəs mehrini-məhəbbətini
hiss edirəm, sənin mərdanə ucalığın, tarixi
və müasir qüdrətin qarşısında baş əyirəm,
diz çökürəm, Respublikam! On illər əvvəl,
qədim Şabranın təzəliklə açılan,
torpağın zülmətindən gün
işığına çıxarılan neçə min
illik küçələrində unudulmaz arxeoloq, tarix elmləri
doktoru, dostum Rəşid Göyüşovla birlikdə gəzə-gəzə
heyrətlənməyimizi xatırlayıram; balaca boylu
böyük alim adətən olduğu kimi bərkdən
danışmırdı, səsini qısa-qısa
qulağıma pıçıldayırdı ki, burada kimsənin
söz deməsinə ehtiyac yoxdur, çünki sükutun
hökmranlıq etdiyi bu müqəddəs məkanda əlahəzrət
TARİX ÖZÜ DANIŞIR. İlk dəfə
sükutun səsini onda eşitdim, tarixin hökmfərma
danışığına onda heyrətləndim və əmin
oldum ki, dünyada tarixdən uca səslə danışan
yoxdur. Tarix onda xoşbəxt olur ki, onu
eşidirlər, ondan nəticə çıxarırlar, onun səsinə,
çağırışına səs verirlər və səs
verdikləri həqiqətləri yaşadırlar, həyata
keçirirlər.
Və mən
işlədiyim 35 ildə zaman-zaman ona şahid olmuşam ki, Azərbaycan
Teleradiosu həmişə Azərbaycan tarixindən gələn
səslərə, çağırışlara doğru
gedib, o səsləri, çağırışları
eşidərək, ən yaxşı verilişlərində,
tamaşa və filmlərində milli ruhumuzun ZƏFƏR
ZƏNGLƏRİNİ SƏSLƏNDİRİB. Müxtəlif
dövrlərin müxtəlif tələb və təkliflərindən,
sosial-siyasi sifarişlərindən irəli gələn
növbətçi teleradio məhsulları, əlbəttə,
olub; söhbət, ən çətin zamanlarda belə Azərbaycan
dilini, ədəbiyyat və mədəniyyətini,
bütünlükdə milli-mənəvi dəyərlərimizi
əsas istinad nöqtəsi, strateji hədəf kimi daim
gündəmdə qoruyub saxlamaq fədakarlığından
gedir. Qızıl fondda qorunub saxlanılan
saysız-hesabsız veriliş, tamaşa, bədii və sənədli
filmlərdə bu misilsiz FƏDAKARLIĞA dönə-dönə
şahid oluruq. İlk növbədə ona şahid
oluruq, onunla qürur duyuruq ki, Azərbaycan Televiziyası və
Radiosu bütün tarixi boyu həmişə Azərbaycan
xalqının yanında olub, Azərbaycanın tarixi və
çağdaş strateji MÖVQE və MARAQLARINA
XİDMƏT EDİB. Və bu cümləni
yaza-yaza mən daha çox son on ilin möhtəşəm
uğurlarını düşünürəm.
Bəli, indi hamı görür, təsdiq və etiraf
edir ki, son illər Azərbaycan televiziyasının həyatında
yeni bir mərhələ başlayıb. Televiziyamızın həyatında
baş verən bütöv yenidənqurmanı,
taleyüklü, kompleks müsbət dəyişiklikləri,
dövrün əsas tələb və təkliflərindən
irəli gələn əsas yaradıcılıq
tendensiyalarını, yaradıcı axtarış və
tapıntıların miqyasını nəzərə alsaq, bu
mərhələni KƏMİYYƏTDƏN
KEYFİYYƏTƏ KEÇİD, keyfiyyət yüksəlişi
dövrü kimi xarakterizə etmək olar. Həm
maddi-texniki, həm mənəvi-intellektual baxımdan yeniliyə,
müasir dünya standartları səviyyəsinə geniş
meydan açılır; teledüşüncə on illər
boyu yaranan qəliblərdən, köhnədəbli ovqatdan
xilas olmağa, novatorluğa can atır. Otuz ilə
yaxın Azərbaycan Teleradiosunda işləyən, bu sahəni
dərindən bilən İQTİSADÇI, ALİM və
JURNALİST Arif Alışanovun məqsədyönlü,
perspektivli islahatları və onların nəticəsi olan
uğurlar artıq tarixi fakt, reallıqdır.
Arif Alışanov Azərbaycan Televiziyasına
çoxdan gözlənilən və ehtiyac duyulan yeni estetik dəyərlər
sistemi, təzə informasiya mühiti gətirdi, müasir
dünya standartlarına cavab verən, eyni zamanda
bütünlüklə Azərbaycanın milli-mənəvi dəyərlərinə
əsaslanan yeni teleistiqamətə yol açdı. İstər
informasiya və ictimai-siyasi proqramlar, istər “Azərbaycan-telefilm”
və dublyaj sahəsində, istərsə də bədii və
maarifçilik yönündə davamlı keyfiyyət dəyişikliyi,
əlamətdar, sistemli uğurlar artıq göz
qabağındadır. Əsası odur ki,
yol, hədəf düzgün seçilib və daha ciddi
uğurlara doğru gedirik. “Azərbaycan Televiziya və
Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin
yeni “İdman Azərbaycan” və “Mədəniyyət”
kanallarının açılması və keyfiyyətli fəaliyyəti
də həmin uğurlar yolunun daha bir təsdiqidir.
“İdman Azərbaycan” bəlkə də dünyada yeganə
telekanaldır ki, planetin ən populyar, məşhur idman yarışlarını
əhalinin heç bir maddi ödənişi olmadan canlı
şəkildə xalqımıza təqdim edir. “Mədəniyyət”
telekanalı isə qədim, zəngin, dahilər bolluğuyla
seçilən Azərbaycan milli mədəniyyətini
bütün dünyaya olduğu kimi təqdim etməklə
çox böyük maarifçilik missiyasını həyata
keçirir.
“Azərbaycan Televiziya və Radio Verilişləri”
Qapalı Səhmdar Cəmiyyətində son illərdə
aparılan əsaslı, genişmiqyaslı yenidənqurma
işləri, beşmərtəbəli yeni korpus və təzə
studiyaların tikintisi uğurla başa
çatdırılıb, tam həcmdə istifadəyə
verilib.
Dünya standartlarına cavab verən ən müasir texniki
avadanlıqların quraşdırılmasıyla paralel
aparılan, həm kəmiyyət, həm keyfiyyət
baxımından 60 illik televiziya, 90 illik radio tariximizdə
analoqu olmayan, bütöv infrastrukturu əhatə edən bu
uğurlu, praktik nəticələr Azərbaycan Prezidenti
İlham Əliyevin teleradiomuza daimi diqqət və
qayğısının real nəticəsidir.
Azərbaycan televiziya və radiosu bu böyük
qayğıya əməli işlə cavab verir,
xalqımıza, müstəqil dövlətimizə layiqincə
xidmət göstərir. Azadlıq, müstəqillik, milli dövlətçilik,
azərbaycançılıq ideyalarının,
istiqlalçı milli təfəkkürün, multikultural bəşəri,
dünyəvi dəyərlərin təbliğində,
ümummilli düşüncə tərzinə, həyat
normasına çevrilməsində Azərbaycan teleradiosunun
son illərdəki məqsədyönlü fəaliyyəti həqiqətən
təqdirəlayiqdir.
Hazırda müstəqil Azərbaycan
Respublikasının kosmik peyki, eləcə də digər iki
peyk və İnternet vasitəsiylə Azərbaycan
Televiziyası və Radiosunun verilişləri, demək olar ki,
bütün dünyaya yayımlanır. Radiomuzun “Güney Azərbaycan”
redaksiyasından hər gün Azərbaycan dilində 8 saat həcmində,
“Şərq ölkələri” redaksiyasından türk, ərəb,
fars dillərində, eləcə də talış, kürd,
ləzgi, gürcü və erməni dillərində
verilişlər dünya efirinə çıxır.
Bu gün
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar
Cəmiyyətində “Səsyazma evi”, Əməkdar kollektiv Səid
Rüstəmov adına Xalq Çalğı Alətləri
Orkestri, Cahangir Cahangirov adına Xor, Tofiq Əhmədov
adına Estrada-simfonik orkesti, Niyazi adına Dövlət
simfonik orkestri, Əfsər Cavanşirov adına “Bənövşə”
uşaq xoru, Əhməd Bakıxanov adına Xalq
Çalğı Alətləri ansamblı, Vaqif Mustafazadə
adına “Sevil” vokal instrumental ansamblı, Əhsən
Dadaşov adına “Xatirə” xalq çalğı alətləri
ansamblı və solistlər, “Qaytağı” instrumental
ansamblı uğurla fəaliyyət göstərir.
Nüfuzlu, çoxsaylı orkestr və ansamblları
qoruyub saxlamaq, yenilərini yaratmaq, onların keyfiyyətli fəaliyyətini
lazımi şəraitlə, alətlər və texniki
imkanlarla təmin etmək müasir musiqi-ifaçılıq sənətimizə,
Azərbaycan milli incəsənətinə layiqli qayğı,
kömək, strateji bir xidmətdir.
İndi
dünyanın istənilən bölgəsindən Azərbaycan
televiziyasının çəkiliş qrupları birbaşa
videoinformasiya vermək imkanına malikdir...
Artıq tam cəsarətlə demək olar ki, “Azərbaycan
Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti
kəmiyyətdən keyfiyyətə keçərək
inkişafın yeni, daha üstün mərhələsinə
daxil olub, bu gün ciddi uğurlarıyla seçilir.
Son vaxtlar yaradılan, geniş tamaşaçı
auditoriyasının diqqət və marağını,
böyük sevgisini qazanan bir sıra yeni silsilə verilişlərimiz,
film və tamaşalarımız bunu bir daha təsdiq edir. “Sevilənlər”, “Bu
axşam”, “Yaradanlar və yaşadanlar”, “Muğam və mənəviyyat”
verilişləri tok-şou janrının teleestetika
baxımından daha kamil, forma və məzmun vəhdəti
baxımından daha yetkin telemodellərini təqdim edir. Bu
yeni, uğurlu layihələr adətən əsəb və
göz yaşlarına hesablanan tok-şounun ənənəvi
sensasiya xəstəliyindən,neqativ, antiestetik, boz emosiya bataqlığından
uzaqdır, daha çox işığa, pozitiv enerjiyə
köklənir, xalqın YARADICI və YAŞADICI
QÜDRƏTİNİ ÖN PLANA çəkir,
tamaşaçını əsl ZİYALI, milli-mənəvi dəyərlər
daşıyıcısı olmağa tələsdirir. Azərbaycan
Televiziyası bu yeni verilişləri ilə əslində,
nümunə göstərir, tok-şou janrını əsəb
və göz yaşlarından, qaranlıqdan, kriminal kabusundan
xilas edir...
Yeri gəlmişkən, ürəyimdən keçən
bir fikri də demək, bu yazının yaddaşında əbədiləşdirmək
istərdim. Professionallıq və təşkilatçılıq
bacarığı, yüksək intellektuallıq və nəzəri-praktik
səriştə, təcrübə birləşəndə,
adətən, uğurlu nəticə verir. Arif
Alışanovu televiziya sahəsindəki professionallıqda
Elşad Quliyevlə, kadrları seçib yerləşdirmək
bacarığında, ümumi intellektual səviyyədə
Teymur Əliyevlə müqayisə etmək olar.
Xalqın
böyük tarixinin, milli-mənəvi yaddaş enerjisinin, min
illəri əhatə edən qüdrətli dövlətçilik
xatirələrinin müasir Azərbaycan mühitinə,
çağdaş azərbaycanlının ürək və
beyin, duyğu və dərk meydanlarına NƏQL,
TRANSFORMASİYA olunmasında, beləliklə, xalq-dövlət
vəhdətinin öz kökü üstündə, öz
keçmişinə layiq şəkildə yenidən
formalaşdırılmasında, mənən, ruhən səfərbər
edilməsində Azərbaycan televiziyası bu gün misilsiz
xidmət nümunəsi göstərir. Bu gün Azərbaycan
on səkkizinci əsrin ortalarından, Səfəvilər
dövlətinin süqutundan sonra itirdiyi vahid, bütöv,
müstəqil dövlətçilik vəhdətinin
ŞƏRƏFLİ,UĞURLU BƏRPASI
dövrünü yaşayır.
Azərbaycan
Televiziyası ölkə prezidenti İlham Əliyevin
müdrik uzaqgörənliklə müəyyənləşdirdiyi
əsas strateji istiqamətləri həlledici yol kimi
götürərək həmin tarixi prosesə qoşulur,
peşəkar, məqsədyönlü,
ölçülü-biçili fəaliyyəti ilə məhz
LAZIM OLAN MƏQAMLARI ekrana, ön plana gətirir. Adi bir misal:
bir neçə il əvvəl Azərbaycan
Televiziyasının verilişlərarası keçidlərində
milli tarix və mədəniyyət abidələrimizin kərpic-kərpic
yenidən qurulması, məhz elmi bərpa və restavrasiya
prosesinin ÖZÜ obrazlaşdırılırdı; 250 ildən
bəri vahid, müstəqil dövlətçiliyini itirən
Azərbaycana qədim tarix və mədəniyyət abidələrinin
yenidən quruculuq telesimvolikası ilə bütöv
DÖVLƏTÇİLİK YADDAŞI, onun bütöv
BƏRPASI təlqin və təqdim olunurdu; bu, xalqın
kütləvi şüuruna, onun qan, gen yaddaşının
oyadılmasına, səfərbər edilməsinə
ünvanlanan və deyərdim ki, milli təhtəlşüurda
çox mühüm İŞ GÖRƏN bir teletapıntı
idi. Daha sonra qloballaşan dünyada milli-mənəvi dəyərlərin
qorunmasını simvolizə edən səkkiz guşəli
qalxan-qerb detalı önə çıxarıldı, əsas
simvola çevrildi...
Müasir
televiziyadan yazanlar məhz belə “gizli” detalların,simvolların şərhi və analitik təhlilinə,
estetik-fəlsəfi izahına önəm verməlidirlər...
Heydər
Əliyevin XİLASKAR İDEYALARINI uzaqgörən
müdrikliklə, ləyaqətlə davam və inkişaf
etdirən ölkə prezidenti İlham Əliyev,
yadımdadır ki, ziyalılarla bir görüşündə
Azərbaycanın son iki əsrdə imperiyalar arasında
duruş gətirə bilməsində, assimilyasiya
olunmamasında milli ədəbiyyat və incəsənətin,
məhz Azərbaycan dilinin misilsiz rolunu xüsusi
vurğulamışdır. Bu, xalqının,
dövlətinin əsas potensial imkanlarının, gizli GÜC
MƏDƏNLƏRİNİN harada, “hansı laylarda”
olduğunu dərindən və dəqiqliklə bilən
böyük vətəndaşın, müdrik Prezidentin
mövqeyidir. “Neft amilindən İNSAN AMİLİNƏ,
maddi kapitaldan mənəvi kapitala” konsepsiyasını irəli
sürən, əsas dövlətçilik mexanizmini məqsədyönlü
hədəflərə doğru istiqamətləndirərək
“əbədi və dönməz” hərəkətə gətirən
İlham Əliyev, təsadüfi deyil ki, qısa bir müddətdə
tariximizdə analoqu olmayan uğurlara imza atdı, müstəqil
Azərbaycanın ən yeni tarixində inkişafın, əslində
intibahın yeni keyfiyyət mərhələsini həyati
reallığa, praktik həqiqətə çevirə bildi.
Və mən bu misilsiz həqiqətlərdən yaza-yaza bir daha Azərbaycan Televiziyasının son illərdəki uğurlu fəaliyyətini düşünürəm, böyük teleradio yolunun uğur zirvələrini görür, ZƏFƏR ZƏNGLƏRİNİ eşidirəm. Yüksək sürətlə inkişaf edən dövlətimizin daim yanında olan, ona layiqli əməyi, uğurlu, sədaqətli fəaliyyəti ilə kömək edən Azərbaycan televiziyasında işləməyimlə qürur duyuram...
Və Dövlət Bayrağı Meydanının müqəddəs ucalığında Azərbaycanın qədim, qüdrətli tarixindən gələn,müasir müstəqillik dövrunun misilsiz inkişaf, intibah mənzərələri, zirvə həqiqətləri ilə qovuşaraq möhtəşəm simfoniyaya dönən əbədi, susmaz səsləri eşidirəm. O səslər halal buğda dənələri kimi qəlbin çöllərində cücərib səməni-səməni boy atar, ruhun səmalarına boylanar, həqiqi vətəndaş dünyasında əks-səda verər, deyilməz-bilinməz xoşbəxtlik taxtında möcüzəyə dönər, insan həyatının ən böyük, ən uca SƏRVƏTİNƏ çevrilər. O elə bir sərvətdir ki, nə bazarda satılar, nə pulla, qızılla alınar, nə hədiyyə, bəxşiş, ənam, vərəsə kimi verilər;o, insanın öz xalqı, dövləti, bayrağı ilə RUH-QAN qovuşmasının, Vətən və vətəndaş vəhdətinin tanrısal gizlini, müqəddəs möcüzə məqamıdır; o məqamda xalqın milli sərvəti olan istiqlal, dövlətin namusu olan müstəqillik, bayrağın möhtəşəm meydanı olan əbədi və enməz ucalıq həqiqətən müqəddəsləşir...
Və qəlbimin səmalarında titrəşən
bu çarpıntılarla ANA VƏTƏNİM, Vətənimin
ruhu olan DÖVLƏTİM qarşısında diz
çökürəm; adətən, müqəddəslərə
and içərlər; mənim üçün yer
üzündə səndən müqəddəsi yoxdur,
SƏNƏ AND İÇİRƏM, RESPUBLİKAM...
525-ci qəzet.- 2016.- 29 oktyabr.- S.10;23