Böyükkişi Mirzəzadə:
böyük vətəndaş və şair
QƏRBİ AZƏRBAYCANDA YARANMIŞ POEZİYADA MİLLİ BÜTÖVLÜK VƏ İSTİQLAL MÜBARİZƏSİNİN İNİKASI
(Əvvəli ötən sayımızda)
Qərbi Azərbaycanın əzabkeş
tərənnümçüsü Böyükkişi Mirzəzadənin
şeirlərini təhlil
edərkən bu vətənpərvər söz
adamının ürəkdən
gələn ümummilli
ağrı və iztirablarla yanıb-yaxıldığına
əminlik hasil edirsən.
Məhz bu nöqteyi-nəzərdən
yanaşdıqda ölkəmizin
yaşadığı bir
çox tarixi ədalətsizliklərlə birlikdə
Azərbaycan ədəbiyyatında,
düşünürük ki, Qərbi Azərbaycan ədəbiyyatına
da yanaşmalarda formalaşdırmalıyıq. Məhz bu
nöqteyi-nəzərdən çıxış edərək,
müasir Azərbaycan
ədəbiyyatında Qərbi
Azərbaycan mövzusuna
ölkəmizin ərazi
bütövlüyü və
xalqımızın milli-mənəvi
birliyi istiqamətində
yenidən baxmağa, bu mövzunu ön mövqeyə çəkməyə ciddi
ehtiyac vardır.
Bu cəhətdən Böyükkişi Mirzəzadənin
əsərləri zəngin
material verir. Daha doğrusu,
Böyükkişi Mirzəzadə-Təmkinin
əsərləri demək
olar ki, əsas etibarilə Qərbi Azərbaycan və milli-mənəvi birlik mövzusu üzərində qurulmuşdur.
Bədiilik baxımından tam olmasa da problemin
mahiyyətini açmaq
və vətənpərvərliyə
çağırış bu poeziyanın baş mövzusudur.
Böyükkişi Mirzəzadənin "Tiran dağıldı"
şeirində qırmızı
imperiyanın süqutu
və milli dəyərlərimizin dirçəlməsindən
bəhs edilir.
Şair ata-babalarımızın yurd-yuvasını
dağıdan, gün-güzəranını
və ailəsini məhv edən, elimizin-obamızın dağ
vüqarlı, qaya əzəmətli kişilərini
öz vətənindən
didərgin salan müstəmləkə rejiminin
ağır nəticələrini,
qanlı faciələrini
poetik sözün gücü ilə gözlərimiz önündə
canlandırır. Müəllif öz sözünü həmin repressiyalardan taleyin möcüzəsi ilə sağ-salamat qurtulmuş nurani bir qocaya, yüz
yaşlı babaya müraciətlə başlayır:
"Kommunizm vəhşətdi,
kommunizm vəba,
Nə qədər bu yolda dözdük əzaba,
Gözün aydın olsun, yüz yaşlı baba,
Səni
qul eyləyən tiran dağıldı,
Oldu yerlə-yeksan,
viran, dağıldı.
Nə idi ay baba, günahın
sənin,
Sürgünlərdə keçdi sabahın sənin,
Axır
götürmədi Allahın
sənin,
Allah qəzəbindən tiran dağıldı,
Zamanın hökmü ilə
bir an dağıldı.
Axı imperiya hara, azadlıq hara,
"Azadlıq" - deyəni çəkdilər dara,
Həm dilə qadağa, həm qulaqlara,
Hökm
edən o qorxunc tiran dağıldı,
Ağızlara qıfıl vuran dağıldı".
Müasir Azərbaycan poeziyasında
qorxunc imperiyanın süqutu, millətlərin
və xalqların azadlığa çıxması
barəsində xeyli şeirlər yazılıb. Həmin poetik
nümunələrdə ötən
yüzilin ən möhtəşəm və
böyük yeniliklərindən
olan sabiq imperiyanın dağılması
müxtəlif aspektlərdən
təsvir və tərənnüm edilib.
Bu şeirdə isə
ümumxalq sevincinin, qurtuluş duyğusunun ürəkdolusu, tarixi qələbə və zəfər
üslubunda
vəsf edilməsi
diqqəti özünə
çəkir. Müəllif məharətlə 11 bəndlik,
55 misralıq şeirdə
yaxın keçmişimizin,
yaşadığımız ictimai-siyasi epoxanın qanlı-qadalı olaylarını
və mərhələlərini
bədii tarixin təcəssümünə çevirir.
Böyükkişi Mirzəzadənin poeziyasında əsas ictimai-fəlsəfi meyllərdən
biri tarixi yaddaşın ardıcıllığını
və davamlılığını
təmin etməkdən
ibarətdir. O, xalqı
oyatmaq, Vətəni birləşdirmək və
bütövləşdirmək üçün milli yaddaşın bərpasına
və dirçəldilməsinə
can atmağı əsas
vəzifə kimi bizim qarşımıza qoyur. Bu məqsədə çatmaq üçün
birinci növbədə
o özü can atır
və ürəkdən
çalışır.
"Tiran dağıldı" şeirində də əsas bədii məqsəd keçmişi
sadəcə xatırlamaq,
xalqımızın qanlı-qadalı
tarixindəki cəlladları,
casusları, satqınları
söymək və bədnam etmək deyil. Vətənimiz tarixinin qanlı
və qəmli səhifələrini bir daha yaxşı-yaxşı
oxumaq, könül yaddaşına köçürmək
və milli təhlükəsizliyimizin əbədiliyinə,
sarsılmazlığına gələcək nəsillərin
təsəvvür və
təxəyyülündə özül yaratmaqdır.
Böyük bir xalqın "beş yerə parçalanması"nın ələmi, əzabı, yanğısı
şairin bu mövzudakı şeirlərinin
hamısında nəzərə
çarpan milli-estetik
xüsusiyyətdir:
Tarixi məqamda tiran
dağıldı,
Milləti sarsıdan, yoran dağıldı.
Vətən, bahar gəldi, ayazlar keçdi,
Neçə Əbdürrəhman, Ayazlar keçdi...
Onlar söykəndiyi tiran
dağıldı,
Satqın arxasında duran dağıldı".
Təmkinin bir çox şeirləri milli yaddaş və vətən dərsliyi kimi qiymətlidir. Onun bu mövzudakı ən yaxşı şeirlərində Hüseyn
Arif, Qabil, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Məmməd Araz, Xəlil Rza Ulutürk, Cabir Novruz, Məmməd Aslan, Nəriman Həsənzadə və başqa ustad şairlərimizin bu ruhdakı əsərləri
ilə həmahənglik
nəzərə çarpır.
Məhz bu həmahənglik Təmkin - Böyükkişi
Mirzəzadə şeirlərinin
müasir bədii təfəkkürümüzün özünəməxsus bir
səhifəsi olduğunu
göstərir. Məsələn, "Hünər, qeyrət dəmi" şeirində
Məmməd Araz və Xəlil Rza Ulutürk kimi cəngavər, döyüşkən sənətkarlarımızın
cəsarəti əks
edib. Təmkin yaxın tariximizin ən məsuliyyətli dövründə xalqımıza
müraciət edib deyirdi:
"Dünya nehrə kimi çalxalanır hey,
Başımız üstündə qara buludlar.
Dağılır, sökülür, dəyişir
hər şey.
Allaha qalıbdır
yalnız ümidlər.
Açıb tariximi oxuyuram mən,
İnanıb yadlara çox aldanmışıq.
Fitnə-fəsadından əl çəkmir düşmən,
Yadla üzbəüzdə
təkcə qalmışıq.
İllərlə qapımda sülənən
dığa,
Mənə əl qaldıran
erməniyə bax,
Gör Puşkin nə deyib, eşit sən dığa,
"Sən ermənisən,
sən oğru, qorxaq".
Şair milli ictimai faciələrimizin
səbəbləri və
mahiyyəti barəsində
dərindən düşünür. Vətənimizin
son iki yüz ildə başına gətirilən müsibətlərin
kökündə müstəmləkəçilik
əsarətinin, milli
natamamlığımız və yarımçıqlığımızın dayandığını
xalqa təlqin edir. Yadellilərin bizə həqiqət
və ədalət gətirə bilməməsinin
səbəblərini, yabancı
adət və ənənələrin, əxlaq
və həyat tərzinin bizə yalnız bədbəxtlik gətirə biləcəyini
vurğulayır.
Yeri gəlmişkən,
onu da qeyd
etməliyik ki, Böyükkişi Mirzəzadənin
poeziyasında ədəbi
maarifçilik missiyasının
yüksək bədii
şəkildə əks
etdiyini də görürük. Müəllifin ürək
yanğısı və
vicdan ağrısı
ilə söylədiklərini
oxuyarkən bir vaxtlar dahi klassiklərimiz
Mirzə Cəlil, M.Ə.Sabir, A.Səhhət,
A.Şaiq, M.Hadi və başqalarının
milli varlığımızın
müdafiəsi uğrundakı
mübarizəsi yada düşür. Onlar da zamanın ən zəruri həqiqətlərini məhz
bu cür ehtirasla və səmimiyyətlə öz
müasirlərinə söyləməyə
can atırdılar: "Dərk
edək bunları indi, arkadaş, Əldən gedən torpaq namusumuzdur.
"Yarmadan aş olmaz, nə yaddan qardaş",
Can-ciyər - öz oğul, öz qızımızdır.
Qayıt soykökünə, qoru adətin,
Əslini, zatını tanı, qardaşım.
"Bir bayraq altında yüz min millətin,
Qardaşlıq dünyası" hanı, qardaşım?
Bizi əyə bilməz düşmən həmləsi,
Qüdrət də bizdədir, güc də bizdədir.
Bizə gərək deyil özgə kölgəsi,
Hər dərdin dərmanı özümüzdədir".
Bu misralar həmişə müasirdir. Dünən də, bugün də ata və babalarımız, müasirlərimiz bu həqiqətlərin doğru-düzgünlüyünə əminlik hasil ediblər. Sabah da xalqımızın övladları necə yaşamaq sualına bu bədii həqiqətlər ilə tanış olarkən cavab tapa bilərlər.
Milli qüsurlarımızın və naqisliyimizin səbəblərini, bizim bu vəziyyətə düşməyimizin, milli mahiyyətimizin zədələnməsinin tariximizin amansız gedişatı və dolambaclarının nəticəsi olduğunu da müəllif öz şeirlərində əks etdirməyə çalışır. Məsələn, şair həmin faciələrdən birini aşağıda bəyan edir:
Ziyalısı, başbiləni, qırılıb,
Oba-oba, oymaq-oymaq sürülüb,
Köçhaköçdən, qaçhaqaçdan yorulub,
Görən, nə vaxt düzələcək bu millət,
Hələ çoxmu əziləcək bu millət?!
Nə hüququ olub, nə ixtiyarı,
Talanıb sərvəti, daşınıb varı,
Hərraca qoyulub tam torpaqları,
Görən, nə vaxt düzələcək bu millət,
Hələ çoxmu əziləcək bu millət?!
Poeziya insan qəlbinin tərcümanıdır. Həyatın və zamanın şair qəlbində oyatdığı mürəkkəb və sirli duyğuların poetik ifadəsidir. Amma yaşadığı zaman və düşdüyü şərait, xalqının başına gələnlər, keçmiş və bugün, keçmiş və gələcək arasında dəhşətli uçurumlar yarananda şeir sənəti təkcə öz görməli olduğu işlə, yerinə yetirməli olduğu vəzifə ilə məhdudlaşmamağa çalışır. Lirika bir qəlbin aynası, əks-sədası olmaqdan, öz müasirlərinin əhvali-ruhiyyəsini dolayısı ilə əks etdirməkdən imtina edir. Şeir birbaşa millətin özünə müraciət etməyə başlayır, xalqın həyatına və vəziyyətinə müdaxilə edir. Poeziya öz ədəbi əsilzadəliyini bir yana qoyub, xalqın gününü, güzəranını yüngülləşdirməyi, milləti yaşatmağı öz qarşısına bir məqsəd kimi qoyur. B.Vahabzadə, M.Araz, X.R.Ulutürk, N.Həsənzadə, S.Rüstəmxanlı, Z.Yaqub və onlarla başqaları yeri gələndə məhz bu cür fəaliyyət göstərmiş, bu ruhda əsərlər yaratmışlar.
(Ardı var)
Qasımbəyli Yaşar
525-ci qəzet.- 2016.- 1 sentyabr.- S.4.