Böyükkişi Mirzəzadə:
böyük vətəndaş və şair
QƏRBİ AZƏRBAYCANDA YARANMIŞ POEZİYADA MİLLİ BÜTÖVLÜK VƏ İSTİQLAL MÜBARİZƏSİNİN İNİKASI
(Əvvəli ötən sayımızda)
Böyükkişi Mirzəzadə əksər şeirlərində
məhz böyük yurddaş və vətəndaş kimi
çıxış etməyə üstünlük verir.
Nərmənazik, hədsiz incə və zərif lirika
nümunələri yaratmaqdansa, xalqa açıq həqiqətləri
söyləyən, onu düşdüyü vəziyyətdən
xilas etməyə yönəlmiş əsərlər
yazmağı məqsədə uyğun sayır. Təmkinin
"Seçilmiş əsərləri"ndə lirika tələblərinə
və qanunlarına uyğun olan şeirlər də az deyil. Məsələn,
"Axşamlar" şeiri öz mahiyyətinə və
ovqatına görə, saf lirik şeirdir. Bu
şeirdə həzin və qəmgin bir ruhi vəziyyətlər
bədiiləşib. Və saf lirika
müstəvisində qələm çalanda da müəllif
öz kədərini və qəlbinin yaralarını unuda
bilmir.
İnsan
Vətənindən iraq düşəndə,
O, ata
yurdunu anar axşamlar.
Qürbət
başdan-başa dost-tanış olsa,
Özünü tək-tənha sanar axşamlar.
Vətən yaddaşı lirik qəhrəmanı bir
anlıq da rahat buraxmır. Lirik "mən"induyğu
və yaşantılarına öz möhrünü vurur.
Şad, şən çağlarında da,
könlünün qəmgin və şikəstə
çağlarında da Vətən nisgili, Vətən
ağrısı və sonsuz həsrətlə gözlədiyi
Vətən vüsalı şairin qəlbini tərk etmir.
Xalqımın
oğluyam, olsam da harda,
Vətənə bağlıyam qış da, bahar da.
Gündüz
səmalarda uçan quşlar da,
Sakit yuvasına qonar axşamlar.
Bir
böyük kitaba bənzər yaddaşım,
Oxudum, qəmləndim,
axdı göz yaşım,
Yenə
yada düşdü könül sirdaşım,
Köhnə yaralarım qanar axşamlar.
"Bir böyük kitaba bənzər
yaddaşım" sətri şair Təmkinin poetik tərcümeyi-halının
aydın və sərrast ifadəsidir. Onun yaradıcılığı Vətənimizin
müqəddəs və ayrılmaz bir parçasının - Qərbi Azərbaycanın
yaddaşını, Azərbaycan türklərinin öz
doğma ana yurdundan, ata-baba ocağından zorla və vəhşicəsinə
ayrılması müsibətlərini özündə əks
etdirir. Müəllif öz ağrılarına
və dərdlərinə heç vaxt məğlub olmaq istəmir.
Öz dözülməz kədərini "bir
daş kimi ayağının altına qoyub" (Əli Kərim)
zamanın və yaşadığı həyatın
fövqünə yüksəlmək istəyir. O,
"ermənilərin rus və xaçpərəstlərlə
birləşib" əlimizdən alınan, itən ata-baba
yurdlarını geri qaytarmaq üçün millətin igid
oğullarını birliyə, səfərbərliyə səsləyir:
Birləşdi
xaçpərəst, erməni, rus,
Törətdi
təxribat xəlvətdə dəyyus,
Çıxdı
əlimizdən mahallar əfsus,
Səfalı yaylaqlar bizə qalmadı.
Təmkinəm,
dilərəm haqq-ədaləti,
İnsafı,
mürvəti, pak məhəbbəti,
Xalqa məxsus
olan külli sərvəti,
Taladı əyrilər, düzə qalmadı.
Cəsarətlə söyləmək
mümkündür ki, yaralanmış və
parçalanmış Azərbaycan Təmkin poeziyasının
baş qəhrəmanıdır. Göyçəsi və
Zəngəzuru, İrəvanı və Təbrizi,
Bakısı və Gəncəsi ilə birlikdə
bütöv Azərbaycan amalı vətənpərvər
şair yaradıcılığının mayasını təşkil
edir. Vətənimizin bugünkü
ağır və çətin durumu mübariz şairi qətiyyən
qorxutmur. O, xalqımızı mübarizə və
döyüşlərdən bezməməyə, ruhdan
düşməməyə və həqiqətin, ədalətin,
millətimizin haqqının qələbəsinə qədər
bir an da olsun dayanmamağa, müqavimət
və çarpışmalarımızı
dayandırmamağa çağırır. Təmkinin millətə
müraciəti və xitabı həmişə Vətəni
yadellilərdən xilas etməyə yönəlib:
Üzmə,
ümidini Pərvərdigardan,
Demə, "o yerlərdə nəyim var mənim?"
Gərəkdir
Vətəni qurtaraq dardan,
Demə, "o yerlərdə nəyim var mənim?"
O
torpağın üzərində gəzmisən,
Tər bənövşə, yasəmənin
üzmüsən,
Həsrət
çəkib intizara dözmüsən,
Demə, "o yerlərdə nəyim var mənim?"
O yerlərdə
qalıb varım, dövlətim,
Daşlaşmış
tarixim, milli sərvətim,
Türk
oğluyam, tükənməyib qeyrətim,
Demə, "o yerlərdə nəyim var mənim?"
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 30 yanvar
2016-cı ildə Azərbaycan Gənclərinin Birinci Forumunun
20 illiyi münasibətilə ölkə gənclərinin bir
qrupu ilə görüşündə indiki Ermənistanın
tarixi Azərbaycan torpaqları olduğunu vurğulayaraq
demişdir: "Əgər keçən əsrin əvvəlində
dərc edilmiş xəritələrə baxsaq görərik
ki, orada şəhərlərin adlarının böyük əksəriyyəti
Azərbaycan mənşəlidir. Ermənistan-Azərbaycan
müharibəsinin yaranması əlbəttə ki, bizim
dövlətçiliyimizə, dövlətimizə,
xalqımıza qarşı törədilən böyük
cinayətdir". Ölkə Prezidenti Azərbaycan
torpaqlarının bütövlüyü uğrunda mübarizəmizin
uzanmasının əsas səbəblərindən biri - Ermənistanın
böyük havadarlarının varlığı ilə
bağlılığını izah edərək
aşağıdakıları söyləmişdir: "Siz
bunu yaxşı bilirsiniz və məsələnin həll
olunmamasının səbəbi məhz bundadır. Çünki Ermənistan təkbaşına deyil,
onun böyük havadarları, dəstək verənləri
var. Dünya gücləri, - təkcə dünya erməniliyindən
söhbət getmir, - böyük dövlətlər müxtəlif
səbəblərə görə Ermənistanın işğalçılıq
siyasətini faktiki olaraq şərtləndirirlər. Ancaq mən bir daha demək istəyirəm və siz
də gənclər kimi bunu bilməlisiniz ki, bizim əsas vəzifəmiz
ərazi bütövlüyümüzün bərpasıdır,
tarixi torpaqlarımıza qayıtmağımızdır, o
cümlədən, indiki Ermənistan ərazisinə Azərbaycan
əhalisi qayıtmalıdır və qayıdacaq. Əlbəttə ki, bu, zaman aparacaq. Ancaq bu, bizim amalımızdır, müqəddəs
amalımızdır. Biz hamımız bu
amalla yaşamalıyıq. Bu gün Azərbaycanın
uğurlu inkişafı, eyni zamanda, əhalimizin artması əminəm
ki, buna gətirib çıxaracaq. Yəni,
biz öz işimizlə hər gün bu günü
yaxınlaşdırmalıyıq".
Şair Təmkinin atəşin misraları
Prezidentimizin və bütün xalqımızın ürək
sözlərini, bütöv Azərbaycan idealını, tarixi
Qərbi Azərbaycan torpaqlarının Şimali Azərbaycana
qaytarılmasına olan bizim yenilməz inamımızı və
ümidlərimizi əks etdirir:
Çağır
gəlsin, ər igidlər yığılsın,
Qarı
düşmən məhv edilsin, dağılsın,
Zəmilər
biçilsin, sürü sağılsın,
Demə,
"o yerlərdə nəyim var mənim?".
Gündüz
xəyalımda, gecə yuxumda,
Doğma
yurda bir doyunca baxım da,
Mən
görürəm qələbəni yaxında,
Demə,
"o yerlərdə nəyim var mənim?".
Qoca Təmkin,
haralısan, haralı?
Füsunkar
Göyçədən düşdüm aralı,
Könül
pərişandı, ürək yaralı,
Demə,
"o yerlərdə nəyim var mənim?".
Ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan
dövlətinin başçısı İlham Əliyevin
yuxarıda istinad etdiyimiz fikir və mülahizələri Qərbi
Azərbaycanın tarixi taleyinin ölkəmizin dövlət
siyasətində əsas yerlərdən birini tutduğunu
nümayiş etdirməkdədir. Məhz elə bu səbəbdən
müasir Azərbaycan ədəbiyyatında Qərbi Azərbaycanın
da taleyi və gələcəyi məsələləri
aparıcı, prioritet mövzulardan olması tam təbii və
zəruridir. Təmkin-Böyükkişi Mirzəzadə poeziyası hazırkı
dövrdə xalqımızın milli istiqlalının
möhkəmləndirilməsini, bütöv Azərbaycan idealının
reallaşdırılmasını və itirilən, əlimizdən
alınan torpaqlarımıza xalqımızın
qovuşmasını sürətləndirən milli-mənəvi
amillərdən biri kimi diqqətəlayiqdir.
Sabiq Sovet rejiminin və ideologiyasının
qadağalarına, yasaqlarına baxmayaraq, ötən əsrdəki
Azərbaycan ədəbiyyatında, xüsusən
poeziyasında milli-poetik ənənə və
düşüncəmizin qorunub saxlanmasında, uğurlu bədii
ifadəsində zəhmətkeş şairin xidmətləri
diqqətəlayiqdir.
Ayrıca qeyd etmək yerinə düşər ki, Azərbaycanın
yazılı və şifahi ədəbiyyatının əsas
janrlarına Böyükkişi Mirzəzadənin
poeziyasında müraciət edilmişdir. Vətənpərvər
şairin çap etdirdiyi kitablarında onlarla qəzəllər,
rübailər, ustadnamə və nəsihətnamələr,
qoşma və gəraylılar, gözəlləmə və
təcnislər yer alıb. Şairin
"Seçilmiş əsərlər"nin
I cildinə müəllifin özünün poema
adlandırdığı 10-a yaxın irihəcmli əsəri
də daxil edilib. Təcrübəli şair ali
ədəbiyyat təhsili almasa da, ömrü boyu bir mühəndis
kimi istehsalatda fəaliyyət göstərsə də, bu, onun
yaradıcılığına qətiyyən mane olmayıb.
Əksinə, həmişə həyatın içində və fəal əmək
fəaliyyəti ilə məşğul olmaq
Böyükkişi Mirzəzadənin sənətkar fərdiyyətini
cilalamış və kamilləşdirmişdir. Görkəmli
sənətkarımız Nəriman Həsənzadə
şairin əsərlərini nəzərdən keçirərkən
məsələnin bu cəhətinə diqqət etmişdir:
"Gözəl mütaliəsi və həyat təcrübəsi
olan şairin yazdığı əsərlərin, demək
olar ki, hamısı onun canlı müşahidələrinin,
keçirdiyi iztirabların və sıxıntıların məhsuludur.
Təmkin təbii yazır, şairin ilham pərisi
ona maraqlı əyləncələr, ötəri hisslər və
duyğular yox, həyatın ən sərt üzünü
göstərir, beləliklə də onun qələmindən
yazdığı mühitə, zəmanəyə,
haqsızlığa qarşı etiraz səsləri
eşidilir". Bu mülahizələrdə
Təmkin poeziyasının baş estetik pafosu və məzmunu
uğurla ümumiləşdirilib. Həqiqi
poeziyada sənətkar tərcümeyi-halı və həyat
yolunun onun yaradıcılığında nə qədər
mühüm və həlledici təsirə malik olduğu ustad
şair tərəfindən elmi cəhətdən dəqiq və
dərin təhlil edilib.
Ədəbi
düşüncə və təhlillərimizi ümumiləşdirərək,
fikirlərimizi akademik Bəkir Nəbiyevin Xəlil Rza
Ulutürk haqqındakı "İstiqlal şairi"
kitabında söylədiyi mülahizələrlə
yekunlaşdırmağı məqsədə müvafiq hesab
edirik: "Poeziya nədir? Bu sorğuya mütləq bircə
cümlə ilə cavab vermək şərti qoyulsa, demək
olar ki, poeziya sənətkar varlığındakı gözəllik
və ülviyyətin, humanizm və məhəbbətin, vətənsevərlik
və qəhrəmanlığın şair ürəyindən
başqa ürəklərə köçürülməsi
üçün özünəməxsus, təkrarsız bir
vasitədir... Həyatı, gerçəkliyi
xüsusi idrak vasitəsinə çevrilən poeziyada
şairi yaradan xalqın xarakteri, onun konkret inkişaf mərhələsi
ifadə olunur, bu mərhələnin kəskin daxili təzadları,
ciddi münaqişələri, tarixi inkişafın fəryad
qoparan ziddiyyətləri dilə gəlir".
Azərbaycanın Xalq şairlərindən biri - Xəlil
Rza Ulutürk haqqında deyilmiş bu fikirlər
Böyükkişi Mirzəzadə-Təmkinin də bir vətəndaş
və sənətkar kimi mübarizəsini, həyat və
yaradıcılıq yolunu özündə ehtiva edir.
Ümumiyyətlə, Böyükkişi Mirzəzadənin
poeziyası Vətən və vətəndaşlıq ruhu
üstündə köklənmiş mübariz poeziyadır. Bu
böyük həyat və sənət amalına ürəkdən
sədaqət onun əsərlərinin həmişə aktual
və müasir səslənməsinə xidmət edir. Bu mənada, Böyükkişi Mirzəzadənin əsərləri
yeni tarixi epoxada Azərbaycanın, azərbaycançılıq
məfkurəsinin daha da möhkəmləndirilməsi
yollarında özünün mübariz sözünü deyir.
(Ardı
var)
Böyükkişi
Mirzəzadə
525-ci
qəzet.- 2016.-2 sentyabr.-S.4.