Ədəbiyyatımızda
üç cərəyanın
yaradıcısı
YAXUD
ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEVİN ATDIĞI
“BOMBA”
Əbdürrəhim bəy Haqverdiyev özünü simvolizmin banisi hesab edirdi.
“Pəri cadu haqqında qeydlər”ində
oxuyuruq: “Doxsanıncı
illərin ortasında
simvolizm deyilən bir ədəbiyyat üsulu teatro səhnəsinə atıldı.
Alman ədibi Hauptmanın “Qərq olmuş çan” sərlövhəli
faciəsi mədəniyyət
aləminə bir şəşəə saldı.
Bu üsulun Şərq
ruhuna xeyli uyğun olması məni artıq həvəsə gətirdi.
Və mən Şərq həyatından götürülmüş
simvolik bir əsər teatromuz üçün yazmaq fikrinə düşdüm.
Nəhayət 1901-ci sənədə “Pəri cadu” nam əsərimi yazdım. Bu neçə ilin müddətində “Pəri
cadu”nun səhnədə
müvəffəqiyyət qazanmasına
səbəb, haman mən dediyim simvolizmin bizim ruhumuza uyğun olmasıdır” (Əbdürrəhim
bəy Haqverdiyev.
Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, “Lider nəşriyyat, 2005,
408 səhifə, səh:
332.)
Böyük ədib haqlı idi.
Kamal Abdulla Haqverdiyevi
həm də magik realizmin banisi hesab edir. O da haqlıdır.
Bəndəniz onu primitivizmin banisi hesab edir. Haqlı olmağıma
əminəm. Lakin fikrimi
sübut etmək üçün müəyyən
dəlillər gətirməliyəm.
XIX yüzilliyin sonu, XX yüzilliyin əvvəllərində
dünya incəsənətinin
bütün sahələrində
yeni yaranan təmayüllərin fonunda
keyfiyyət dəyişimləri
baş verdi.
Primitivizm də bir cərəyan kimi incəsənətin müxtəlif
sahələrində parladı.
Lakin daha çox rəssamlıqda sayrışdı.
Çünki kətanla həyat
arasında məsafə
çox azdır.
Hətta
bəzən kətan həyatın davamı kimi görünür.
Rəssam hər gün
rastlaşdığımız və gözümüzün
alışdığı rəngləri
kətana köçürərkən
elə manevrlər edir ki, sən
reallıqla irreallığın
arasında olduğunu
unudursan. Hansı da
xoşdu, onu da yadından çıxarırsan. Amma paralellər
aparmaq üçün
artıq sənin əlində resursların
olur. “Yalnız
incəsənət vasitəsilə
biz öz mükəmməlliyimizin
fərqinə vara bilərik” (O.Uayld).
Dahi fransız
Qogen (1848-1903) impessionizmin
və primitivizmin ən böyük nəhənglərindən sayılır. Adətən,
onun haqqında belə deyirlər: “Rənglərin və qadınların kralı” Sivilizasiyanı qəbul etməyən dahi Taitidə və Markiz adalarında yaşayır. Və ömrünün sonuna qədər sadəliyin, təbiiliyin, bir sözlə, primitivizmin cazibəsindən
çıxmır.
Məşhur gürcü rəssamı
Niko Pirosmani (Pirosmanişvili 1862-1918) gələcək
şöhrətindən xəbərsiz
səfil, sərgərdan,
sərsəri bir həyat yaşadı. Lakin bu dünyaya heyrətini uşaq kimi hifz eləyib qorudu. O, primitivizmin ən böyük ustadıdır. Onun rəsmlərinə baxanlar
deyərlərmiş: “Mən
bundan yaxşı çəkə bilərəm”
İki yüzə (İki min də deyilir!) qədər rəsm əsəri çəkən rəssam
sağlığında demək
olar ki, tanınmayıb. Sadə kənd həyatından
götürülən mövzular
onun tablolarını misilsiz edir. Rəsmlərinin adları
da mövzuları kimi sadə və gözəldir: “Beqonun kampaniyası”, “Kaxetiya çaxırı”,
“Beş zadəganın
şənlənməsi”, “Zürafə”,
“İnək sağan”,
“Odun daşıyan” və s.
Qədim Tiflis ədəbi və mədəni mühitinin Zaqafqaziya üçün nə demək olduğunu, zənnimizcə, bilməyən yoxdur. Maraqlı orasındadır ki, digər böyük ziyalılarımız kimi Haqverdiyev də ruhca bu mühitlə sıx bağlı idi. Dünya mədəniyyəti və incəsənətində baş verən dəyişimlər ilk növbədə burada özünü göstərirdi. Haqverdiyev həm də Pirosmaninin müasiri idi. Dahi rəssam ondan cəmi səkkiz yaş böyük idi. Əgər nəzərə alsaq ki, Haqverdiyevin aldığı təhsil və tərbiyə də ədəbi, mədəni və siyasi səhnədə baş verənləri dərk etməkdə ona yardımçı idi, onda bu iki sənətkar arasındakı ruhi əlaqələrdən çox danışmağa lüzum görmürük.
Ədəbiyyatda primitivizm ən sadə və bəsit, çox da nəzər-diqqəti cəlb etməyən hadisələrin təsviri ilə şərtlənir. Hər şey zahirən (məhz zahirən!) o qədər aydın və şəffafdır ki, hər hansı bir gizlinin olmasından söhbət belə gedə bilməz! Təhkiyəçinin nəql etdiyi hadisənin qayəsi sanki kasadakı suyun üzündə üzür. Necə deyərlər, əlini at və tut! Elə məsələnin qəlizliyi də məsafənin bu qədər yaxınlığından yaranır. Sən demə, bu, aldanış imiş... Əsl ideya suyun üzündə üzən deyilmiş, üzdəkilərin altında gizlənibmiş. Məhz buna görə də əlahəzrət “tənqid” Haqverdiyevi doğru-dürüst dəyərləndirməyib, onu darmadağın edir və etməkdədir.
Əgər məndən soruşsaydılar ki, inkişaf edib “çiçəklənmiş” Azərbaycan “tənqidi”ndən (Mətndə “tənqid” və “tənqidçi” ona görə qabıqcıqda yazılır ki, yerində “araşdırma”, “araşdırmaçı” yazılmalıdır) ən çox əziyyət çəkən klassikimiz kimdir, başqa klassiklərimizin ruhunun məndən inciyəcəyini bilsəm də, tərəddüd etmədən deyərdim ki, Əbdürrəhim bəy Haqverdiyevdir. Birinci ədəbi rüsvayçılıq Haqverdiyevi satirik yazıçı kimi təqdim etməkdir. Bu haqda bir az sonra.
İndi isə fikirlərimizi ümumiləşdirib deyə bilərik ki, Haqverdiyev ədəbiyyatımızda üç ədəbi cərəyanın yaradıcısı kimi qiymətləndirilməlidir: simvolizm, magik realizm və primitivizmin. Hər üçü bir yerdə Haqverdiyevin Sirli Üçbucağı da adlandırıla bilər.
Kiçik bir haşiyə: Ədəbi cərəyanlara münasibətdə son dərəcə ehtiyatlı olmaq lazımdır. Bəzən ehtiyatsızlıq ucbatından ara qarışır, meyarlar itir. Nədə ehtiyatlı olmalıyıq? Birincisi,bugün tanıdığımız və tanımadığımız bütün ədəbi cərəyanların izləri, əsintiləri, hansı dövrdə yaranmasından asılı olmayaraq, əvvəlki dövrlərə gedib çıxır. Homerdən Nizamiyə qədər və onlardan üzübəri yaranan ədəbi nümunələrdə haqqında bu gün geniş söhbət gedən cərəyanlardan nəsə vardır. Lakin bunlar əsinti şəklindədir. Cərəyan, axın şəklində deyildir. Ona görə də biz Nizamidə realizm, romantizm, sürrealizm, modernizm, hətta postmodernizmin və digər “izm” lərin izlərini çox rahat görə bilərik. İkincisi, modernizm həm ədəbi cərəyan kimi, həm də yaşam tərzi, həyat iksiri kimi qavranmalıdır. Şair və yazıçılarımızın çoxunda modern keyfiyyətlər (əsintilər) vardır. Lakin bu, əsas vermir deyək ki, haman yazar modernist və ya postmodernistdir. Bu cür düşünmək xəyal qırıqlığına uğramaqdır.
“Tənqidçi”lərimiz modernizmin nəzəri məsələlərindən yetərincə danışırlar. Çünki bu barədə nəzəri resurslar çoxdur. Amma konkret olaraq ad çəkməyə gələndə duruxurlar. Kimin adını çəksinlər? Üz üzdən utanır axı... Və beləcə susqunluğu “qızıl orta” hesab edirlər. Polemika “açıq” qaldığından yazarlar öz aralarında ona aydınlıq gətirmək istəyirlər. Və qəribə bir “gözəgörünməz” savaş gedir. Necə deyərlər, hər kəs bu və ya digər şəkildə közü öz ətəyinə doğru çəkmək istəyir. Üçüncüsü, haqqında söhbət açdığımız Haqverdiyev də Azərbaycan ədəbiyyatına simvolizm, magik realizm və primitivizmi gətirdiyinə görə klassik anlamda modernist sayıla bilər. Lakin çağdaş anlamda bunu söyləmək banallıq olardı.
Aldadan yazıçı, Aldanan “tənqid”...
“Diş ağrısı” hekayəsindən başlayaq. Hələ də əziz-xələf “tənqid”imizə elə gəlir ki, tacir Hacı Rüstəm guya xəsisliyi ucbatından sağlam dişlərini çıxartdırır. Heç kəs demir ki, o, tipik bir Azərbaycan Kişisidir. Ömründə fürsəti fövtə verməyən, məqsədi aydın, gedəcəyi mənzili doğru, dürüst hədəfləyən Hacı Rüstəm taks sındırandır. Bu yolda o, hər şeydən keçməyə hazırdır. Hətta xəzinədən gələn və hər kəs tərəfindən danışıqsız qəbul edilən vergi elanındakı qiyməti də sındırmaq istəyir. Bunu edə bilməyəndə isə içindəki hikkəni azacıq da olsa “soyutmaq” üçün oğlunu çağırıb deyir: “Ay bala, çötkəni götür, hesabla gör burada səhv yoxdur ki...”
Bu, Mental Bir Eqodur. Bu Eqonun qarşısında sağlam dişlər necə duruş gətirə bilər?! Bu Eqo daima bizimlədir! Budur, Haqverdiyevin dahiliyi! Bunun bəyənilən, ya da bəyənilməyən xasiyyət olduğunu deyə bilmərik. Heç yazıçı da bu haqda bir kəlmə də demir. Lakin həqiqət budur ki, Haqverdiyev, deyəsən, Hacı Rüstəmə “bəraət” qazandırır. Hekayənin sonunda qəhrəmanın vəhşi sevinci fonunda bu aydın sezilir. Həm də “sezilmir”. Çünki böyük yazıçı bunu məharətlə gizlədə bilir.
(Ardı var)
Mehman QARAXANOĞLU
525-ci qəzet.- 2016.- 3 sentyabr.-
S.22.