Taleyini özü qazanan dostum

 

 

3 ilin söhbətidir, isti bir yay səhərində tezdən telefonuma belə bir mesaj gəldi:

 

Bu səhər dünyaya bir insan gəldi

Payladı hamıya rütbə, san gəldi

Mənimtək bir pillə qalxmayan kəsi,

Baba zirvəsinə qaldıran gəldi...

 

Tanış dəst-xətt idi... Hətta ən ciddi məsələləri də bəzən incə yumora çevirməyi bacaran tələbə dostum Simranı tanıdığım uzun illər ərzində onun bu cür “yaradıcılıq” nümunələrinin çox şahidi olmuşdum. İndi də nəvəsinin dünyaya gəlməsi sevincini bizimlə belə bölüşürdü. Əslində isə adi insani sevincini zirvə kimi dəyərləndirən, ölkənin həm hüquq ictimaiyyətinə, həm də mətbuat işçilərinə yaxşı tanış olan dostum - Simran Həsənov bu günlərdə 60 ili tamam olan həyatında bir insan ömrü üçün kifayətdən də artıq hesab edilə biləcək çox uğurlu pillələri qalxıb və inanırıq ki, bundan sonra da qalxmaqda davam edəcək.

 

Dostluq münasibətlərimizin tarixi tələbəlik dövründən başlasa da,  onun həyat yolunun demək olar ki, bütün mərhələlərindən xəbərdaram. Zəhmətsevərliyini və çalışqanlığını qətiyyən şübhə altına almadan qeyd etməliyəm ki, elə özünün də etiraf etdiyi kimi, dünyaya gəlişindən şanslı olub. Azərbaycanın ən səfalı guşələrindən biri olan İsmayıllı rayonunun Buynuz kəndində həyata göz açıb Simran. Babası Zahid əfəndi Şirvanın tanınmış maarif xadimi olmaqla bərabər, həm də Şərq fəlsəfəsini və ilahiyyatı dərindən bilən müdrik bir el ağsaqqalı idi. Simran deyir ki, hələ uşaq vaxtı babası və onun qonaqlarının, o cümlədən, tanınmış şərqşünas alim Əli Fəhminin söhbətlərinə saatlarla qulaq asıb (yəqin elə fars dilində bilgiləri də bu anlardan formalaşıb). Əlindən tutub yazmağı öyrədən ilk ibtidai sinif pedaqoqu və orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi, nə az nə çox böyük şairimiz Musa Yaqub olub. Başqa bir tanınmış həmyerlisi Baba Vəziroğlu ilə uşaqlıq dostudur (Simran 9-cu sinifdə oxuyanda Babanın onun haqqında əlaçı şagird kimi yazdığı və o dövrdə az qala yarım milyon tirajla çıxan “Azərbaycan gəncləri” qəzetində dərc etdirdiyi oçerki hər fürsət düşdükcə bizə qürurla nümayiş etdirir). Belə bir mühitdə böyüyən hər bir kəs məntiqlə filologiya, yaxud jurnalistika ixtisasına meyl etməli idi. Lakin o başqa istiqamətə yön aldı...

 

Yaşlı nəslin nümayəndələri ötən əsrin 70-ci illərində ölkəmizdə Hüquq fakültəsinə daxil olmağın nə qədər çətin bir məsələ olduğunu yəqin ki, yaxşı xatırlayırlar. Yalnız Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) mövcud olan bu ixtisasa yiyələnmək arzusunda olanların sayı qəbul planından bəzən 50-60 dəfə çox olurdu. Ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olan bu fakültədə, bir qayda olaraq fəhlə və kolxozçu övladları olan ən savadlı gənclərə yer verilirdi (yaşlı nəsil yəqin ki, ulu öndərin “Literaturnaya qazeta”dakı məşhur “Qoy ədalət zəfər çalsın” başlıqlı müsahibəsində bu məsələ ilə bağlı qətiyyətli mövqeyini xatırlayırlar). Burada, çox çətin və yüksək müsabiqə nəticəsində tələbə adını qazanmaq da, sonradan onların  arasında fərqlənmək də kifayət qədər müşkül bir məsələ idi.

 

Simran Həsənovla sonralar 40 illik bir dostluğa çevriləcək tanışlığımızın tarixi də məhz belə bir dövrdə - Hüquq fakültəsinin bir qrupuna düşdüyümüz vaxtdan başlamışdır. Burada bir haşiyə çıxım, sonralar məzunları içərisində alimlərin, hakimlərin, prokurorların, generalların, deputatların, ədliyyə və digər dövlət orqanlarında məsul vəzifə tutan şəxslərin olduğu bu qrup xüsusi çəkisinə görə fakültə tarixində ən uğurlulardan biri hesab edilir. Simran bu qrupa düşməsini də özünün şanslılığı ilə bağlayır. Elə ilk gündən özünün ünsiyyəti ilə tələbə yoldaşlarının arasında nüfuz qazanan Simran hərtərəfli, geniş dünyagörüşü və çalışqanlığı ilə həm də müəllimlərin sevimlisinə çevrildı. Əla qiymətlərlə oxumağı bir yana qalsın, ucqar bir kənddə  böyüyüb boya-başa çatmış bu gəncin ədəbiyyat, tarix, fəlsəfə, incəsənət və digər sahələrdə geniş məlumatlılığı, bir neçə xarici dildə sərbəst danışmağı  təəccüblü görünürdü.

 

Hüquqi biliklərə yiyələnmə sahəsində səylərini yüksək qiymətləndirən fakültə dekanlığının verdiyi zəmanət əsasında S.Həsənov artıq III kursdan sonra “Kommunist” (indiki “Azərbaycan”) nəşriyyatında hüquq məsləhətçisi kimi fəaliyyətə başladı. Yaxın dostlarına məlum idi ki, Simran hələ ikinci kursdan etibarən yuxarı kurs tələbələri üçün diplom və kurs işləri hazırlayırdı. Sonralar müxtəlif dövlət orqanlarında məsul vəzifələrdə çalışarkən onun fəaliyyətinin əsas istiqaməti məhz hüquqla bağlı olub. Mən yaxşı xatırlayıram,  ötən əsrin doxsanıncı illərinin əvvəllərində onun, böyük ziyalımız Sabir Rüstəmxanlı ilə birlikdə ölkəmizdə ilk müstəqil hüquq dərgisi olan “Qanun” jurnalını təsis etməsi həmkarlarımızın necə böyük sevincinə səbəb olmuşdu... Dostlarının hesabına nəşr etdirdiyi jurnalın ilk saylarının redaktorluğunu da özü həyata keçirmişdi (sonralar dövlət qulluğu ilə bir araya sığmadığı üçün S.Həsənov jurnalın təsisçiliyindən imtina etdi). Bu gün həmin jurnal Ali Attestasiya Komissiyasının hüquq üzrə dissertasiyaların əsas nəticələrinin dərc edilməsi tövsiyə edilən azsaylı müstəqil elmi nəşrlərdən biri kimi fəaliyyətini uğurla davam etdirir.

 

Simranın yaradıcı təbiəti, hüquqi araşdırmalara olan həvəsi onun çalışdığı bütün sahələrdə özünü göstərmişdir. Keçmiş Mətbuat Komitəsinin aparatında dövri nəşrlər baş idarəsinə rəhbərlik edərkən, “Kütləvi informasiya vasitələri” haqqında qanunun alternativ layihəsini hazırlamış və həmin sənədin bir çox müddəalarının qəbul edilən aktın son variantına daxil edilməsinə nail olmuşdu. Hüquqi nihilizmin baş alıb getdiyi bir dövrdə Azərbaycan televiziyasında hər bazar günü efirdə yayımlanan (indiki “Həftə” verilişinin saatında) “7 gün” analitik proqramının həmmüəlliflərindən biri kimi hüquqi problemləri şərh edirdi. Dövlət Əmlak Komitəsində hüquq idarəsinın rəisi vəzifəsini yerinə yetirərkən özəlləşmə sahəsində bu gün də qüvvədə olan onlarla normativ-hüquqi aktın, o cümlədən, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun layihələrinin hazırlanmasında əsas yük məhz onun üzərinə düşmüşdü. Ötən əsrin sonlarında özəlləşdirmə prosesinin nəticəsi olaraq, ölkə iqtisadiyyatında geniş şəkildə yayılmağa başlamış səhmləşmənin hüquqi mahiyyəti çox azsaylı mütəxəssislərə məlum idi. Belə bir vəziyyətdə Simranın “Səhmdar cəmiyyətlərinin hüquqi statusu” adlı kitabı səhmdar cəmiyyətləri rəhbərlərinin və səhmdarların köməyinə çatdı. Bu gün ölkəmizdəki iri korporasiyaların əksəriyyətinin daxili (korporativ) sənədləri məhz  həmin nəşrin tövsiyələri əsasında hazırlanmışdır. Əlavə edək ki, S.Həsənovun hüquq üzrə uğurla müdafiə etdiyi namizədlik dissertasiyası da həm hüquq, həm də iqtisadiyyat sahəsində ölkəmizdə ümumiyyətlə tədqiq edilməmiş həmin mövzu ilə bağlı  olmuşdur (“Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə səhmdar cəmiyyətlərinin hüquqi vəziyyəti”).

 

Simran Həsənovun vergi hüququ sahəsində apardığı elmi araşdırmalar başqa bir yazının mövzusu ola bilərdi. Nəzəriyyəçi hüquqşünaslar hər hansı bir qanunvericilik aktına şərh yazmağın nə qədər çətin bir iş olduğunu bilirlər, üstəlik də bu akt vergi hüququ ilə bağlı olsun. Məlumdur ki, bu sahə də müstəqil dövlətimiz üçün yeni bir istiqamət idi (Sovet dönəminin planlı iqtisadiyyata söykənən büdcəsində vergilər cüzi yer tuturdu). Simran Vergi Məcəlləsinə şərh yazmaq iddiasına düşəndə açığı biz dostları bu məsələyə bir qədər şübhə ilə yanaşdıq. Cəmi bir ildən sonra onun Məcəllənin ümumi hissəsinə, bir müddətin ardınca isə xüsusi hissəsinə hazırladığı kommentariyaların nəşrləri ölkənin hüquq ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. “Vergi hüququ” adlı ensiklopedik lüğət isə vergi hüququ subyektləri üçün dəyərli köməkçi vəsait kimi qəbul edildi.

 

Maraqlıdır ki, araşdırılan bütün istiqamətlər onun məhz praktik fəaliyyəti ilə bağlıdır. Vergi ilə bağlı adı çəkilən nəşrləri Simran ölkəmizin ən böyük dövlət korporasiyalarından biri olan “Azneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətinin idarə heyəti sədrinin  hüquq, maliyyə və vergi məsələləri üzrə müavini vəzifəsində çalışarkən hazırlamışdır. Özünə bunu xatırladanda  hər dəfə A. Şopenqauerin belə bir deyimini yada salır: “Mənim fəlsəfəm mənə bir gəlir gətirmədi, amma çoxsaylı xərclərdən azad olmağa kömək etdi”. Deyəsən elə bu prinsipə uyğun olaraq Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri vəzifəsində çalışdığı son üç il ərzində də dini qanunvericiliklə bağlı iki samballı elmi əsər - “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun kommentariyası” və “Din təhsili və dini təhsil müəssisələri- hüquqi aspektlər” adlı kitabları hazırlayıb nəşr etdirmişdir. “Azərbaycan Respublikasının qanunvericiliyinə görə dini qurumların mülki-hüquqi vəziyyətinin problemləri” adlı doktorluq dissertasiyasını da bitirib və yaxın müddətdə müdafiəsinə hazırlaşır (müdafiəsinin bu cür ləngiməsi onun xeyli müddət dövlət qulluğunda olması və bununla bağlı mövcud maneələrlə əlaqədardır). Səhmdar cəmiyyətlərin, publik hüquqi şəxslərin, dini qurumların və digər korporasiyaların hüquqi vəziyyəti  ilə bağlı qırxdan artıq elmi məqalələri, habelə bədii-publisistik yazıları Azərbaycan, Rusiya, Qazaxıstan və Ukraynada dərc edilmişdir. Rusiyada, Fransada, İtaliyada, Türkiyədə və digər xarici ölkələrdə ATƏT-in, MDB Parlament Assambleyasının,  İtaliya və Azərbaycan parlamentlərinin və digər qurumların keçirdikləri mötəbər tədbirlərdə ölkəmizi və çalışdığı təşkilatları müvəffəqiyyətlə təmsil etmiş və maraqlı çıxışlarla yadda qalmışdır. O, eyni zamanda Bakı Dövlət Universitetinin “Mülki proses və kommersiya hüququ” kafedrasının müəllimi kimi korporativ hüquq sahəsində öz zəngin bilik və təcrübəsini gələcək hüquqşünaslarla da bölüşür. Hüquq fakültəsi ilə sıx əlaqəsi olan bir şəxs kimi səmimi olaraq deyə bilərəm ki, orada da həm müəllimlər, həm də tələbələr arasında böyük hörmətə sahibdir.

 

Simran Həsənov əsl azərbaycanlı ziyalısı kimi çox geniş dünyagörüşünə malik bir insandır. Yuxarıda qeyd edildiyi kimi, o, ədəbiyyat, tarix, fəlsəfə, incəsənət və digər sahələrdə ensiklopedik biliklərə sahibdir.  Muğamlarımıza incəliyinə qədər dərindən bələd olan dostumuz yaxın çevrənin əhatəsində xeyli xahiş minnətdən sonra bəzən öz vokal istedadını da nümayiş etdirir, bir neçə musiqi alətində çox gözəl ifa edir (Simranın musiqi sahəsində istedadı barədə dostumuz, Xalq artisti, professor Arif Babayev Azərbaycan televiziyasında çıxışı zamanı qeyd etmişdir).    

 

Hələ tələbə ikən onun bir neçə bədii yazısına “Ulduz” jurnalında, “Azərbaycan gəncləri” qəzetində rast gəlmişdim. Amma sonra nə isə arası kəsildi. Şeirlərini bizim yığnaqlarımızda eşitsək də çapa vermirdi. Özü bir dəfə bunu belə izah etdi: “Musa müəllimin (Musa Yaqubu nəzərdə tuturdu) əlinə düşər biabır olarıq”. Maraqlıdır ki, bu bəhanə ilə öz şeirlərini çap etdirməkdən boyun qaçıran dostumuzun bir neçə yazısını böyük şair özü əldə edərək “Qara daşın sədası - Musa Yaquba həsr edilmiş şeirlər” toplusuna daxil etmişdir. Qalanlarını da özünün ön sözü ilə çap üçün qəzetlərdən birinə tövsiyə etsə də, son anda müəllifin təkidi ilə çapa getməmişdi. Səbəbi bizə məlum deyil. Amma dostlarının hər biri bu şeirləri yığıb kitab şəklinə salmaq barədə düşünür. Yoxsa, sonra gec olar. Özü demişkən:

 

Payız qəfil gəlir vaxtsız qonaqtək,

Bir gün çiskin olur, bir gün çən, yağmur.

İlin payızına nə var, dönəcək,

Ömrün payızısa gəlir qayıtmır.

 

Simran özünün çox uğurları ilə sevinə bilər. Qeyd olunduğu kimi, hüquq sahəsində kifayət qədər maraqlı araşdırmaları var, işlədiyi bütün kollektivlərdə geniş və hərtərəfli bilikləri, yüksək peşəkarlığı və çalışqanlığı ilə əksəriyyətin hörmətini qazanıb, səmimi dostdur. Lakin onun özü isə daha çox övladları ilə qürur duyur və buna əsası da var. O, ölkəmizdə barmaqla sayılan valideynlərdəndir ki, hər iki qızı  Bakı Dövlət Universitetinə daxil olarkən göstərdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşlər. Atalarının yolunu davam etdirən qızları universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Xaricdə təhsil” Dövlət Proqramına uyğun olaraq Böyük Britaniyanın məşhur London Kinqz-Kollec Universitetində  dövlət hesabına təhsil almış və hüquq magistri dərəcələrini almışlar. Hal-hazırda böyük qızı Aytac Vergilər Nazirliyinin, kiçik qızı Cəmilə isə “BP  şirkətinin mərkəzi aparatlarında çalışırlar. Simran üçün ən sevimli məxluq  isə onu, yuxarıda deyildiyi kimi “baba zirvəsinə qaldıran” nəvəsi Nərgizdir. Hədsiz sevinməklə bərabər bir qədər də kövrəlmişdi o, Nərgiz dünyaya gələndə:

 

Bir azca tor görən gözüm əvəzi,

Taqəti səngimiş dizim əvəzi,

Vaxtsız itkilərə dözüm əvəzi,

Nə bilim, bəlkə də özüm əvəzi

Sonu yadımıza salan nəvələr.

 

Nə xoş ki, ömrün “sonu”, “ömrün payızı” kimi motivlərə onun yalnız yazılarında rast gəlirik. Özü isə nikbin, həyatı sevən, ətrafdakılara müsbət enerji ötürən bir insan kimi bizi sevindirir. Ümid və arzu edirik ki, bu hələ bir neçə onillik davam edəcək...

 

Doğum günün mübarək, qardaşım!

 

Çingiz QƏNİZADƏ

millət vəkili, hüquq üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2016.- 3 sentyabr.- S.15.