Mifoloji dansöküləndə baş verənlər
- (poetik enerji partlayışından əvvəl)
“KİTABİ-DƏDƏ QORQUD DASTANININ POETİKASINA GİRİŞ” KİTABINDAN
Qədim
mətnin ibtidai mifoloji dövründə, başqa sözlə
desək, dansökülənində (buna P. Pyotto deyən kimi
reallıqla mifin tam üst-üstə düşdüyü
autentik mif zamanı da deyə bilərik) baş verən və
yaxud baş verməyən proseslərdən danışmaq,
onların mətn quruculuğu üçün zəruri məqamlarının
təhlilini vermək tədqiqat boyu sıxılmış
yumağın açılması effektini ortaya qoyacaq.
Həqiqətən,
mifoloji dövrdə -insanın dünyanı özü
üçün kəşf etdiyi və öyrənməyə
başladığı o dansöküləndə “nə
baş verir?” kimi sual “nə baş vermir?” sualı ilə
eynilik təşkil edir. Amma bu eynilik həmin
dövrün müəyyən mərhələsinədək
belə davam edir. Poetik enerjini potensialdan
poetik nümunə şəklindəki təzahürə
çevirən partlayışdan əvvəlki zamana aid olur.
Partlayışdan sonra başverənlər isə
ayrıca mövzudur. Amma istənilən
halda ilkin olaraq biz “poetik enerji nədir?” sualına cavab verməliyik.
Doğrudan da, poetik enerji, özü də
ibtidai poetik enerji deyərkən nəyi nəzərdə
tuturuq?!
Hər
hansı poetizmin, istər klassik poetik təfəkkür
nümunəsi olsun, istərsə də elementar poetik
“işartısı” olan ibtidai, ilkin poetik ünsür olsun-əsasında,
mayasında, kvintessensiyasında poetik enerji durur. Poetik enerji
olmayan yerdə “dayanıb-ləngimək”, poetizm adına nədənsə danışmaq
mümkün deyil. Amma digər tərəfdən, ilkin mifoloji
dansökülən (autentik mif) dövrünə xas olan
“poetik enerji” ilə bağlı birdən-birə “o, nədir?”
sualına cavab vermək də asan deyil, bəlkə
heç mümkün deyil. Cavabın müəyyənləşməsi
bu kitab yazıldıqca formalaşacaq. Əsl cavaba biz tədqiqatın
sonunda yetişəcəyik. İndilik isə kifayətdir
ki, biz inanaq: o var! Və bu inamdan sonra məsələ
tədqiqat boyu başqa bir müstəviyə keçir.
Bu varolma məqamının funksiyasını, məkanını,
üzəçıxma imkan və prosesini müəyyənləşdirmək
vacibliyi ön plana çəkilir. Məhz
bundan sonra “o nədir?” sualının cavabı gələ bilər.
İndilik isə poetik enerjini müvafiq kontekst
daxilində mif ruhunun ifadəsi kimi qəbul etməklə kifayətlənək.
Bizcə, belə desək heç də səhv etmərik
ki, mifoloji mətnin dansökülən dövrünün
“ştil” vəziyyətində bu mətnin bütün elementləri
(komponentləri) mifoloji “uyqu”ya getmiş şəkildə,
passiv bir sükunət içindədir. Bu zaman mətnin
heç bir üzvü o birindən nə sintaktik, nə də
psixoloji cəhətdən daha fəal deyil. Ştil vəziyyətinin
hökm sürdüyü mətndə bütün tərkib
komponentlər eyni dərəcədə və bir-birinə bərabər
səviyyədədir. Bu hal dilçilik tarixindən əsassız
olaraq az qala unudulmuş bir prinsipi yada
salır.
Hələ 20-ci əsrin əvvəllərində
tanınmış rus dilçisi D.N.Ovsyanniko-Kulikovski
yazırdı ki, cümlə təkamülünün qədim,
ilkin dövründə onun bütün tərkib elementləri
eyni predikativlik (cümlənin əsas bitkinlik əlaməti) dərəcəsinə
malik olur. Bu
fikrin retrospektiv “əks-sədasın”a biz o dövrün rus
dilçisi A.A.Potebnyada və ondan daha əvvəl alman “mlado
qrammatiklərinin” əsərlərində, xüsusilə, G.
Paulda rast gəlirik. O özünün məşhur “Dil
tarixinin prinsipləri” kitabında ayrı-ayrı cümlə
üzvlərinin (məsələn, təyinin) cümlə
daxilində baş verən təkamül prosesinin
başlanğıcında malik olduqları predikativlik
keçmişindən danışırdı. Bu məqamda
A.N.Veselovskinin xrestomatik “Tarixi poetika” əsərində yer
almış və uzaqdan-uzağa bu deyilənlərlə səsləşən
belə bir maraqlı fikrini də yada salmaq olar:
“Öz-özlüyündə, hər bir söz nə zaman
sametafora olmuşdur”.
Eləcə, ümumiləşdirilərək bu ideya izomorfluq
əsasında mətnin “ştil” səviyyəsinin aid
olduğu mifoloji dan sökülən dövrünə
şamil edilə bilər. Bir tərəfdən,
belə bir mətnin komponentlərinin potensial olaraq eyni dərəcədə
poetik enerjiyə malik olmaları və digər tərəfdən
cümlədəki üzvlərin eyni dərəcədə
predikativliyə malik olmaları izomorfluq prinsipinə əsasən
uyğunluq təşkil edir.
Qeyd etmək
lazımdır ki, poetik enerjinin mifoloji dansökülənində
mətnin “ştil” səviyyəsindəki təzahürü
“poetik enerji” termininə yeni bir izahedici təyinin əlavəsini
zəruri edir. Bu halda poetik enerji terminin “potensial
poetik enerji” adı altında təhlili daha məqsədəuyğundur.
Poetik müstəviyə və mətn müstəvisinə
indiki estetik dəyərləndirmə nöqteyi-nəzərindən
ayrı-ayrılıqda yanaşmaq mümkün olsa da, mifoloji
“dansöküləndə” bu iki məqam eyni və bir-birinə
bərabər məqamlardır. Autentik mif deyərkən
elə bu şərait nəzərdə tutulur. Baxmayaraq
ki, Y. M. Lotman özünün məşhur “Poetik mətnin
analizi” adlı əsərində yazır ki, mətn və bədii
əsər eyni şey deyildir, bu fikri qədim dövr
üçün bir mənalı olaraq qəbul etmək
doğru olmazdı. O zaman biz gərək autentik mif
anlayışından da imtina edək. Çünki
mifoloji dansöküləndə bunların eyniliyini, ən
azından, hipotetik şəkildə qəbul etməsək, “Dədə
Qorqud” dastanının tədqiqində immanent analiz
üçün normal çıxış nöqtəmiz
olmaz.
Və elə ilk andan yenə də bir-birindən vacib
suallar ortaya çıxır. Necə olur ki, potensial
poetik enerji ştil şəraitində qəflətən
poetik nümunəyə çevrilir?! Yenə
də analogiyaya və yaxud izomorfizm prinsipinə müraciət
etməli oluruq.
Fiziklər qeyd edir ki, kainatın dansökülənində
Möhtəşəm Partlayış baş vermişdir. O Möhtəşəm
Partlayışın məkanı sıxılmış
nöqtədir. Nöqtədə baş
verən bu partlayışdan sonra bizim kainatımızın
indiki mənzərəsi yaranmışdır. İzomorfizmin məlum yolu ilə getsək, qeyd etməliyik
ki, eləcə, poetik ştilin hökm sürdüyü
mifoloji müstəvi də partlayışa hazır olan
elementlərdən ibarətdir. Hansısa elementdə bu partlayış baş
verir və poetik nümunə üzə çıxır,
hansında isə baş vermir. Amma
hamısında potensial şəkildə poetik enerjinin
mövcudluğu danılmazdır. Yuxarıda
edilən kimi bunu cümlə daxilindəki bütün elementlərin
tarixən predikativliyə malik olması ilə müqayisə
etmək (cümləni cümlə edən bu əsas bitkinlik
amilinin müasir cümlədə bir mövqedə-bir elementdə
özünü göstərməsi kifayətdir) və bundan
izomorfizm prinsipi əsasında ibtidai poetik mətn müstəvisində
baş verən prosesləri anlamaq üçün istifadə
etmək olar.
Bir neçə sualın eyni zamanda “zühur etməsinin”
əsas səbəbi mövzunun nəzərdən keçirilən
istiqamətdə “xam torpaq” kimi özünü
aparmasıdır. Suallar arasında sanki ən vacib olanlar bunlardır:
“Partlayışdan sonra
ştil vəziyyətində olan mifoloji müstəvidə
nə baş verir?” Və yaxud: Ştil vəziyyətindəki
potensial poetik enerjinin yeganə əlaməti olan “qabarma” momenti
özünü nədə göstərir?” Amma
bu suallara cavab verməzdən əvvəl “Bəs bu
partlayışın özü necə olur ki, baş verir?
Burada qabarmanın rolu nədən ibarətdir?”
suallarına cavab axtaraq. Bir az daha dərinə getsək,
bundan öncə yenə də başqa bir suala cavab axtarmalı olarıq: “Necə
olur ki, partlayış məhz bu elementdə baş verir, o biri
elementlər isə sükunətdə qalmağına davam
edir? Bərabərhüquqlu elementlər arasında hansınınsa ibtidai
poetik arsenal üçün seçilib
ayrılmağının səbəbi və mənası nədir?..”
Suallar bir-birini əvəz eləmir, onlar az
qala bir-biri ilə itələşir.
Bu “səbrsiz” suallara cavab formalaşdırmaq
üçün biz mətn yaranışının
dansökülənindəki psixopraqmatik şəraiti nəzərə
alıb ilk növbədə məhz onu geniş kulturoloji təhlilə
cəlb etməliyik. İbtidai mətnin yaranma şəraitinin
ümumi konturlarını cızmağa
çalışmalıyıq. Bu şərait özünü nə cür
göstərir, onun özünü göstərdiyi məkan
haradır və bu məkanda daha nələr baş verir?!
Mifoloji dansöküləndə mətnin yaranma məkanı
-mağaradır. Diksinmə və ilk reaksiya məhz orada
baş verir. Məqamı yaddaşa həkk
etməyin digər əsas üsulları da var. Amma ən əsas
olanları ilkin diksinmə, sonrakı diksinmə, reaksiya, diqqətin
cəlb və pərçim edilməsidir. Mağara şəraitində mətn informasiya
ötürənlə informasiyanı qəbul edən (edənlər)
arasında xüsusi bir əlaqə vasitəsinə
çevrilir. Təxminən bu kimi hadisələr
Platonun içində kölgələr oynaşan
mağarasında da baş verir. Elə buna
görə də mağara amilinin mənəvi
arxeologiyasını təhlil etmək bizim tədqiqatda əsas
məsələlərdən biridir. Çünki
məhz mağara həm poetik partlayışdan əvvəlki,
həm də partlayışdan sonrakı ilkin poetik dövrlərin
doğuş məkanıdır.
Autentik mif zamanı “Poetizm nədir?” sualına cavab verməyə
artıq daha çox yaxınlaşdıq. Hələlik qısaca belə
deyək: ən ümumi şəkildə poetizmi
reallığın gizlədilməsi kimi qiymətləndirə
bilərik və bu da oyunlar nəzəriyyəsinin əsas
komponentlərindən olan “blef”i yada salır. Fikrimizcə,
poetizmlə blef arasında uyğunluq yox deyil…
Amma son sualımıza qayıdaq. Əlbəttə
ki, bu sual alışdığımız klassik poetizm
haqqında deyil. Bu sual ibtidai, ilkin, mifoloji dansökülənin
“ştil dövrü”nə məxsus poetizmə (autentik mif mətninə)
aiddir. Burada reallığın gizlədilməsinin
ancaq zəif işartıları özünü göstərə
bilir. Reallığın gizlədilməsinin
dolanbaclı yolları poeziyanın klassik dövründə
olacaq. Klassik poetizmlə aradakı məsafə
göz qabağındadır və böyükdür. “Dəşti-müstəqimiyyə”dən
“Dəşti məcaziyyə”yə daxil olmağın sirləri
var. Məsələn, mifoloji dansökülən
üçün bəzi “poetizm” nümunələrinin
hansısa müasir estetin “incə” ruhuna yabançı
ünsür təsiri bağışlaması istisna edilmir.
Amma digər tərəfdən belə bir nümunə o uzaq
dövr üçün funksional və gərəkli ola bilər. Onlardan “məgər”, “buyanadan” və
yaxud “bu mahalda”
ünsürlərinə müraciət edək.
“Kitabi-Dədə
Qorqud” mətnində bu elementlər mətn daxilində bir
mövzudan (informativ topludan) digərinə keçidi şərtləndirən
adi dil elementidir, məsələn, “bu mahalda Qalın Oğuz bəyləri
yetişdi”, “buyanadan dəxi bazirganlar gəlübəni Qara Dərbənd
ağzına qonmuşlardı”
və yaxud “məgər xanım Qazanın bir
oğlancığı vardı...” və s. və i.a. İlk
baxışda bu elementlər alışdığımız
poetizmdən son dərəcə uzaqdır. Amma əslində,
onlar mifoloji dansökülən üçün əsl poetik
nümunələrdir. Belə ki, poetizmin
vacib funksiyası olan “sahmanlama” məqamının, onun iziylə
gələn ritmin (və öz növbəsində ritmin
özü ilə gətirdiyi digər vasitələrin) əsas,
ilkin arxitektonik ünsürləridir.
Bu elementlər
sanki bir informativ topludan digərinə atılan
körpüdür və əslində, informasiya
toplularının bir-birinə qarışmasının (xaotik
vəziyyətin) qarşısını alır, Baxtinin dediyi
“xronotopu” həm zaman, həm də məkan perspektivində
qoruyur, beləliklə, mətnin arxitektonikası
üçün sahmanlayıcı bir funksiya yerinə yetirir. Niççenin sözlərini yada salıb yüz
səksən dərəcə dəyişsək, səhranı
(Xaosu) böyüməyə qoymur, Kosmosu, düzəni qoruyur.
Haqqında söhbət gedən dövrdə ibtidai
(ilkin) poetizmdən danışa biliriksə, mifoloji mətnin
poetik yasaqlarından da danışa bilərik. Sanki mətnin
mifoloji ruhu klassik poetizm nümunələrinin yer alıb
geniş şəkildə işlənməsinə müqavimət
göstərir. Qısaca desək, belə bir tezis irəli
sürmək olar: poetik yasaqlar mifoloji ruhun içində mətnin
“əsir edilib” saxlanmasının əsas səbəbkarlarıdır.
Onların sırasında qafiyə
yasağını, ritm yasağını, şeirə
dönmə yasağını və bu qəbildən olan digər
“özünümüdafiə” üsullarını göstərmək
olar. Bu yasaqlar mifoloji dansökülən
dövrünün silahlı keşikçiləri kimi mif
ruhunun ifadəçiləri olaraq mədəni
inkişafın digər (nə zamansa labüd baş verəcək)
addımının qarşısını kəsir, cürbəcür
vasitələrlə-əvəzləyici ünsürlərlə
onun gəlişini ləngidirlər. Məsələn, qafiyə
əvəzinə alliterasiya, ritm əvəzinə aritmiya,
harmoniya əvəzinə disharmoniya və s. kimi vasitələrlə
həm mifoloji poetik arsenalın dolumuna səbəb olur, həm
də mifoloji dansökülənin poetik prinsiplərini
formalaşdırırlar.
Beləliklə, ilkin yekun kimi hələlik onu qeyd etmək
olar ki, ibtidai mifoloji mətn görünüşcə
“yatmış gözəl”i xatırlatsa da, öz dərinində
qaynar və proqnozedilməz bir məkandır. “Ştil”in əsl,
qorxulu mahiyyəti onun aldadıcı sakitliyinin arxasında gizlənib. Hər addımda səni
(əslində - Mifi!) təhlükə gözləyir.
Poetik enerjinin partlayış təhlükəsi!
Əsas məsələ bəlkə ştilin dərinliyində uyuyan potensialı qabarmalar vasitəsilə oyatmaqla mətni lərzəyə gətirən partlayışın heç özü də deyil. Əsas məsələ partlayışdan sonra yaranacaq Poetik Nümunənin cilalanması prosesidir. Hansı nöqtə hansı an partlayacaq - bunu mətnin ünvanlandığı adresin bilik, fəhm və dəruni hissiyyat nöqtələri müəyyən edə bilir. Amma Partlayışı hazırlayan da var - ilkin Müəllif!
İlkin Müəllif söylənilən
mifoloji şəraitdə öz lazım bildiyi informasiyanı
ötürən və ən əsası, ötürülən
instansiyada onu (informasiyanı) qorumaq üçün əlindən
gələni edən yaradıcı bir idarəedəndir. O,
bütün psixopraqmatik vasitələrdən istifadə edir.
Və orası da var ki, bir az sonra mətn cilalanmağa
başlayanda, onun ayrı-ayrı hissələri bir-birindən
fərqlənəndə ilkin Müəllif də
yavaş-yavaş Dədə Qorquda çevriləcək
Kamal
ABDULLA
525-ci qəzet.- 2016.- 3 sentyabr.- S.14..